Məhkəmə qərarları › İş №e-2(006)-378/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-378/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-378/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçı nümayəndəsi və vəkili – Nümayəndə, Cavabdehin nümayəndəsi – X3 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı «istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın cavabdehə qaytarılması və pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı «istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın cavabdehə qaytarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə məxsus, ünvan 1 ünvanında yerləşən mağazadan aldığı dəyəri 9079 manat olan “HİGH FLOW HİF RES 8” modelli avadanlıq qüsurlu olduğundan cavabdehə qaytarılması və avadanlığın alınmasına görə ödənilmiş 9079 manat pulun cavadehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021 tarixli alğı-satqı müqaviləsi üzrə alınmış 9079 manat dəyərində “HİGH FLOW HİF RES 8” modelli avadanlıqda qüsur aşkar olunduğuna və istifadəyə yararsız olduğuna görə cavabdehə qaytarılması və lazımı keyfiyyətdə mala dəyişdirilməsi, bu mümkün olmadığı təqdirdə isə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, alğı-satqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlığın cavabdehə qaytarılması və həmin avadanlığa görə ödənilmiş 9079 manat pulun, həmçinin bununla əlaqədar çəkilən xərclərin – mütəxəssis rəyinin alınması üçün “X2” MMC-yə ödənilmiş 400 manat məbləğində, vəkilə ödənilmiş 100 manat məbləğində pulun cavadehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021 tarixində saat 16:58-də xəstə qohumunun müalicəsi üçün cavabdehə məxsus, ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 9079 manat olan “HiGH FLOW HİF RES 8” modelli avadanlığını nağd şəkildə ödəməklə almışdır. Həmin tibbi avadanlıq təxminən 0,5 kub metr həcmdə olan iki ədəd karton qutuda qablaşdırılmışdır. Tibbi avadanlığı almamışdan əvvəl satış meneceri onu inandırmışdır ki, həmin avadanlıq Türkiyədən gətirilir və heç bir problem ola bilməz, həmin avadanlığı öz mütəxəssisləri quraşdıracaqlar və zəmanət veriləcəkdir. Lakin satış zamanı tibbi avadanlığa dair müvafiq sənədlər (uyğunluq sertifikatı, ştrix kod, zəmanət kartı, mənşə sertifikatı, dövlət dilmizə tərcümə olunmuş texniki pasportu (istifadə qaydası) və s.) ona təqdim edilməmişdir. Menecerdən zəmanət kartını soruşmuş, menecer isə ona bildirmişdir ki, satılan avadanlıqla bağlı hər hansı bir problem olsa, satış qəbzi, yəni çek onlar üçün əsas sənəddir. Ona tibbi avadanlığın xəstə qohumunun müalicəsi üçün təcili şəkildə lazım olduğuna görə, satış meneceri ilə razılaşmaq məcburiyyətində qalmış, avadanlığın pulunu, yəni 9079 manatı nağd şəkildə kassaya ödəmiş, bu barədə müvafiq ödəniş qəbzi almışdır. Satıcıya alınan malın çatdırılacaq ünvanını demişdir. Bundan sonra satış mərkəzinin əməkdaşları həmin avadanlığı ünvana çatdırdılar və onu xəstənin müalicə olunduğu Qobustan modul tipli xəsttəxanada quraşdırdılar. Cavabdehin mühəndisi aldığı aparatı yerində quraşdırıb getdikdən az müddət sonra, həmin gün, yəni xx.xx.2021ci il tarixində saat 22:00 radələrində aparat xəstəni ciddi narahat etməyə başladı. Belə ki, mühəndis tərəfindən quraşdırıldıqdan bir az sonra mövcud aparat bütün gecə ərzində iki dəfə sönüb, sonradan öz-özünə işə düşməyə, qəribə səslər verməyə başlamış, mütəmadi olaraq soyuq oksigen vurmuş, bir sözlə, xəstəni çox narahat etmişdir. Səhəri günü, yəni 03 sentyabr 2021-ci il tarixdə müraciəti əsasında cavabdehin göndərdiyi mühəndis yenidən xəstəxanaya gəldi və avadanlıqda əlavə düzəliş və tənzimləmələr etdi. Lakin tibbi avadanlıqda aşkar olunan qüsurlar yenə də aradan qaldırılmadı. Sonradan o və digər ailə üzvləri bir neçə dəfə cavabdehin əməkdaşına zəng etsə də, o heç bir zəngə cavab verməmişdir. Həmin avadanlığın düzgün isləməməsi nəticəsində, yəni xəstənin ciyərlərinə yüksək təzyiqlə soyuq oksigen daxil olduğuna ğörə, həmin vaxt xəstənin vəziyyəti xeyli ağırlaşdı və bir necə gündən sonra dünyasını dəyişdi. Satılan malın tam qüsurlu olması, yəni standartlara cavab verməməsi, öz başına yanıb sönməsi, cavabdehin əməkdaşları tərəfindən avadanlığın qüsurlarının aradan qaldırılması ilə edilən cəhdlərin nəticə verməməsi ilə əlaqədar həmin qüsurlu tibbi avadanlığın mağazaya geri qaytarılması və ödədiyi pulun isə ona verilməsi barədə xx.xx.2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən ona verilmiş müvafiq sənədləri, o cümlədən satış qəbzini, satış fakturasını əlavə etmiş və poçt vasitəsilə cavabdehə göndərmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubunu, xx.xx.2021-ci il tarixdə isə elektron poçt vasitəsilə yenidən ərizəsini göndərmişdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna heç bir cavab verilməmiş, elektron poçtla xx.xx.2021-ci il tarixdə göndərilmiş cavabda isə qaldırılan məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsi barədə 3 iş günü ərzində məlumat veriləcəyi bildirilmişdir. Lakin araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Bundan sonra cavabdehdən aldığı “HiGH FLOW HİF RES 8” modelli avadanlığın qüsurlü olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il (daxil olma: M-394, xx.xx.2021-ci il), xx.xx.2021ci il (daxil olma: İN-D/Y-30885/2021, xx.xx.2021-ci il), xx.xx.2021-ci il (daxil olma: İND/O- M-1080/2021, xx.xx.2021-ci il), xx.xx.2022-ci il (daxil olma: İN-D/O-M-1080/2021/2, xx.xx.2022-ci il), xx.xx.2022-ci il (daxil olma: M224, xx.xx.2022-ci il), xx.xx.2022-ci il (daxil olma: M-258, xx.xx.2022-ci il; M-258/2, xx.xx.2022-ci il), xx.xx.2022-ci il (daxil olma: M- 224, xx.xx.2022-ci il), tarixlərdə də şikayət ərizələri göndərilərək istelakçıya müvafiq sənədləri (uyğunluq sertifikatı, ştrix kod, zəmanət kartı, mənşə sertifikatı, dövlət dilmizə tərçümə olunmuş texniki pasportu (istifadə qaydası) və s.) olmadan mal satdığına görə, ona satdığı qüsurlu əşyanın geri alınaraq dəyərinin ona ödənilməsini və həmçinin cavabdehin yol verdiyi hüquq pozutusunun araşdırılmasını istəmişdir. Lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri barədə heç bir araşdırma aparılmamış və inzibati tənbeh tədbiri görülməmişdir. İstehlakçı hüquqlarının pozulması, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqlarla əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şikayət ərizələri göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi müraciəti ilə əlaqədar xx.xx.2022-ci il tarixli cavab məktubunda səlahiyyətləri daxilində bu məsələ ilə əlaqədar aparılmış araşdırma nəticəsində cavabdehin alınan malın geri qaytarılması barədə tələbini yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğunun müəyyən edilməsi bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, 2018-ci il tarixdən X6" QSC-də ixtisası üzrə mühəndis vəzifəsində çalışır. Mərhumun arvadı Esmira xanım, iddiaçı və başqa bir şəxs, bir sözlə üç nəfər birlikdə gəlmişdilər və onlar ilə birlikdə Qobu xəstəxanasına cihazı quraşdırmağa getmişdir. Cihazı quraşdırıb təhvil vermiş və xəstəyə axşam cihaz qoşulmuşdur. Esmira xanım həmin gün videozəng vasitəsi ilə ona təxminən 3-4 dəfə zəng atmış va cihazda problem olduğunu bildirmişdir. Problemin xəstəyə nəmli havanın verilməsi olduğunu, həmçinin cihazdan səs (alarm) gəldiyini bildirmişdir. Bundan sonra Çindəki zavod ilə əlaqə saxlamış və oradan ona proqramı göndərmişlər. Həmin proqramı da cihaza əlavə etmiş və Esmira xanım ilə təxminən 15 dəqiqə müddətində xəstənin yanında dayanmışlar və xəstə onlara hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin gün onunla əlaqə saxlanılmamışdır. Sabahısı gün onunla əlaqə saxlamışlar və xəstənin vəfat etdiyini, həmçinin aparatın geri qaytaracaqlarını bildirmişlər. Onlar isə aparatın geri qaytarıla bilməməsini bildirmişlər. Aparatda heç bir qüsur yox idi, servis şəraitində də iddiaçı ilə baxış keçirmişlər və həqiqətən də aparatda qüsur olmadığını müəyyən etmişlər. Esmira xanım sonradan ona cihazın satılması üçün ona yardım etməyini istəmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli 129816 saylı satış fakturasından görünür ki, “HiGH FLOW HİF RES 8” modelli avadanlığın dəyəri 9079 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış çekindən görünür ki, iddia tərəfindən “HiGH FLOW HİF RES 8” modelli avadanlığın dəyəri 9079 manat cavabdehə ödənilmişdir. xx.xx.2021-ci il tarixli B seriyalı İDS012508 saylı Uyğunluq Sertifikatından görünür ki, oksigen terapiya avadanlıq və ləvazimatı Directive 93/42/EEC tələblərinə cavab verir. “X2” MMC-nin xx.xx.2022-ci il tarixli 238 saylı mütəxəssis rəyi ilə aparılmış tədqiqatlar nəticəsində, tədqiqata təqdim edilmiş Çin Xalq Respublikasına məxsus, “X7 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığının texniki göstəricilərinin həmin avadanlığa dair nəzərdə tutulmuş tələblərə cavab vermədiyi, hal-hazırda işlək vəziyyətdə olmadığı, İSO X1 İSO 14001; 18001 və 9001 sertifikatlarının keyfiyyət standartlarına və meyarlarına cavab vermədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Həmin Məcəllənin 624.3-cü maddəsinə əsasən malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə şifahi alqı-satqı müqaviləsi olmuş və həmin müqaviləyə əsasən cavabdeh, Çin Xalq Respublikasına məxsus, “X7 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığı 9079 manat məbləğə iddiaçıya satmış, iddiaçı avadanlığın dəyərini cavabdehə ödəmişdir. İddiaçı tərəfindən avadanlıq istifadə edilərkən onda qüsurlar aşkar etmiş və bu barədə cavabdehə məlumat vermişdir. Cavabdeh tərəfindən qüsurların aradan qaldırılması ilə bağlı tədbirlər görülsə də, qüsurlar aradan qalxmamışdır. İddiaçı lazımi keyfiyyətli olmayan malın və ödənilmiş pulun geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh malın və ödənilmiş pulun geri qaytarılmasından imtina etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 9079 manat dəyərində Çin Xalq Respublikasına məxsus, “X7 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığı satılmışdır. İddiaçı satılmış malın lazımi keyfiyyətli olmadığını iddia edir, cavabdeh isə gigiyenik məhsul olduğuna görə aparatın qaytarılmasını qəbul etmir. Bu halda hazırki mübahisənin əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətdə olub-olmaması araşdırılmalıdır. Bununla bağlı iddiaçının dəlillərindən biri bundan ibarətdir ki, təqdim edilmiş malın lazımi keyfiyyətdə olmaması ilə bağlı sübut qismində təqdim edilmiş “X2” MMC-nin xx.xx.2022-ci il tarixli 238 saylı mütəxəssis rəyi ilə təsdiq edilir. “X2” MMC-nin xx.xx.2022-ci il tarixli 238 saylı mütəxəssis rəyi ilə Çin Xalq Respublikasına məxsus, “X7 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığının texniki göstəricilərinin həmin avadanlığa dair nəzərdə tutulmuş tələblərə cavab vermədiyi, hal-hazırda işlək vəziyyətdə olmadığı, İSO X1 İSO 14001; 18001 və 9001 sertifikatlarının keyfiyyət standartlarına və meyarlarına cavab vermədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçının digər dəlillərindən biri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli İN-X/O-7553/2022 saylı məktubudur. Həmin məktubda qeyd edilmişdir ki, “Müraciətinizdə göstərilənlərlə bağlı Nazirliyin səlahiyyətləri daxilində toplanmış materiallar əsasında aparılmış araşdırma nəticəsində "X6" QSC-nin aldığınız malın geri qaytarılması barədə tələbinizi yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericiliklə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğu müəyyən edilmişdir.” Cavabdehin dəlillərindən biri bundan ibarətdir ki, təqdim edilmiş mal gigiyenik məhsul olduğuna görə qaytarılması qeyri-mümkündür. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir ki, həmin malların siyahısında cavabdehin istinad etdiyi dəlil nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, malın qaytarılmaması üçün göstərilən dəlil əsassızdır. Bundan başqa, təqdim edilmiş malın lazımi keyfiyyətdə olması ilə bağlı sübut qismində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli B seriyalı İDS012508 saylı Uyğunluq Sertifikatı təqdim edilmişdir. Həmin sertifikatla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlandığı halda, sertifikat, müqavilənin bağlandığı tarixdən 3 aydan artıq müddətdən sonra xx.xx.2021-ci il tarixdə verilmişdir. Eyni zamanda, sertifikatdan, onun məhz iddiaçıya təqdim edilmiş avadanlığa dair verilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, həmin sertifikat malın keyfiyyətinə dair mötəbər sübut hesab oluna bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, mal cavabdeh tərəfindən satıldığından, onun lazımi keyfiyyətdə olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bu barədə hər hansı bir mötəbər sübutu, o cümlədən iddiaçının təqdim etdiyi mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətli olmayan mal olması məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan, iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə predmeti olan malın qaytarılması və həmin mala görə ödənilmiş pulun qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin mütəxəssis rəyinin alınması ilə bağlı xərcin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli 308489 saylı kassa mədaxil orderindən göründüyü kimi iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı “X2” MMC-yə 400 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilməli, alğısatqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlıq cavabdehə qaytarılmalı, həmin avadanlığa görə ödənilmiş 9079 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat cavadehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh QSC arasında şifahi formada bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin, alqı-satqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlıq Cavabdeh QSC-yə qaytarılsın, həmin avadanlığa görə ödənilmiş 9079 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar