Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-361/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehlər Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdərək cavabdehlərdən xx.xx.2023-ci il tarixli İF/06084 saylı X6 müqaviləsi üzrə 15175.34 AZN (on beş min yüz yetmiş beş manat 34 qəpik) borcun, 410 AZN (dörd yüz on manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödədiyimiz 136.76 AZN (yüz otuz altı manat 76 qəpik) məbləğin ödənilməsi və lizinq obyekti olan CHEVROLET CRUZE minik markalı 77AM281 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" MMC iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli İF06084 saylı X6 müqaviləsi üzrə 13147.49 AZN əsas borc, 1814.35 AZN faiz (mükafat) borcu, 213.5 AZN cərimə borcu, cəmi 15175.34 AZN, 410 AZN yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələrin və 136.76 AZN dövlət rüsumun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Cavabdeh2 ilə təşkilat arasında xx.xx.2023-ci il tarixli İF/06084 saylı 36 ay müddətli X6 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən CHEVROLET CRUZE minik markalı 77AM281 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X6 müqaviləsi ilə yanaşı 22 sentyabr 2023-cü il tarixində Cavabdeh3 və 22 sentyabr 2023-cü il tarixində Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Lizinq obyekti cavabdehə təhvil verildikdən sonra cəmi 1237 AZN (bir min iki yüz otuz yeddi manat) ödəniş etmişdir. Artıq on beş aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 1237 AZN (bir min iki yüz otuz yeddi manat) ödəniş etmişdir. Cavabdehlərin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 13147.49 AZN (on üç min yüz qırx yeddi manat 49 qəpik), faiz borcu 1814.35 AZN (bir min səkkiz yüz on dörd manat 35 qəpik), cərimə borcu 213.50 AZN (iki yüz on üç manat 50 qəpik), cəmi 15175.34 AZN (on beş min yüz yetmiş beş manat 34 qəpik) təşkil edir. Avtomobil cavabdehlərin istifadəsində olarkən 410 AZN (dörd yüz on manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, 22 fevral 2023-cü il tarixində Cavabdeh2 lizinq müqaviləsi bağlamışdır. 2 ay ödəniş etmiş, sonra isə ödəyə bilməmişdir. Onlar da təklif etmişlər ki, ya maşını gətirib qaytasın, ya da pulu ödəsin. Cavabdeh2 da maşını hazırkı iş üzrə zaminlərə satacağını bildirmişdir. Cavabdeh2 görə başqa şəxsləri məsuliyyətə cəlb etmək düzgün yanaşma deyil. Ona görə yalnız əsas borcu müştərək tələb edirlər. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil. Maşını almış və 2 ay pulunu ödəmişdir. Sonra anasının xəstəliyi ilə əlaqədar maşını aparıb iddiaçı təşkilatın əməkdaşları olan İlqar və Məhəmməd adlı şəxslərə təhvil vermişdir. Ona bildirdilər ki, maşını satıb, pulunu qaytaracaqlar. Maşını satdılar, amma pulu ona qaytarmadılar. Maşını başqasına satıblar, amma onun adından çıxarmayıblar. İcazəsi olmadan maşını 5 nəfər adama satıblar. İcazəsi olmadan zaminlik müqaviləsi bağlayıblar. 2023-cü ilin fevral ayında maşını götürmüş, aprel ayında isə geri qaytarmışdır. Maşını götürməmişdən əvvəl 2500 manat pul ödəmişdir. Maşını satmaq üçün Cavabdeh1 İsmayil oğlu və Cavabdeh3 gətirmişdir. Amma onların zaminlik müqaviləsi bağladığından xəbəri yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, maşını ona təqdim etdikdə onu almaq istəmiş və 500 manat da ödəniş etmişdir. Cavabdeh2ı tanımır. Təşkilatın nümayəndəsi Məhəmməd adlı şəxs vasitəsilə gedib maşına baxmışdır. Maşının 1000 manat xərcinin olduğu bildirilmiş, 500 manatı ödəmiş, 500 manatı isə maşın hazır olanda ödəyəcəkdir. 2023-cü ilin sentyabr ayında maşını etibarnamə ilə adına keçirdilər. Dedilər, xx.xx.2023-cü il tarixdə maşın təhvil veriləcək. Sonra özünün bəzi işləri ilə əlaqədar Gürcüstana getmişdir. Qayıtdıqda isə görmüşdür ki, nə maşın hazırdır, nə də maşın var. Sonra Məhəmməd ona demişdir ki, başqa birini tap, onu “tora salaq”. Maşını ona təhvil verilməsini və bunun üçün ödənişləri etməyə hazır olduğunu bildirmişdir. Lakin Məhəmməd zənglərinə cavab verməmişdir. Maşını heç istifadə etməmişdir. Maşını təhvil almaq üçün müqavilə bağlamışdır. Müqavilədəki imza öz imzasıdır, sadəcə, müqaviləni oxumamış, zaminlik müqaviləsi olduğunu bilməmişdir. Müqaviləni imzalayanda Cavabdeh2 orada olmayıb. O Bürhana zamin durmamış, təşkilatdan avtomobil almaq istəmişdir. Etibarnamə ona da, oğlu Cavabdeh3ə də verilmişdir. İkisi də müqavilə bağlanılmışdır. Avtomobilin heç açarını belə görməmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli BB368391 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze minik markalı 77AM281 dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli İF/06084 saylı X6i müqaviləsinə əsasən 36 ay müddətinə Chevrolet Cruze minik markalı 77AM281 dövlət nömrə nişanlı avtomobil lizinq alan Cavabdeh2 onun istifadəsinə verilmişdir. xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh3 "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli X6i müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün birgə məsuliyyət daşıyaçağını öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli X6i müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün birgə məsuliyyət daşıyaçağını öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan (pretenziya məktubu) görünür ki, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 xx.xx.2023-ci il tarixli İF/06084 saylı X6 müqaviləsinə əsasən 16852,86 manat tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayəışına əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 13147,49 manat əsas borc, 1814,35 manat faiz borcu, 213,05 manat cərimə borcu olmaqla, ümumilikdə 15175,34 manat borcu vardır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3808/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/10487 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış və lizinq ödənişləri cədvəli məlumatlarına əsasən, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06084 saylı daxili lizinq müqaviləsi üzrə lizinq verənə ödənilməli olan lizinq borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 1.761,69 manat, mükafat borcu üzrə 2.566,47 manat xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3.894,72 manat mükafat borcu üzrə 4.761.90 manat. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 137,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: ...748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi). Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarix Qərarında qeyd edilir ki, Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, müqavilə üzrə müəyyən edilmiş əmlakı iddiaçı "xxxx" MMC cavabdehin istifadəsinə vermiş, Cavabdeh2 isə həmin əmlakı qəbul etmişdir. Lakin cavabdeh yaranmış borcu ödəməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən Cavabdeh2 həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün "xxxx" MMC qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, maliyyə arayışı, eləcə də ekspert rəyi ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh isə göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Lakin məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. İddia tələbinin “yol hərəkəti qaydalarının pozulmasına görə 410 manat məbləğində inzibati cərimələrin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Chevrolet Cruze minik markalı 77AM281 dövlət nömrə nişanlı avtomobil idarə edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş və Cavabdeh2 barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müxtəlif vaxtlarda ümumilikdə 410 manat məbləğində cərimə olunmuşdur. Hazırda iddiaçı MMC, Cavabdeh2 hesablanmış cərimələrin ona ödənilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, hazırda tələb olunan cərimələrin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməsi müəyyən edilmir və belə olan halda "xxxx" MMC-nin cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmamışdır. Ona görə də həmin hissədə iddianı əsassız saymaqla rədd edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Borcun digər cavabdehlər – zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. "xxxx" MMC ilə cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən müəyyən olunur ki, həmin müqavilələrdə zaminlərin xx.xx.2023-cü il tarixli İF/06084 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürülməsi qeyd edilsə də, həmin lizinq müqaviləsinin mühüm şərtləri hesab edilən məlumatlar, yəni lizinq ödənişlərinin məbləği, faiz dərəcəsi, valyutası, verilmə müddəti göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Qərarlarında qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin əsas məlumatları Cavabdeh1 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrində qeyd edilmədiyindən, sonuncuların hansı öhdəliyə zamin olması qeyri-müəyyən olduğundan həmin müqavilə üzrə zamilərin öhdəliklərinin yaranması və lizinq müqaviləsi üzrə yaranmış borca görə hazırkı halda zaminlərin məsuliyyət daşıması istisna edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2023-ci il tarixli İF/06084 saylı X6 müqaviləsi üzrə 13147.49 AZN əsas borc, 1814.35 AZN faiz (mükafat) borcu, 5 AZN cərimə borcu, cəmi 14966.84 AZN "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 137 manat dövlət rüsumunun 134 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2023-ci il tarixli İF/06084 saylı X6 müqaviləsi üzrə 13147.49 AZN əsas borc, 1814.35 AZN faiz (mükafat) borcu, 5 AZN cərimə borcu, cəmi 14966.84 (ön dörd min doqquz yüz altmış altı manat, 84 qəpik) AZN, 134 (yüz otuz dörd) AZN dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-361/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-361/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver