Məhkəmə qərarları › İş №e-2(006)-3997/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3997/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3997/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********68545 olan «İphone 13 Pro» markalı telefon üçün 3.786,86 manat ödənilməmiş hissə, 378,14 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «Sony» markalı qulaqlıq üçün 163,48 manat ödənilməmiş hissə, 16,52 manat cərimə olmaqla, cəmi 4.345 manat və ödənilmiş 63,45 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3997/2023 saylı qərardadı ilə iş üzrə etiraz ərizəsi daxil olduğundan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsi ilə əlaqədar mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan İMEİ Kodu **********68545 olan «İphone 13 Pro» markalı telefon və «Sony» markalı qulaqlıq almış, nəticədə 4.345 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4.009,86 manat (18 ay x 222,77 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********68545 olan «İphone 13 Pro» markalı telefon üçün 4.165 manat olmaqla, həmin məbləğdən 3.786,86 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 378,14 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 257,48 manat (3 ay x 82,16 manat + 11 manat ilkin ödəniş) olan «Sony» markalı qulaqlıq üçün 180 manat olmaqla, həmin məbləğdən 163,48 manat ödənilməmiş hissə, 16,52 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 317 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul etdiyini qeyd edərək, qətnamə çıxdıqdan sonra imkanı olduqca ödənişlərini həyata keçirəcəyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ Kodu **********68545 olan «İphone 13 Pro» markalı telefon almışdır. Əşyanın alğı-satqı qiyməti 4.009,86 manat olmaqla, cavabdeh 18 ay ərzində hər ay 222,77 manat, həmçinin 0 manat ilkin ödəniş etməli idi. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə əldə edilmiş əşyanın alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 223 manat ödəniş etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini hissə-hissə ödəmək şərti ilə «Sony» markalı qulaqlıq almışdır. Əşyanın alğı-satqı qiyməti 257,48 manat olmaqla, cavabdeh 3 ay ərzində hər ay 82,16 manat, həmçinin 11manat ilkin ödəniş etməli idi. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə əldə edilmiş əşyanın alğı-satqı qiymətini təşkil edən ümumi borc məbləğindən hissə-hissə cəmi 94 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3.786,86 manat əsas, 378,14 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 163,48 manat əsas, 16,52 manat cərimə olmaqla, cəmi 4.345 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə telefon və qulaqlıq almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 63,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə üzrə 3.786,86 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 3.886,86 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 163,48 manat əsas borc, 16,52 manat cərimə olmaqla, cəmi 180 manat; hər iki müqavilə üzrə ümumilikdə 4.066,86 manat və ödənilmiş dövlət rüsumunun 59 manatı Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3.786,86 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 3.886,86 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 163,48 manat əsas borc, 16,52 manat cərimə olmaqla, cəmi 180 manat; hər iki müqavilə üzrə ümumilikdə 4.066,86 manat və ödənilmiş dövlət rüsumunun 59 manatı Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar