Məhkəmə qərarları › İş №e-2(006)-4327/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4327/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4327/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 5682 (beş min altı yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş alqı-satqı qiyməti 5162.98 (beş min yüz altmış iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 274.61 manat + 220 manat ilkin ödəniş) olan İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 5682 (beş min altı yüz səksən iki) manat olmaqla ondan, 4942.98 (dörd min doqquz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 739.02 (yeddi yüz otuz doqquz manat iki qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 220 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, Apple Adapter üçün 4942.98 (dörd min doqquz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 739.02 (yeddi yüz otuz doqquz manat iki qəpik) manat dəbbə, ümumilikdə 5682 (beş min altı yüz səksən iki) manat borc, 76.82 (yetmiş altı manat, səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli, 10743586№-li alğı-satqı müqaviləsinin əlavəsindən görünür ki, alğı-satqı qiyməti 5162.98 (beş min yüz altmış iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 274.61 manat + 220 manat ilkin ödəniş) olan İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, Apple Adapter üçün ümumilikdə, 5682 (beş min altı yüz səksən iki) manat olmaqla ondan, 4942.98 (dörd min doqquz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 739.02 (yeddi yüz otuz doqquz manat iki qəpik) manat dəbbə borcu yaranmışdır. -xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, iphone 14 pro max markalı telefon, apple adapterın aylıq ödənişi 274.61 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mövcud müqavilənin 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün götürdüyü malların iddiaçıya tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı olduğu bildirilmiş, bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Ödənilmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə əvvəlcədən xəbərdar edilmişdir. -xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 76.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, 10743586№li alğı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıdan iphone 14 pro max markalı telefon, apple adapter almış, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bununla bağlı olaraq cavabdehdən aldığı malın saz və korlanmamış vəziyyətdə geri qaytarılması tələb edilmiş, bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə cəmi 5682 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alğı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mövcud müqavilə üzrə alğı-satqı qiyməti 5162.98 (beş min yüz altmış iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 274.61 manat + 220 manat ilkin ödəniş) olan İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 4942.98 (dörd min doqquz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borcu tələb etməkdə haqlıdır və buna görə 4942.98 (dörd min doqquz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış olan İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 739.02 (yeddi yüz otuz doqquz manat, iki qəpik) manat məbləğində cərimənin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 70 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 76.82 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizini təşkil edir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.82 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********83940 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün, 4942.98 (dörd min doqquz yüz qırx iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu, Ümumilikdə, 5012,98 (beş min on iki manat, doxsan səkkiz qəpik) manat borc və 76.82 (yetmiş altı manat, səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar