Məhkəmə qərarları › İş №e-2(006)-4388/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4388/2022

20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4388/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı Hashemi Maryamin iştirakı ilə İddiaçı Hashemi Maryamin Cavabdeh MMC-yə qarşı ("xxxx" MMMC ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul və s.» tələbinə dair ilk iddiası; Cavabdeh MMC-nin Maryam Hashemiyə qarşı «borc» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hashemi Maryam Cavabdeh MMC-yə qarşı «müqavilənin təqdim edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkəti ilə Abu Arena kompleksi idarəetməsi (yaşadığı binanın) barədə bağlanmış müqavilənin şirkət tərəfindən ona təqdim olunması; Cavabdeh şirkətinin ona vurduğu maddi və mənəvi ziyanlara görə 1.000 manatın şirkətdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 oktyabr 2022-ci il tarixdə iddiaçı Hashemi Maryam Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın rədd edilməsi; Cavabdeh şirkətinin təqdim etdiyi müqavilənin ləğv edilməsi; Cavabdeh şirkətindən ona vurduğu maddi və mənəvi ziyana görə 5.000 manat və 90 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 03 noyabr 2022-ci il tarixdə iddiaçı Hashemi Maryam Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilənin, ona qoşulan etibarsız və qeyri-qanuni əlavələrin ləğv edilməsi; Cavabdeh şirkətinin 3 il müddətində ondan aldığı qeyri-qanuni əlavə kommunal xərclərin, 19 gün özbaşınalıq nəticəsində isti suyu kəsməklə və həmçinin vurduğu maddi və mənəvi ziyana görə 5.000 manatın Cavabdeh şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14 noyabr 2022-ci il tarixdə iddiaçı Hashemi Maryam Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ilk iddia tələbinin artırılması və dəyişdirilməsinin 3-cü səhifəsində son abzasının 1-ci bəndində müqavilənin tarixi səhv qeyd olunmuşdur. Bu səbəbdən, xx.xx.2019-cu il tarixli müqavilə, ona qoşulan etibarsız və qeyri-qanuni əlavələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15 noyabr 2022-ci il tarixdə iddiaçı Hashemi Maryam Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə (məktub) ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın rədd edilməsi; xx.xx.2019-cu il tarixli müqavilənin, ona qoşulan etibarsız və qeyri-qanuni əlavələrin ləğv edilməsi; Cavabdeh şirkətinin 3 il müddətində ondan aldığı qeyri-qanuni əlavə kommunal xərclərin, 19 gün özbaşınalıq nəticəsində isti suyu kəsməklə və həmçinin vurduğu maddi və mənəvi ziyana görə 5.000 manatın Cavabdeh şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 noyabr 2022-ci il tarixdə iddiaçı Hashemi Maryam Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın rədd edilməsi; xx.xx.2019-cu il tarixli müqavilə, ona qoşulan etibarsız və qeyriqanuni əlavələrin ləğv edilməsi; Cavabdeh şirkətinin 3 il müddətinə ondan aldığı qeyriqanuni əlavə kommunal xərclər (qeyd etdiyi cədvələ əsasən) - 2.131 manat 12 qəpiyin maddi ziyan kimi qaytarılması; 19 gün qeyri-qanuni və özbaşınalıq nəticəsində isti suyunun kəsilməsinə görə 1.000 manat vurduğu maddi və mənəvi ziyana görə cavabdehdən onun xeyrinə tutulması; təqdim etdiyi tibbi sənəd və materiallara, yaşadığı stress və iztirablara əsasən sağlamlığına dəymiş maddi və mənəvi ziyan üçün 1.800 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC Maryam Hashemiyə qarşı «borc» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, Maryam Hashemidən xx.xx.2022-ci il tarixdən aylıq 177 manat 60 qəpik olmaqla, hazırda cəmi 1.420 manat 70 qəpik borcun və 31 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hashemi Maryam iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən Azərbaycan Respublikasında investor kimi yaşayır, 2008-ci ildən «Abu Arena» yaşayış kompleksinin sakinidir. 2018-ci ildən «Rahat Yaşam» şirkəti «Abu Arena» kompleksinin idarəetməsini, (kommunal və digər xidmətlər) göstərilməsini öz öhdəsinə götürmüşdür. Hal-hazırda həmin şirkət adını dəyişib və Cavabdeh adlanır. Təqdim etdiyi qoşmalara əsasən (qoşma 2 və 3) dəfələrlə etirazını binanın idarəedilməsi və sonuncuların səhlənkarlığı nəticəsində ona dəyən ziyanlar barəsində müraciət etməklə, məktub göndərməklə və telefon vasitəsilə Cavabdeh şirkətinə və bu şirkətin binada olan nümayəndə və nəzarətçisinə bildirmişdir. Çox təəssüf ki, Cavabdeh şirkəti onun etiraz və şikayətlərini nəzərə almamış və bu şirkətin səhlənkarlıq və məsuliyyətsizliyi nəticəsində yaşadığı evə dəfələrlə maddi ziyan dəymişdir. Hətta dəfələrlə onun müraciəti olan və sonunculardan şirkətin rəhbəri və ya məsul şəxsi ilə vaxt təyin edilməsinə də etinasız yanaşmış və cavabsız qoymuşlar. Cavabdeh şirkətinin səhlənkarlıq və məsuliyyətsizliyinə əsasən 2022-ci ilin yanvar ayından kommunal ödənişini dayandırmışdır və şirkətdən görüş üçün vaxtı təyin etməsini istəmişdir. Şirkət bu istəyin qarşısında xx.xx.2022-ci ildə (qoşma 1) 3 vərəqli məktub göndərmişdir. Bu məktubda şirkət onun etirazlarını yenidən cavabsız qoyaraq, ancaq kommunal ödənişi tələb etmiş və bildirilmişdir ki, ödənilmədiyi təqdirdə onun mənzili üçün kommunal xidmətlər dayandırılacaq. xx.xx.2022-ci ildə yenidən onun mənzilində şirkətin səhlənkarlığı nəticəsində problem yaşanmış və xx.xx.2022-ci ildə (qoşma 3) şirkətə məktub göndərmişdir. Çox təəccüblü haldır ki, şirkət üzr istəmək və məsuliyyətli yanaşmaq əvəzinə xx.xx.2022-ci ildə mənim yaşadığı mənzilin isti suyunu dayandırmışdır. Şirkətin bu qanunsuz hərəkətinə cavab olaraq pretenziya məktubu göndərmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, bu şirkətin onunla müqaviləsi yoxdur və bu hərəkətləri (isti suyun kəsilməsi) qanunsuz hərəkətdir. Pretenziya məktubunu və orada yazılan möhlətə səhlənkar yanaşaraq, bu günə kimi isti suyun dayandırılması davam edir. Bu səbəbdən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Sonradan təqdim edilmiş ərizədə iddiaçı qeyd etmişdir ki, ilk iddia ərizəsində xahiş etmişdir ki, Cavabdeh şirkətinin Abu Arena kompleksi idarəetməsi (yaşadığı binanın) barədə bağlanmış müqavilə şirkət tərəfindən ona təqdim olunsun. Cavabdeh şirkətinin ona vurduğu maddi və mənəvi ziyanlara görə 1000 manat şirkətdən alınıb ona verilsin. xx.xx.2022-ci il tarixdə Cavabdeh şirkəti qarşılıqlı iddia ərizəsinin qoşmalarında müqavilə və ona aid olan əlavələri məhkəməyə təqdim etmişdir. Müqavilə və onun əlavələri ilə tanış olduqdan sonra bu müqavilənin, müqaviləyə əlavələrin qeyri-qanuni tənzim olunmasının şahidi olmuşdur. Xülasə olaraq müqavilə və onun qoşmalarına iradını və qeyri-qanuni tənzim olunmalarını məhkəmənin nəzərinə çatdırır. Bu müqavilədə idarə heyətinin sədri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 127.3-cü maddəsinə istinadən 2 il müddətinə seçilib, lakin sözügedən müqaviləni 5 il müddətində qüvvədə olmasını imzalamışdır. "xxxx" MMMC-nin nizamnaməsində belə bir qanunsuz hərəkətə yol verilməyib. Bu müqavilənin əlavə 1 qoşmasında tərəflər (icraçı, sifarişçi) kompleksin kommunal məbləğini artırıblar və sərahətən etiraf edirlər ki, "xxxx" MMMC-nin və Cavabdeh şirkətinin razılığı ilə bu qərar qəbul və icra olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 125.2 və 125.3-cü maddələrə əsasən əlavə 1-də qeyd olunan qərar birmənalı olaraq qanuna ziddir və 3 il müddətinə Abu-Arena kompleksində icrası qeyriqanunidir. Sözügedən müqaviləyə əlavə olunan qoşmalar internetdən çap edilərək və bəzən təcili formada tənzimlənərək bu müqaviləyə qoşulmuşdur. Bu əlavələr (əlavə 2 və 3) tamamilə xanaları boşdur və heç bir məlumat orada yazılmamışdır, bəzən zəruri məlumatlar, hətta təhvil-təslim aktında təhvil verilən və təhvil alınan barəsində heç bir məlumat qeyd olunmamışdır, həmçinin yaşayış kompleksinin məlumatlar xanası tam şəkildə boşdur. Aydındır ki, bu müqavilə və onun qoşmaları heç bir qanuni etibar daşımır və ləğv olunmalıdır. Maraqlı məqam odur ki, həmin müqavilənin 11.4-cü maddəsində qeyd olunub ki, bu müqavilə müvafiq təhvil-təslim aktlarının tam şəkildə tərəflər arasında qarşılıqlı təsdiq edildikdən sonra qüvvəyə minir! Məhkəmənin nəzərinə çatdırdığı iradlar və yuxarıda qeyd etdiyi müqavilədə qeyd olunan 11.4-cü bəndə əsasən müqavilə heç bir zaman qüvvəyə minməyib və sadəcə bir biznes plan şəklində tənzim olunub və Cavabdeh şirkətinin mənafeyini təmin edib. Müqavilənin 8.3-cü bəndində qeyd olunur ki, icraçı - Cavabdeh şirkətinin qoyduğu sərmayə barədə söhbət gedir. Lakin, heç bir əlavə, məlumat, şərh Cavabdeh şirkətinin qoyduğu sərmayəni açıqlamır və təəccüblüsü odur ki, müqavilədə həmin bənddə qeyd olunur ki, "xxxx" MMMC (sifarişçi) əgər bu müqaviləyə xitam vermək istəsə, məcburdur ki, 3 ay ərzində aldığı kommunal xidmətlərin miqdarına əsasən 20 %-i Cavabdeh şirkətinə ödəməlidir. Bu bənd müqavilənin bir biznes planı olmasının bariz sübutudur. Bu müqavilənin təcili və ancaq biznes planı olmasının bariz nümunəsi olması müqavilənin 10-cu bəndində görünür. Bu müqavilə Abu-Arena kompleksində yaşayan sakinlərə xidmət məqsədilə bağlanılmışdır. Müqavilədə məxfiliyin qeyd olunması səhlənkarlığın və diqqətsizliyin nəticəsidir. Digər tərəfdən, öz sağlamlığı barədə qarşılıqlı iddia ərizəsinə materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin nəzərinə çatdırır ki, bu müqavilə və onun qoşmaları ilə tanış olduqdan sonra və 3 il müddətində, xüsusən də 2021-ci ildə keçirdiyi stress, iztirab, gərgin anlar sağlamlığına çox mənfi təsir göstərmişdir. Başa düşmüşdür ki, 3 il ərzində bu şirkət qeyri-qanuni, ondan əlavə pul aldığı halda vəzifələrini yerinə yetirməyib, eyni zamanda birmənalı şəkildə öz mənafeyini nəzərə alaraq bu kompleksdə fəaliyət göstərib, müraciəti dəfələrlə cavabsız qalıb, yaşadığı problemlərə etinasız yanaşıb, ancaq öz mənafeyinə görə çalışıb. Bu halda aldığı əlavə pullar və ona vurduğu mənəvi ziyan, həmçinin sağlamlığını təhlükə altına qoyduğuna görə ilk iddia ərizəsində tələb etdiyi 1000 manat ziyanı artıraraq 5.000 manatı cavabdehdən tələb edir. Daha sonra təqdim edilmiş ərizədə iddiaçı qeyd etmişdir ki, təqdim etdiyi xx.xx.2022-ci il tarixli ilk iddia ərizəsinin artırılması və dəyişdirilməsi müraciətində 1-ci iddia tələbi xx.xx.2019-cu il tarixli müqavilənin ləğvi olmuşdur. Bu müqavilə Cavabdeh şirkəti və "xxxx" MMMC arasında bağlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, bu müqavilə halhazırda şahid olduğu şəraitə görə ləğv olunmuş hesab edilə bilər. Görünən hal odur ki, "xxxx" MMMC 1 aydan çoxdur ki, «Abu-Arena» kompleksini idarə edir. Lakin onun müraciətinin səbəbi maraqlı şəxs kimi (sakin) xx.xx.2019-cu il tarixli müqavilənin qanuni formada ləğv edilməsidir (Bu müqavilə və onun əlavələrinin qeyri-qanuni tənzimlənməsini xx.xx.2022-ci il tarixli etiraz məktubunda məhkəmənin nəzərinə çatdırmışdır). Cavabdeh şirkəti 3 il ərzində sözügedən müqaviləyə istinadən «Abu-Arena» kompleksində (icraçı) kimi fəaliyyət göstərmişdir. xx.xx.2019-cu il tarixli qeyri-qanuni müqavilə və ona əlavə edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrinə zidd olan qoşmaların əsasında, cavabdehin 3 illik fəaliyyəti dövründə səhlənkar, laqeyd və məsuliyyətsiz idarəetməsi nəticəsində şəxsən ona maddi və mənəvi vurduğu ziyanların tələbidir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin (Cavabdeh şirkəti) vəkili dəfələrlə məhkəmə iclasında iddia etmişdir ki, ona maddi və mənəvi dəyən ziyanın səbəbkarı 4-cü mərtəbənin sakinidir və cavabdehə (Cavabdeh şirkətinə) aidiyyatı yoxdur və heç bir məsuliyyət daşımır. Ümid edir ki, təqdim etdiyi qoşmalar və verdiyi məlumatlar, sübutlar bu iddianın rəddinə kömək etsin. İlkin iddia ərizəsinin 2-ci qoşmasında xx.xx.2022-ci il tarixdə Cavabdeh şirkətinə yazdığı məktub və bu məktubda müxtəlif bəndlərdə cavabdehə aid olan vəzifələr və öhdəliklər qeyd olunub ki, ümumiyyətlə Cavabdeh şirkəti bu öhdəliklərinə məsuliyyətsiz və laqeyd yanaşıb. Bu iddialarının bəzi sübutlarını qeyd edir. Vəzifəsinə bələd olmayan və təcrübəsiz bir şəxsi «Abu-Arena» kompleksinə nümayəndə təyin etmək, ərazinin yaşıllığına diqqətsiz yanaşmaq, binanın fasadını və ümumi divarlarını, binanın ərazisini qorumamaq, mənzillərə daxil olan su xəttinin kranlarının çürüməsi, domofonun 3 il təmir olunmaması, Cavabdeh şirkətinin özü qoyduğu qanunlara laqeyd yanaşması və icra etməməsi, dəhlizdəki metlaxların boşalması, birmənalı olaraq yaranan problemlərin həll edilməsi yerinə silinməsi. Xülasə olaraq bu qeyd etdiklərinin 4-cü mərtəbəyə aidiyyatı varmı? Təqdim etdiyi sübutlar, yaşadığı çətin anlar birmənalı Cavabdeh şirkətinin məsuliyyətsiz və laqeyd idarəetməsinin nəticəsidir. 4-cü mərtəbənin ona yaratdığı problemlərin ancaq iki hadisəsi barədə cavabdehə müraciət etmişdir. Birinci hadisə 10 gün binanın fasadı üzərindən onun evinə su axması olub ki, bu hadisənin şərhini qeyd etdiyi məktubda (qoşma) nəzərə çatdırmışdır. Bir hadisə də xx.xx.2022-də olub ki, 12 saatdan çox yenə fasad üzərindən onun evinə su axmışdır və cavabdeh hər iki hadisədə heç bir tədbir görməyərək, məktubunda qeyd etdiyi kimi hətta 1 saat 4-cü mərtəbənin suyunu dayandırmamışdır ki, axan suyun mənşəyi tapılsın. Cavabdeh şirkətinin etdiklərini 4-cü mərtəbəyə aid etmək, məsuliyyətdən boyun qaçırmağın da sübutudur və rədd olunmalıdır. Təqdim etdiyi qoşma (elan) Cavabdeh tərəfindən yaşadığı binanın girişində divara vurulan elanda borclu sakinlərə xəbərdar edir ki, əgər borclarını ödəməsələr su və liftin istifadəsində məhdudiyyətlər olacaq. Lakin məqsədli şəkildə 19 gün onun mənzilinin isti suyunu kəsir. Bu hərəkət ona qəsdən maddi və mənəvi vurduğu ziyanla bağlı iddianın sübutudur. Cavabdeh məqsədli şəkildə ona vurduğu maddi və mənəvi ziyan nəticəsində təqdim etdiyi fayla istinadən səhhətində problemlər yaranmışdır. Təqdim etdiyi qoşmalarda bəzən cavabdehin qeyri-insani və qeyri-qanuni hərəkətlərini qeyd etmişdir, 2019-cu ildən sonra bu şirkətin idarəçiliyi nəticəsində onun problemləri başlamışdır, lakin bir xarici vətandaş olduğuna görə, problemlər, qanunsuzluqlar görmüşdür, göz yummuşdur və susmuşdur, amma kommunal xidmətlər ödənişlərini hər ay vaxtında ödəmişdir. 2021-ci ildə pandemiyadan sonra cavabdehin məsuliyyətsizliyi, qeyri-qanuni hərəkətlərindən yaranan hadisələrin gərgin dövrü idi. Bu dövrdə yaşadığı binanın 1 və 4-cü mərtəbələrində təmir işləri başlanmışdır. Təmir işləri həftəiçi 18:00-dan sonra, tətil hətta qeyri-iş günlərində də gecə saat 22:00-23:00-a qədər davam edirdi. Mütəmadi olaraq, bu dövrdə saat 18:00dan işdən sonra öz evinə getmək onun üçün ağır idi. İstirahət və tətil günlərində məcbur olaraq evdən çıxmalı olurdu. Gecə saatlarında baş verən dözülməz hallarda binanın həyətində mühafizəçilərdən yardım istəyirdi. Bu hallar onda ruhi və cismi sıxıntılara səbəb olmuşdur, şirkət və onun nümayəndəsi hətta özləri qoyduğu qanunu pozurdular hansı ki, saat 18:00-dan sonra və tətil günlərində təmir işləri aparmağa icazə verilirdi və etiraz edəndən sonra da dayandırmırdı. Bu hadisələri qoşma 1-də xülasə şərh etmişdir. Keçirdiyi stress, iztirab, gərgin anlar sağlamlığına mənfi təsir göstərmişdir. Boyun və çiyin nahiyələrində spazma yaratmışdır və bəzən stress nəticəsində səsinin tutulması ilə nəticələnmişdir. xx.xx.2021-ci ildə həkim məsləhətilə MRT-yə müraciət etməli olmuşdur və MRT-nin nəticəsində həkim məsləhət görmüşdür ki, boyun və çiyin müalicəsindən öncə boğaz nahiyəsində yaranmış şübhəli şiş araşdırılsın və müalicə olunsun (qoşma faylı). Cavabdeh yaşadığı binada baş verən hadisələrə, problemlərə, qanunsuz, etinasız, laqeyd, səhlənkar yanaşması səbəbində keçirdiyi aylarla iztirab və stress nəticəsində onun boğazında şübhəli xərçəng xəstəliyinin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən noyabr ayından ödənişləri dayandırmışdır, lakin dekabr ayında mühafizələrdən birinin müraciəti və onun ödəniş etməməyinin sonuncuların bayram qabağı ödənişini gecikdirəcəyini bildirdiyi üçün o, iki aylıq ödənişi etmiş, amma 2022-ci ilin yanvar ayından ödənişi dayandırmışdır. Hal-hazırda da boğazında yaranan şiş müalicə olunur, endokrinoloq həkim tərəfindən bu şişin inkişafının qarşısı müalicələrlə alınır, hər 3 aydan 1 xüsusi analizlər olunur və əgər dəyişiklik olmasa, əməliyyat olunmalıdır. Əminliklə deyə bilər ki, səsinin tutulması və bu şişin yaranması çəkdiyi stress və gərginliklərin nəticəsidir. Əlavə olaraq 6 ay çiyin və qolunun spazm müalicəsi kortizonla davam etmişdir. Ona maddi ziyanın vurulmasının bir sübutu - qeyd etdiyi müqavilənin əlavə 1-ə istinad edərək nəzərə çatdırır ki, sifarişçi "xxxx" MMMC və Cavabdeh şirkətinin razılaşmaları əsasında qəbul edilir ki, yaşayış kompleksinə göstərilən xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir kv.m üçün 1 manat müəyyən edilir (60 qəpikdən 1 manata qaldırılması). Bu razılaşma və onun icrası xx.xx.2019-cu il tarixdən qeyri-qanunidir, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinadən kommunal məbləğin çoxaldılması sakinlərin ümumi yığıncağında qərara alınmalı və idarə heyətinə təqdim olunmalıdır, cəmiyyətin idarə heyəti bu qərarı protokollaşdıraraq idarə heyətinin sədrinə təqdim etdikdən sonra icra olunur. Cavabdeh şirkəti ondan aldığı əlavə məbləğin qanuni tətbiqi olmadığına görə xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə qədər qaytarılmalıdır. Nəzərə çatdırır ki, Cavabdeh şirkəti təqdim etdiyi qarşılıqlı iddia ərizəsində, etirazında və digər məktublarda göründüyü kimi ancaq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrinin üzdən köçürülməsidir və məktublara əlavə edilməsidir, etdiyi qeyri-qanuni hərəkətlərə və 3 il qeyri-qanuni fəaliyyətinə, 19 gün isti suyunun kəsilməsinə, qoyduğu qanunları icra etməməsi, həmçinin Abu-Arena kompleksini düzgün idarə etməməsinə heç bir sübut və qanuni əsas təqdim etmədən ancaq kommunal ödənişini və sübutu olan iddialarının rəddini tələb edir. Təqdim etdiyi kassa mədaxil orderinə istinadən "xxxx" MMMC kommunal ödənişlərini sakinlərdən alır, bu səbəbdən Cavabdeh şirkətinin ondan 1.420,7 manat borcu tələb etməyə səlahiyyəti yoxdur və cavabdehin iddialarının rədd olunmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Maryam Hasheminin ilk iddiası əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanının mülkiyyətçiləri "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmış, Cəmiyyət müvafiq dövlət qeydiyyatından keçmişdir. Maryam Hasheminin mülkiyyətçisi olduğu əmlak 13 saylı binada yerləşməklə 6 saylı mənzildir. Maryam Hashemi etiraf edir ki, o, kommunal xidmətlərin haqqını qəsdən ödəmir. Buna müxtəlif bəhanələr gətirir. İlk iddia üzrə iddiaçıya edilmiş şifahi, yazılı xəbərdarlıqlar heç bir səmərə verməmişdir. Məlumat üçün bildirirlər ki, xx.xx.2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə ilə Cavabdeh MMC-yə kommunal xidmətlərin göstərilməsi və idarə edilmənin təşkili həvalə edilmişdir. xx.xx.2022ci il tarixdən aylıq 177,6 manat olmaqla, hazırda cəmi 1420,70 manat təşkil edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Hashemi Maryam məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin və ona əlavələrin məzmununa uyğun izahat verdi. Məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin direktoru Şahbaz Təhməzli ilk iddiaya etiraz göndərərək, həmin etirazda qeyd etmişdir ki, Cavabdeh MMC «RAHAT YAŞAM» ticarət nişanı adı altında ölkədə çoxmənzilli binaların idarə olunması üzrə ixtisaslaşmış və xidmət göstərən peşəkar şirkətlərdən biridir. «X3» devizi ilə vətəndaşlara xidmət göstərən bir şirkət olaraq, iddiaçı Maryam Haşeminin Cavabdeh MMC haqqında olan iddialarını tamamilə əsassız hesab edirlər. Maryam Haşeminin etirazına cavab olaraq bildirirlər ki, iddiaçı istər yazılı müraciətlərində, istərsə də məhkəmə hazırlıq iclasında kommunal xidmətlərə görə borcunun olduğunu etiraf etmişdir. İddiaçının dəfələrlə müraciətinə rəğmən onlar tərəfindən dinlənilmədiyi, yazmış olduğu məktubların cavabsız qaldığı iddiası həqiqəti əks etdirmir. Belə ki, iddiaçının xx.xx.2021-ci tarixli məktubuna ünvanladıqları xx.xx.2021-ci il tarixli yazılı cavabda qanunvericiliyin tələbinə uyğun olaraq, çoxmənzilli binalarda xüsusi əmlaka deyil, binanın ümumi əmlakına xidmət göstərildiyi, iddiaçıya dəyən zərərin binanın ümumi əmlakında baş verən hər hansı hadisə ilə bağlı olmadığı aydın şəkildə izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, iddiaçının tələbi yanlış yönəlmişdir. İddiaçının müraciətlərindən dərhal sonra problemin yenidən araşdırlması üçün Cavabdeh MMC tərəfindən Xidmətin təşkili şöbəsinə xüsusi tapşırıq verilmiş, bina üzrə inzibatçı menecer olan əməkdaşları İcramət Əliyev, çilingər Vəfədar İsmayılov və Samir Əlixanovun iştirakı ilə araşdırma aparılmış və məlum olmuşdur ki, binanın ümumi əmlakına məxsus olan su və kanalizasiya xəttlərində heç bir problemin olmadığı və dəyən zərərin qonşu mənzillərdən birindən olması ehtimal edildiyi mülkiyyətçiyə bildirilmişdir. Eyni zamanda, etiraz etməkdə davam edən Maryam Haşemi ilə Xidmətin təşkili şöbəsinin müdiri Rahid Quliyev və İnzibati idarəetmə bölməsinin müdiri Toğrul Bədəlov M.Haşeminin mənzilində görüşərək məsələni təfərrüatı ilə izah etmişlər. İddiaçı aparılan araşdırma, verilən rəy və xəbərdarlıqlara baxmayaraq, problem aradan qaldırılanadək aylıq kommunal ödənişləri etməyəcəyini israrla bildirmişdir. Bildirirlər ki, Maryam Haşeminin onlardan əsl tələbi qonşu mənzilin mülkiyyətçisinin fərdi məlumatlarıdır ki, bu məlumatları mülkiyyətçinin razılığı olmadan təqdim etmək onların səlahiyyətləri xaricindədir və bu kimi məlumatları rəsmi sorğu əsasında müvafiq qurumlardan alması məqsədəmüvafiqdir. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Maryam Haşeminin digər iddiası sağlamlığında yaranmış olan problemlərlə bağlıdır ki, bunun da Cavabdeh MMC ilə heç bir əlaqəsi yoxdur. Vurulan zərərin qaynağı onlar olmadıqlarından tələbin onlara yönəldilməsinin də heç bir hüquqi əsası yoxdur. Verdiyikləri cavab Maryam Haşemini qane etmədiyi üçün binanın ümumi əmlakının saxlanması xərcini ödəməkdən imtina etmiş və kommunal ödənişləri dayandırmışdır. Nəticə etibarı ilə, müraciətlərinin cavabsız qaldığını iddia edərkən yalan bəyanla çıxış edərək məhkəməni yanıltmağa çalışmışdır. Bu da öz növbəsində iddiaçının xidmət haqqını ödəməkdən məqsədli şəkildə yayındığını əks etdirir. Kommunal ödənişlərin ödənilməməsi nəticəsində mərkəzi qazanxanası olan yaşayış kompleksində ciddi maliyyə problemi yaratdığını nəzərə alaraq Maryam Haşeminin mənzilinə isti suyun verilməsi dayandırılmışdır. Bundan sonra məhkəməyə müraciət etdiyi və məhkəmənin qərarına əsasən xx.xx.2022-ci il tarixədək isti suyun verilməsinin bərpa edilməsi qərarına uyğun Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev və iddiaçı Maryam Haşemi və Cavabdeh MMC kommersiya şöbəsinin rəhbəri Elxan Orucovun iştirakı ilə Cavabdeh MMC-nin ofisində birgə müzakirə aparılmış və mənzilə isti suyun verilməsi bərpa edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4388/2022 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 13 saylı evin 6 saylı mənzilinə isti suyun verilməsinin bərpası və isti suyun kəsilməsinin qadağan edilməsi haqqında Qərarı da icra edilmişdir. Cavabdeh MMC və "xxxx" MMMC arasında bağlanmış müqaviləyə gəldikdə isə müqavilənin bütün bəndləri Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respulikası Mülki Məcəlləsinə istinadən hazırlanmışdır. Nəticə etibarı ilə məhkəmənin tövsiyəsini diqqətə alıb Maryam Haşeminin görüşmə təklifini qəbul edərək, görüş vaxtını təyin etmək üçün Elxan Orucov 19 və 24 oktyabr tarixlərində telefon əlaqəsi yaratmışdır. Hər dəfə də iddiaçı məşğul olduğunu bildirərək, görüşün baş tutmasından yayınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, məhkəməyə göndərilmiş iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, qarşılıqlı iddianı müdafiə edir. Bildirir ki, ilk iddia hüquqaziddir. Haşemi Məryəmin mübahisələndirdiyi müqavilənin ləğvini və ya etibarsılığını tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Ödənilən kommunal məbləğlər "xxxx" MMMC-nin hesabına ödənilmişdir. İlk iddia üzrə iddiaçının tələbləri düzgün cavabdehə yönəlməmişdir. İddiaçının xəstəlik müayinə sənədlərindən görünür ki, onun səhhətində problemlər mövcuddur. Yəni onun xəstəliyinin yaranmasının, yaxud xəstəliyinin artmasının Cavabdeh MMC ilə səbəbli əlaqəsi mövcud deyildir. İlk iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddiaya əsasən Cavabdeh MMC-nin göstərdiyi xidmətlərdən yararlansa da, xidmətin haqqını ödəmədiyindən (özü bunu etiraf edir) qarşılıqlı iddia tələbinin əsaslı olduğundan təmin edilməsini, üzrlü səbəbdən iştirak edə bilmədiklərindən məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qanuni təmsilçisi X1 izahatında bildirmişdir ki, 2021-ci ilin sentyabr ayının 9da o, seçkilər nəticəsində rəhbər kimi seçilmişdir və oranı idarə etməyə başlamışdır. Ondan öncə oranı «N Service» idarə etmişdir. Cavabdeh MMC "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini etibarnamə əsasında idarə edirdi. Həmin etibarnamə Cavabdeh MMC-yə iki il müddətinə verilmişdi. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin birnci rəhbəri Talışxan Abdullayevdir. Sonuncular vergi ödəməmək üçün oranı onların adından idarə etmişlər. O, Məryəm xanımın suyunun bağlanması ilə bağlı heç bir göstəriş verməmişdir. O, 2007-ci ildən həmin binada yaşayır və həmin binada mülkiyyətçidir. Məryəm xanım kommunal xərcləri vaxtında ödəyir. Məryəm xanımın heç kimlə problemi yoxdur. O, Cavabdeh MMC-yə verdikləri etibarnaməni ləğv etmişdir və 10 oktyabr 2022-ci il tarixdən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini özü idarə edir. O, 20 gündür oranı idarə edir və təkcə qazanxanaya 5 min manatdan çox xərc çəkmişdir. Əvvəlki idarəçilər ofisdə olan sənədlərin hamsını götürüb aparmışlar. Həmçinin onu da qeyd edir ki, əvvəlki rəhbərlik işçiləri işlədib onların əmək haqqını verməmişlər. 2019-cu il may ayında "xxxx" MMMC yarananda sonuncular qaydaları pozaraq bunu protokola salmamışlar. Hal-hazırda yaşayış kompleksinə göstərilən xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir kv.m üçün 1 manat olaraq davam edir. O dövrdən hazırki dövrə qədər 5 il müddət keçmişdir. Bu günki dövrdə yaşayış kompleksinə göstərilən xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir kv.m üçün 1 manat kifayət etmir. 2023-cü ildə ümumi yığıncaq keçirilərkən yaşayış kompleksinə göstərilən xidmətlərə görə haqqın miqdarı müzakirə olunacaq və ola bilsin bu məbləğ artırılsın. Məhkəmə ilk iddia üzrə iddiaçının, ilk iddia üzrə cavabdehin nümayəndəsinin və ilk iddia üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni təmsilçisinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab edir ki, ilk öncə qarşılıqlı iddia tələbinə, daha sonra isə ilk iddia tələblərinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə olunmuş 03 iyun 2019-cu il tarixli 001 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, müqavilə «Sifarişçi» "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə «İcraçı» Cavabdeh arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin tapşırığına əsasən Sifarişçinin göstərdiyi və müqavilədə qeyd olunan ünvanda yerləşən Sifarişçiyə aid yaşayış kompleksinə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini həyata keçirir, Sifarişçi isə İcraçıya bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi İcraçıdan bu Müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu Müqavilənin 4.1. maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər. Müqavilənin 2.1-ci bəndinə əsasən Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi «Sifarişçi» tərəfindən verilir. Müqavilənin 2.2-ci bəndinə əsasən «İcraçı» «Sifarişçinin» sifariş verdiyi Xidmətlərin göstərilməsini həyata keçirir. Müqavilənin 2.3-ci bəndinə əsasən «İcraçı» bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Xidmətləri icra etməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən «Sifarişçi»nin hüquq və vəzifələri aşağıdakılardır: 3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq; 3.1.2. Xidmətlər göstərildikdən sonra bu Müqaviləyə uyğun olaraq təhvil almaq; 3.1.3. Göstərilmiş xidmətin dəyərini bu Müqaviləyə uyğun olaraq ödəmək; 3.1.4. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri və lazımi qaydada sübuta yetirilmiş əlavə xərclərin əvəzini «İcraçı»ya ödəmək; 3.1.5. Yaşayış komleksinə dair zəruri sənədlərin, o cümlədən layihə, icazələr və s., işıq, təbii qaz, su təminatı, liftlərə, su nasosxanasına texniki xidmət və s. barədə müqavilələrin surətlərini, sahə mülkiyyətçiləri barədə lazımi məlumatları İcraçıya təqdim etmək; 3.1.6. Sahə mülkiyyətçiləri tərəfindən kommunal və digər ödənişlərin yığılmasında İcraçıya zəruri və lazımi köməkliyi göstərmək; 3.1.7. İcraçı tərəfindən təqdim edilmiş illik büdcə, o cümlədən bütün idarəetmə, kommunal və digər xidmətlərin xərclər və gəlirlər cədvəlini (kommunal xidmət haqqlarının tarifi və məbləğini) bu Müqaviləyə uyğun qaydada təsdiq etmək və İcraçıya geri təqdim etmək; 3.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr. Müqavilənin 3.2-ci bəndinə əsasən «İcraçı»nın hüquq və vəzifələri aşağıdakılardır: 3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada Xidmətləri həyata keçirmək və Sifarişçiyə təhvil vermək; 3.2.2. Göstərilmiş Xidmətlərin dəyərini Sifarişçidən tələb etmək; 3.2.3. Xidmətlər göstərilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi əməl etmək,icraçının təqsirindən baş verə biləcək istehsalat qəzaları və/və ya bədbəxt hadisələrə görə məsuliyyət daşımaq; 3.2.4. Özünün, işçilərinin, subpodratçılarının təqsiri üzündən Sifarişçiyə vurulmuş zərər və ziyanı Sifarişçinin tələbi ilə geri ödəmək; 3.2.5. İllik büdcə, o cümlədən bütün idarəetmə, kommunal və digər xidmətlərin xərclər və gəlirlər cədvəlini (kommunal xidmət haqqlarının tarifi və məbləği) hazırlamaq,illik büdcədən artıq qalan məbləği Sifarişçi ilə razılaşdırmaqla digər sahələrə yönəltmək, illik büdcədə qeyd olunan xərclərdən məbləğləri Sifarişçidən tələb etmək, o cümlədən təbii qaz, işıq, su və kanalizasiya xidmətləri üçün tarif dərəcəsinə müvafiq icra hakimiyyəti orqanının dəyişikliyi (artma və ya azalma) təsdiq edilərsə müvafiq qaydada illik büdcəyə müvafiq dəyişiklik layihəsini hazırlayıb Sifarişçiyə təsdiq edilməsi üçün təqdim etmək, yarım illik və illik hesabatları Sifarişçiyə təqdim etmək; 3.2.6. Sahə mülkiyyətçilərindən kommunal və digər ödənişlərin yığılmasında və s. Sifarişçiyə lazımi köməklik göstərmək, Sifarişçinin adından bildiriş/SMS bildiriş/elektron məktub və arayış vermək, məhkəməyə müraciət etmək; 3.2.7. İstirahət, bayram və ümumxalq hüzn günü işə cəlb olunduğu halda Sifarişçidən bunun üçün əlavə xidmət haqqı tələb etmək; 3.2.8. Sifarişçinin ümumi yığıncağında ildə iki dəfədən çox olmamaqla iştirak etmək; 3.2.9. Xidmətlər göstərilən zaman notariat, hüquq, mühasibatlıq, sosial müdafiə və s. üçün çəkilmiş xərclərin əvəzini Sifarişçidən tələb etmək; 3.2.10. Yaşayış Kompleksinin ümumi istifadədə olan istənilən ərazisinə məhdudiyyətsiz qaydada giriş və çıxış hüququna malik olmaq; 3.2.11. İcraçının işçiləri yalnız sahə mülkiyyətçisinin və/və ya ailə üzvlərinin icazəsi olduğu halda mənzilə daxil olmaq hüququna malikdir-; 3.2.12. Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri icra etmək. 03 iyun 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavənin 1-ci bəndinə əsasən tərəflər razılaşmışlar və qəbul etmişlər ki, yaşayış kompleksinə göstərilən xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir kv.m. üçün 1 AZN (bir manat) müəyyən edilir və Sifarişçi İcraçı tərəfindən ona təqdim edilmiş aylıq təhvil-təslim aktı və/və ya elektron qaimə və/və ya hesab faktura təqdim edildiyi andan bu Müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödənilməlidir. Əlavənin 2-ci bəndinə əsasən tərəflər razılaşmış və qəbul etmişlər ki, İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakı və bu Əlavəyə uyğun olaraq həyata keçiriləcəkdir. Müqavilənin 2.16-cı bəndinə əsasən kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və Sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. Müqavilənin şərtlərindən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı müqavilə şərtlərinə əsasən «İcraçı» olmaqla, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olan «Sifarişçi»yə Sahə mülkiyyətçiləri tərəfindən kommunal və digər ödənişlərin yığılmasında zəruri və lazımi köməkliyi göstərə bilər. Kommunal borcların, belə borclar mövcud olduqda tələb edilməsi hüququ Sifarişçiyə məxsusdur. Sifarişçi bu cür borcların məhkəmə qaydasında tələb edilməsi üçün İcraçıya etibarnamə verməmişdir. Bu səbəbdən, Cavabdeh MMC-nin Maryam Hashemiyə qarşı «borc» tələbinə dair qarşılıqlı iddiası təmin edilə bilməz. Cavabdeh MMC-yə izah edilməlidir ki, Maryam Hasheminin kommunal borcları mövcud olduğu təqdirdə, həmin borcları "xxxx" MMMC pretenziya qaydasına riayət olunmaqla, məhkəmə qaydasında tələb edə bilər. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh MMC-yə aid edilməlidir. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, ilk iddia tələbləri aşağıdakılardan ibarətdir: 1) xx.xx.2019-cu il tarixli müqavilə, ona qoşulan etibarsız və qeyri-qanuni əlavələrin ləğv edilməsi; 2) Cavabdeh şirkətinin 3 il müddətinə ondan aldığı qeyri-qanuni əlavə kommunal xərclər (qeyd etdiyi cədvələ əsasən) - 2.131 manat 12 qəpiyin maddi ziyan kimi qaytarılması; 3) 19 gün qeyri-qanuni və özbaşınalıq nəticəsində isti suyunun kəsilməsinə görə 1.000 manat vurduğu maddi və mənəvi ziyana görə cavabdehdən onun xeyrinə tutulması; 4) təqdim etdiyi tibbi sənəd və materiallara, yaşadığı stress və iztirablara əsasən sağlamlığına dəymiş maddi və mənəvi ziyan üçün 1.800 manatın tutulması. İlk iddianın müqavilənin və əlavələrin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi deyil və müqavilənin ləğv edilməsi tələbi təmin edilə bilməz. İlk iddianın Cavabdeh şirkətinin 3 il müddətinə ondan aldığı qeyri-qanuni əlavə kommunal xərclər (qeyd etdiyi cədvələ əsasən) - 2.131 manat 12 qəpiyin maddi ziyan kimi qaytarılması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə də iddia təmin edilə bilməz. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Cavabdeh MMC ilə "xxxx" MMMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və Sifarişçi olan "xxxx" MMMC-yə lazımi kömək və dəstək göstərir, kommunal xərcləri toplayaraq, "xxxx" MMMC-yə təhvil verir. İlk iddianın qeyd olunan hissəsinə cavab verməli şəxs Cavabdeh MMC deyil, "xxxx" MMMC-dir. Bu tələb Cavabdeh MMC-yə münasibətdə təmin edilə bilməz. Əgər ilk iddia üzrə iddiaçı hesab edirsə ki, 3 il müddətinə ondan qeyri-qanuni əlavə kommunal xərclər alınmışdır, o, pretenziya qaydasına riayət etməklə bu tələblə bağlı "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. İlk iddianın «19 gün qeyri-qanuni və özbaşınalıq nəticəsində isti suyunun kəsilməsinə görə 1.000 manat vurduğu maddi və mənəvi ziyana görə cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə də iddia təmin edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçı isti suyun verilişinin qanunsuz dayandırılmasına, həmçinin bununla bağlı ona 1.000 manat maddi və mənəvi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İlk iddianın «təqdim etdiyi tibbi sənəd və materiallara, yaşadığı stress və iztirablara əsasən sağlamlığına dəymiş maddi və mənəvi ziyan üçün 1.800 manatın tutulması» tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Belə ki, iş materiallarına tibbi sənədlər əlavə olunsa da, ilk iddia üzrə iddiaçı səhhətində yaranmış problemlərlə cavabdehlə aralarında olan münasibətlər arasında səbəbli-əlaqənin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ilk iddia əsassız olduğundan təmin edilə bilməz. İlk iddia təmin edilmədiyindən, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Hashemi Maryamin Cavabdeh MMC-yə qarşı ("xxxx" MMMC ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul və s.» tələbinə dair ilk iddiası; Cavabdeh MMC-nin Maryam Hashemiyə qarşı «borc» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidirlər. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hashemi Maryamin Cavabdeh MMC-yə qarşı ("xxxx" MMMC ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul və s.» tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh MMC-nin Maryam Hashemiyə qarşı «borc» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar