Məhkəmə qərarları › İş №e-2(006)-4447/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4447/2024

10.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4447/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli 230379 nömrəli aktın ləğv olunması, ünvan 1 ünvanında yerləşən 151 nömrəli mənzilə qanunvericiliyin tələbinə uyğun qaydada elektrik sayğacı quraşdırılması vəzifəsinn cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli 230379 nömrəli aktın ləğv olunması, həmin akta görə hesablanmış 907,11 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabadeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 avqust 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsi ev 7 ünvanında yerləşən 151 nömrəli mənzilin elektrik sayğacına baxış keçirmiş və sayğacda qüsur aşkar olunduğu üçün 230379 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən keçirilən yoxlama zamanı isə qüsurun sayğacın zavod nömrəsinin optik gözlə oxunan zaman uyğun gəlmədiyi göstərilmişdir. Bütün bunlar onun xəbəri olmadan və qanunsuzluqlara yol verilməklə baş vermişdir. Mənzilindən kənarda – dəhlizdə yerləşən yuxarıda adıçəkilən qüsur aşkar edilmiş sayğac onun xəbəri olmadan cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Bununla bağlı heç bir sənədləşmə aparılmamış, o cümlədən hər hansı müqavilə bağlanmamışdır. Sayğac dəyişdirildikdən sonra ondan istifadə də etməmişlər. Çünki pandemiya ilə əlaqədar, yəni 2 ilə yaxın müddətdir ailəliklə bağ evinə köçdüyü üçün qeyd olunan mənzildə yaşamırlar. Bütün bunlar mənzilinin yerləşdiyi binanın idarəedicisi "xxxx" MMC-nin 143 nömrəli 15 fevral 2022-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Belə ki, həmin arayışda 15 may 2020-ci il tarixdən sözügedən mənzilində yaşamadığı, habelə ünvan 3hibinin və komendantın iştirakı və razılığı olmadan işıq sayğacının dəyişidirilərək yenisi ilə əvəzlənməsi göstərilmişdir. Belə olduğu halda, "xxxx" ASC-nin işlənməyən sayğacda hər hansı qüsur aşkar etməsi müəmmalıdır. Onu da qeyd edir ki, bu problemlə bağlı cavabdehə etdiyi müraciətlər ya qəbul edilməmiş ya da cavabsız qalmış, heç bir nəticə verməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının qeyd olunan qanunsuz hərəkətləri, özbaşınalıqları, o cümlədən tərəfsiz şəxslərin iştirakı olmadan akt tərtib etmələri nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı uzun müddət həmin mənzildə yaşamamış, sayğac onun məlumatı olmadan dəyişdirilmişdir. Cavabdeh tərəfin təqdim etmiş olduğu iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə isə qeyd edir ki, tərəflərindən müddət ötürülməmişdir. Məhkəməyə müraciət etmədən öncə məsələ ilə bağlı "xxxx" ASC-yə müraciət edilmiş və müraciətlərinə dair qəbz iş materiallarına əlavə edilmişdir. Lakin müraciətləri cavabsız qalmışdır. Qeyd edilənlərin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia müddətinin tətbiqinə dair təqdim etmiş olduqları ərizəni müdafiə edərək qeyd etdi ki, iddia əsassızdır. Elektrik enerjisindən sərfiyyata görə tərtib etmiş olduqları akt, hesabat və digər sənədlər qanunidir və işin həqiqi hallarını əks etdirir. İddiaçı tərəfindən müddət də ötürülmüşdür. Qeyd edilənlərin nəzərə alınıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03 avqust 2021-ci il tarixdə R seriyalı 230379 saylı aktdan müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsi ev 7 mənzil 151) «X1 Qaydaları»na riayət olunması yoxlanılmışdır. EESQ-a əsasən uçot komplekt dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı “optik gözlə” oxuna bilmir. Belə ki, sayğacın zavod nömrəsi ilə “optik gözün” qeyd etdiyi nömrəsinə uyğun gəlmir. “Optik gözün” qeyd etdiyi nömrə A380780729-dur. Elektrik sayğac dəyişdirilərək laboratoriya şəraitində rəy verilsin. Həmin akta əsasən abonentə 907,11 manat əlavə sərfiyyat hesablanmışdır. Sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair 10 sentyabr 2021-ci il tarixli 231520 saylı protokol ilə müəyyən olunur ki, sayğacın 243738 saylı qırmızı dövlət möhürü pozularaq sayğacın daxili sxemi dəyişdirilmişdir. Proqram əlavəsi oxunan zaman sayğacın faktiki seriya nömrəsi “A101039330” olduğu halda “A3807807” olduğu aşkar olunmuşdur. Sayğaca müdaxilə olunmuşdur. "xxxx" Limited Liability Company MMC-nin 15 fevral 2022-ci il tarixli 151 nömrəli arayışı ilə müəyyən olunur ki, K.Kazımzadə küçəsi ev 7 dalan 2 ünvanında yerləşən “Green Park” yaşayış kompleksinin 151 saylı mənzilində yaşayan İddiaçı xx.xx.2007-ci il tarixdən mənzil ona məxsus olsa da, xx.xx.2020-ci ildən indiyədək həmin ünvanda yaşamır. ünvan 3hibinin və komendantın iştirakı və razılığı olmadan işıq sayğacı dəyişdirilmiş, yenisi ilə əvəzlənmişdir. İşdə olan ərizəyə əsasən, ərizə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmışdır. Ərizədə İddiaçı 03 avqust 2021-ci il tarixli 230379 nömrəli aktın ləğv olunmasını və sair xahiş etmişdir. Ərizəyə əlavə edilmiş qəbzə əsasən ərizə "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 151 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Qeyd edilən mənzilin yerləşdiyi ünvanda "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirildiyi zaman 151 nömrəli mənzilə quraşdırılmış olan sayğacda qüsurların olması əsası ilə sayğac dəyişdirilmiş, laborotoriya müayinəsinə göndərilmiş və müvafiq olaraq akt tərtib edilmişdir. Lakin aktın tərtib edildiyi zaman abonentin iştirakı təmin edilməmiş və nəticədə qeyd edilən akta əsasən abonentə borc hesablanmışdır. Sayğacda qüsurların aşkar olunub aktın tərtib edilməsinə, eləcə də akt üzrə borcun hesablanmasına baxmayaraq qeyd edilməlidir ki, işdə olan sənədlərlə iddiaçının uzun müddət ərzində sözügedən mənzildə yaşamaması müəyyən edilmişdir. Belə ki, hətta sayğac dəyişdirildikdən sonra həmin mənzil üzrə istehlak edilən enerji sərfiyyatında dəyişiklik olmamışdır. Bununla da məhkəmə hesab edir ki, mənzildə yaşayış olmadığı halda mənzildən kənarda ümumi dəhlizdə quraşdırılmış olan abonentin təqsiri müəyyən edilmədən sayğacda qüsurların aşkar edilməsi əsası ilə abonentə borcun hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir Həmin Qaydaların 7.11-ci bəndinin tələblərinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə hesab edir ki, sayğacda müdaxilə aşkar edilsə idi belə "xxxx" ASC-nin əməkdaşları sayğacın abonentin nəzarətindən kənar ərazidə quraşdırıldığını nəzərə almamış və aktın tərtibi zamanı yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə riayət etməmişlər. Akt qüsurlu olduğu halda həmin akta əsasən hesablanmış borc da əsassız hesab edilməlidir. Borcun hesablanmasının əsassız olması qənaətinə gəlməklə yanaşı məhkəmə onu da qeyd edir ki, işdə olan sənədlərlə müəyyən olunur ki, cavabdeh tərəf iddia tələbinə qarşılıq olaraq iddia müddətinin tətbiqinə dair ərizə təqdim edib, müddətin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sənədlərə baxış keçirdikdə aktın 2021-ci ilin avqust ayında tərtib edilməsini, iddiaçı tərəfin 2024-cü ilin iyun ayında məsələ ilə bağlı rəsmi qaydada cavabdeh quruma müraciət etməsini, lakin hər hansı bir nəticənin əldə edilməsinin mümkünsüz olması səbəbilə qısa müddət sonra eyni növ tələblə məhkəməyə müraciət etməsini nəzərə alıb, iddia müddətinin ötürülmədiyini müəyyən edir. Belə ki, iddia müddətinin tətbiqi məsələləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci fəsli ilə tənzimlənir. Məcəllənin 367.1-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 avqust 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 230379 saylı akt ləğv edilməli, ünvan 5 ünvanı üzrə **********70151 saylı abunə koduna hesablanmış 907,11 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 avqust 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 230379 saylı akt ləğv edilsin. ünvan 5 ünvanı üzrə **********70151 saylı abunə koduna hesablanmış 907,11 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar