Məhkəmə qərarları › İş №e-2(006)-3609/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3609/2022

15.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3609/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi (vəkili) - Vəkil2, Cavabdeh - Cavabdeh4, Cavabdeh1 nümayəndəsi (vəkili) - Vəkil1 iştirakları ilə, İddiaçı X3 (qanuni nümayəndəsi İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (maraqlı şəxslər qismində Bakı şəhəri 29 saylı Notariat Ofisi, Bakı şəhəri 13 saylı Notariat Ofisi və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi olmaqla) qarşı «vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 (qanuni nümayəndəsi İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (maraqlı şəxslər qismində Bakı şəhəri 29 saylı Notariat Ofisi, Bakı şəhəri 13 saylı Notariat Ofisi və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi olmaqla) qarşı «vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış əmlaka 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, həmin vəsiyyətnaməyə xitam verilməsinə dair **********944 saylı xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2015-ci ilin dekabr ayının 10-da iddiaçı X3 atası Cavabdeh4 Ümid oğlu Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakların 1/2 hissəsini 2011-ci il təvəllüdlü qızıYusifova Aysuya vəsiyyət etmişdir. 17 fevral 2019-cu ildə Yusifov X9 İslam Respublikası X11 xəstəxanasında böyrək transplantasiyası cərrahi əməliyyatı keçirmiş və təxminən bir ay sonra evə buraxılmışdır. Lakin xx.xx.2020-ci il tarixində femur sümüklərinin başının ikitərəfli nekrozu diaqnozu ilə ikinci dəfə həmin xəstəxanaya qəbul edilmiş və bir-neçə gün arayla hər iki tərəfdən bud oynağının dəyişdirilməsi cərrahi əməliyyatı icra olunmuş, 23 fevral 2020-ci il tarixində evə buraxılmışdır. Daha sonra Cavabdeh4 iddiaçının anası İddiaçı ona məxsus pul və qızılzinət əşyalarını 27 aprel 2020-ci ildə birgə yaşadıqları evdən götürməsinə dair Nəsimi RPİnə sikayət etmiş, xx.xx.2020-ci il tarixdə 2V-100 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnaməni ləğv etdirməsi ilə bağlı 13 saylı notariat ofisinə vəsiyyətnaməyə xitam verilməsinə dair **********944 saylı ərizə ilə müraciət etmiş, xx.xx.2020-ci il tarixində İddiaçı evdən istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmiş və yenidən xx.xx.2020-ci il tarixli 2V-87 nömrəli reyestrlə təsdiqlənmiş vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakların 50 % hissəsini qızı Yusifova Aysuya vəsiyyət etmiş, xx.xx.2020-ci il tarixində dəqiqləşdirilməmiş pnevmoniyadan vəfat etmişdir. Cavabdeh4 Ümid oğlu vəfat etdikdən sonra, cavabdehlər Aysel, Nizami, Məcid və Cavabdeh2lar birgə iddiaçı kimi çıxış edərək, ataları Cavabdeh4 tərəfindən Yusifova Aysuya verilmiş xx.xx.2020-ci il tarixli 2V-87 nömrəli reyestrlə təsdiqlənmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. İddiaçılar vəsiyyətnamənin etibarsız sayılmasının əsası kimi ataları ilə Aysunun qanuni nümayəndəsi İddiaçı arasında olan təzadlı münasibətlərə və xüsusən atalarının hərəkətlərinin mənasını sağlamlıq durumuna görə dərk etmədiyinə istinad edərək, İran İslam Respublikası X11 xəstəxanası tərəfindən verilmiş epikriz təqdim edib məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsini xahiş etmişlər. Sözügedən epikrizdə Cavabdeh4 xx.xx.2020-ci il tarixində femur sümüklərinin başının ikitərəfli nekrozu diaqnozu ilə ikinci dəfə həmin xəstəxanaya qəbul edilməsi və bir-neçə gün arayla hər iki tərəfdən bud oynağının dəyişdirilməsi cərrahi əməliyyatı icra olunması və böyrək transplatasiyası səbəbilə meydana gələn narahatlıqlar, kreatin artımı, şüur səviyyəsinin və deliryumun azalması səbəbi ilə bir müddət reanimasiya şöbəsində qalması göstərilmişdir. İddiaçıların vəsatəti təmin edilmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-3058/21 saylı qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 1612 saylı rəyində, tədqiqat aparan Səhiyyə Nazirliyinin Məhkəmə X1 eksperti aşağıdakıları göstərmişdir: “...Hal-hazırki ekspertizaya təqdim edilən tibbi sənədlərə və iş materiallarına əsasən demək olar ki, mərhumda başbeyin qan dövranı pozuntusu yaranmış və bu pozuntu nəticəsində psixi vəziyyətində dəyişikliklər meydana çıxmış, yaddaş pozuntuları qeyd edilmiş, bir-birinə zidd olan hərəkətlər (xx.xx.2019-cu il tarixdə 4Ə-1299 reyestr nömrəsi ilə mülk bağışlaması, xx.xx.2020-ci il tarixində 2V-100 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnaməni ləğv etdirməsi, xx.xx.2020-ci il tarixdə evdən istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etməsi, yenidən xx.xx.2020-ci il tarixli 2V-87 reyestr nömrəli reyestrlə təsdiqlənmiş vəsiyyətnamə verməsi) etmişdir. Eyni zamanda, çoxsaylı müştərək xəstəliklər zəminində yoxlanılan şəxsdə düşüncənin deliriy tipli pozulması (zaman və məkanı, ətrafda baş verən hadisələri düzgün dərk edə bilməməsi) halları olmuş və bu vəziyyət İran İslam Respublikası Urmiya şəhəri X5 epikrizində öz əksini tapmışdır. Sözügedən rəyin yekun hissəsindən görünür ki, mülki işə təqdim edilmiş anamnestik məlumatların, tibbi sənədlərin, keçirdiyi operativ müdaxilələr nəticəsində delirioz prosesin yaranmasının, şahid ifadələrinin (son vaxtlar yaddaş pozuntularının olması, ünvanını unutması, övladlarının sayını unutması, danışığında anlaşılmayan və əlaqəsiz fikirlər yaranması və s.) təhlili belə qənaətə gəlməyə əsas verir ki, mərhum Cavabdeh4 Ümid oğlu qarışıq xəstəliklər nəticəsində yaranan demensiyadan əziyyət çəkdiyindən, onda müəyyən edilən demensiya (sonradan yaranmış ağıl zəifliyi) nəticəsində son vaxtlar yaddaş pozuntuları, davranışında dəyişikliklər, birbirinə zidd olan hərəkətlər etməsi şəklində özünü büruzə vermiş, mərhum Cavabdeh4 Ümid oğlu göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixdə 2V-87 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməni tərtib edərkən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)- 3058/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2V-87 reyestr nömrəsi ilə təsdiq edilmiş 02 sentyabr 2020-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. Məhkəmənin qənaətinə görə iş materiallarında olan sənədlərə əsasən Cavabdeh4 Ümid oğlunun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «atalığın müəyyən edilməsinin etibarsız hesab edilməsi»ni tələb etməsi, cavabdehin qanuni nümayəndəsinin «aliment» tələbi ilə məhkəməyə müraciət etməsi, Cavabdeh4 «uşağın ona məxsus olmaması»na dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, onun həmçinin Nəsimi RPİ-yə müraciət edərək İddiaçı «oğurluq etməsi» ilə bağlı şikayət etməsi, notariat orqanına müraciət edərək əvvəl verdiyi «xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə xitam verilməsi»ni xahiş etməsi, Cavabdeh4 məhkəməyə müraciət edərək İddiaçı «istifadə hüququna xitam verilməsi»ni xahiş etməsi kimi hallar onlar arasında münasibətlərin təzadlı olmasına dəlalət edir. Belə münasibətlərdə olmaları ilə yanaşı Cavabdeh4 Ümid oğlunun vəfat edənə qədər son illərdə qarışıq xəstəliklər nəticəsində yaranan demensiyadan (sonradan yaranmış ağıl zəifliyi) əziyyət çəkməsi nəticəsində son vaxtlarda yaddaş pozuntuları, davranışında dəyişikliklərin olması, bunun fonunda bir-birinə zidd olan hərəkətlər etməsi kimi halların mövcudluğu mərhumun xx.xx.2020-ci il tarixdə 2V-87 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməni tərtib edərkən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmaması qənaətinə gəlmək üçün kifayət qədər əsasdır və bu ekspert rəyi ilə təsdiq edilmişdir. Sözügedən qətnamə artıq qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin əsasını təşkil edən ekspert rəyində Cavabdeh4 Ümid oğlunun demensiyadan (sonradan yaranmış ağıl zəifliyi) əziyyət çəkməsi nəticəsində son vaxtlarda yaddaş pozuntularının olması, bunun fonunda bir-birinə zidd olan hərəkətlər (xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə xx.xx.2020-ci il tarixində xitam verilməsinə dair ərizə ayrıca vurğulanmaqla) etməsi, X5 epikrizində (epikriz 2020-ci ili fevral ayına təsadüf edir) öz əksini tapmış düşüncənin deliriy tipli pozulması (zaman və məkanı, ətrafda baş verən hadisələri düzgün dərk edə bilməməsi) halları göstərilmişdir. Cavabdeh4 Ümid oğlunun vəsiyyətnaməyə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixdə ərizə verərkən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığından həmin ərizənin etibarsız olduğunu, X3 xx.xx.2015-ci il tarixli 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsə olduğunu aydın şəkildə göstərir. Məhkəmə iclasında X3 qanuni nümayəndəsi X2 nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZ-İİİ seriyalı 555614 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh4 Ümid oğlu, anası İddiaçıdır. xx.xx.2015-ci il tarixli 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, Cavabdeh4 Ümid oğlu, ona məxsus olan bütün daşınar və daşınmaz əmlakının 1/2 hissəsini qızı 2011-ci il təvəllüdlü X4 vəsiyyət etmişdir. xx.xx.2020-ci il tarixli 8İ-944 nömrəli reyestrlə təsdiq edilmiş Ərizədən görünür ki, Cavabdeh4 Ümid oğlu Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda xx.xx.2015-ci il tarixdə 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə xitam verilməsini notariat ofisindən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 xx.xx.2021-ci il tarixli 1612 saylı rəyindən görünür ki, mərhum Cavabdeh4 Ümid oğlu qarışıq xəstəliklər nəticəsində yaranan demensiyadan əziyyət çəkdiyindən, onda müəyyən edilən demensiya (sonradan yaranmış ağıl zəifliyi) nəticəsində son vaxtlar yaddaş pozuntuları, davranışında dəyişikliklər, birbirinə zidd olan hərəkətlər etməsi şəklində özünü büruzə vermiş, mərhum Cavabdeh4 Ümid oğlu göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixdə 2V-87 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməni tərtib edərkən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli 2551 saylı rəyindən görünür ki, təqdim olunmuş mülki iş materialların tədqiqinə və təhlilinə əsasən belə nəticəyə gəlmək olar ki, Cavabdeh4 Ümid oğlu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 13 saylı Notariat Ofisində xx.xx.2015-ci il tarixdə 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə xitam verilməsinə dair ərizə ilə müraciət edərkən öz hərəkətlərinin mənasını dərk etmiş və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə xitam verilməsinə dair **********944 saylı ərizə xx.xx.2020-ci il tarixdə verilmiş, lakin həmin tarixdən 2 il 1 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır (xx.xx.2022-ci il tarixdə). Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 xx.xx.2021-ci il tarixli 1612 saylı rəyinə istinad etməklə Cavabdeh4 Ümid oğlu tərəfindən mübahisələndirilən ərizə verilərkən psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamasına istinad etmişdir. Qeyd olunan dəlillə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 xx.xx.2021-ci il tarixli 1612 saylı rəyində mərhum Cavabdeh4 Ümid oğlunun xx.xx.2020-ci il tarixdə 2V-87 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməni tərtib edərkən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmaması göstərilmişdir. Mübahisələndirilən ərizə isə mərhum Cavabdeh4 Ümid oğlu tərəfindən xx.xx.2020-ci il tarixdə, yəni 2V-87 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin verildiyi xx.xx.2020-ci il tarixdən 3 ay əvvəl verilmişdir ki, iki sənədin verildiyi tarixlər arasındakı müddəti nəzərə aldıqda iddiaçının göstərdiyi dəlil mərhum Cavabdeh4 Ümid oğlunun ərizəni verdiyi tarixə münasibətdə mötəbər dəlil hesab oluna bilməz. Eyni zamanda iddiaçının göstərdiyi dəlilin əsassız olması iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli 2551 saylı rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəylə Cavabdeh4 Ümid oğlunun xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 13 saylı Notariat Ofisində xx.xx.2015-ci il tarixdə 2V-199 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə xitam verilməsinə dair ərizə ilə müraciət edərkən öz hərəkətlərinin mənasını dərk etmiş və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən başqa hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, eyni zamanda iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, iddia vəsiyyətnaməyə xitam verilməsinə dair **********944 saylı xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissəsi vəsiyyətnaməyə xitam verilməsinə dair ərizənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar