Məhkəmə qərarları › İş №e-2(006)-411/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-411/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-411/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixdə bağlanmış 16989 saylı alqı-satqı müqaviləsi üzrə 986 manat məbləğində əsas, 295 manat məbləğində cərimə borcu və 33 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1314 (bir min üç yüz on dörd) manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14 ünvanında (köhnə ünvan) – “Sunny Electronics” mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 16989 saylı müqavilə bağlanmış, cavabdeh müqavilə üzrə aldığı 1270 manat dəyərində malı (qabyuyan, qaz üstü) 18 ay ərzində hər ay 71 manat olmaqla ödəməli idi. Lakin cavabdeh müqavilələri rəsmiləşdirərkən əvvəlcədən ödənilmiş komissyon xidmət haqqını çıxmaq şərtilə tam ödəniş etməmiş, sonuncu dəfə 19 dekabr 2020-ci ildə 20 manat ödəniş etmiş və bu günə kimi cavabdehin 986 manat mbləğində əsas, 295 manat məbləğində isə cərimə borcu yaranmşdır. Cavabdehə pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdehin bu hərəkəti nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Uzun müddətdir ki, əldə edəcəyi pul cavabdeh tərəfindən verilmədiyi üçün o, dövriyyəsini çoxalda bilmir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən, alıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 (on beş) gündən artıq gecikdirərsə, satıcının malları geri tələb etmək və ya malların dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mövcud müqavilənin şərtlərini tam şəkildə icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmiş və alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə aldığı əşyanın dəyərini tam ödəməmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, alıcı hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2 %-i miqdarında əlavə məbləğ (cərimə) ödəyir. Həmin müqavilənin 2.8-ci maddəsinə əsasən alıcı öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində satıcıya dəymiş ziyanı, mal(lar)ın dəyərinin qaytarılması üzrə satıcının çəkdiyi məhkəmə xərclərini ödəyir. İddiaçı iddia ərizəsinin və sənədlərin məhkəməyə verilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iş üzrə qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan iclasın keçirilməsini və iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixli e-2(006)-411/2023 saylı qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 16989 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı müqaviləyə əlavədə göstərilmiş mal(lar)ı alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə mal(lar)ı qəbul etməyi və 1278.00 (bir min iki yüz yetmiş səkkiz) AZN məbləği ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, 16989 saylı alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh “Qabyuyan Ariston LFF8M019 EU” və “Qaz üstü Turk 60220” markalı mallara görə hər ay 71 manat olmaqla 18 ay müddətinə cəmi 1278 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə alınmış mal üzrə qalıq borc ödənişi ilə əlaqədar “Sunny” mağazasına 20 manat məbləğində ödəniş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, KM-16989 nömrəli son xəbərarlıqdan görünür ki, İddiaçı Cavabdeh borcun qaytarılması ilə əlaqədar sonuncu dəfə xəbərdarlıq etmiş və borcunu ödəməyəcəyi təqdirdə aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair xəbərdarlıq etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixdə bağlanmış 16989 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq həmin günə kimi cavabeh Cavabdeh 986 manat məbləğində əsas, 295 manat məbləğində cərimə borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 16989 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı qaz üstü və qabyuyanı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə malları qəbul edərək, malların ümumi dəyəri olan 1278 manatı hər ay 71 manat olmaqla 18 ay müddətinə hissəhissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmiş, nəticədə 986 manat əsas və 295 manat cərimə borcu olmaqla, iddiaçıya ümumilikdə 1281 (bir min iki yüz səksən bir) manat məbləğində borcu yaranmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallara müvafiq olaraq, iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, lakin cavabdeh öz öhdəliyini tam şəkildə icra etməmiş və ona edilən xəbərdarlığa baxmayaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi haqlı və əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 324.1-324.2, 324.4-cü maddələrində qeyd edilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 389.1-389.3-cü maddələrinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 397.1-ci maddəsində qeyd edilmişdir ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Qeyd olunan Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göstərilən Məcəllənin 442, 445.1-445.3, 445.7, 448.1-448.2-ci maddələrinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sözügedən Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 241.1-ci maddəsinə görə, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə iddia ərizəsində göstərilən dəlilləri və həmin dəlillərə dair təqdim edilmiş sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə 986 (doqquz yüz səksən altı) manat əsas, 295 (iki yüz doxsan beş) manat cərimə borcu olmaqla, cəmi 1281 (bir min iki yüz səksən bir) manat pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 241ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə 986 (doqquz yüz səksən altı) manat əsas, 295 (iki yüz doxsan beş) manat cərimə borcu olmaqla, cəmi 1281 (bir min iki yüz səksən bir) manat pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə tərəflər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar