Məhkəmə qərarları › İş №e-2(006)-3816/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3816/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3816/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş maddi ziyan tələbinə dair, kasko sığortanın tam həcmdə ödənilməsinə və pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Paşa Sığorta ASC”-dən və onun Gəncə Nümayəndəliyindən ona məxsus olan **-ER-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz S63 AMG markalı avtomobilinə qəza nəticəsində dəymiş ziyanın “kasko sığorta” dəyərinin yəni, sığorta pulu olan 7710 manat zərərin və məhkəmə üçün ödədiyi dövlət rüsumunun tam həcmdə alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o “Paşa Sığorta ASC”-də ona məxsus olan ** ER *** dövlət nömrə nişanlı Mersedes Benz S63 AMG markalı avtomobilini “Paşa Sığorta ASC”-nin Gəncə Nümayəndəliyində 04 iyul 2024-ci il tarixdə İ-MİC-4322/24 saylı sığorta müqaviləsi əsasında kaska sığorta etdirmişdir. Həmin sığorta müqaviləsinə əsasən onun avtomobilinə istər onun günahı ucbatından olsun və istər də başqa şəxsin günahı ucbatından olan zərəri “Paşa Sığorta ASC” ona tam şəkildə ödəməli idi və müqavilənin şərtləri də zərərin dəyməsi kimin günahı ucbatından olub-olmamasına baxmayaraq, sığorta dəyərinin ödənilməsi sığorta şirkəti tərəfindən təmin edilməliydi. O, 27 avqust 2024- ci il tarixdə “ Paşa Sığorta ASC”-yə müraciət edərək, sığortalı avtomobilinə zərər dəyməsi barədə rəsmi qaydada məlumat vermiş və həmin məlumat əsasında sığorta şirkəti tərəfindən araşdırma aparılmış və araşdırma aparılarkən ona 7710 ( yeddi min yeddi yüz on manat) məbləğdə maddi zərərin vurulması müəyyən edilmişdir. Rəsmi cavab ona göndərilmiş, və sığorta ödənişi ona təqdim olunacaqdır. Onun telefonuna “Paşa Sığorta ASC” tərəfindən rəsmi olaraq bildiriş göndərilmiş və həmin bildirişdə göstərilmişdir ki, əmlakına dəymiş zərər 7710 manat müəyyən edilmişdir. Bununla bağlı onların internet səhfəsinə müraciət edib həmin ödənişin alınmasını təsdiq etməli və həmin bildirişdə göstərilmişdir ki, seçimimə uyğun olaraq, ödənişin ödənilməsi icra olunacaqdır. Lakin bir müddət keçdikdən sonra “Paşa Sığorta ASC” tərəfindən və Gəncə Şəhər Nümayəndəliyi tərəfindən ona sığorta ödənişini ödəyə bilməyəcəklərini və guya hadisənin mən məlumat verdiyim tarixdə deyil, başqa tarixdə olması müəyyən edilmiş və bununla bağlı onlar heç bir sübut təqdim etmədikləri halda ona sığorta ödənişini ödəməkdən imtina etmələrinə dair məktub göndərmişlər. Bu göndərdikləri rəsmi bildiriş təsdiq edir ki, ona dəymiş ziyan real, ödənilməsi təmin edilməli, sonrakı halda verdikləri cavab isə qeyri qanunidir və mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması və mülkiyyətinə dəymiş ziyanın ödənilməsindən suni bəhanələrlə imtina etməsinə səbəb olmadığı halda qanunsuz imtina verməsi kimi dəyərləndirir. Hesab edir ki, cavabdeh təşkilata birmənalı şəkildə maddi mənsuliyyət yaradır və həmin ziyanın onlar tərəfindən ödənilməsindən imtina edilməsinə qanunsuz olduğuna görə məhkəmə tərəfindən həmin pulun yəni kasko sığortanın ona alınıb verilməsi təmin edilməlidir. Mövcud sığorta haqqında qanunvericiliyin tələblərindən biridə bundan ibarətdir ki və eyni zamanda "xxxx" ASC-ilə bağladığım “kasko sığorta” haqqında müqavilənin əsas tələblərindən biri də budur ki, “kasko sığorta” zamanı təqsirin kimin ucbatından olub–olmamasından asılı olmayaraq, “ kasko sığorta” edilən avtomobilə vurulmuş ziyan tam həcmdə “kasko sığorta” etdirənə ödənilməlidir. “ Paşa Sığorta ASC” -nin müxtəlif bəhanələr gətirərək, Mersedes markalı avtomobilinə vurulan ziyanı ödəməkdən imtina etməsi tamamilə əsasızdır və onun avtomobilinə vurulan 7710 manat məbləğində sığorta zərəri cavabdeh təşkilatdan Sığorta şirkətindən və onun Gəncə Nümayəndəliyindən alınaraq, ona ödənilməsi tam şəkildə təmin edilməlidir. O cavabdeh təşkilatın Gəncə Nümayəndəliyini ona görə cavabdeh qeyd edib ki, Sığorta müqaviləsini o Gəncə Nümayəndəliyində bağlamış, Sığorta ödənişini Gəncə Nümayəndəliyinə ödəmiş və eyni zamanda hadisə barədədə məlumatı "xxxx"-nin Gəncə Nümayəndəliyinə vermişdir. Paşa Sığorta ASC ”-nin Gəncə Nümayəndəliyinin mütəxəssisi maşına baxış keçirtmiş və eyni zamanda qiymətləndirmə üçün Gəncə Şəhərində olan qiymətləndiricinin avtomobilimə baxış keçirməsi təmin edilmişdir. Cavabdehin nümayəndəsi iddiaya mülahizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində İddiaçı ilə "xxxx" ASC (bundan sonra - “Cəmiyyət”) arasında bağlanmış sığorta müqaviləsinə əsasən ** ER *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S63 AMG markalı avtonəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə xx.xx.2024 00:00 xx.xx.2025 23:59 müddəti üçün sığortalanmışdır. xx.xx.2024-cü il tarixində 20:35-də İddiaçı Cəmiyyətə müraciət edərək yaşadığı evin qapısı açılarkən avtonəqliyyat vasitəsinin arxa bamperinə zərər dəydiyini bildirmişdir.Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci maddəsinin tələbini nəzərə alaraq, avtonəqliyyat vasitəsinin arxa bamperində mövcud olmuş zərər qiymətləndirilmiş, 7710 AZN məbləğində müəyyən edilmişdir. Sığorta araşdırması zamanı İddiaçı əldə olunmuş məlumatların kompleks analizi isə iddia olunan hadisənin baş vermə yerinə, tarixinə, şəraitinə, eyni zamanda ümumiyyətlə mümkünlüyünə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən səlahiyyətli dövlət orqanından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müvafiq görüntülər əldə olunmuş və həmin görüntülərin detallı təhlili aparılmışdır (sözügedən görüntülər disk şəklində Məhkəməyə təqdim olunmuşdur). Müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" ASC-yə yanlış məlumat vermişdir, belə ki, arxa bamperdəki zərər onun bildirdiyi kimi xx.xx.2024-cü il tarixində 20:00 radələrində əmələ gəlməmiş, daha öncədən mövcud olmuşdur. xx.xx.2024-cü il 15:36:55-də Təbriz və İ.Həsənoğlu küçələrinin kəsişməsində (“**********1-90EROHTİ” adlı fotoşəkil), xx.xx.2024cü il 15:58:26-də N.Nərimanov və M.Abbaszadə küçələrinin kəsişməsində (“**********7- 90ERO11” adlı fotoşəkil) qeydə alınmış, həmçinin digər görüntülərdə İddiaçı bildirdiyi arxa bamperdəki zərərin öncədən mövcud olduğunu açıq-aydın müşahidə etmək mümkündür. Göründüyü kimi hadisə barədə qəsdən yanlış məlumat verilmiş, hadisəni və hadisənin səbəblərini müəyyənləşdirmək imkanından tam məhrum olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli 8664/C nömrəli sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. İddiaçı "xxxx" ASC-nin sığorta ödənişinin həyata keçirilməsindən imtina qərarından Mərkəzi Banka şikayət etmişdir. İddiaçı şikayətinə Mərkəzi Bank tərəfindən baxılmış və xx.xx.2024-cü il tarixli 6-1-26/2-Q-132xx-xx- 21737/2024 nömrəli məktub ilə cavab verilmişdir. Maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bank Cavabdeh ASC-nin Ödəniş etmək öhdəliyinin yaranmadığı və "xxxx" ASCnin sığorta ödənişinin həyata keçirilməsindən imtina qərarının qanuni və əsaslı olduğu nəticəsinə gəlmişdir.Həmçinin iddiaçının iddia etdiyi xx.xx.2024-cü il tarixində iddi etdiyi ərazidə hadisənin baş verdiyini təsdiq edən heç bir sübut yoxdur.Nəticə etibarı ilə "xxxx" ASC-nin qanunvericilik və müqavilə üzrə bütün öhdəliklərini tam və düzgün yerinə yetirmiş, sığorta ödənişinin verilməsindən imtina etməyə haqlı olmuşdur. Daha sonra cavabdehin nümayəndəsi yeni mülahizə təqdim etməklə qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə olunmuş və məhkəməyə təqdim edilmiş foto görüntülərdən aydın görünür ki, İddiaçı təsvir etdiyi hadisə nəticəsində dəydiyini iddia etdiyi arxa bamperdəki zədələr əslində öncədən mövcud olmuşdur. Məhkəmə tərəfindən zərərlərin eyni olub-olmadığının müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında qoyulan sualların Məhkəmə Ekspertizası Mərkəzinin həll etdiyi məsələlər siyahısına aid olmadığı səbəbi ilə rəy verilməkdən imtina edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024cü il tarixli 6-1-26/2-Q-132xx-xx-21737/2024 nömrəli məktubundan görünür ki, sözügedən görüntülər Mərkəzi Bank tərəfindən "xxxx" ASC-dən sorğu edilməklə alınmış və incələnmiş, nəticədə hadisə nəticəsində dəydiyi iddia edilən zədələrin daha öncədən mövcud olduğu təsdiqlənmişdir. Bu da "xxxx" ASC tərəfindən təqdim edilmiş sübutların mötəbərliyini təsdiq edir. "xxxx" ASC tərəfindən sığorta ödənişindən imtina edilməsinin əsassızlığını iddia edən iddiaçı məhz təsvir etdiyi hadisə nəticəsində avtomobilə zərər dəydiyini sübut etmək öhdəliyini daşıyır. Lakin İddiaçı tərəfindən bu halı sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaya etiraz edən tərəf olaraq "xxxx" ASC isə hadisə nəticəsində dəydiyi iddia edilən zədələrin daha öncədən mövcud olduğunu sübut etmək öhdəliyini daşıyır ki, tərəfimizdən bu halı təsdiq edəcək dəlillər ‒ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə olunmuş görüntülər məhkəməyə təqdim edilmişdir. Həmin dəlillərin mötəbərliyi isə sığorta bazarına nəzarət üzrə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu əsassız iddiasının rədd olunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: İş materiallarında olan nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan İ-MİC-4322/24 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı Paşa Sığorta ASC tərəfindən sığortalı İddiaçı mülkiyyətində olan Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 112.000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 3094 manat, azadolma məbləği 100 manat, sığorta müqaviləsinin müddəti xx.xx.2024-xx.xx.2025-ci il qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7410 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də 04 iyul 2024-cü il tarixdə İ-MİC- 4322/24 nömrəli Sığortası” müqaviləsi bağlanmışdır.27 avqust 2024-cü il tarixində şirkətə müraciət edərək nəqliyyat vasitəsinə zərər vurulduğunu və zərərin 27 avqust 2024-cü il tarixində saat 19:50 radələrində ünvan 1 ünvanında darvazanın bağlanması nəticəsində yarandığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanan sorğu üzrə təqdim olunan fotoşəkillərə əsasən məlum olmuşdur ki. Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər bildirdiyiniz kimi 27 avqust 2024-cü il tarixində yaranmamış, daha öncədən mövcud olmuşdur.Yəni təqdim etdiyiniz məlumatlar faktiki hallara uyğun deyildir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə həmçinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” Qaydalarının 18.1-ci bəndinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Lakin göründüyü kimi zərər barədə səğortaçıya dərhal məlumat verilməmiş, bir müddət sonra isə zərərin yaranma səbəbi barədə sığortaçıya qəsdən yanlış məlumat verilmişdir.Nəticədə "xxxx" ASC hadisənin səbəblərini müəyyənləşdirmək imkanında tam məhrum olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.6-ci maddəsinə əsasən 27 avqust 2024-cü il tarixli müraciəti üzrə "xxxx" ASC-nin məsuliyyəti yaranmaması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-26/2-Q-132xx-xx-21737/2024 nömrəli məktubundan surətindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-dən sorğu edilməklə alınmış sənədlərdən müəyyən olunur ki, Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sığortaçıya doğru məlumat verilməmişdir.Belə ki, hadisə ilə bağlı səlahiyyətli dövlət orqanın təqdim etdiyi fotoşəkillərə əsasən məlum olmuşdur ki, hadisə nəticəsində zərər dəyildiyi bildirilən zədələr daha öncədən mövcud olmuşdur. Bununla bağlı sığortaçıya dərhal məlumat verilməmiş bir müddət sonra isə zərərin yaranma səbəbi barədə səğortaçıya doğru məlumat verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, baş vermiş hadisə barəsində sığortaçıya qəsdən yanlış məlumat verildiyindən sığortaçıya hadisə səbəblərini müəyyənləşdirmək imkanında məhrum olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 935.1.6-cı və 935.1.8-ci maddəsinə əsasən faydalana şəxsə sığorta ödənişinin verilməsi qanunvericilikdən nəzərdə tutulmamışdır. İş materiallarında olan disk və fotoşəkildən görünür ki, Mercedes Benz S63 AMG markalı ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa bamperinə zərər dəymişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə, ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi ekspertizanın aparılmasından imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında İ-MİC- 4322/24 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta müqaviləsi bağlanılmaqla həmin əmlak 112.000 manat məbləğində sığorta edilmiş və müqavilənin müddəti xx.xx.2024-xx.xx.2025-ci il qeyd edilmişdir. İddiaçı 27 avqust 2024- ci il tarixdə “ Paşa Sığorta ASC” -yə müraciət edərək, sığortalı avtomobilə zərər dəyməsi barədə rəsmi qaydada məlumat vermiş və zərərlə bağlı sığorta məbləğinin ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh isə sığortalı avtomobilə vurulmuş zərər 27 avqust 2024-cü il tarixində yaranmamış, daha öncədən mövcud olması səbəbindən həmin məbləğin ödənilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin məbləğin məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Sığorta haqqında” Azərbaycan Respublikasının qanununu: M a d d ə 17. Sığorta ödənişi verilməsindən imtina

1. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır: Sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi; Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi; Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər-dəyməsində təqsiri olan şəxsdən alması. M a d d ə 20. Sığorta olunanın vəzifələri Sığorta olunan: sığorta hadisəsi baş verdikdə bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;

Məhkəmənin mövqeyi: İş materiallarının araşdırılması göstərir ki, iddiaçı nəqliyyat vasitəsini kasko sığortası üzrə sığortaladıqdan sonra 27 avqust 2025-ci il saat 19:50 radələrində avtomobili evinin həyətində arxaya hərəkət etdirərkən darvazaya toxunduğunu bildirmiş, bu hadisənin zərərvermə anı kimi sığortaçıya həmin tarixi təqdim etmişdir. Lakin sığortaçı tərəfindən aparılan yoxlama tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinə sorğu ünvanlanmış, şəhər nəzarət kameralarından əldə olunan görüntülər araşdırılmışdır. Həmin görüntülərdən aydın olur ki, iddiaçının nəqliyyat vasitəsinin arxa sol hissəsində eyni xarakterli zədələr artıq 24 avqust, 25 avqust və 27 avqust 2025-ci il saat 15:36 tarixinə aid kadrlarda mövcud olmuşdur. Bu isə bir mənalı şəkildə göstərir ki, iddiaçının sığortaçıya təqdim etdiyi hadisə vaxtı həqiqətə uyğun deyil və zədə 27 avqust saat 19:50-də baş verməmişdir. Sığorta müqaviləsinin və kasko sığortası qaydalarının tələbinə görə sığortalının əsas öhdəliklərindən biri hadisə baş verən kimi, dərhal və gecikmədən sığortaçıya məlumat verməkdir. Bu öhdəlik sığorta aktının düzgün və obyektiv araşdırılması üçün zəruri hüquqi mexanizmdir. İddiaçı bu öhdəliyi pozmuş, zərərin baş verdiyi iddia edilən anı sığortaçıdan gizlətmiş, hadisənin real başvermə vaxtını yanlış göstərmişdir. Sığortalının həqiqətə uyğun olmayan məlumat verməsi sığorta hüququnun əsas prinsiplərindən biri olan vicdanlı davranış prinsipinin pozulmasıdır. Vicdanlılıq prinsipi həm müqavilə bağlandığı andan, həm də sığorta hadisəsinin bildirilməsi və araşdırılması mərhələsində sığortalıdan dürüst, dəqiq və tam məlumat verməyi tələb edir. Təqdim edilən yanlış məlumat sığortaçının zərərin xarakterini, yaranma səbəbini, hadisənin sığorta riski olub-olmadığını vaxtında və obyektiv qiymətləndirmək imkanını məhdudlaşdırmışdır.Bundan əlavə, sığortaçıya zamanında məlumat verilməməsi nəticəsində hadisənin səbəbi, ziyanın kimin davranışı ilə və hansı şəraitdə yarandığı barədə obyektiv sübutların əldə olunması əhəmiyyətli dərəcədə çətinləşmiş, hətta mümkünsüz hala gətirilmişdir. Sığorta mexanizminin mahiyyəti ondan ibarətdir ki, sığortaçı hadisəni real baş verdiyi anda qiymətləndirməli, avtomobilə baxış keçirməli, zərərin yaranmasına səbəb ola biləcək hər hansı digər faktorları (əvvəlki zədə, kənar təsir, saxtalaşdırma ehtimalı və s.) dərhal müəyyən etməlidir. İddiaçı isə gecikmiş məlumat verməklə və yanlış tarix göstərməklə sığortaçını bu imkanlardan məhrum etmişdir. Şəhər kameralarının görüntüləri iddiaçının təqdim etdiyi hadisə təsvirini təkzib edir, sığorta riskinin başvermə tarixinin qeyri-dəqiq göstərildiyini sübut edir, iddianın etibarlılığını tamamilə aradan qaldırır. Beləliklə,iddiaçı hadisə barədə dərhal məlumat vermək öhdəliyini pozmuş, hadisənin başvermə vaxtı barədə doğru olmayan məlumat təqdim etmiş,bununla da sığortaçının zərərin həqiqi mənşəyini müəyyən etmək imkanını obyektiv olaraq aradan qaldırmışdır. Bu hallar, yuxarıda məzmunu qeyd olunmuş, Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən, sığorta ödənişindən imtina üçün tam qanuni əsaslar yaradır. Sığortaçı təqdim olunan məlumatların həqiqətə uyğun olmaması və sığortalının öz öhdəliklərini pozması səbəbilə zərərin ödənilməsindən imtina etmək hüququ vardır. Sığorta mexanizminin etibarlılığı və sistemin sui-istifadədən qorunması məhz belə halların qarşısının alınması ilə təmin olunmalıdır. Məhkəmə həmcinin qeyd edir ki, iddiaçı iddia tələbini sübut etmək öhdəliyi daşıyır, hazırkı halda iddiaçı cavabdehin gətirdiyi əsasları təkzib edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, yalnız şəkillərdə qeyd olunan zədələrin olmadığınıgörünmədiyini və o şəkillərin cavabdehə təqdim olunmasının doğru olmadığını bildirmişdir. Yəni cavabdehin etirazını yalnız o hissədə mübahisələndirmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fərəcova Gülşən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar