Məhkəmə qərarları › İş №e-2(006)-3898/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3898/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3898/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair (kiçik iddia) sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********82528 Samsung Galaxy A52 markalı telefon üçün 586.5 (beş yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 58.5 (əlli səkkiz manat, əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy qulaqlıq üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62205 X4 9T markalı telefon üçün 214 (iki yüz on dörd) ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə, 1179 manat borc və 31.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82528 Samsung Galaxy A52 markalı telefon, Samsung Galaxy qulaqlıq, İMEİ kodu **********62205 X4 9T markalı telefonalmış və nəticədə 1179 (min yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 786 (yeddi yüz səksən altı) manat (6 ay x 125 manat + 36 manat ilkin ödəniş) İMEİ kodu **********82528 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə, 645 (altı yüz qırx beş) manat olmaqla ondan, 586.5 (beş yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.5 (əlli səkkiz manat, əlli qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 422.4 (dörd yüz iyirmi iki manat, qırx qəpik) manat (3 ay x 136.7 manat + 12.3 manat ilkin ödəniş) Samsung Galaxy qulaqlıq üçün ümumilikdə, 299 (iki yüz doxsan doqquz) manat olmaqla ondan, 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 663.8 (altı yüz altmış üç manat, səksən qəpik) manat (6 ay x 51.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********62205 X4 9T markalı telefon üçün ümumilikdə, 235 (iki yüz otuz beş) manat olmaqla ondan, 214 (iki yüz dörd dörd) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 799.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər – tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. 23 avqust 2022-ci il tarixdə - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdeh - ünvan 1 ünvanında yaşayan Cavabdeh məhkəməyə etirazla müraciət edərək, xx.xx.2022-ci il tarixində qeydiyyat ünvanına daxil olmuş, məhkəmə bildirişində İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edərək işə yazılı icraat qaydasında 30 iş günü ərzində baxılacağı göstərilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi iddia ərizəsində xx.xx.2021-ci il tarixində 663.80 manat dəyərində X5 9T 4/128GB markalı mobil telefonu, xx.xx.2021-ci il tarixində 756 manat dəyərində Samsung Galaxy A52 markalı mobil telefonu və 422.40 manat dəyərində Samsung Galaxy buds qulaqlığı hissəli ödəmə şərti ilə kreditə götürdüyü və 800 manatın ödənildiyi qalan məbləğin ödənilmədiyi və bu günki tarixə 1179 manat borcunun olduğu qeyd olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi iddia ərizəsinə etiraz edir və öz etirazını onunla əsaslandıraraq bildirir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi mobil telefonları və qulaqlığı kreditlə Kontakt Home mağazasından əldə edərək dəyərini də tam şəkildə ödəyib. İddiaçı MMC iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. O, 663.80 manat məbləğində ilk mobil telefonu xx.xx.2021-ci il tarixində 6 aylıq müddətə əldə etmiş və əgər onun dəyərini ödəməmişsə necə xx.xx.2021ci il tarixində yəni 2 ay sonra Kontakt Home mağazası cavabdehə yenidən 756 manat dəyərində mobil telefon və 422 manat dəyərində qulaqlığı kreditə verə bilər. Bundan əlavə kredit müqaviləsinin 3.4-cü bəndində qeyd olunur ki müştəri müqavilənin şərtlərini pozduğu və ödənişi vaxtında ödəmədiyi təqdirdə İddiaçı MMC malın istifadəsini mümkünsüz edə o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq etməli, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin etməli, habelə adının riskli müşdərilər siyahısında olduğuna dair digər kredit verən təşkilatlara məlumat ötürməlidir.xx.xx.2021-ci il tarixindən bu günə kimi onun istifadə etdiyi mobil telefonların heç birinin İMEİ kodu "xxxx" MMC tərəfindən deaktiv olunmamışdır. Adı riskli müştərilər siyahısına əlavə edilməmişdir. İddiaçı MMC-nin iddiası tam əsassızdır və ləğv edilməlidir. Çünki məhkəməyə 800 manatın onun tərəfindən hansı qaydada hansı koda və hansı vasitə ilə ödənildiyini təsdiq edən sənəd təqdim olunmaması cavabdehin 1179 manat borclu olduğuna da əsaslı şübhələr yaradır. İddiaçı cavabdeh tərəfindən olunan ödənişlərin sistemdən çıxarışını təqdim etməlidir. Bundan əlavə, mobil telefonları kreditə verəndə Kontakt Home onun bütün yaxın qohumlarının, dostlarının və özünün nömrələrini alıb sistemə əlavə edilməsinə baxmayaraq, borcun ödənilməsi tələb etmədiyindən, bu qeyd edilənləri nəzərə almağı xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-3898/2022 saylı, 31 avqust 2022ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi – X2 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 23170826 saylı alqı-satqı müqaviləsi, həmin müqaviləyə eyni tarixli əlavə və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 786 manat təşkil edən Samsung Galaxy A52 üçün 36 manat ilkin ödəniş, 6 ay müddətinə, hər ay 125 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2021-ci il tarixli 23171049 saylı alqı-satqı müqaviləsi, həmin müqaviləyə eyni tarixli əlavə və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 422,40 manat təşkil edən Samsung Galaxy qulaqlıq üçün 12,30 manat ilkin ödəniş, 3 ay müddətinə, hər ay 136,70 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2021-ci il tarixli 22460933 saylı alqı-satqı müqaviləsi, həmin müqaviləyə eyni tarixli əlavə və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 663,80 manat təşkil edən X4 9T üçün 8 manat ilkin ödəniş, 6 ay müddətinə, hər ay 109,30 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 1072.50 manat ödənilməmiş əsas, 106.50 manat cərimə olmaqla, cəmi 1179 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayşından görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2022-ci il tarixli № ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 31,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 786 manat təşkil edən Samsung Galaxy A52 markalı telefonu 36 manat ilkin ödəniş etmək şərti ilə cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 6 ay müddətinə, hər ay 125 manat ödəniş etməyi, xx.xx.2021-ci il tarixli müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 422,4 manat təşkil edən qulaqlığı 12,3 manat ilkin ödəniş etmək şərti ilə cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 3 ay müddətinə, hər ay 136,7 manat ödəniş etməyi,xx.xx.2021-ci il tarixli müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 663,8 manat təşkil edən X4 9T markalı telefonu 8 manat ilkin ödəniş etmək şərti ilə cavabdehə nisyə satmağı cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 6 ay müddətinə, hər ay 109,3 manat ödəniş etməyi öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82528 Samsung Galaxy A52 markalı telefon üçün 586.5 (beş yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 58.5 (əlli səkkiz manat, əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy qulaqlıq üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62205 X4 9T markalı telefon üçün 214 (iki yüz on dörd) ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə, 1179 manat borc və 31.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23170826 saylı alqı-satqı müqaviləyə əsasən, İMEİ kodu **********82528 Samsung Galaxy A52 markalı telefon üçün 586.50 (beş yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 58.50 (əlli səkkiz manat, əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 23171049 saylı alqı-satqı müqaviləsinə əsasən, Samsung Galaxy qulaqlıq üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli 22460933 saylı alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********62205 X4 9T markalı telefon üçün 214 (iki yüz on dörd) ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 1179 manat borc və 31.79 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar