Məhkəmə qərarları › İş №e-2(006)-3430/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3430/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3430/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maraqlı şəxs MMC-nin hesabına bərpa edilərək iddiaçıya təhvil verilməsi və MAS 2090 nömrəli daxili lizinq müqaviləsinin 3 saylı əlavəsi ilə müəyyən edilmiş lizinq ödənişlərinin xx.xx.2021-ci il tarixindən həmin avtomobilin iddiaçıya təhvil veriləcəyi tarixədək dayandırılması vəzifələrinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Maraqlı şəxs MMC-nin mülkiyyətində olan ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil ilə eyni ildə istehsal edilmiş, saz vəziyyətdə olan ”Khazar SD” minik markalı avtomobilin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh Maraqlı şəxs MMC-yə həvalə edilməsi və 24 avqust 2020-ci il tarixli MAS 2090 nömrəli daxili lizinq müqaviləsinin 3 saylı əlavəsi ilə müəyyən edilmiş lizinq ödənişlərinin icrasının xx.xx.2021-ci il tarixindən həmin avtomobilin iddiaçıya təhvil veriləcəyi tarixədək dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Maraqlı şəxs MMC arasında bağlanılmış 24 avqust 2020-ci il tarixli MAS-2090 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 03 fevral 2020-ci il tarixli, MAS 2090 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı bütün öhdəlikləri öz üzərinə götürmüş və ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Maraqlı şəxs MMC-nin mülkiyyətində olan Z.İ. Bayramovun müvəqqəti istuifadəsinə verilmiş ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil 21 mart 2021-ci tarixli yol nəqliyyat hadisəsi zamanı zədələnmişdir. Maraqlı şəxs MMC-nin servis xidmətinin xx.xx.2021-ci tarixli aktına əsasən həmin avtomobilin “təmirə tam yararsız” vəziyyətə düşdüyü bildirilmişdir. Hesab edilir ki, həmin akt reallığı əks etdirmir. Həmin avtomobilin təmiri mümkündür. Belə akt tərtib etməklə cavabdeh mülki məsuliyyətdən yayınmağa çalışır. Əlavə olaraq bildirilir ki, Maraqlı şəxs MMC-nin hesabına həmin avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün bağlanmış “kasko” sığorta müqaviləsinin müddəti yol nəqliyyat hadisəsi baş verməmişdən bir qədər əvvəl başa çatmışdır. Qanunvericiliklə cavabdeh tərəfindən “kasko” sığorta müqaviləsinin müddəti 03 fevral 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu son tarixədək uzadılmalı idi. Ancaq Maraqlı şəxs MMC tərfindən qanunla müəyyən edilmiş bu öhdəlik yerinə yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq üç gün müddətinə “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maraqlı şəxs MMC-nin hesabına bərpa edilərək İddiaçı təhvil verilməsini və lizinq ödənişlərinin xx.xx.2021-ci il tarixindən həmin avtomobilin İddiaçıə təhvil veriləcəyi tarixədək təxirə salınmasını barədə cavabdehə e-kabinet vasitəsi ilə təqdim edilmiş pretenziyaya heç bir cavab verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-6.1-ci maddəsinə əsasən Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyindən lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Cavabdehlə iddiaçı arasında bağlanmış lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdır. Eləcə də qeyd edilən yol nəqliyyat hadisəsi baş veməmişdən bir neçə gün əvvəl qeyd edilən normanın tələblərinə əsasən bağlanmış sığorta müqaviləsinin müddəti bitsə də, cavadeh tərəfindən qanunsuz olaraq uzadılmamışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata əsasən cavabdeh hüquqi şəxs AZ1010, ünvan 1 ünvanında fəaliyyət göstərir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəf hesab edir ki, cavabdeh tərəfin təqdim etdiyi müqavilə dəyişdirilib, tərəflərin iradəsini ifadə etmir, iddia tələbi də tam əsaslıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hadisə 21 mart 2021-ci il tarixdə baş vermişdir. Hadisə baş verən zaman sığortanın müddəti bitmişdi. Beləki, müqavilə bağlanılmışdı 03 fevral 2020-ci il tarixdə. Müqavilədə də qeyd olunmuşdur ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektini risklərdən qorumalıdır. Müqavilənin 6.1-ci bəndində sığorta müddəti 1 il müəyyən edildiyi üçün hadisə baş verən zaman artıq avtomobilin sığorta müddəti başa çatmışdı. Sığorta müddəti qüvvədə olmuş olsa belə, yenə də sığorta faydasız olacaqdı. Çünki, avtomobil tam yararsız vəziyyətə düşmüşdü. Bunu ekspertiza rəyi də sübut etmişdir. İddiaçı Maraqlı şəxs MMC-yə etdiyi xahiş əsasında avtomobil etibarnamə əsasında X9 verilmişdir. Hadisədən sonra qarşı tərəf 4.000 manat məbləğində ödəniş etmişdir. Maraqlı şəxs MMC tərəfindən Sabunçu Rayon Məhkəməsinə iddia tələbi ilə bağlı müraciət olunaraq, ödənilən ödənişləri çıxaraq, hadisə vaxtına qədər olan 6619,76 manat məbləğində pulun qarşı tərəfdən ödənilməsi xahiş olunmuşdur. Sonda iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan AD 761515 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs MMC-nin mülkiyyətində olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-2090 №-li X1 görünür ki, Maraqlı şəxs MMC (lizinq verən) ilə X3 (lizinq alan) arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-2090 saylı X4 Əlavə №1-dən görünür ki, lizinqə verilən “Khazar SD minik” markalı avtomobilin dəyəri 13.300 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli X11 görünür ki, bu təhvil-təslim aktını imzalayaraq alıcı, yəni X3 bütün lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı, yəni Maraqlı şəxs MMC tərəfindən təhvil verilməsini təsdiq etmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli, MAS-2090 №-li Öhdəliklərin ötürülməsi müqavilələrindən görünür ki, X3 (öhdəlikləri ötürən) ilə X5 (öhdəlikləri qəbul edən) arasında, daha sonra X5 (öhdəlikləri ötürən) ilə X6 (öhdəlikləri qəbul edən) arasında, daha sonra isə X6 (öhdəlikləri ötürən) ilə İddiaçı (öhdəlikləri qəbul edən) arasında öhdəliklərin ötürülməsi müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən, öhdəlik götürənlər Maraqlı şəxs MMC qarşısında götürdüyü bütün öhdəlikləri öhdəlikləri qəbul edənə ötürmüş, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Maraqlı şəxs MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Maraqlı şəxs MMC tərəfindən verilən etibarnaməyə əsasən, İddiaçı lizinq müqaviləsi əsasında aldığı “Khazar SD minik” markalı avtomobil etibarnamə əsasında X8 istifadəsinə verilmişdir. Mülki işin materiallarında olan AR DİN Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 10№-li Arayışdan görünür ki, X13, onun tərəfindən idarə edilən “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşını ilə xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində baş vermiş olduğu yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Mülki işin materiallarında olan İnzibati Xəta haqqında Protokoldan və X12 haqqında Qərardan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən X13 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, ”Khazar SD” minik markalı avtomobil, dövlət nömrə nişanı **-PF- *** Ban-NVABA1HHFLF630409 avtomobil yerində ümumi texniki baxış zamanı aşkar olunub ki, avtomobil təmirə tam yararsızdır. Mülki işin materiallarında olan 06 oktyabr 2022-ci il tarixli, 9/6117 №-li ekspert rəyindən göründüyü kimi “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilin təmirə tam yararsız olmaqla, normal vəziyyətdə hadisə baş verən tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən 11000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin mübahisələndirilən hallarından müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı öhdəliklərin ötürülməsi müqaviləsi əsasında cavabdeh Maraqlı şəxs MMC qarşısında lizinq obyekti olan avtomobilin alınması qarşılığında lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Sonradan etibarnamə əsasında həmin avtomobil İddiaçı tərəfindən X8 istifadəsinə verilmişdir. 21 mart 2021-ci il tarixdə X13 tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Hazırda iddiaçı lizinq obyekti olan və hadisə nəticəsində tam yararsız vəziyyətə düşmüş “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobillə eyni ildə istehsal olunmuş, saz vəziyyətdə olan avtomobilin cavabdeh tərəfindən ona təhvil verilməsini və daxili lizinq müqaviləsi üzrə ödənişlərin xx.xx.2021-ci il tarixdən avtomobilin ona təhvil veriləcəyi tarixədək dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək onun rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Mülki Məcəllənin 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur; Mülki Məcəllənin 747-1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; Mülki Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır; Mülki Məcəllənin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Mülki Məcəllənin 748-1.4-cü maddəsinə əsasən, lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır; Mülki Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır; Mülki Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır; Mülki Məcəllənin 748-6.1-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır; Mülki Məcəllənin 748-9-cu maddəsinə əsasən, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir; Mülki Məcəllənin 748-10-cu maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Bundan başqa, tərəflər arasında bağlanılmış “Daxili Lizinq” müqaviləsinin: 3.2-ci bəndinə əsasən, lizinq obyektini lizinq müqaviləsinin müvafiq şərtlərinə və təyinatına uyğun vəziyyətdə lizinq alana təqdim etmək, lizinq müqaviləsində göstərilən hallarda və şərtlərlə, lizinq obyektini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verərkən təhvil-təslim aktını imzalamaq lizinq verənin vəzifələridir. 4.4-cü bəndinə əsasən, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq lizinq alanın vəzifələridir. 5.1-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 5.3-cü bəndinə əsasən, lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, daxili lizinq müqaviləsi imzalandıqdan sonra 1 il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Həmin bəndin “d” yarımbəndinə əsasən daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçərsə, lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır. 6.1-ci bəndinə əsasən, lizinq alan öz vəsaiti hesabına müqavilə imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilənin müddəti başa çatanadək sığortalamalıdır. Qanunvericiliyin və tərəflərin arasında bağlanmış daxili lizinq müqaviləsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi lizinq alan təhvil-təslim aktını imzalamaqla lizinq obyektinin müqavilənin şərtlərinə tam uyğunluğunu və lizinq obyektində hər hansı çatışmamazlığın olmamasını təsdiq etmişdir. Yəni, lizinq obyekti heç bir qüsur olmadan lizinq alana təhvil verilmişdir. Lakin, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində lizinq obyekti olan avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Məhkəmə yuxarıda qeyd edilənlərdən çıxış edərək, hesab edir ki, hazırda iddiaçı qəza nəticəsində yararsız vəziyyətə düşmüş avtomobillə eyni ildən olan, saz vəziyyətdə olan yeni avtomobil tələb etməkdə haqlı deyildir. Belə ki, tərəflər arasında bağlanmış X4 əsasən, lizinq obyekti üçün sığorta müddəti 1 il müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi isə müqavilə bağlandığı vaxtdan 1 il keçdikdən sonra (xx.xx.2020-xx.xx.2021-ci il) baş vermişdir. Digər tərəfdən, müqavilədə nəzərdə tutulmuşdur ki, müqavilə bağlandıqdan 1 il keçdikdən sonra lizinq alan lizinq obyektini zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilənin müddəti başa çatanadək sığortalamalıdır. Lakin, iş materiallarından göründüyü kimi lizinq alan tərəfindən lizinq obyektinin sığortalanması həyata keçirilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iddiaçı 24 avqust 2020-ci il tarixli MAS 2090 nömrəli daxili lizinq müqaviləsinin 3 saylı əlavəsi ilə müəyyən edilmiş lizinq ödənişlərinin icrasının xx.xx.2021-ci il tarixindən həmin avtomobilin iddiaçıya təhvil veriləcəyi tarixədək dayandırılmasını tələb edir. Lakin, Mülki Məcəllənin 748-9-cu maddəsində nəzərdə tutulmuşdur ki, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Digər tərəfdən, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən, lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir. -ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; -lizinq müqaviləsi ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; -öz hesabını bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mülki iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar