Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3785/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********4000A olan, 26304586M261 nömrəli sayğac) elektrik enerjisinə görə əsassız hesablanmışş 9.898,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvan 1 yerləşən fərdi yaşayış evində abonent kodu **********4000A olan, 26304586M261 nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edilir. İddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə göstərilmişdir ki, ümumi ödəniləcək məbləğ olaraq 9.898,12 manat məbləğində borc ödənilməlidir. Heç bir hüquqi əsas olmadan bildiriş təqdim olunan kimi dərhal cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş və hazırda mübahisələndirilən bildirişdən isə görünür ki, "xxxx" ASC qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, iddiaçı ona məxsus ünvan 1 mənzilin enerji sərfiyyatı üzrə yazılmış bütün ödənişləri vaxtı-vaxtında ödəyir. Cavabdeh isə qanunvericiliyin tələblərini pozaraq, qanunsuz olaraq hazırki yay fəslində iddiaçıya məxsus fərdi yaşayış evinin işıqlarını kəsmişdir. Bildirir ki, bildirişdə iddiaçıya borcun yazılmasına əsas olan hallar barədə məlumat verilməmiş və bu borcun yaranmasının əsasları da göstərilməmiş və iddiaçının iştirakı ilə hər hansı bir akt tərtib olunmamışdır. Ona görə də hesab edir ki,əsassız hesablanmış borc məbləği silinməlidir. Əlavə olaraq bildirir ki, iddiaçıya əlavə heç bir sənəd təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Mərdəkan qəsəbəsində iddiaçının ünvanında sayğaca baxış keçirilib. Möhürün dəyişilməsini o baxımdan demək olar ki, çünki simləri yeni idi. Bununla bağlı sənədlər tərtib edilmiş, laboratoriya çağırılmış və müvafiq akt tərtib edilmişdir. Kompüter bazasında qeyd edilmiş nömrə ilə möhürün nömrəsi uyğun gəlirdi. Amma, yenə də möhür düzgün olsa da müdaxilə edilməsi mümkündür. Son dövrdə dövlət möhürünün kopyasını çıxartdırıb sayğaca müdəxilə edilməsi mümkündür. Son olaraq bildirmişdir ki, kompüter bazası ilə sayğacın elektrik enerjisi sərfiyyatının göstəricisi fərqli idi. İş materialları: "xxxx" ASC-nin abunə kodu **********4000A olan X5 ünvanladığı bildirişin surətindən görünür ki, 26304586M261 nömrəli sayğac üzrə abonentin xx.xx.2024-cü il tarixinə 9.898,12 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1744 nömrəli ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 17240 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin müvafiq elektron sistemindən xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, **********4000A saylı abunə kodu olan abonentə 9.898,12 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC-nin müvafiq elektron sistemindən xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, **********4000A saylı abunə kodu olan abonentə 11.093,94 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı sənəddən görünür ki, xx.xx.2024-cü il tarixli NİM seriyalı 001946 saylı akt əsasında **********4000A saylı abunə kodu olan abonentə 9.460,20 manat cərimə şəklində borc hesablanmış və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin abunə kodu **********4000A olan abonent X3 hərəkət cədvəlinin surətindən görünür ki, abonent 2024-cü ildə 74.327,85 kvth enerji sərf etmiş və 9.898,12 manat borcu yaranmışdır. "xxxx" ASC-nin sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, 003120 nömrəli akt-protokolundan görünür ki, 803570 nömrəli protokola əsasən, A030820571 nömrəli 3 fazlı sayğac laboratoriya yoxlanmasından keçmişdir. Yoxlamanın nəticəsində məlum olmuşdur ki, sayğacın dövlət möhürü normaldır və sayğac xəta ilə işləyir. Həmçinin, sayğacın göstəricisi kompüter bazası ilə fərqlidir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 803570 nömrəli protokoldan görünür ki, NİM seriyalı 001946 nömrəli akta əsasən, Qasımov Gümaşa məxsus A030820571 nömrəli sayğac 26304586 nömrəli sayğac ilə əvəz edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və sübutları məhkəməyə təqdim etmişdir. Həmçinin, ərizəyə qoşma kimi disk təqdim edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və diskdəki videoçəkilişdən görünür ki, Xəzər rayon Elektrik şəbəkəsinin xidməti ərazisində "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmiş, dövlət möhürünün nömrəsi, sayğac üzərində möhürün bərkidildiyi simlərin vəziyyəti yoxlanılmış və sayğac üzərində qeydə alınan enerji sərfiyyatı kompüter bazası ilə müqayisə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 16-cı maddələrinin müddəalarına əsasən tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək, tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq) ötürücü və paylayıcı sistem operatorunun vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş abonent saldosuna əsasən ona 9.898,12 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd edilən ünvanla bağlı subyektiv hüququ həmin ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olan müvafiq dövlət reyestrindən çıxarışdan irəli gəlir. Baxmayaraq ki, həmin ünvanda yerləşdirilmiş sayğac üzrə elektrik enerjisi sərfiyyatı ilə bağlı bütün sənədlərdə Gümaş Qasımovun adı keçir, lakin işin hallarından aydın olur ki, Gümaş Qasımov həmin ünvanın ehtimalən keçmiş sahibi olmuş və həmin ünvanla bağlı abunə kodu onun adına rəsmiləşdirilmişdir. Lakin hazırda həmin ünvanın mülkiyyətçisi iddiaçı olduğundan və tərəflər bu halı mübahisələndirmədiyindən iddiaçı belə bir tələb irəli sürməyə subyektiv hüquqa malikdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, akt tərtib edilərkən İddiaçı iştirak etməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunması cavabdeh qurum – "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən yazılmış 9460,20 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir. Qalıq borc olan 437,92 manat məbləğinə isə məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş abonent saldosundan müəyyən edilir ki, həmin məbləğ abonentin elektrik enerjisindən real şəkildə istifadəsindən yaranmışdır və həmin borcun əsassız hesab edilməsinə dair heç bir sübut və fakt məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********4000A abunə kodu üzrə hesablanmış 9460,20 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilsin. **********4000A abunə kodu üzrə NİM seriyalı 001946 nömrəli akta əsasında hesablanmış 9460,20 (doqquz min dörd yüz altmış manat iyirmi qəpik) manat cərimə məbləği silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3785/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3785/2024
03.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver