Məhkəmə qərarları › İş №e-2(006)-4130/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4130/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4130/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3940 manat zərər məbləğinin və ödənilmiş 59 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılmsı qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:40 radələrində Bakı şəhəri, Şərifzadə küçəsi ərazisindəCavabdeh tərəfindən idarə edilən və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Getz” markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai İX 35” markalı, **-NJ-*** və “Mercedes Benz E200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli iş № 3(004)-5844/2022 saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. Təqdim olunmuş zərər aktına əsasən “Hyundai ix35” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 940,00 manat, “Mercedes Benz E200” markalı, **-BJ-*** dövlət qeyddiyat nişanlı nəqliyyat vasitəsinə isə 3000,00 manat maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA122179/22 saylı sığorta aktkı tərtib edilməklə “Hyundai İX 35” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 940,00 manat, həmçinin PXA122180/22 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz E200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə isə 3000,00 manat sığorta ödənişi zərərçəkənlərin təqdim etdiyi bank hesablarına ödənilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini etiraf edərək, ondan tələb olunan məbləğin hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 12:40-da “Hyundai Getz minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, “Hyundai Getz minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022xx.xx.2023-cü illər üzrə "xxxx" ASC-də sığorta edilmişdir. İş materiallarında olan sığorta aktlarından görünür ki, sığortalanmış “Hyundai Getz minik” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə “Hyundai İX35” markalı ** NJ *** d.q.n və “Mercedes Benz E200” markalı ** BJ *** d.q.n avtomobillərlə toqquşması nəticəsində sonunculara 940 manat və 3000 manat ziyan dəymişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırarsa subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Hyundai Getz minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə “Hyundai İX35” markalı ** NJ *** d.q.n və “Mercedes Benz E200” markalı ** BJ *** d.q.n avtomobillərə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobillərə zərər vurması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 3940 manat tutulmalıdır. Eyni zamanda vurğulanmalıdır ki, cavabdeh məhkəmə iclasında iştirak etməklə, iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 59 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3940 manat vurulmuş zərər və ödənilmiş 59 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar