Məhkəmə qərarları › İş №e-2(006)-4131/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4131/2025

19.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4131/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun aid olmaması və alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinə görə yığılmış 2275,81 manat borcun ona aid olmadığını nəzərə alıb, 100 manat dövlət rüsumunun cavabdehdən tutulub mənə ödənilməsi və abonent kimi cavabdeh tərəfindən qeydiyyata alınmağımla bağlı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **********00009 saylı abunə kodu olan sayğac üzrə yaranmış borcun ona aid olmamasının müəyyən edilməsi, onunla ünvan 1 ünvanı üzrə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçıya məxsus Bakı şəhərinin Yasamal rayonu,Yeni Yasamal-2 küçəsindəki 10 nömrəli evin 9 nömrəli mənzili 1998-ci ilin əvvəlindən 2022-ci ilin iyul ayına qədər Zəngilan rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilmişdi. Onların çıxarılması haqqında Yasamal rayon məhkəməsinin 2011-ci ilin martın 30-da qəbul etdiyi qətnamə icra olunmamışdı. Onlar 2022-ci ilin iyulun 23-də işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə (öz yurdlarına) qaytarılmışlar. Yalnız bundan sonra Yasamal rayon icra şöbəsi xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam vermişdir. Limitdən artıq elektrik enerjisi istifadə etmiş məcburi köçkünlərin xx.xx.2016-cı ilədək mövcud olmuş 2275,81 manat borcu indiyədək ödənilməmiş qalmışdır, yaxud da dondurulmuşdur. Həmin tarixdən sonra Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi ilə əlaqədar Respublika Prezidentinin xx.xx.2017-ci il tarixli 1206 nömrəli fərmanına əsasən elektrik enerjisindən istifadəyə görə onlara aylıq yardım verilirdi. X8, X2 oğlu, X9 və başqaları onun mənzilində məskunlaşsalar da "xxxx" əmkdaşlarının səhvi üzündən qonşu mənzildə məskunlaşmış Gülbəniz Abbasova adlı başqa bir məcburi köçkün abonent qismində qeydə alınmışdır. Qətnamə qəbul ediləndən sonra onun mənzilində yaşayan məcburi köçkünlərin tərkibi onların qohumları hesabına dəyişmişdir. (Son anda çıxarılanlar- X4, X6, X3, X12, X7). Asan xidmətə abonent kimi qeydiyyata alınmağı barədə müraciət edəndə ondan məcburi köçkünlərə aid olan 2275,81 manat borcun ödənilməsini tələb etdilər. Azərışıq ASCyə də eyni məzmunlu xahişlə (tələblə) müraciət etmiş, Azərişıq ASC xx.xx.2022-ci il tarixli 0199/Ə-756/6643 nömrəli məktubla xahişini rədd etmişdir. O, mülkiyyətçisi olduğu mənzildə yaşamamış və yaranmış 2275,81 manat borca görə orada faktiki yaşamış məcburi köçkünlər məsuliyyət daşıyırlar. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Onun isə Azərişıqla, yaxud onun qurumları ilə hər hansı müqaviləsi yoxdur. Bu iddianı əvvəlcə Nəsimi Rayon Məhkəməsində qaldırmışdır. 2(006)-3465/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla (hakim Ramin Xəlilov) işin inzibati məhkəməyə aid olduğu vurğulanmaqla iddiaya baxılması mümkünsüz hesab edilmişdir. Bakı inzibati məhkəməsinə üz tutmuş, 2-1(112)-4222/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla iddianın ümumi məhkəməyə aid olması səbəbindən mahiyyəti üzrə baxılmasından imtina olunmuşdur. Şikayət etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1830/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə ilasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının hal-hazırda belə iddia qaldırmağa hüququ yoxdur. 2275 manat dondurulmuş borcdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-1934/2011 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər X2, X9,X8 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal- 2 küçəsi 10 saylı evin 9№-li mənzilindən çıxarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-1934/2011 saylı qətnaməsi xx.xx.2011-ci il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-1934/2011 saylı qətnaməsi icra olunduğu üçün icraata xitam verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 240625 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal- 2 küçəsi 10 saylı evin 9№-li mənzilinin mülkiyyətçisi İddiaçıdur. Abunə haqqından sənəddən (abonentin saldosundan) görünür ki, **********00009 saylı abunə kodu üzrə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal- 2 küçəsi 10 saylı evin 9№-li mənzilinə 1842,13+433,68=2275,81 manat borc yazılmışdır. Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, **********00009 nömrəli kod üzrə elektrik enerjisi hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 433.68 manat məbləğində borcun xx.xx.2006-cı il tarixinə qədər fərdi yaşayış evində məcburi köçkün limitindən artıq istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəriolduğu müəyyənləşdirilmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında AR Prezidentinin Fərmanına qədər sözügedən yaşayış sahəsində məcburi köçkün limitindən artıq istehlak edilmiş 1842.13 manat məbləğində elektrik enerjisinin dəyərinə xx.xx.2016-cı il tarixində kompüter məlumatlar bazasında düzəliş edilmişdir. Göstrilən məbləğin ödənişi abonentdən Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Tətbiq edilən hüquq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən edən istehlakçı məişət abonenti (əhali) hesab olunur. 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 4.1-ci bəndinə əsasən əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.2-1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal- 2 küçəsi 10 saylı evin 9 nömrəli mənzilinə dair verilmiş abunə koduna "xxxx" ASC tərəfindən 2275,81 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında sənəddən, xx.xx.2022-ci il tarixli məktubdan, eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, həmin borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmiş, yəni dondurulmuşdur. Bu borcun ödənilməsi isə yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya borcun olmamasına dair arayış verilərkən tələb olunur. Göründüyü kimi həmin borc iddiaçıya aid olmamaqla, bundan əvvəl onun mənzilində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisindən limitdən artıq istehlak etməsi nəticəsində yaranmışdır. İddiaçı mənzilinə elektrik enerjisi verilişi ilə əlaqədar "xxxx" ASCyə müraciət etsə də, həmin sayğacda olan, iddiaçıya aidiyyəti olmayan borc məbləğinin ödənilməsi iddiaçıdan tələb olunduğundan, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda daha əvvəlki illərə aid olan borca görə mülkiyyətçiyə (hazırkı istehlakçıya) münasibətdə hüquqların rəsmiləşdirilməsindən imtina edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçı olmalıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamaq və abonent kodunu real istehlakçının adına dəyişdirmək vəzifəsi daşıyır. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, **********00009 saylı abunə kodu olan sayğac üzrə yaranmış borcun İddiaçı aid olmaması müəyyən edilməli, İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********00009 saylı abunə kodu olan sayğac üzrə yaranmış borcun İddiaçı aid olmaması müəyyən edilsin. İddiaçı ilə ünvan 2 ünvanı üzrə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar