Məhkəmə qərarları › İş №e-2(006)-4097/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4097/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4097/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 1560 (bir min beş yüz altmış) manat pul vəsaitinin və 35,60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində “Mitsubishi Pajero” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı və “Khazar SD” markalı **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə görə və Yasamal rayonu, Musabəyov adına parkın yaxınlığında yol-nəqliyyat hadisəsi törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-cı maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü - Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə İXP ******* nömrəli protokol yazılmışdır. “Mitsubishi Pajero” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 890 (səkkiz yüz doxsan) manat, “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı isə 670 (altı yüz yetmiş) manat məbləğində sığorta ödənişi verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iş üzrə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin, cavabdeh – Ədliyyə Nazirliyi Penitensiar Xidmət 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, cəza çəkdiyi üçün məhkəmə iclasında iştiak edə bilməyəcəyini, cəza çəkdiyi müəssisədə heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini və özü ilə bağlı hər hansı ödənişi azadlığa çıxdıqdan sonra ödəməyi özünə borc bildiyini qeyd etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

5. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Prius” minik markalı **- NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixli müqavilə üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə "xxxx" ASC tərəfindən sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir.

6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:05 dəqiqədə Yasamal rayonu, N.Hikmət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli - “Toyota Prius” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehdur, sürücülük vəsiqəsi yoxdur (nəqliyyat vasitəsinin sahibi X4). Yol-nəqliyyat hadisəsində zərər dəymiş avtomobillər “Mitsubishi Pajero” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı və “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələridir.

7. xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-də dindirilən Cavabdeh bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə “Toyota Prius” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir.

8. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X2 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı “Toyota Prius” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qaçırılması faktı mövcud olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin xitam edilməsi, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsinə görə və Yasamal rayonu, Musabəyov parkı yaxınlığında yol-nəqliyyat hadisəsi törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinə əsasən inzbati məsuliyyətə cəlb olunması və s. qərara alınmışdır.

9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-xx.xx.2021ci il ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış **-NY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil tərəfindən “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 670,00 (altı yüz yetmiş) manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin hesabından “sığorta ödənişi 99PZ358” təyinatı ilə "xxxx" MMC-nin hesabına 670 (altı yüz yetmiş) manat məbləğində pul köçürülmüşdür.

11. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-xx.xx.2021ci il ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış **-NY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil tərəfindən “Mitsubishi Pajero” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 890,00 (səkkiz yüz doxsan) manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin hesabından “sığorta ödənişi” təyinatı ilə X1 hesabına 890 (səkkiz yüz doxsan) manat məbləğində pul köçürülmüşdür.

13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 35,60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu ödənilmişdir.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh sürücülük vəsiqəsi – nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, başqasına məxsus olan “Toyota Prius” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt sözügedən nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır.

16. Hadisədə cavabdeh təqsirli bilinmiş, belə ki, Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinə əsasən inzbati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Lakin avtomobilin talama məqsədi olmadan qaçırılması faktı mövcud olmadığından, sözügedən qərarla həm də cinayət işi üzrə icraata xitam verilmişdir.

17. Hadisə nəticəsində “Mitsubishi Pajero” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 890 manat və “Khazar SD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 670 manat məbləğində zərərin əvəzi iddiaçı tərəfindən zərərçəkən şəxslərə ödənilmişdir.

18. Hazırda iddiaçı cavabdehin təqsiri nəticəsində baş vermiş hadisəyə görə sığorta ödənişi kimi ödədiyi 1.560 manat məbləğində pulun subroqasiya qaydasında və məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən edilən cavabdeh isə ərizə göndərərək, azadlığa çıxdıqdan sonra ona aid olan ödənişləri ödəməyi özünə borc bildiyini qeyd edir.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

20. Belə ki, Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarının nəticə hissəsində göstərilməsə də, həmin qərarın təsviri-əsaslandırıcı hissəsi, habelə iş materiallarında olan araşdırmaya dair digər sənədlər (məsələn, cavabdehin öz izahatı) əsasında müəyyən edilir ki, cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) başqasına məxsus maşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyini, habelə hadisə yerindən yayındığını etiraf etmişdir. Qərarda onun müvafiq maddələr ilə məsuliyyətə cəlb edilməsi (İXM, 332.2 və 327.6-cı maddə) göstərilməsə də, məhkəmə hesab edir ki, bu hal onun həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini deməyə əsas vermir. Çünki məhz onun öz izahatı və işdə olan digər sənədlər əsasında cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) nəqliyyat vasitəsini idarə etməsi, həmçinin, hadisə yerindən yayınması halları sübuta yetirilir. Belə olan halda, zərər çəkənlərə vurulmuş zərərin əvəzini ödəmiş sığorta şirkətinin cavabdehə qarşı subroqasiya qaydasında irəli sürdüyü hazırkı tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir.

21. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir.

22. Cavabdehin etiraf xarakterli ərizəsi də qanuna müvafiq olduğundan və başqa şəxslərin hüquqlarına xələl gətirmədiyindən, onun iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.2-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 327.6-cı maddə. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. 332.2-ci maddə. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir.

25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1, 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 53.1-ci maddə. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; 63.1-ci maddə. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır;

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

27. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

28. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.560 (bir min beş yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

29. Məhkəmə xərci ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən hazırki iş üzrə ödənilmiş 35,60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1.560 (bir min beş yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 35,60 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar