Məhkəmə qərarları › İş №e-2(006)-3812/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3812/2022

23.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3812/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız olaraq ödətdirmiş olduğu 200 manat məbləğində pulun iddiaçıya geri qaytarılması, əsassız olaraq hesablanmış və dondurulmuş hesab edilən 234.14 manat məbləğində borcun silinməsi və **********10000 saylı sayğacın iddiaçının adına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan bağları ünvanında yerləşən 80 nömrəli fərdi yaşayış evində yaşayır. Mənzili evin keçmiş sahibi X1 dəyərini ödəməklə əldə etmişdir. Evin bütün kommunal sayğaclarını öz adına keçirmiş olsa da, cavabdeh tərəfindən işıq sayğacının adına keçirilməsi təmin edilməmişdir. Bununla bağlı etdiyi müraciətlərə cavab belə əsaslandırılmışdır ki, **********10000 saylı sayğacın 234.14 manat borcu olduğundan özgəninkiləşdirilməsi mümkün deyil. Halbuki, həmin borc xx.xx.2011-ci il tarixdən ödənişləri tələb edilməyən borclar qrafasına daxil edilmişdir. Bundan əlavə olaraq həmin yaşayış evinə əlavə elektrik enerjisi sərfiyyatı yazılmışdır. Bununla bağlı etmiş olduğu müraciət əsasında borcun bir hissəsi silinsə də tam olaraq silinməmişdir. Əlavə olaraq ona 200 manat məbləğində pul ödətdirilmişdir ki, sayğac onun adına rəsmiləşdiriləcək. Uzun get-gəllərdən yaxa qurtarmaq, məsələnin birdəfəlik həll edilməsi məqsədilə 200 manat məbləğində pul ödəmişdir. Pul ödənildikdən sonra yenidən sayğacın onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Halbuki Abonentin saldosundan da görünür ki, həmin sayğacın borcu olmamışdır. Bununla əlaqədar yuxarı orqana etdiyi şikayət aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılmış və bu barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə ətraflı məlumat verilmişdir. Həmin cavab məktubundan da dedikləri bir daha təsdiqini tapmışdır. Hesab edir ki, istehlakçı hüququları pozulmuşdur. Cavabdehin nümayəndələri ilə görüş vaxtı onlar şifahi şəkildə bildirmişlər ki, həmin mənzilin borcu vardır, borc bağlandıqdan sonra onunla abonent müqaviləsi bağlanıla bilər. Halbuki həmin borcla bağlı müvafiq açıqlama (arayış) götürülmüş və məlum olmuşdur ki, həmin abonent müqaviləsi başqa şəxslərlə bağlanmış, müxtəlif vaxtlarda sayğaclar dəyişdirilmiş, sonuncu dəfə hazırki sayğac quraşdırılmış və həmin sayğacın heç bir borcu yoxdur. İddiaçı tərəfindən cavabdehə dəfələrlə ərizə ilə müraciət olunaraq yeni abonent müqaviləsinin bağlanılmasını (sayğacın onun adına keçirilməsi) xahiş etmiş, cavabdeh bu yazılı ərizəyə heç bir cavab verməmiş, nə müqavilə bağlamışdır. Cavabdehin nümayəndələri ilə danışıqlar zamanı izah olunmuşdur ki, “mənzilin və ya evin borcu” ola bilməz, çünki ev və ya mənzil müqavilə tərəfi-istehlakçı deyildir, müqavilə tərəfi - istehlakçı konkret olaraq hər hansı fiziki və ya hüquqi şəxslərdir ki, onlardan borcu vaxtında-iddia müddəti ərzində tələb etməli idi və ya qanunvericiliyə uyğun olaraq enerji təchizatını dayandırmalı idi. Əgər həmin (ondan əvvəlki) abonent-fiziki şəxsin borcu yaranmışdırsa, belə halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq etdiyi “Elektrik enerjisindən istifadə Qaydaları’na uyğun olaraq tədbir görməli idi. Onunla müqavilə bağlanmamışdır. Onun üzərinə digər şəxsin istifadə etdiyi elektrik enerjisindən istifadə haqqını ödəmək vəzifəsi qoyula bilməz. Cavabdeh elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri üzrə təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də onun onunla abonent müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Sonradan (ərizəyə əsasən) İddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmişdir. Daha sonra iddiaçı X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış və dondurulmuş hesab edilən 234,14 manat məbləğində borcun **********10000 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Abunə haqqındadan görünür ki, **********10000 saylı abunə kodu ünvan 2 ünvanına aid olmaqla Əhmədağa Məmmədovun adına qeydiyyatdadır. Eyni zamanda həmin abonent kodu üzrə mübahisələndirilən 234,14 manat məbləğində borc BARMEK borcu kimi göstərilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2022-ci il tarixli AERA-20-2062/22 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağları ünvanında yerləşən 80 nömrəli fərdi yaşayış evinin elektrik enerjisi təchizatı "Azərışıq ASC-nin balans və xidmətində olan gücü 400 kVA. 6/0,4 kV gərginlikli 1011 saylı komplekt transformator məntəqəsinin 0.4 kV-luq paylayıcı qurğusundan qidalanan OİN xəttinin budaqlanma nöqtəsindən çəkilmiş kabel xətti vasitəsilə yennə yetirilir Elektrik enerjisi hesabatı evin hasarının çöl tərəfində quraşdırılmış Viko markalı, ******* zavod nömrəli, dövlət möhürü ******* olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılır və “Azərışıq" ASC-nin kompüter məlumat bazasında **********10000 abonent kodu ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinə aid abunə haqqında cədvəlin təhlili zamanı müəyyən edilmişdir ki, xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixinə kimi müxtəlif vaxtlarda **********10000 abonent kodu üzrə işlədicılərin gücünə görə 42310 kVts elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Yaranmış borcdan 3902 kVts (dəyəri 234.14 manat) xx.xx.2011-ci il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxıl edilmiş, 37991 kVts (dəyəri 2279.46 manat) isə 11/00954 nömrəli protokola görə xx.xx.2013-cü il tarixində silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, **********10000 saylı abunə kodu ünvan 2 ünvanına aid olmaqla Əhmədağa Məmmədovun adına qeydiyyatdadır. xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixinə kimi müxtəlif vaxtlarda **********10000 abonent kodu üzrə işlədicılərin gücünə görə 42310 kVts elektrik enerjisi sərfiyyatı hesablanmış, yaranmış borcdan 3902 kVts, yəni dəyəri 234.14 manat xx.xx.2011-ci il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilməklə BARMEK borcu kimi göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı göstərilən xidmətlərə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən biri də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2022-ci il tarixli AERA-20-2062/22 saylı məktubundan müəyyən olunur ki, mübahisələndirilən və dondurulmuş hesab edilən 234,14 manat borc məbləği xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixinə kimi yaranmış borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, 234,14 manat borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2011-ci il tarixədək olan 234,14 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış və dondurulmuş hesab edilən 234,14 manat məbləğində borc **********10000 saylı abonent kodundan silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar