Məhkəmə qərarları › İş №e-2(006)-4298/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4298/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4298/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** saylı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən «KİA Rio» markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində ** NU *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz 320» markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə TP seriyalı ******* saylı qərar qəbul olunmuşdur. «Mercedes Benz 320» markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 900 manat ödəniş verilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bununla da, sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək, nümayəndələrinin üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini, iddianı müdafiə etdiklərini bildirmiş və məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - Tərəflər arasında 25 avqust 2021-ci il tarixdə 12 ay müddətinə qüvvədə olan PAZ********** saylı icbari sığorta müqaviləsi bağlanmışdır. «KİA Rio» markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari qaydada sığorta edilmişdir. Əmlaka vurulan ziyana görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə 5.000 manat sığorta məbləği nəzərdə tutulmuşdur. - Cavabdeh 23 aprel 2022-ci il tarixdə saat 02.18-də Bakı şəhəri Nəsimi rayonu ərazisində «KİA Rio» markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti qaydaları»nı pozmuş, yol-nəqliyyat hadisəsi törətmiş, ** NU *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz 320» markalı avtomobillə toqquşmuş, sonuncu avtomobilə zərər vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. - Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə AP seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında isə xx.xx.2022-ci il tarixli inzibati tənbeh verilməsinə dair TP seriyalı ******* saylı elektron qərar çıxarılaraq, Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən 100 manat cərimə edilmişdir. - ** NU *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz 320» markalı avtomobil vurulmuş zərər xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatına əsasən cəmi 900 manat təşkil etmişdir. Bu məbləğdən 400 manatı ehtiyat hissələrinin alınmasına, 500 manat isə təmir işlərinin aparılmasına görə hesablanmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 900 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxs X1 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. - Sığorta şirkəti tərəfindən 900 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Göründüyü kimi, zərərin aradan qaldırılması üçün ödənilən 900 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququ iddiaçıya məxsusdur (subyektiv hüquq). İşin faktiki hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsi barədə cavabdehə məlumat verilmiş, sığorta ödənişinin subroqasiya qaydasında iddiaçıya ödənilməsi tələb edilmiş, lakin sığorta ödənişi bu günə kimi iddiaçıya ödənilməmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə iclasında təsdiq olundu ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu törədilmişdir, cavabdeh törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borclu olduğundan, 900 manat sığorta ödənişi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, dəymiş ziyana görə 900 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Dəymiş ziyana görə 900 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh (subroqasiya qaydasında) iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar