Məhkəmə qərarları › İş №e-2(006)-3889/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3889/2023

14.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3889/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı «müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı «müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışlar ki, İddiaçı1 xx.xx.1999-cuildə hazırki iş üzrə cavabdehlərdən Cavabdeh2 oğlu X2 ilə faktiki ailə quraraq evlənmişlər, həmin vaxtdan Fərhad Ələsgərovun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 61, mənzil 21 mənzilinə köçmüşdür, xx.xx.2000-ci ildə cavabdehlərdən olan Cavabdeh2 oğlu X2 ilə nikahların rəsmi qeyd etdirmişlər, nikahlarından xx.xx.2002-ci il təvəllüdlü Sənubər adlı uşağı doğulmuşdur. xx.xx.2005-ci ildə ərinin onun xəbəri olmadan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, boşanması barədə məlumat aldıqdan sonra Cavabdeh2 əri Fərhad Ələsgərov onu və azyaşlı uşağını mənzildən məcburi çıxarmışlar. Bundan sonra yaşadığı, qeydiyyatda olduğu mənzildə köçürülmə tələbi ilə bağlı müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2-1848 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X1 və azyaşlı uşağı Sənubərlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Aralarındakı münasibətlər gərginləşdiyi dövrdə cavabdeh sözügedən mənzilin X1 və öz övladı tərəfindən istifadə etmələrinə məhdudiyyətlər yaratmış (mənzilin kilidini dəyişdirmiş) və onları həmin mənzildə yaşamağa buraxmamışdır. İddiaçılar da müvəqqəti olaraq az müddət valideynlərinin yanında, daha sonra övladları ilə birlikdə də kirayədə qalmaq məcburiyyətində qalmışdır. İddiaçının adına indi də hər hansı bir daşınmaz əmlak yoxdur. Lakin iddiaçı və azyaşlı övladları həmin mənzildən istifadə hüququnu həyata keçirə və orada yaşaya bilmirlər. Mənzilə ehtiyaclarının olmasına baxmayaraq hazırda orda yaşamamasının səbəbi cavabdehin onların mənzildən istifadələrinə və yaşamalarına imkan verməməsidir. Bu yaxınlarda «Kontakthome» mağazalar şəbəkəsinə yaxınlaşaraq kredit vasitəsi ilə adına telefon götürmək istədikdə, İddiaçı1 və onun qızı İddiaçı2 yuxarıda göstərilən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzildə qeydiyyatda olmamaları barədə onlara məlumat vermişlər. Bundan sonra İddiaçı1 və onun qızı İddiaçı2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 3 saylı ASAN Xidmətindən qeydiyyatda olub-olmamağı barədə arayış aldığı zaman müəyyən olunmuşdur ki, onlar hər ikisi, yəni İddiaçı1 xx.xx.2002-ci il tarixdən, İddiaçı2 isə xx.xx.2016-cı il tarixdən həmin mənzildə qeydiyyatdadırlar. Lakin daha sonra iddiaçılar qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilin satıldığını öyrənmişlər, bununla bağlı həqiqəti müəyyənləşdirmək məqsədilə vəkil sorğusu verilmiş və vəkil sorğusuna əsasən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, mənzil 100.000 manat dəyərində satılmışdır. Hesab edirlər ki, xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları kobudcasına pozulmuş, iradə ifadələrinə zidd olaraq onların razılıqları alınmadan daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüquqlarına kompensasiya, iddia ərizəsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 200 manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişlər.

3. Sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* №-li daşınmaz əmlakın alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Bakı şəhəri 50 saylı Notariat ofisinin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə 36.000 manat məbləğində kompensasiyanın, iddia ərizəsi üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 200 manatın cavabdehlər Cavabdeh2 İbahim qızından, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisindən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların mübahisəli mənzilə köçürülməsi ilə bağlı 2005-ci ildə qətnamə qəbul olunsa da, onlar bu hüquqdan istifadə etməmiş və həmin mənzildə yaşamamışlar. 2023-cü ildə həmin mənzil satıldıqdan sonra iddiaçılar mənzillə bağlı kompensasiya tələbi irəli sürüblər. Bu da, özlüyündə hüquqdan sui-istifadə etmək deməkdir. Ümumiyyətlə, istifadə hüququnu aradan qaldıran, ona xitam verən hallardan biri də həmin əşyadan istifadə olunmasına zərurətin, ehtiyacın aradan qalxmasıdır ki, hazırki mülki iş üzrə iddiaçıların da, 2005-ci ildən sonra həmin mənzildə yaşmaması özlüyündə həmin mənzilə dair ehtiyacın aradan qalxması deməkdir. Həmin mənzil satılarkən də, onlar həmin mənzildə olmayıblar və hüquqlarını müdafiə etdiyi şəxs də onların mövcudluğundan xəbərdar olmayıb. Alqı-satqı müqaviləsi də bütün hüquqi prosedurlara riayət edilməklə bağlanılıb. Bunun üçün mənzildə qeydiyyatda olan şəxslərin razılığının alınmasına da ehtiyac yoxdur. Cavabdehin nümayəndəsi və vəkili qeyd edilən halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, Cavabdeh3 nümayəndəsi və vəkilin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 61, mənzil 21 ünvanı Cavabdeh3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

9. İş materiallarında olan «X7 və Ekspertiza Mərkəzi» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 149 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 51 saylı evin 21 saylı 75 kv.m-dən ibarət 3 otaqlı mənzilin icarə dəyəri hazırki bazar qiymətinə uyğun olaraq icarə dəyəri təqribən 650 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X3 Cavabdeh2 oğlu X2 ilə 1999-cu ildə faktiki nikaha daxil olmuşdur və onlar Cavabdeh2 həyat yoldaşı Fərhad Ələsgərova məxsus Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 51 saylı evin 21 saylı mənzildə yaşamışlar. Səadət Kərimova ilə Əlövsət Ələsgərovun rəsmi nikahı xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış və onların birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 adlı uşağı anadan olmuşdur. 2005-ci ilin may ayında Əlövsət Ələsgərov nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmiş, bundan sonra Fərhad Ələsgərov iddiaçıları mübahisəli mənzildən çıxartmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçıların mübahisəli ünvana köçürülməsi qət edilmiş, lakin iddiaçılar həmin mənzildə yaşamamışlar. Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. Hazırda iddiaçılar Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* №-li daşınmaz əmlakın alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 Cavabdeh3 və Bakı şəhəri 50 saylı Notariat ofisinin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə 36.000 manat məbləğində kompensasiyanın, iddia ərizəsi üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 200 manatın cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəllədə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Məhkəmə digər tərəfdən qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

15. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri).

16. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri).

17. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

19. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

20. Göstərilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər.

22. Məhkəmə qeyd edir ki, iddiaçıların əqdi mübahisələndirmək hüququ subyektiv cəhətdən mövcud olsada onların iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, şəxslərin orada əvvəl mövcud olmuş (məhkəmə qətnaməsi əsasında) istifadə hüquqları artıq aradan qalxmışdır. Bundan əlavə isə iddiaçıların həmin ünvanda qeydiyyatda olmaları (əqd bağlanarkən) mülkiyyətçinin öz əmlakı üzərində müstəqil qaydada sərəncam vermək hüququnu məhdudlaşdıra bilməz.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə əsassızdır və təmin edilməməlidir. 25.Məhkəmə dəymiş zərərə görə 36.000 (otuz altı min) manat məbləğində kompensasiyanın ödənilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

27. Məhkəmə qeyd edir ki, məhkəmənin 22 və 23-cü abzaslarındakı hüquqi mövqeyinə görə iddiaçıların həmin mənzildə mövcud olmuş (məhkəmə qətnaməsi əsasında) istifadə hüquqi artıq aradan qalxdığından və kompensasiya vermək hüququ yalnız mülkiyyətçiyə məxsus olduğundan iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Bundan əlavə məhkəmə bildirir ki, şəxslərin məhkəmə qətnaməsi əsasında istifadə hüququnun tanınması onun gələcəkdə həmin hüququn itirilməsinə maneə deyildir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi kompensasiyanın ödənilməsi hissəsi üzrə əsassızdır və təmin edilməməlidir.

29. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 200 (iki yüz) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbləri rədd edildiyindən bu hissədə də tələb təmin edilməməlidir .

30. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. Məhkəmə qeyd edir ki, iddiaçılar hüquqi yardım xərcinə görə 200 (iki yüz) manat məbləğində pulun tutulmasını tələb etsələr də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 200 (iki yüz) manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir.

32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

36. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı «müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.

37. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 200 (iki yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

39. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı «müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar