Məhkəmə qərarları › İş №e-2(006)-3535/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3535/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3535/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6, cavabdeh X2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər “X8” X11 və X3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər “X8” X11 və X3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8” X11 məxsus, X4 tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** FB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E300” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh X4 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Tərtib olunmuş zərər aktına əsasən 340 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASCnin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 340 manat sığorta ödənişinin zərərçəkənə köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. Göstərilənlərə əsasən cavabdehlər “X8” publik hüquqi şəxsdən və X1 müştərək qaydada 340 manat məbləğində sığorta ödənişinin əvəzi, 30,00 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “X8” X10 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan № 8050 saylı yol vərəqəsinin surətindən görünür ki, X2 “X8” X11 məxsus ** JK *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsini xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək idarə etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, X4 “X8” X11 məxsus ** JK *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixində idarə edərkən ** FB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E300” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ** FB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E300” markalı avtomobilə dəymiş və "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği isə 340 manat təşkil edir. İşin materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə ** JK *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmiş X4 avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar avtomobili idarə etmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh X4 xx.xx.2020-ci il tarixdə idarə etdiyi “X8” X11 məxsus ** JK *** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ** FB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E300” markalı avtomobillə toqquşmuş, nəticədə avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 340 manat məbləğində pulu cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (eyni Məcəllənin 1099.2-ci maddəsi). Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi ** JK *** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı avtonəqliyyat vasitəsi “X8” X10 adında qeydiyyatdadır və yol-nəqliyyat hadisəsi zamanı adıçəkilən avtomobil yol vərəqəsi əsasında öz xidməti vəzifələrini icra edən həmin X13 sürücüsü X4 tərəfindən idarə olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərə görə məsuliyyəti “X8” X14 daşımalıdır. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil “X8” X11 məxsus olduğundan və zərərin vurulmasında təqsirli olan şəxs H.Dünyamalıyev qeyd olunan hüquqi şəxsin işçisi olduğundan, həmin mənbənin vurduğu zərərə görə sonuncu məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, cavabdeh “X8” X9 340 (üç yüz qırx) manat məbləğində sığorta ödənişinin, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 370,40 (üç yüz yetmiş manat, qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia tələbi X3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər “X8” X11 və X3 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi”nə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “X8” X9 340 (üç yüz qırx) manat məbləğində sığorta ödənişinin, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 370,40 (üç yüz yetmiş manat, qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia tələbi cavabdeh X3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar