Məhkəmə qərarları › İş №e-2(006)-369/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-369/2025

21.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-369/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialına qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialına qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialından iddiaçıya ödənilməmiş əmək haqqına görə 57.356 (əlli yeddi min üç yüz əlli altı) manat, əmək haqqının gecikdirilməsinə görə 18.339 (on səkkiz min üç yüz otuz doqquz) manat və iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 (on min) manat, cəmi 85.695 (səksən beş min altı yüz doxsan beş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin, iddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. İddiaçı 2019-cu ilin may ayından 2023-cü ilin avqust ayına qədər Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-07:00- dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, iddiaçıya əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçı şənbə günləri və iş vaxtından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin ona hər hansı verəcəyi qalmamışdır. İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında 2019-cu ilin may ayından 2023-cü ilin avqust ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddəti hesablansa, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 42100 (4210 saat * 10 manat = 42.100 manat) manat, qeyri-iş günlərinə görə 15.256 (2019-cu il 46 gün, 2020-ci il 48 gün, 2021-ci il 47 gün, 2022-ci il 49 gün və 2023cü il 22 gün qeyri-iş günləri) manat olmaqla, ümumilikdə cavabdeh iddiaçıya 57.356 (əlli yeddi min üç yüz əlli altı) manat məbləğində əlavə iş saatları və qeyri iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. Cavabdeh tərəfindən iddiaçıya 61.494 (altımış bir min dörd yüz doxsan dörd) manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödənilməmişdir. Odur ki, əmək haqqı ilə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-cı maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğ hesablanmaqla cəmi 24.597 (iyirmi dörd min beş yüz doxsan yeddi) manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, iddiaçının əmək haqqı ödənilmədiyi üçün iddiaçı ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün iddiaçı uzun müddətdir ki psixoloji və mənəvi sarsıntı keçirmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, təqdim olunmuş videogörüntülərdən və danışıqlardan göründüyü kimi iddiaçının vəzifəsi sükan arxasında oturmaqdırsa və bununla əmək haqqı hesablanırsa, artıq sükan arxasında oturmağı 6 saat 40 dəqiqə yox, 12-13 saat müəyyən olunmuşdur. Lakin, bu hissəyə ekspert münasibət bildirməmişdir və ekspert rəyi kifayət qədər qənaətbəxş deyil. Orada müəyyən boşluqlar var və onlar aradan qaldırılmalıdır. Videogörüntülərdən də görünür ki, İddiaçı vəzifəsi işçiləri A, B və C nöqtələrindən X4 aparmaq olub. Yəni, iş saatı 9-da başlayırsa, sürücünün iş saatı təxminən 2 saat əvvəl başlayır, işçiləri müəyyən nöqtələrdən götürür – necə ki vəzifə təlimatında qeyd olunub. Ondan sonra vəzifəsi nə olub? O müddətdə asudə vaxtını iş yerində keçirib. Əmək müqaviləsində, vəzifə təlimatında və növbətçi cədvəlində onun saat 6-dan 10-dək və 17:00-dan 20:00-dək iş saatı olması öz əksini tapmayıb. Bu o deməkdir ki, bu adam bütün günü iş yerində olmuşdur. Bu da hüquqların pozulmasıdır. İddiaçının orada olmadığını sübut etmək qarşı tərəfin üzərindədir, belə bir sənəd təqdim etmirlər. Ekspert rəyi də qənaətbəxş deyil, ekspert bu faktlara uyğun qiymət verməlidir. Qeyd olunan məbləğlərə imza çəkməsi və məbləğlərin hesaba köçürülməsini mübahisələndirmirlər. Bunu qəbul edirlər. Əlavə iş saatları üçün pul istəyirlər, əgər iş saatı sükan arxasında oturmaqdırsa, o cür hesablansın, ya da iş saatı ilə hesablansın. Ekspert isə rəydə iş saatı ilə bağlı heç nə qeyd etməyib. Qarşı tərəf işçinin 08:00-dan 10:00-dək və 17:00-dan 19:00-dək işdə olduğu ilə bağlı sənəd təqdim etmir və qeyd olunub ki, növbələr arasında nahar fasiləsi 1 saatdır. Deməli iddiaçı digər saatlarda da işdə olub. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəf iddia edir ki, 6-cı gün qeyri-iş günündə işləyib və buna görə də ona məvacib verilməlidir. Bu hal iş materiallarında olan yazılı sübutlarla təkzib olunub. Müqavilədə göstərilib ki, istirahət günü 1 gündür. Gündə 6 saat 40 dəqiqə olmaqla, həftədə 40 saat işləyir. Ona görə də əlavə əmək haqqı tələbi əsassızdır. Əmək müqaviləsində göstərilir ki, iş vaxtının cəmlənməsi uçotu tətbiq olunur və iş saatının başlanması və bitməsi növbə cədvəli ilə müəyyən olunur. Növbə cədvəlləri əmək qanunvericliyinin tələblərinə əsasən müəssisənin rəhbərliyi tərəfindən tərəfindən təsdiq olunmalı və işçilərə əlçatan yerdə olmalıdır. İş materiallarından görünür ki, işçilərin istirahət otaqlarında növbə cədvəlinin təsdiq olunmuş surəti əks olunub. Məntiqdən uzaqdır ki, işçi nə vaxt gəlib-getməli olduğunu bilmirmiş. İşçinin işi başqalarının işi ilə də bağlı idi – onları aparıb gətirirdi. Ona görə istənilən vaxtda gəlib-getmək olmazdı. Bu işçiyə sadəcə digər işçiləri gətirib-aparmaq üçün ehtiyac olurdu. Cədvəl gözlərinin önündə idi. Onların 5,7 saat müddətində əməyinə ehtiyac olmurdu. Özləri şəhərə qayıtmır, iş yerində qalırdılar. Çünki, onlara hər cür şərait yaradılmışdı. Onların sadəcə 4 saatlıq əməyindən istifadə olunub. İşçi əmək haqqı almadan öncə hesabatı özü imzalayır ki, razıdırlar. Onlar daha yaxşı işləmək üçün işçilərə hesabat verirlər. İşçilər özləri də görür ki, hansı işə görə nə qədər məvacib alırlar. Növbə cədvəlində iş saatları göstərilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materialları: İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu qeydlərə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə 126/SPS-N65 nömrəli əmrə əsasən «X3 Sevices LTD» Şirkətinin Bakı filialına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə 030/DR/8/19 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş, xx.xx.2019-cu il tarixdə 031/DR/8/19 nömrəli əmrə əsasən həmin şirkətə sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə 070/DR/T/23 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir. İşçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış DR-19/037 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə işçinin 1 ay müddətinə şirkətə sürücü vəzifəsinə işə qəbul edilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndində həmçinin göstərilmişdir ki, işəgötürən işçiyə hər ay vergilər daxil olmaqla 978,55 manat məbləğində əmək haqqı ödəyir. Həmin müqavilənin 4.8-ci bəndində həmçinin göstərilmişdir ki, işçi gündə 8 saatdan, həftə ərində isə 40 saatdan çox olmayaraq işləyir. Əsas iş vaxtı,istirahət günləri və nahar vaxtı Vəzifə Təlimatına əsasən müəyyən edilir. xx.xx.2019-cu il tarixdə İddiaçı razılıqla imzaladığı Vəzifə Təlimatından görünür ki, sürücü gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında olmalı, həftədə bir gün istirahət günüdür və hər iş növbəsi üçün nahar vaxtı 1 saat müəyyən edilir. İşçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə “Əlavə №1”-də işəgötürənin işçiyə hər ay vergilər daxil olmaqla 1174,26 manat məbləğində əmək haqqı ödəməsinə dair dəyişiklik edilmişdir. İşçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə “Əlavə №1A”-də göstərilmişdir ki, iş saatlarının hesablanmasında cəmlənmiş uçot tətbiq olunur. Uçot dövrü 1 aydır. İşçi uçot dövrü ərzində qanunla müəyyən olunmuş iş saatı normasından çox olmayaraq işləyir.İş rejimi növbəlidir. İş və istirahət vaxtı növbə cədvəli ilə tənzimlənir. İşçiyə iş vaxtından artıq işə, iş günü hesab edilməyən bayram günlərində axşam və gecə saatlarında görülən işlərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada əlavə ödəniş olunur. Nahar vaxtı iş növbəsi ərzində 1 saat, 2 dəfə 10 dəqiqəlik çay fasiləsi.” dəyişiklikləri edilmişdir. İşçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Əlavə №2”-də əsas müqavilənin 6.2-ci bəndinə “İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ təmin edilir.” dəyişiklikləri edilmişdir. İşçi İddiaçı adına 2020-ci il yanvar ayı tarixindən 2023-cü il avqust ayınadək tərtib edilmiş növbətçilik cədvəllərindən görünür ki, işçinin əsas iş günləri, istirahət günlərində işləməsi barədə dəqiqləşmələr aparılmışdır. İşçi İddiaçı adına 2019-cu il yanvar ayı tarixindən 2023-cü il iyul ayınadək tərtib edilmiş ödəniş cədvəllərindən görünür ki, “İstirahət və bayram günləri” bəndində müxtəlif sayda əlavə iş günləri qeyd edilməklə cəmi məbləğin alınmasını düz olduğu imza edilməklə təsdiqlənmişdir. "xxxx" ASC-nin “X2 Services LTD” Şirkətinin Filialına ünvanladığı xx.xx.2024-cü il tarixli arayışı ilə əməkdaş İddiaçı əmək haqqı hesabına icra edilmiş ödənişlərin çıxarışı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 070/DR/T/23 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixli sonuncu iş günü olmaqla, şirkətin filialında tutduğu sürücü (dərəcə 1) vəzifəsindən azad edilmiş və həmin gündən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1462 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli (1129.99 AZN), xx.xx.2021-ci il tarixli (1097,31 AZN), xx.xx.2022-ci il tarixli (1086,95 AZN), xx.xx.2022-ci il tarixli (1,256.49 AZN), xx.xx.2022-ci il tarixli (1,168.62 AZN), xx.xx.2022-ci il tarixli (1,085.95 AZN), xx.xx.2022-ci il tarixli (1334,96 AZN), xx.xx.2022-ci il tarixli (1083,95 AZN), xx.xx.2022-ci il tarixli (1386,63 AZN), xx.xx.2022-ci il tarixli (1085,95 AZN), xx.xx.2022-ci il tarixli (1340,46 AZN), xx.xx.2022-ci il tarixli (1251,29 AZN), xx.xx.2022-ci il tarixli (1252,29 AZN), xx.xx.2019-cu il tarixli (1031,06 AZN), xx.xx.2019-cu il tarixli (965,83 AZN), xx.xx.2020-ci il tarixli (1373,51 AZN), xx.xx.2020-ci il tarixli (1420,30 AZN), xx.xx.2020-ci il tarixli (1729,28 AZN), xx.xx.2019-cu il tarixli (1031.06 AZN), xx.xx.2021-ci il tarixli (1164,71 AZN), xx.xx.2021-ci il tarixli (1086,99 AZN), 03.11J02-1jCİ il tarixli (1086,99 AZN), xx.xx.2021-ci il tarixli (1168,70 AZN), xx.xx.2021-ci il tarixli (1168,70 AZN), xx.xx.2021-ci il tarixli (1221,41 AZN), xx.xx.2019-cu il tarixli (1031,06 AZN), xx.xx.2019-cu il tarixli (200,62 AZN), xx.xx.2019-cu il tarixli (1361.52 AZN), 31,07.2019-cu il tarixli (1031,06 AZN), xx.xx.2019-cu il tarixli (1161,58 AZN), xx.xx.2019-cu il tarixli (1161.58 AZN), xx.xx.2019-cu il tarixli (1231.68 AZN), “X2” dair ödəniş qəbzlərinin aşağı sağ hissələrində “Alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qrafalarında olan imzalar - İddiaçı tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli (1138,71 AZN), xx.xx.2021-ci il tarixli (1067,00 AZN), xx.xx.2021-ci il tarixli (973,28 AZN), xx.xx.2021-ci il tarixli (1027,23 AZN), xx.xx.2021-ci il tarixli (992,61 AZN), xx.xx.2019-cu il tarixli (965.83 AZN), xx.xx.2022-ci il tarixli (1085,95 AZN), xx.xx.2020-ci il tarixli (1116,79 AZN), xx.xx.2020-ci il tarixli (996,76 AZN), xx.xx.2020-ci il tarixli (996,76 AZN), xx.xx.2020-ci il tarixli (1061,73 AZN), xx.xx.2020- ci il tarixli (996,76 AZN), xx.xx.2020-ci il tarixli (1096,76 AZN), xx.xx.2020-ci il tarixli (996,76 AZN), xx.xx.2020-ci il tarixli (996,76 AZN), 07.01,2021-ci il tarixli (996,76 AZN) “X2” dair ödəniş qəbzlərinin aşağı sağ hissələrində “Alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qrafalarında olan imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/834 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlər və tərtib edilmiş cədvəl əsasında rəyin tədqiqat posesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı “X2 Services LTD” Şirkətinin filialında işlədiyi dövrdə qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış əmək haqqı məbləğlərinin iddiaçının kart hesabına köçürüldüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/14/2024-0017 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı və onun nümayəndəsi xx.xx.2024-cü il tarixə saat 13:00-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlmiş, lakin cavabdehin nümayəndəsi gəlməmişdir. Bu səbəbdən, mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda olan görüntülərdən sükan arxasında olan (dəqiq olaraq şəxsiyyəti müəyyən etmək mümkün deyildir) sürücünün günün müxtəlif saatlarında avtomobili idarə etməsini müəyyən etmək olur. Cavabdeh tərəfindən təqdim edilmiş şirkətin digər işçilərinin “Əmək haqqı sorğusu forması” ərizələrindən görünür ki, eyni işəgötürəndə sürücü vəzifəsini icra edən işçilər əmək haqlarının hesablanmasında yol verilən və ya ehtimal edilən çatışmazlıqlarla bağlı aidiyyəti üzrə müraciətlər etmişlər və həmin müraciətlər müvafiq qaydada cavablandırılmışdır. Cavabdeh tərəfindən işçilər olmaları ehtimal edilən şəxslərin asudə vaxtlarının görüntüləri təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsidir. 9-cu maddəsinin e bəndinə əsasən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir. 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. 96-cı maddəsinə əsasən Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddianın “iddiaçıya ödənilməmiş əmək haqqına görə 59.356 manat, əmək haqqının gecikdirilməsinə görə 25.597 manat” hissəsinə münasibətdə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh təşkilatda əmək müqaviləsi əsasında sürücü vəzifəsini icra etmiş və işçinin əmək funksiyaları tərəflər arasında bağlanmış əmək müqaviləsi, ona əlavələr və vəzifə təlimatı ilə tam şəkildə tənzimlənmişdir. Qanunvericiliyin tələblərinə əsasən işəgötürən əmək müqaviləsinin qüvvədə olduğu müddətdə işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının növbətçilik cədvəllərinə əsasən müəyyən edilmiş uçotunu aparmaqla işçinin əmək haqqını ona ödəmişdir. Bununla əlaqədar təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, işçinin qanunvericiliyə uyğun olaraq hesablanmış əmək haqqı işəgötürən tərəfindən tam şəkildə ödənilmişdir. İşçinin əmək haqqı tələbi onun iş vaxtının düzgün müəyyən edilməməsi, onun iş vaxtından əlavə işlərə cəlb edilməklə əmək haqqının düzgün ödənilməməsi ilə bağlı olmuşdur ki, işçi bu halı sübut edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən elektron daşıyıcıda kamera görüntüləri təqdim edilməklə iddia edilmişdir ki, həmin görüntülər iş üzrə iddiaçının avtomobili günün müxtəlif saatlarında idarə etməsini, yəni heç də cavabdehin bildirdiyi kimi yalnız səhər və ya axşam saatlarında digər əməkdaşların evlərindən iş yerlərinə və axşam saatlarında əksinə təmin edilmələrini deyil, həmçinin həmin saatlardan başqa saatlarda da sürücünün xidmətlərindən istifadə etməsini təsdiqləyir. Məhkəmə bununla bağlı bildirir ki, təqdim edilmiş kamera görüntülərində avtomobilin müxtəlif saatlarda və müxtəlif ünvanlarda idarə edilməsi aydın olsa da, həmin avtomobilin kim tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, mübahisələndirilən məsələnin əsasını təşkil edən halı, yəni işçinin iş vaxtından artıq işləməsini cavabdehin təqdim etdiyi bir neçə sənədlə təsdiq edir. Belə ki, müxtəlif aylarda əlavə iş vaxtları üzrə əlavə ödənişlərin hesablanması və ödənişlərin cəmi miqdarının bu səbəbdən hər ay üçün müxtəlif olması cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəllərində görünür. Qeyd olunan hesablamalar və yekun məbləğ cədvəldə “Alıb düz olduğunu imzam ilə təsdiq edirəm” qeydinə imza edilməklə təsdiq olunmuşdur. İddiaçının əmək haqqı hesabına mütəmadi olaraq qeyri-sabit məbləğdə əmək haqqı ödənilmişdir ki, iddiaçı bu məbləğləri qəbul edərkən onların fərqli olmasının səbəb və əsasını araşdırmamaqla bu fərqin məhz iş vaxtından artıq işləməsinə görə yarandığı barədə məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür.Məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi halının istisna edilmədiyini, lakin işəgötürən tərəfindən müvafiq qaydada həmin iş vaxtının ödənilməsini müəyyən edir və bu qənaətə gəlir ki, iddiaçının tələbi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Bakı filialına qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 224 manat məbləğində pul iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin Bakı filialına qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 224 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesablaşma hesabına (X1, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar