Məhkəmə qərarları › İş №e-2(006)-3433/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3433/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3433/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1375 manat məbləğində əsas borc və 33.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 9 ay müddətinə ümumi qiyməti 1999 manat dəyərində olan Moon ZX50QT-7 Blue Skuteri satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 450 manat ilkin ödəniş etmədən hər ay üçün 172.12 manat ödəmək şərti ilə aldığımalın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 624 manat ödəniş etmiş, qalan 1375 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin iddiaçı borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artlq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, MMC tərəfindən Cavabdeh 09 ay müddətinə qiyməti 1999 manat dəyərində olan Moon ZX50QT-7 Blue Skuteri satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 1999 manat əsas borcundan bu günədək 624 manat ödəniş etmiş, 1375 manat əsas borcu qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33.75 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında AR Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat+1.000 manatdan yuxarı iddia qiymətinin 1%-ni təşkil edir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1375 (min üç yüz yetmiş beş) manat məbləğində əsas borcu və 33.75 (otuz üç manat, yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar