Məhkəmə qərarları › İş №e-2(006)-3599/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3599/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3599/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 01 sentyabr 2021-ci il tarixli MAS-4309 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323649 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 01 sentyabr 2021-ci il tarixli MAS-4309 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 iyun 2022-ci il tarixə 957,04 manat gecikdirilmiş əsas, 1.278,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 229,08 manat dəbbə pulu, ümumilikdə 2.464,54 manat gecikdirilmiş borcun və ödənilmiş 45.05 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli MAS-4309 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323649 ban nömrəli, ağ rəngli avtomobil 17.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24.864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24.864 manatın 17.000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 yanvar 2022-ci il tarixdə 456 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 01 sentyabr 2021-ci il tarixli MAS-4309 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 iyun 2022-ci il tarixə 957,04 manat gecikdirilmiş əsas, 1.278,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 229.08 manat dəbbə pulu, ümumilikdə 2.464,54 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq iddianın qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 01 sentyabr 2021-ci il tarixli MAS-4309 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 01 sentyabr 2021-ci il tarixli MAS-4309 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 iyul 2022-ci il tarixə 1.160,33 manat gecikdirilmiş əsas, 1.522,28 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 748,91 manat dəbbə pulunun, lizinq obyekti olan avtomobilə 791,50 manat dəmiş zərər, cəmi 4223.02 manat borcun və ödənilmiş 63.04 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslnadırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lizinq obyekti olan avtomobil 27 iyul 2022-ci il tarixdə şirkətə geri qaytarılmış və “X4” MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 791.50 manat maddi ziyan dəymişdir. Lizinq obyekti mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarıldığı üçün iddianın həmin hissəsindən imtina edilir. Qeyd olunanlardan göründüyü kimi lizinq obyektinə dəymiş zərərin və avtomobilin şirkətə qaytarıldığı tarixə gecikdirilmiş məbləğin tələb olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair razılığı olduğundan məhkəmə müvafiq qərardadı qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1, 747-5.1 və 747-5.2.1-ci maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Mülki Məcəllənin 748-10.1, 748-10.2 və 748-10.4-cü maddələrinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən yuxarıda sadalanmış normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17.000 manat olan əmlakı (2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323649 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 24,5% dərəcəsi ilə hər ay 447,15 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, lizinq verən lizinq obyektini lizinq alana təhvil vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlığın (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh MAS-4309 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə yaranmış borcun və daxili lizinq müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. Avtonəqliyyat vasitələrinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus olan , “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil alınarkən onun qabaq podpresdə qırığın olduğu müəyyən edilmişdir. İddiaçı MMC/Servis tərəfindən “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtomobilin aktda qeyd olunan hissələrinin yenisi ilə əvəz olunması nəticəsində sərf edilməli olan vəsait 791,50 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 2782 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə əsas borcu 1.160,33 manat, mükafat borcu 1.522,28 manat, cərimə borcu 748,91 manat, cəmi 3.431,52 manat borcu vardır. Mədaxil qəbzlərindən (№ 924561566, 9********) görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq cəmi 63,04 (45,05 və 17,99) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə lizinqə götürmüş və lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi lizinq verən lizinq obyektini lizinq alana təhvil verməklə müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli arayışa əsasən əsas borc üzrə 1.160,33 manat, mükafat borcu üzrə 1.522,28 manat, cərimə borcu üzrə 748,91 manat, cəmi 3.431,52 manat məbləğində borcu yaranmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli akta əsasən lizinq obyekti olan avtomobilə 791,50 manat məbləğində zərər dəyməsi halı müəyyən olunmuşdur. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən lizinq müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, lizinq müqaviləsi üzrə lizinq verənin lizinq obyektini lizinq alana verməsi müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, əsas borc məbləğinə münasibətdə 748,91 manat məbləğində dəbbə pulunu tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göründüyü kimi, Cavabdeh iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməklə müqavilə şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən İddiaçı MMC-nin borcun ödənilməsini tələb etmək və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, lizinq müqaviləsi ləğv edilərək yaranmış borc tutulmalıdır. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinin tələblərinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Bundan başqa İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsinin 4.4.2-ci və 5.1ci bəndlərinə görə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət lizinq alan daşıyır. İddiaçının təqdim etdiyi servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən lizinq obyektinin təmiri üçün cəmi 791,50 manat pul vəsaiti tələb olunur, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, əsas borc üzrə 1.160,33, mükafat borcu üzrə 1.522,28 manat, cərimə borcu üzrə 748,91 manat və avtomobilə dəymiş zərər olaraq 791,50 manat, cəmi 4.223,02 manat və dövlət rüsumu kimi ödənilmiş 63,04 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 242 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4309 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 1.160,33, mükafat borcu üzrə 1.522,28 manat, cərimə borcu üzrə 748,91 manat, avtomobilə dəymiş zərər olaraq 791,50 manat və dövlət rüsumu kimi ödənilmiş 63,04 manat, cəmi 4.286,06 (dörd min iki yüz səksən altı manat, altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar