Məhkəmə qərarları › İş №e-2(006)-3979/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3979/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3979/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 21 mart 2020-ci il tarixli ZBK5745576 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1275 (bir min iki yüz yetmiş beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 250 (iki yüz əlli) manat cərimə borcu və 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1561 (bir min beş yüz altmış bir) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 ay müddətinə bağlanmış 21 mart 2020-ci il tarixli ZBK5745576 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan dəyəri 1279 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1275 (bir min iki yüz yetmiş beş) manat borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% miqdarında cərimə borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 14152 (on dörd min yüz əlli iki) manat cərimə borcu yaranmışdır (1275 manat x 1110 gün x 1% = 14152 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 250 (iki yüz əlli) manat məbləğində tələb edir. Cavabdeh 21 mart 2020-ci il tarixli ZBK5745576 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1275 (bir min iki yüz yetmiş beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 250 (iki yüz əlli) manat cərimə borcu və 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1561 (bir min beş yüz altmış bir) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən, iş üzrə əlavə araşdırma aparılmasına zərurət yarandığına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizələr təqdim edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı əlavə vəsatət və sübutunun olmadığını bildirib, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edib, iddianı qəbul etmədiyini, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iddia müddətinin tətbiqi barədə ərizəni nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. İddiaçı MMC ilə Cavabdeh («Alıcı») arasında bağlanmış 21 mart 2020-ci il tarixli ZBK5745576 saylı borc müqaviləsindən görünür ki, «Alıcı» İddiaçı MMC-dən hissə-hissə ödəniş şərtilə 1279 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş, 4 (dörd) manat ilkin ödəniş etmiş və qalan 1275 (bir min iki yüz yetmiş beş) manat məbləği 15 ay müddətinə aylıq 85 (səksən beş) manat olmaqla MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borcalanın borc üzrə əsas borc məbləğini MMC-yə vaxtında qaytarmadığı halda, əlavə olaraq qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizi ödəməsi qeyd edilmişdir.

9. xx.xx.2021-ci il tarixli 3190 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 21 mart 2020-ci il tarixli ZBK5745576 saylı müqavilə üzrə ödənilməmiş 1275,00 manat əsas (qalıq) borcu vardır.

10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 36 (otuz altı) manat rüsum ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21 mart 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 1.279 manat olan məişət avadanlığını 4 manat ilkin ödəniş edərək, qalan məbləği isə hissə-hissə ödəmək şərtilə almış, lakin müqavilə üzrə ödənişləri həyata keçirməmiş, nəticədə borcu yaranmışdır.

12. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra təqdim edilməsi səbəbindən iddianın təmin edilməməsini xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə borc müqaviləsi adlandırılsa da, şərtləri baxımından nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Deməli, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən tələb üzrə müddətin ötürülüb-ötürülməməsi araşdırılaraq müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir.

14. Belə ki, müqavilə xx.xx.2020-ci il tarixdə 15 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2021-ci ildə başa çatmış, xx.xx.2021-ci ildən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2024-cü ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı başqa hal müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının “Elektron Məhkəmə” İnformasiya Sistemində olan elektron kabinetinə iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənləri təkzib edən mötəbər sübutların (ödəniş qəbzlərinin) məhkəməyə təqdim edilməsi barədə təklifin əks olunduğu xx.xx.2024cü, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişlərinin yerləşdirilməsinə (habelə, xx.xx.2024-cü il tarixli qərardadda cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsinin vurğulanmasına) baxmayaraq, iddiaçı tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim etdiyi ərizələrdə iş üzrə əlavə sübut və vəsatətin olmaması, bütün sübutların təqdim olunduğu qeyd edilmişdir. Müqavilə üzrə ilkin ödəniş edildikdən sonra qalan bütün borcun hazırkı ərizə ilə cavabdehdən tələb edilməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə bağlanan gündən sonra heç bir ödəniş edilməmişdir.

15. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən (xx.xx.2024-cü il tarixindən) 1 ay 4 gün keçdikdən sonra – xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır.

d) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1-377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2 və 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

18. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

20. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı: İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

23. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar