Məhkəmə qərarları › İş №e-2(006)-4160/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4160/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4160/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixli müqavilələlərə əsasən X4 13 komputer və İpad Air 5 Wifi almış və nəticədə 6083 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3809,04 manat, (24 ay x 158,71 manat + 0 manat ilkin ödəniş) olan X4 13 komputer üçün ümumilikdə 3627,28 manat olmaqla ondan 2792,08 manat ödənilməmiş hissə, 663,8 manat dəbbə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2284,92 manat (18 ay x 126,94 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu SYWJT2Q22YP İpad Air 5 Wifi üçün ümumilikdə 2740,72 manat olmaqla, ondan 2097,92 manat ödənilməmiş hissə, 529,2 manat dəbbə borcu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1203,96 AZN təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X4 13 komputer üçün 2792,08 ödənilməmiş hissə, 663,8 AZN dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu SYWJT2Q22YP İpad Air 5 Wifi üçün 2097,92 AZN ödənilməmiş hissə, 529,2 AZN dəbbə, ümumilikdə 6083 AZN borc, 80,83 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir.

5. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC X4 13 komputeri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 158,71 AZN ödəməyi öhdəsinə götürmüşdür.

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02651978 saylı müqavilədən görünür ki, "xxxx" MMC İpad Air 5 Wifi Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 126,94 AZN ödəməyi öhdəsinə götürmüşdür.

17. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 2792,08 AZN ödənilməmiş hissə, 663,8 AZN dəbbə pulu, xx.xx.2022-ci il tarixli, 02651978 saylı müqavilə üzrə 2097,92 AZN ödənilməmiş hissə, 529,2 AZN dəbbə pulu olmaqla, ümumilikdə 2627,12 AZN borcu vardır.

18. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19 Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, 02651978 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC X4 13 komputeri və İpad Air 5 Wifi Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

21. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

22. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

23. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

24. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Hazırkı halda məhkəmə cavabdehin rəsmi iş yerinin olmamasını, cərimənin əsas borca mütənasibliyini nəzərə alaraq hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 150 AZN, xx.xx.2022-ci il tarixli, 02651978 saylı müqavilə üzrə 150 AZN məbləğində müəyyən edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 80,83 AZN (səksən manat, səksən üç qəpik) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.

30. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 2792,08 AZN (iki min yeddi yüz doxsan iki manat, səkkiz qəpik) ödənilməmiş hissə, 150 AZN (bir yüz əlli) dəbbə pulu, xx.xx.2022-ci il tarixli, 02651978 saylı müqavilə üzrə 2097,92 AZN (iki min doxsan yeddi manat, doxsan iki qəpik) ödənilməmiş hissə, 150 AZN (bir yüz əlli) dəbbə pulu olmaqla, ümumilikdə 5290 AZN (beş min iki yüz doxsan) məbləğində borc və 80,83 AZN (səksən manat, səksən üç qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 2792,08 AZN (iki min yeddi yüz doxsan iki manat, səkkiz qəpik) ödənilməmiş hissə, 150 AZN (bir yüz əlli manat) dəbbə pulu, xx.xx.2022-ci il tarixli, 02651978 saylı müqavilə üzrə 2097,92 AZN (iki min doxsan yeddi manat, doxsan iki qəpik) ödənilməmiş hissə, 150 AZN (bir yüz əlli manat) dəbbə pulu olmaqla, ümumilikdə 5190 AZN (beş min yüz doxsan) məbləğində borc və 83,80 AZN (səksən manat, səksən üç qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar