Məhkəmə qərarları › İş №e-2(006)-4075/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4075/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4075/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara diar sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllədə müəyyən edilmiş forma və məzmunda deyil, Mülki Prosessual Məcəlləyə əlavədə apellyasiya şikayətinin verilməsi formasına uyğun olaraq tərtib edilmişdir. Həmçinin iddiaçının tələbi müqavilələrdən irəli gələn tələb olmasına baxmayaraq iddia ərizəsinə mübahisənin məhkəməyəqədər mərhələdə həllinə dair sənədlər, cavabdehə pretenziya məktubunun göndərilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci və 152.1.6-cı maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.5-ci maddəsinə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("AsanPay", qəbz nömrəsi: **********04, büdcə təsnifat kodu: 14221101, tarix: xx.xx.2024, saat: 19:44:32) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar