Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-396/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinin dayandırılmasına görə dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinin dayandırılmasına görə dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşı X10 tərəfindən ona vurulan 1.300 manat dəyərində maddi ziyanın cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Azər Manafov 1, 220B ünvanda yerləşən və hazırda yaşadığı mənzil faktiki olaraq onun istifadəsindədir. Həmin ünvan abonent kodu **********10220 olmaqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işıqla təmin olunmaqdadır. Həmişə verilən borc bildiriş xəbərdarlıqları onun tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan elektrik enerjisi ilə təmin olunub. Yay ayları ərzində mənzilində olmadığından cavabdehin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə verilən bildirişi gec əldə etmişdir. "xxxx" ASC-nin Nizami rayon İdarəsinin əməkdaşı X10 xx.xx.2022-ci il tarixdə özü evdə yox ikən gəlib bina nəzatətçisi (X1) yanında onun mənzilinə verilən elektriki dayandırmışdır. Bundan 5 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə ona zəng vuraraq borcu olduğunu söyləmişdir. O da, sonuncuya «baş üstə, sabah ödəyəcəm» dedikdən sonra, xx.xx.2022-ci tarixdə olan borcu ödəmişdir. Bundan sonra evə gedəndə qorxunc bir mənzərə ilə qarşılaşmışdır. Soyuducudan dəhşətli bir qoxu gəlirdi. Qarşılaşdığı bu mənzərədən sonra şəkəri yüksəlmiş, uşaqları anaları üçün stres yaşamışlar. Belə ki, onun min bir əziyyətlə qış üçün topladığı, həmçinin övladlarının məktəb tədarükü məhv olmuşdur. Dərhal aşağı düşmüş, komendatla birlikdə işığı yandırmışlar. Komendant onunla birlikdə bütün dəymiş ziyana şahid olmuşdur. Soyuducuda müxtəlif qablarda saxladığı 10 kq (dana və hind toyuğu) ət və 6 kq toyuq məhsulu, qış üçün dondurulmuş moruqlar, gilaslar, sosiska-kolbasa məhsulları, süd məhsulları - süd, şor, qatıq, süzmələri tamamilə xarab olmuşdur. Hər şeydən əlavə, o, şəkərli diabet xəstəsidir və aylarla pulunu toparlayıb aldığı «Ozempic» adlı bir ədədi 233 manat 40 qəpik olan 4 ədəd dərmanı, övladlarının dərmanları istifadəyə yararsız hala gəlmişdir. Qeyd etmək istəyir ki, dana ətinin hazırkı bazar qiyməti bir kq üçün 17,50 manat, hind toyuğu ətinin qiyməti bir kq üçün 11 manat təşkil edir. Soyuducusundakı bütün meyvələr, ət, süd, dərman və digər bütün məhsullar xarab olmuşdur. Bunları gördükdən sonra dəhşətə gəlib, təcili şəkildə komendatdan işin necə baş verdiyini öyrənmişdir. Ailə üzvlərindən borc alıb xx.xx.2022-ci il tarixdə evimə gələn 56,08 manat borcu ödəmiş və cavabdeh bir neçə dəfə zəng vurduqdan sonra onun mənzilinin elektrik enerjisinin təmin olunmasını bərpa etmişdir. Bundan sonra o, min bir xahiş, yalvarışla X4 qanunvericiliklə nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.12-ci və 9.13-cü bəndlərinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; işıq enerjisi dayandırıla bilər» bəndini nəzərə almadan elektrik enerjisini dayandırıb və vurduğu ziyanı ödəməsini xahiş etmişdir. Sonuncu da öz səhvini qəbul etmiş və şəxsi yazışmalarda ona köməklik göstərəcəyini desə də, onun şəxsi kart hesabına 50 manat göndərdikdən sonra onu əngəlləmişdir. Daha sonra o, Nizami rayonu "xxxx" idarəsinə yazılı müraciət etsə də, sonuncular öz əməkdaşlarının heç bir qanun pozuntusuna yol vermədiyini ona bildirmişlər və o, son nəticədə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə qərar vermişdir. Çünki artıq dərmanlarını almalıdır və onun isə heç bir maddi təminatı yoxdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunla müəyyən edilmiş müddət gözlənilmədiyindən qanunsuz olaraq ona verilən elektrik enerjisi dayandırılmışdır. O, nikah münasibətlərində olub, ayrılmışdır. Bu nikah münasibətindən X5 adlı 7 yaşlı bir qızı və X6 adlı 5 yaşında bir oğlu var və o, uşaqlarını tək, ailəsinin azacıq yardımı ilə böyüdür. Özü şəkərli diabet xəstəsidir və xx.xx.2020-ci il tarixdən bəri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X13 tabeliyindəki Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikasında «Şəkərli Diabet tip – 2» endroklonoji kabinetdə diaqnozlu dispanser kabinetində qeydiyyatdadır və sağ olsunlar ki, hər ay onlar tərəfindən «Metafarmin-1000» dərmanı ilə təmin olunur. Digər dərmanlarını isə özü alır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində xarab olmuş «Ozempic» adlı dərmanın 4 ədəd olduğu qeyd olunsa da, əslində 2 ədəd olmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən avqust ayından öncə son ödəniş 20 iyul tarixində olmuşdur. 20 iyuldan sonra isə 2 sentyabr tarixində növbəti ödəniş həyata keçirilmişdir. Nəzarətçinin bu məsələdə heç bir səhvinin olmadığını bildirmişdir. İddiaçıya 8 avqust tarixində bildiriş göndərmişlər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının yaşadığı mənzil elektrik enerjisi ilə təmin olunmaqla, müvafiq abunə kodu verilmiş, istifadə olunan elektrik enerjisinin hesabatının aparılması üçün sayğac quraşdırılmışdır. İddiaçıya elektrik enerjisinə görə vaxtaşırı göndərilən bildirişlər üzrə, iddiaçı vaxtı-vaxtında ödənişlər etmişdir. Mübahisəli hal yaranmamışdan öncəki dövrdə sonuncu ödəniş iddiaçı tərəfindən 20 iyul 2022-ci il tarixdə edilmişdir (56 manat). X8 tərəfindən son bildiriş xx.xx.2022-ci il tarixdə çap edilmişdir. İddiaçı bildirişdən vaxtında xəbər tutmaq imkanına malik olmamışdır. Çünki, həmin dövrdə mənzildə olmamışdır. Cavabdeh tərəfin əməkdaşları iddiaçıya heç bir xəbərdarlıq etmədən mənzilə elektrik enerjisi verilişini dayandırmışlar. Elektrik enerjisi verilişi dayandırılandan bir neçə gün sonra iddiaçıya zəng edərək, borcu olduğunu bildirmişlər. Halbuki, elektrik enerjisinə görə borcları mütəmadi olaraq ödəyən abonentə elektrik enerjisi verilişi dayandırılmamışdan öncə bu xəbər verilə, yaxud elektrik enerjisi verilişi dayandırılandan dərhal sonra məlumat verilməsi daha düzgün, məntiqli və qanunidir. Çünki, abonentlərin evlərində, mənzillərində və bu kimi sair yaşayış yerlərində elektrik enerjisi ilə işləyən məişət cihazlarının, o cümlədən soyuducuların olduğu hamıya məlumdur. Təsadüfi deyildir ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Göründüyü kimi, qaydalar enerji təchizatı müəssisəsinə bir ay müddəti gözlədikdən sonra istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilmə hüququ verir. Nəticə etibarı ilə enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən abonentin yaşadığı mənzilin elektrik enerjisi ilə təchizatı qanunsuz olaraq dayandırılmış və iddiaçıya ziyan vurulmuşdur. Ziyanın həcminə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının şəkərli diabet xəstəsi olması aşkardır, spesifik və bahalı dərman vasitələri və preparatlarla müalicə edilməsi şübhəsizdir. Soyuducuda saxladığı 2 ədəd «Ozempic» dərman preparatının hər birinin qiyməti 233 manat 40 qəpik olmaqla, cəmi 466 manat 80 qəpik təşkil edir. Həmin preparatın qiyməti mübahisəsizdir. Çünki tənzimləyici orqan tərəfindən sabit qiymət müəyyən edilmişdir. Dərman vasitəsinin istifadəsi üzrə təlimatda (bu cür təlimatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və X3 tərəfindən təsdiq edilir) dərman vasitəsinin soyuducuda saxlanılmalı olması barədə göstəriş mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərə görə 466 manat 80 qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, soyuducuda yerləşən digər məhsulların xarab olub-olmaması, onların dəyəri və s. barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, elektrik enerjisi verilişi dayandırıldığından soyuducuda xarab olmuş (müalicəvi keyfiyyəti qalmamış) 2 ədəd «Ozempic» dərman preparatının hər birinin qiyməti 233 manat 40 qəpik olmaqla, cəmi 466 manat 80 qəpik pul vəsaiti cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Elektrik enerjisi verilişi dayandırıldığından soyuducuda xarab olmuş (müalicəvi keyfiyyəti qalmamış) 2 ədəd «Ozempic» dərman preparatının hər birinin qiyməti 233 manat 40 qəpik olmaqla, cəmi 466 manat 80 qəpik pul vəsaiti cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-396/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-396/2023
07.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver