Məhkəmə qərarları › İş №e-2(006)-4233/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4233/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4233/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı «***» MMC-nin cavabdeh A.S.A. qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «***» MMC cavabdeh A.S.A. qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh A.S.A. qızı «***» MMC ilə xx.xx.2023-cü il tarixində STN14-2230 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından A.S.A. qızı 588 manat dəyərində LG markalı mikrodalğalı soba və Bosch markalı tozsoran almışdır. Müqavilə ilkin ödənişsiz, 18 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 588 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 33 manat ödəniş etməli idi. Cavabdeh cəmi 68 (altmış səkkiz) manat ödəniş etmişir. Qalıq borcu – 520 manat təşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2023-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 80 manat təşkil edir. STN14-2230 saylı alqı-satqı müqavilə üzrə 520 manat əsas borc, 80 manat dəbbə pulu və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə «***» MMC-yə cavabdeh tərəfindən 630 (altı yüz otuz) manat ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. *** MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, A.S.A. qızından 520 manat məbləğində əsas borc, 80 manat məbləğində dəbbə pulu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilə birlikdə 630 (altı yüz otuz) manat məbləğində borcun tutulub iddiaçı «***» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı eyni zamanda müraciət edərək artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdeh A.S.A. qızı ilə “***” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, “Texnoplus” mağazasından A.S.A. qızı 588 manat dəyərində LG markalı mikrodalğalı soba və Bosch markalı tozsoran almışdır. Müqavilə 0 manat ilkin ödəniş, 18 aylıq ödəmə şərtilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, STN14-2230 saylı müqavilə üzrə ödənilməli borc məbləği 588 manat, aylıq ödəniş 33 manat, ödənilmiş məbləğ 68 manat, ödənilməmiş əsas borc məbləği 520 manat, cərimə üzrə borc məbləği 80 manat təşkil edir. xx.xx.2023-cü tarixli təhvil-təslim aktlarından görünür ki, LG markalı mikrodalğalı soba və Bosch markalı tozsoran A.S.A. qızı tərəfindən təhvil alınmışdır. «***» MMC tərəfindən A.S.A. qızına ünvanlanmış pretenziya məktubundan görünür ki, borc barədə cavabdehə xəbərdarlıq edilmişdir. Hökümət ödəniş portalı vasitəsilə ödənilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı «***» MMC tərəfindən hazırkı iddia ilə bağlı dövlət büdcəsinə 300 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «***» MMC ilə A.S.A. qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən «***» MMC LG markalı mikrodalğalı sobanı və Bosch markalı tozsoranı cavabdeh A.S.A. qızına satmış, cavabdeh A.S.A. qızı alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «***» MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə LG markalı mikrodalğalı soba və Bosch markalı tozsoran üçün 520 manat ödənilməmiş əsas borc, 80 manat cərimə borcu olmaqla, cəmi 600 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023cü tarixli müqavilələr üzrə cəmi 30 manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə, dövlət rüsumun artıq ödənilmiş hissəsinin geri qaytarılması ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci və 114.2-ci maddələrinin tələbinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi ilə bağlı 30 manat dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən dövlət büdcəsinə səhvən 300 manat dövlət rüsumu ödənildiyi üçün, dövlət rüsumunun artıq ödənilmiş hissəsi olan 270 manat pul dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh A.S.A. qızından xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 520 (beş yüz iyirmi) manat əsas, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 550 (beş yüz əlli) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 580 (beş yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı «***» MMC-yə verilməli, dövlət rüsumu olaraq artıq ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsindən iddiaçı «***» MMC-yə geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 114.1.1, 119.1, 216- 220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh A.S.A. qızından xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 520 (beş yüz iyirmi) manat əsas, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 550 (beş yüz əlli) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 580 (beş yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı «***» MMC-yə verilsin. Dövlət rüsumu olaraq artıq ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsindən iddiaçı «***» MMC-yə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar