Məhkəmə qərarları › İş №e-2(006)-3691/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3691/2024

11.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3691/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, 13 mart 2006-ci il təvəllüdlü X6 ərizəçinin oğludur, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir, 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 həkim psixiatr komissiyası tərəfindən ağır kamağıllılıq, kəskin imbesilizm, kobud nitq və davranış pozuntuları ilə autizm diaqnozu müəyyən edilmişdir və daimi kənar şəxsin himayəsi ehtiyacının olması vurğulanmışdır. Oğlunun qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu var, O, əqli inkişafdan geri qalır, nitqi tam inkişaf etməyib və onda ağıl kəmağıllığı vardır. Oğlu davranış və nitq qüsurları nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi Neymətov Əlinin maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün zəruridir. Göstərilənlərə əsasən, 13 mart 2006-ci il təvəllüdlü, AA3514524 seriyalı, FİN kodu 7D8RQ05 olan, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək ərizəmin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 13 mart 2006-ci il tarixində Bakı şəhərində anadan olmuş X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. b) Mülki işin materialları: 8.Mülki iş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 04 avqust 2010cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 490372 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, ata adı qrafasında X4, ana adı qrafasında Ərizəçi qeyd edilmişdir. 9.Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 tərəfindən verilən Həkim Psixiatr Komissiyası Rəyindən görünür ki, X5 uşaq autizmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, X6 ikinci dərəcəli əlildir. Ona F84.0 Uşaq autizmi diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. 11.Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 2441 saylı rəydən görünür ki, X3 uşaq autizmi, ağır dərəcəli kəmağıllıq ilə müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq autizmi, ağır dərəcəli kəmağıllıq ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 16.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 17.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 18.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 20.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 13 mart 2006-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar