Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4334/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “X5 Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və iddiaçıya təyin edilmiş 8172 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Baləli oğlunun mülkiyyətində ünvan 1 ünvanında yerləşən qeyri-əhali kateqoriyasında qeydiyyatda olan obyekt var. Su təchizatı xidmətindən istifadə ilə bağlı xx.xx.2019-cu il tarixində iddiaçı ilə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən onun obyektinə xx.xx.2019-cu il tarixində 193572 nömrəli, Smart CSS markalı su sayğacı quraşdırılmışdır. İddiaçı su təchizatı xidmətindən yalnız müqavilə və sayğac göstəricilərinə uyğun olaraq istifadə etmiş və bütün ödənişlər vaxtında aparmışdır. Eyni zamanda, iddiaçının VÖEN-i olmamışdır. xx.xx.2023-cü il tarixində iddiaçının məlumatı olmadan ona qanunsuz olaraq 8172 manat məbləğində sudan qanunsuz istifadə etməsi barədə akt tərtib edilmişdir. İddiaçı cavabdehə müraciət etmiş və ona cavabdeh qurum tərəfindən xx.xx.2025-ci il tarixli abonent haqqında məlumat sənədi təqdim edilmiş və müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə əsassız olaraq 8172 (səkkiz min yüz yetmiş iki) manat borcu vardır. Bu borcun hesablanması tamamilə qanunsuzdur, çünki cavabdeh tərəfindən iddiaçı ilə heç bir araşdırma aparılmadan, birtərəfli qaydada akt tərtib edilmiş, lakin həmin akt iddiaçıya təqdim edilməmiş və onun tərtib olunmasından xəbərdar edilməmişdir. Qanunvericiliyə görə, akt tərtib edilərkən istehlakçının iştirakı təmin olunmalı və ona surəti təqdim edilməlidir. Lakin cavabdeh bunu etməmişdir. Cavabdehin hesab etdiyi borcun hüquqi əsası yoxdur, çünki sayğac göstəricilərinə uyğun istifadə olunmuş suyun dəyəri tam ödənilmişdir, əlavə “qanunsuz istifadə” faktı sübut edilməmişdir. Beləliklə, cavabdehin tərtib etdiyi akt qanunsuz, əsassız və istehlakçı hüquqlarını pozan hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh “X5 Xidməti” PHŞ və iddiaçının vəkili-nümayəndəsi Vəkil ərizələr ilə müraciət edərək, iş üzrə cavabdehin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, mübahisələndirilən cərimə məbləğinin hansı göstəricilərə əsasən hesablanması naməlumdur. Müvafiq idarə tərəfindən məhkəmə sorğusuna verilən cavabdan da görünür ki, bu barədə akt və videogörüntülər mövcud olmamışdır. Halbuki, cərimə yazılması üçün ilk öncə bu barədə akt tərtib olunaraq bir nüsxəsi iddiaçıya da təqdim edilməli idi. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh təşkilat borcun silinməsi ilə bağlı heç bir tədbir görə bilməyəcəklərini, bunun üçün məhkəməyə müraciət etməli olduğunu ona bildirmişlər. Cərimənin yazılması üçün heç bir qanuni əsas müəyyən edilmədiyindən, iddianın təmin edilərək cərimənin silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 nümayəndəsi X2 iddianı qəbul etməyib bildirdi ki, Bağlar Sukanal İdarəsinin mühəndisi iddiaçıya məxsus torpaq sahəsində qeyri-qanuni xətt aşkar olunduğuna görə hazırda mübahisələndirilən cərimənin yazıldığını ona demişdir. Akt tərtib olunmadan cərimə tətbiq edilmədiyini, lakin bu cərimə ilə bağlı aktın hazırda onlarda mövcud olmadığını əlavə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0538 ha torpaq sahəsi xx.xx.2014-cü ildən İddiaçı mülkiyyətindədir. Abonent haqqında məlumat adlı sənəddən və müvafiq rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, İddiaçı adına olan 135193 nömrəli abunə kodunda 8.172 manat məbləğində borc mövcuddur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Bağlar Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 135193 abonent kodu ilə qeyri-əhali kateqoriyası üzrə qeydə alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 8.172 manat məbləğində borcun idarədə aktları və videogörüntüləri mövcud deyildir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi sudan istifadəyə görə qeyriəhali kateqoriyası üzrə 135193 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Həmin abunə koduna 8.172 manat məbləğində borc yazılsa da, borcun yazılmasına əsas olmuş akt iddiaçıya təqdim edilməmişdir. Belə olan halda iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, aktın ləğv edilməsi və borcun silinməsini tələb etmiş, məhkəmə araşdırmaları zamanı Bağlar Sukanal İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə həmin borcun idarədə aktları və videogörüntülərinin mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, aktın ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, mübahisələndirilən cərimənin yazılmasına əsas verən aktın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməlidir. Belə ki, cavabdehin yalnız qanuna müvafiq surətdə tərtib etdiyi və bir nüsxəsini iddiaçıya təqdim etdiyi akt əsasında yazılmış cəriməni iddiaçıdan tələb etmək hüququ vardır. Hazırkı iş üzrə isə mübahisələndirilən cərimə məbləği ilə bağlı belə bir aktın mövcudluğu müəyyən edilmədiyindən, həmin cərimənin iddiaçının adına olan abunə kodunda qalması onun istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə hazırkı iddia təmin edilməli, İddiaçı adına olan 135193 nömrəli abunə koduna yazılmış 8.172 manat məbləğində cərimə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən silinməlidir. d) Tətbiq edilən hüquq və gəlinən nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 3.1-ci bənd. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək. 5.1-ci bənd. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı adına olan 135193 nömrəli abunə koduna yazılmış 8.172 (səkkiz min bir yüz yetmiş iki) manat məbləğində cərimə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən silinməlidir. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına olan 135193 nömrəli abunə koduna yazılmış 8.172 (səkkiz min bir yüz yetmiş iki) manat məbləğində cərimə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №e-2(006)-4334/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4334/2025
26.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver