Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4092/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli 195A saylı malın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh «İmprotex» Motors» MMC-dən «Cavabdeh2 X5 XDRİVE25D (M PAKET)» markalı tünd göy rəngdə avtomobili nağd olaraq 150680 manat (150680 x 1,7=88635,29 USD) ödəyərək almışdır. 2022-ci ilin yanvar ayında yolda hərəkət halında ikən avtomobil sönmüşdür. Cavabdehə zəng edərək problemi bildirmişdir. Cavabdehə avtomobili evakuatora qoyaraq gətirməsini bildirmişdir. İddiaçıda avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. 8 gündən artıq müddət ərzində avtomobilsiz qalması yetmirmiş kimi cavabdehdən dəfələrlə zəng ntməsinə baxmayaraq da heç bir məlumat əldə edə bilmirdi. Daha sonra cavabdeh tərəfindən avtomobilin motor hissəsindəə zavod qüsuru çıxdığı üçün motorun dəyişdirilməli olduğu iddiaçıya bildirilmişdir. İlk başqa razı olmadığı üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını şifahi olaraq tələb etmişdir. Motordakı qüsurla bağlı yazılı məlumat verilməsini tələb etməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat verilməmişdir. Nəticədə çarəsiz qaldığı üçün motorun və qüsurlu çıxan digər detalların yeniləri ilə əvəz olunması ilə razılaşmaq məcburiyyətində qalmışdır. Təxmini bir aydan sonra gələn yeni motor və digər detallar avtomobilə yığıldıqdan sonra avtomobil iddiaçıya təhvil verilən gün avtomobili idarə etdiyi anda avtomobildən qeyri-adi bir səs gəldiyini eşitmiş və avtomobili saxlamış və ön hissəsinə yaxınlaşdığı anda maşından qeyri-adi iy gəldiyini hiss etmişdir. Daha sonra avtomobildən tüstü duman çıxdığını görmüşdür. Yenidən eyni gün avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. Artıq cavabdehə və maşına etibarı itdiyi üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Uzun danışıqlardan sonra «may ayında sizin maşını sataq, may ayının sonunda gələrək avtomobillərdən sizə eyni marka modelə aid yeni avtomobil verək» deyilmişdir. İddiaçıya başqa çıxış yolu qalmadığı üçün yenidən razılaşmışdır. Lakin avtomobil satıldıqdan sonra iddiaçıya avtomobili 73000 dollara satıldığı bildirildi. Halbuki iddiaçı o avtomobil üçün 88635,29 USD ödəmişdir. 15635 USD ziyan dəymiş olmasına baxmayaraq, hələ bu azmış kimi ona yeni maşının verilməmi üçün iddiaçıdan 6900 avro əlavə pul tələb edilmişdir. Yəni yeni avtomobil almasına baxmayaraq həm avtomobilsiz qalmış, bir neçə ay içərisində 15635 USD-dən çox ziyan dəymiş olmuş, hələ üstəlik yeni avtomobil verilməsi üçündə 6900 avro pul tələb edilmişdir.Qeyd olunan maşına kuza qoruması üçün şəffaf plyonka ilə bağlı tərəfindən 3000 manat əlavə vəsait xərcləmişdir. Bununla bağlı müxtəlif vaxtlarda cavabdehlə danışıqlar aparmasına baxmayaraq bir nəticə əldə edə bilmədiyi üçün Almaniya ofisinə şikayət ərizəsi ünvanlamışdır. Lakin buna baxmayaraq onlardan da iddiaçını qane edəcək heç bir cavab gəlməmişdir. Göstərilənlərə əsasən cavabdehlərdən 26579,5 manat (15635 USD) maddi ziyanın, əlavə olaraq xərclədiyi 3000 manat, ümumilikdə 29579,50 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh1 MMM-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiçının tələbinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 MMM arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixdə «Cavabdeh2 X5 xDrive25d» (M-Paket markalı, WBACV410X09G28082 ban nömrəli, tünd göy metal rəngli, 2021-ci il buraxılış) avtomobil ona təhvil verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən avtomobilin keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il və ya 200.000 km zəmanət verilmişdir. İddiaçının ərizəsində də qeyd etdiyi kimi, o, avtomobili təhvil aldıqdan sonra 8 ay müddət keçdikdən və avtomobili təxminən 20.000 km. istismar etdikdən sonra onun mühərrik hissəsində problemlər yaranmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra iddiaçıya lazımi keyfiyyətli mal verilmiş və həmin malda xeyli müddət heç bir nöqsan yaranmamışdır. Yalnız 2022-ci ilin yanvar ayında avtomobildə nasazlıq yaranmış və iddiaçı müəssisəsinə onun zəmanət şərtləri daxilində təmir edilməsi üçün müraciət etmiş və avtomobilin nasazlıq yaranmış hissələri tam original hissələrlə əvəz edilmişdir.Həmçinin avtomobildə nasazlıq yarandığından sonra onkn nasazlıq yaranmış hissələrinin orijinal hissələrlə əvəz edilməsi müddətində müştərinin müvəqqəti istifadə etməsi üçün o, əvəzsiz olaraq nəqliyyat vasitəsi ilə (Toyota Camry markalı) təmin edilmişdir. Avtomobildə nasazlıq araadan qaldırıldıqdan sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Bundan sonra avtomobildə nasazlıqların aradan qaldırılması zamanı yol verdikləri kiçik nöqsan səbəbindən yaranmış aradan qaldırılmış asan olan çətinlik yaranması barədə iddiaçı tərəfindən onlara müraciət olunmuşdur. Məlum olmuşdur ki, avtomobildə yeni təmin olunmuş hissələrin izolyasiya materialları qopardılmamış və istilik nəticəsində buxarlanmaya məruz qalmışdır. Bununla əlaqədar iddiaçının müraciəti ilə birlikdə dərhal həmin çətinlik aradan qaldırılaraq iddiaçıya təhvil verilmişdir. Bundan sonra, iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərdən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2022-ci ili naprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alqı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir. İddiaçıya tərəflərdən heç bir halda həmin avtomobilin yenisi ilə əvəzlənməsi, avtomobilin müəssisəinə geri satılması yaxud qaytarılması və ya ona aşağı qiymətə yeni avtomobil verilməsi ilə bağlı heç bir vəd verilməmişdir. Göründüyü kimi, iddiaçı müəssislərdən aldığı avtomobildə yaranmış nasazlıqlar tam olaraq aradan qaldırılmış və onun qüsur yaranmış hissələri tam original hissələrlə əvəz edilmişdir. Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikasının qanunun və Mülki Məcəlləsinin müvafiq müddəalarına tam olaraq uyğun icra edilmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 587.2-ci maddəsinin şərtləri o halda tətbiq edilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olsun. Bu halda isə Mülki Məcəllənin 587.1-ci maddəsi tətbiq olunur ki, həmin maddənin şərtlərinə əsasən alıcı öz seçimi (iradəsi) ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi arasında seçim edə bilər. Bu isə iddiaçı öz az iradəsi ilə əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması seçimini etmişdir. Cavabdeh tərəfindən maldakı qüsurlar orijinal ehtiyat hissələrlə əvəz edilməklə tam aradan qaldırılılmışdır. İddiaçının avtomobilin ilkin alışına görə ödəmiş olduğu vəsait ilə öz iradəsi nəticəsində özünün mülkiyyətində olan avtomobili satdığı məbləğin arasında yaranmış fərqi ona dəymiş ziyan kimi qələmə vermək və ödənilməsini cavabdehdən tələb etmk iddiası əsassızdır və qanunsuzdur. İddiaçının ərizəsində iddia etdiyi 3000 manat məbləğində şəffaf «plyonka» üçün xərclədiyi məbləğin onların müəssisəyə heç bir aidiyyəti olmamışdır. Bu tamamilə sözügedən avtomobili iddiaçıdan alan üçüncü şəxslə iddiaçı arasında alqısatqı şərtlərinə aid məsələdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmış və maşına tərəflərindən baxış keçirilərək təhvil-təslim aktına uyğun olaraq maşın iddiaçıya təhvil verilmişdir. Bundan sonra maşın 8 ay müddətində iddiaçının istifadəsində olmuş və istismar olunmuşdur. Bu müddətdə maşına tərəflərdən mütəmadi olaraq baxış keçirilmiş, yağı dəyişdirilmişdir. Daha sonra 2022-ci ilin yanar ayında maşının mühərrik hissəsində qüsur aşkarlanmış və maşına tərəflərindən baxış keçirilmişdir, ancaq qüsurun istehsalat qüsuru olduğu ya sonradan yarandığını müəyyənləşdirmək mümkün olmamışdır. Buna uyğun olaraq maşın tərəflərdən təmir olunması üçün təhvil alınmış və qüsur aradan qaldırılana qədər istifadə olunması üçün iddiaçıya biznes etikasına uyğun olaraq başqa maşın verilmişdir. Qüsur tam aradan aradan qaldırıldıqdan sonra maşın iddiaçıya geri qaytarılsa da, təmir zamanı nöqsana yol veriliş və izolyasiya materialları sökülmədiyindən maşın istifadə olunarkən onda buxr əmələ gəlmişdir. İddiaçı bununla bağlı məlumat verdikdən sonra qüsur dərhal aradan qaldırılmışdır. Ancaq iddiaçı artıq həmin avtomobili istəmədiyini və onu satmaq üçün kömək etməsini xahiş etmişdir. Onlar da maşını salona qoyub satılmasında köməklik göstərmişlər. Maşın iddiaçının nümayəndəsinin iştirakı ilə üçüncü şəxsə özgəninkiləşdirilmişdir. Nəticə olaraq onların tərəfindən yol verilmiş bütün nöqsanlar tam aradan qaldırılmış və iddiaçının narazı qalmaması üçün edə biləcəkləri bütün hərəkətləri etmişlər. Əlavə olaraq qeyd edir ki, maşın iddiaçıya satıldıqdan sonra iddiaçı hansısa onlara məlum olmayan səbəblərdən və onlara məlumat vermədən, qarantiyaya zidd olmasını bilə-bilə maşının şüşələrini dəyişdirmişdir. Onlar bundan yola çıxaraq qarantiyanı ləğv etmə səlahiyyətinə sahib olsalar da, bunu etməmiş və müştəri məmnuniyyətini ön plana alaraq bunu görməzdən gəlmişlər. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 MMM-nin direktor vəzifəsini icra edən kimi izahatı alınmış şəxs Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan «Alıcı» qismində İddiaçı ilə «Satıcı» qismində "xxxx" MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 195A nömrəli malın alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMM «Cavabdeh2 X5 xDrive25d (M-Paket)» markalı, WBACV410X09G28082 ban №-li Tünd göy metal rəngli, Universal tipli, 2021-ci il buraxılışlı avtomobil İddiaçı verməyi, İddiaçı isə avtomobili qəbul edib əvəzində onun müqavilə ilə müəyyənləşdirilimiş qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən alınan avtomobilin qiyməti 73000 Avro müəyyən edilmişdir, ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200.000 km (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) təminat verir. Zəmanət müddəti malın alıcıya təhvil verdiyi gündən hesablanır.
8. İş üzrə Cavabdeh1 MMM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ĞRĞ/1 seriyalı 225633 nömrəli malların təhvil-qəbul aktının surətindən görünür ki, Cavabdeh1 MMM tərəfindən «Cavabdeh2 X5 xDrive25d» markalı, WBACV410X09G28082 ban №-li avtomobili (qiyməti 150.680 manat) İddiaçı təhvil verilmişdir.
9. Cavabdeh1 MMM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli satış çekin surətindən görünür ki, avtomobilin alınması üçün 150.680 (ƏVD 22.985,08 manat ilə) manat məbləğində pul ödənilmişdir.
10. İş materiallarında olan Cavabdeh1 MMM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş blankın surətindən görünür ki, müştəri İddiaçı «Cavabdeh2 X5 xDrive25d» markalı,tünd göy metallic avtomobili 74.000 Avroya satılmışdır (avtomobilin qiyməti 80.500 Avro, endirim qiyməti 74.000 Avro, avans məbləğ 67.100 Avro, qalıq məbləğ 6900 Avro təşkil etmişdir).
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 MMM-dən tünd göy metal rəngli, 2021-ci il buraxılışlı «Cavabdeh2 X5 xDrive25d (M-Paket)» markalı avtomobil 150.680 manata (73.000 Avro) almışdır. İddiaçı 6 aya yaxın müddətdə maşını istifadə etmiş və istifadə müddət ərzində avtomobilində qüsur yaranmışdır. Yaranmış qüsurla bağlı qarantiya müddəti çərçivəsində iddiaçı Cavabdeh1 MMM-yə müraciət etmiş, qarantiya şərtləri çərçivəsində avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuş və avtomobildə olan nöqsan aradan qaldırılmışdır. Bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış, iddiaçı həmin gündə yenə də "xxxx" MMM-yə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlığı aradan qaldırılmışdır. Bundan sonra iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya potensial müştəri tapılaraq iddiaçıya təklif edilmiş, 2022-ci ilin aprel ayında iddiaçı ilə avtomobilin yeni alıcı arasında razılaşma əldə olunmuş və onların arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda iddiaçı onun avtomobili satarkən dəyərindən aşağı olmasını və dəyən zərərin ödənilməsini istəyir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçı alğı-satqı müqaviləsi «Cavabdeh2» Şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMM ilə bağlanmışdır və məsuliyyəti həmin şirkət daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır.
13. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
14. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
15. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh «Cavabdeh2» Şirkəti hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir.
16. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakı qeyd edir.
17. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1).
18. Həmin Məcəlləsinin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (maddə 624.1.1); alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3.); malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (maddə 624.1.4).
19. “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
20. Həmin Qanunun 4-cü maddəsinə əsasən qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Məhkəmə iddia tələbinin 26.579,5 manat (15.635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
24. Belə ki, iddiaçı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı könüllü qiymətini razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır. (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir)
25. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı avtomobil üçün dəymiş ziyanın 15.635 ABŞ dolları təşkil etməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. Məhkəmə qeyd edir ki, iddiaçı avtomobilin dəyərinin 26.579,5 manat (15.635 ABŞ dolları) aradakı fərqin istənilməsi bü günkü gün ağlabatan deyildir. Avtomobilin ona zərər dəymiş olsa da belə, onu qüsurları nəticəsi satmış olsa da belə, həmin qeyd olunan aradakı fərq avtomobilin ümumi bazar qiymətinə əmsalının göstəricisinə uyğundur, çünki avtomobil satış vaxtdan təxmini 1 ilə yaxın müddət istifadəsində olmuş və həmin müddət ərzində avtomobil də 20.000 km yaxın istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, avtomobilin 88.635,29 ABŞ dolları alıb 73.000 ABŞ dolları satmağı, aradakı fərq 15.635 ABŞ dolları olması ağlabatan məbləğdir. Yəni iddiaçı yeni avtomobil alıb, istifadə edib və istifadə müddətdə avtomobilin bazar dəyəri orta hesablama ilə 15-20% aşağı düşməsi kəskin fərq yaratmır.
30. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı avtomobildə yaranmış nasazlıqlara görə onunla Cavabdeh1 MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 195A nömrəli alğı-satqı müqaviləsini mübahisələndirilməmişdir. İddiaçı mülkiyyətində olan avtomobilin qiyməti ilə razılaşmış, avtomaşının yeni alıcısı ilə müstəqil şəkildə alğı-satqı müqaviləsi bağlayaraq maşını satmışdır və satdıqdan sonra aradakı fərqi Cavabdeh1 MMM-dən tələb edilməsi əsassızdır.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 26.579,5 manat (15.635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi əsassızdır və təmin edilməməlidir.
32. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun avtomobilin satılmasını və yeni avtomobil ilə əvəz edilməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə də təqdim edə bilməmişdir.
33. Məhkəmə iddia tələbinin əlavə xərclədiyi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
34. Belə ki, qeyd olunan 3000 manatlıq avtomobilə üst örtüyünün çəkilməsi üçün xərclənən vəsait iddiaçının könüllü davranışı əsasında həyata keçirilmiş və avtomobilini satarkəndə sonuncu satıcı ilə bu barədə razılaşma əldə etməli idi.
35. Məhkəmə hesab edir ki, iddiaçının əlavə xərclədiyi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı hər hansı bir səbəbli əlaqə müəyyən edilmədiyindən iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
37. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
38. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
39. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
40. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov