Məhkəmə qərarları › İş №e-2(006)-3938/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3938/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3938/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 169.92 (yüz altmış doqquz manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən VAZ11193 minik markalı 10ZU619 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu ərazisində 99JX112 dövlət qeydiyyat nişanlı İVECO Urbanway markalı avtobusu ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə xx.xx.2017-ci il tarixli protokol yazılmış və Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə TYP 121229 qərar yazılmışdır. İVECO Urbanway markalı, 99JX112 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 169.92 (yüz altmış doqquz manat, doxsan iki qəpik) manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 11193” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də icbari sığorta növündə sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi yerinin sxemindən, izahatlardan, xx.xx.2018-ci il tarixli dəymiş zərərin hesabatından və xx.xx.2019-cu və xx.xx.2018-ci il tarixli sığorta aktlarından görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri ərazisində “VAZ 11193” markalı, 10ZU619 dövlət qeydiyyat nişanlı avtomobil “İCECO Urbanway” markalı 99JX112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, dəymiş zərər 169.92 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli TYP 121 saylı inzibati xəta haqqında protokoldan və TYP 121229 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində İXM-in 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 169.92 manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 4614/CML-4381/2018-2019 saylı sığorta aktına əsasən, 169.92 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30.40 manat məbləğində rüsum ödənilmişdir. "xxxx" MMC-nin 368 nömrəli zərər aktından görünür ki, sol arxa bamperin rənglənməsi və pardaqlanması xidmətləri üçün 169.92 manat xidmət haqqı hesablanmışdır. "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 19 dekabr 2018-ci il tarixli 4537-İ nömrəli məktubdan görünür ki, yaranan subroqasiya tələbi hüququna əsasən 169.92 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına köçürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. ƏN-İİ seriyalı 135883 nömrəli etibarnamədən görünür ki, X1 xx.xx.2010-cu il tarixdə Cavabdeh “VAZ11193 minik” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. xx.xx.2019-cu il tarixli 005İNT********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC "xxxx" ASC-yə 169.92 manat pul vəsaiti köçürmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh 10ZU619 dövlət qeydiyyat nişanlı, “VAZ11193” markalı avtonəqliyyat vasitəsini xx.xx.2017-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq 99X112 dövlət qeydiyyat nişanlı, “İVECO Urbanway” markalı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti avtomobilə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 169.92 manat məbləğində vurulmuş zərər və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 169.92 (yüz altmış doqquz manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar