Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4266/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus **********20120 saylı abonent koduna hesablanmış 2634,6 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ evi mülkiyyət hüquqları ilə ona məxsusdur. Həmin bağ evində yay vaxtı ailə üzvləri ilə birlikdə yaşayırlar və sərf edilmiş elektrik enerjisinə görə vaxtı-vaxtında ödənişlər edir. Onlar bağda olmadıqları zaman, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona məxsus bağda (hasardan çöldə) elektrik enerjisinin verilməsi üçün quraşdırılmış **********20120 abonenet kodlu sayğacı açıb aparıblar və buna dair 822739 saylı protokol tərtib edilib. xx.xx.2024-cü il tarixli 822739 saylı protokolda qeyd edilir ki, “Sayğacın alt qapaq möhürü şübhəlidir (müdaxilə), sayğac labaratoriya şəraitində yoxlanılsın və rəy verilsin”. Sonradan yəni xx.xx.2024-cü il tarixdə sayğaca labaratoriyada baxış keçirilmiş və “sayğacın 481466 nömrəli alt qapaq möhürü pozulub, sayğacın dövlət möhürü normaldır. Sayğac normal buraxılan xəta işə işləyir. Aktda göstərilən qüsur yerində aşkar edildi” məzmunda rəy tərtib edilmişdir. Nəzərə çatdırır ki, sayğac açılarkən və labaratoriyada baxış keçirilərkən onun iştirakı təmin edilməmiş, akt və rəyi sonradan onun təkidi ilə telefon vasitəsilə ona göndəriblər. Hazırda ona bəlli olub ki, sayğacda aşkar edilmiş qüsura görə cavadeh tərəfindən 2634.6 (iki min altı yüz otuz dörd manat, altımış qəpik) borc yazılıb. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, ev sahibinə məlumat, xəbərdarlıq etmədən, onun iştirakı olmadan sayğaca baxış keçirilmişdir. İddiaçı tərəfindən də sayğaca hər hansı müdaxilə olmayıb. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə əraziyə baxış keçirilən zaman akt tərtib edilmişdir. Sayğaca baxış keçirilən zaman alt qapağında müdaxilə izləri aşkar edilmişdir. Baxış keçirilən müddətdə abonentin tanışı yaxınlaşmışdı. Mühafizəçi idi və abonenti tanıyırdı. Ona zəng etdi və vəziyyət ona izah olunandan sonra bildirdi ki, xəstə olduğu üçün gələ bilmir. Bundan sonra sayğaca baxış keçirildi və müəyyən olundu ki, aşağı qapağa müdaxilə olunmuşdur və sayğac qismən dövriyədən kənarlaşdırılmışdır. İş materialları: "xxxx" ASC-nin abunə haqqında vərəqəsindən müəyyən edilir ki, ünvan 2 ünvanı üzrə **********20120 №li abunə kodunun abonenti İddiaçı qeyd edilmişdir. "xxxx" ASC-nin Texniki Departamentinin Laboratoriya İdarəsinin Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 000163 nömrəli xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, A310883213 nömrəli 3 fazlı sayğac laboratoriya yoxlamasından keçmişdir.Sayğacın 481466 nömrəli alt qapaq möhürü pozulub. Sayğac dövlət möhürü normaldır.Sayğac normal buraxılan xəta ilə işləyir. Aktda göstərilən qüsur yerində aşkar olundu. "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli 000163 nömrəli aktının və 822739 nömrəli protokolun surətindən görünür ki, Bakı şəhəri, Nardaran qəsəbəsi,Bağlar 2322 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacının alt qapaq möhüründə müdaxilə izləri var. SQ və UN idarəsinin əməkdaşı tərəfindən alt qapaq möhürü açıldı və məlum oldu ki, sayğacın A faza giriş və çıxış xətləri eyni adlı yuvada birləşdirilərək sayğav dövriyədən kənarlaşdırılmışdır. Ölçmə zamanı A fazasında yük yox idi. A fazasını qidalandıran kənarlaşdırılmış naqilin en kəsiyi 1x16 mm² (alüminium) Ölçmə anında B fazasından 1,7 A yük axırdı. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər adlı sənədindən müəyyən edilir ki, Nardaran, Bağlar ərazisində aşkarlanmış qüsurlara əsasən 1412kvts:26 günx365 gün)- 3029kvts=16793 kvts, Tarif: (0,13 man) – 16793kvtsx0,13=2183,09 manat hesablanaraq sayğacın dəyişdirilməsi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş abonent saldosuna əsasən ona 2183,09 manat cərimə hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, akt tərtib edilərkən İddiaçı iştirak etməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunması cavabdeh qurum – "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən yazılmış 2183,09 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir. İddia tələbində göstərilən 2634,6 manat məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən şəxsə hesablanmış cərimə 2183,09 manat təşkil edir və odur ki, tələb yalnız bu həddə əsaslı hesab edilə bilər. Bu məbləğlər arasındakı fərqin əsassız hesab edilməsinə dair heç bir sübut və fakt məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********20120 abunə kodu üzrə hesablanmış 2183,09 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar 2322, mənzil 0120 ( **********20120 Abunə kodu) üzrə hesablanmış 2183,09 (iki min yüz səksən üç manat doqquz qəpik) manat cərimə borcu silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4266/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4266/2024
24.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver