Məhkəmə qərarları › İş №e-2(006)-4448/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4448/2024

23.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4448/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə3, Cavabdeh MMC-nin nümayəndəsi X5, vəkili-nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək haqqı fərqinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək haqqı fərqinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdeh işəgötürən Cavabdeh MMC tərəfindən işdən azad olunanda ödənilməli olan 12 866.87 manat pulun, iş yerində seksual qısnamaya görə 35 000 manat mənəvi zərərin, 60 manat mediasiya haqqının, 185 manat məhkəmə rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 48431,87 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMCnin Bakı nümayəndəliyinə baş mühasib vəzifəsinə işə düzəlmişdir. Cavabdeh MMC-nin təsisçisi Böyük Britaniyada baş ofisi olan “Noventiq Holdings PLC” şirkətidir. Azərbaycanda təsisçi kimi Kipr Respublikasında “Softline Holdings PLC” şirkəti qeyd olunmuşdur. İddiaçı işə qəbul edildikdən bir ay sonra, yəni xx.xx.2022-ci ildə şirkətin direktoru vəzifəsinə X10 təyin edilmiş və həmin gündən o, iddiaçıya qarşı düzgün davranmamış, qısnama başlamışdır. İddiaçı bütün vasitələrlə bu hərəkətlərə son qoymağa çalışsa da, buna nail ola bilməmış, məcbur qalaraq xaricdə yerləşən baş ofisə müraciət etmişdir. O, əlində olan mesajları, e-mail yazışmalarını baş ofisə təqdim etdikdən sonra araşdırma aparılmış, iddiaçı ilə görüntülü danışıqda rəhbərliyin nümayəndəsi qısnama faktının mövcudluğunu təsdiq etmiş, üzrxahlığını bildirmiş və gələcəkdə bu kimi hallara yol verilməyəcəyinə dair söz vermişdir. Lakin iddiaçı reallıqda daha da ciddi problemlərlə rastlaşmış, artıq Əzizov Rüfət ona qarşı qarayaxma kampaniyasına başlamış, belə ki, bütün işçilərə iddiaçı ilə danışmaq qadağan edilmiş, onlara iddiaçının əleyhinə danışmaq, guya işdə pozuntulara yol verdiyini demələri tapşırılmışdır. İddiaçı ailəli olduğuna baxmayaraq, Əzizov Rüfət onun barəsində iş yerində olan müxtəlif əməkdaşlar ilə münasibətdə olduğu barədə şayiələr yaymış, hətta həyat yoldaşının iddiaçını işə aparıb-gətirməsini belə həzm edə bilməmiş və buna belə qarışmışdır. İddiaçının əmək müqaviləsinə elektron sistemdə müdaxilə edilmiş və belə təqdim edilmişdir ki, guya iddiaçı saxtakarlıq etmişdir. Əzizov Rüfətin imzası ilə Nəsimi rayon Prokurorluğuna şikayət göndərilmişdir. İddiaçı müxtəlif sənədlərə qol çəkməyə məcbur edilmiş və imza etdiyi halda, ona şikayətin prokurorluqdan geri götürülməsi bildirilmişdir. Sənədlərin məzmunu isə qısaca olaraq iddiaçının təsisçilərə yazdığı “mail”lər hamısı uydurmadır, həqiqəti əks etdirmir və Əzizov Rüfət tərəfindən ona qarşı qısnama olmamışdır. İddiaçı açıq-aşkar şantaj olunsa da, bu təxribatlara getməmiş və Nəsimi rayon prokurorluğu tərəfindən araşdırmanın sona qədər aparılmasını tələb etmişdir. Əlbəttə ki, iddiaçı barəsində araşdırma aparıldıqda ərizədəki R.Əzizov tərəfindən təqdim olunan faktlar öz əksini tapmamşdır. İddiaçının baş ofisə şikayətlərinin ardı kəsilməmiş, o, özünü müdirdən müdafiə etməkdən ötrü şikayətlər yazaraq qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmişdir. Şifahi olaraq iddiaçıya bildirilmişdir ki, qısnama faktı təsdiqini tapmış və tədbirlər görüləcəkdir. Baş ofisin kadrlar şöbəsinin işçisi Roberto, məxfilik siyasəti çərçivəsində X7 yazılan töhmətin bir hissəsini də iddiaçıya göstərmişdir. Lakin görünən odur ki, faktiki olaraq X10 barəsində tədbir görülməsi əvəzinə, iddiaçıya qarşı qarayaxma kampaniyası davam etmişdir. Sonda iddiaçının işində heç bir qüsur olmadığı halda, əmək müqaviləsi bitdiyindən, onunla bağlanmış müqavilənin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin uzadılması qarşılığında isə müdir verilən vəzifə və səlahiyyətlərindən sui-istifadə edib, canlı ünsiyyətə girmə, iddiaçı ilə otağında təkbaşına qalma və iş proseslərini müzakirə etmək bəhanəsini irəli sürmüşdür. Baxmayaraq ki, 02 may 2024-cü il tarixində “Teams” üzərindən baş tutan zəngdə Əzizov Rüfət etiraf etmişdir ki, 6 ay ərzində tətbiq olunan iş formatı onu tam qane edir və canlı ünsiyyətə ehtiyac yoxdur. 05 dekabr 2023-cü il tarixində təsisçilərin qərarına əsasən, Əzizov Rüfət iddiaçı ilə canlı ünsiyyətə girə bilməzdi və bütün yazışmalar yalnız e-mail və şirkət proqramları üzərindən olmalı idi. Lakin 02 may 2024-cü il tarixində olan şantaj zəngindən sonra, iddiaçı yenidən təsisçilərə şikayət yazmaq qərarına gəlmiş, 03 may 2024-cü il tarixində (həftənin beşinci günü) təsisçilərə yazılan şikayət “e-mail”indən sonra 06 may tarixində (həftənin birinci günü) Əzizov Rüfət vəkili ilə iddiaçıya iş yerində hücum etmiş, ona aid olan şəxsi əşyalara əl qoyub və saxtakarlıq ilə bütün əməkdaşların qarşısında ittiham edib işgüzar nüfuzuna xələl gətirmiş, əməkdaşların qarşısında iddiaçıya saxtakar deyib, tutduracaqları ilə bağlı hədələmiş, iddiaçının şərəf və ləyaqəti yerlə bir olmuşdur. 06 may 2024-cü il tarixində iddiaçının yaşadığı stress və həyəcan onun sağlamlığına da ciddi ziyan vurmuş və bu hadisələrin nəticəsində o, əsəb gərginliyi keçirərək təcili yardıma müraciət etmiş, dəfələrlə panik ataklara məruz qalmışdır, hazırda müalicə alır. Bununla yanaşı, hesablaşmada bilərək səhvə yol verilmiş, müdiri məzuniyyət və ezamiyyət vaxtları əvəz etdiyi saatlara görə iddiaçıya pul yazılmamışdır. Belə, xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023 xx.xx.2024xx.xx.2024 tarixlərində, cəmi 16 gün ezamiyyət zamanı, xx.xx.2023-xx.xx.2023 xx.xx.2023xx.xx.2023 xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 tarixlərində, cəmi 29 gün məzuniyyət zamını müdirin əvəz edilməsi günləridir. Bu günlərə görə işdən azad olunduqda ididaçıya ödənilməyən məbləğ 12,866.87 manat təşkil edir. Əzizov Rüfət əvəz etmə ilə bağlı vəsaitləri heç bir zaman ödəmək niyyətində olmamışdır. Lakin Cavabdeh MMC-nin işçiləri qarşılıqlı surətdə əlaqəli şəxslər olduqları üçün baş verən haqsızlıqlar önündə hər zaman susmaq məcburiyyətində qalmışlar. Birmənalı olaraq göstərmək olar ki, işəgötürən hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası və beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Gender məsələsi bu gün bütün dünya üçün prioritet təşkil edir. Qlobal gender problemlərindən biri iş yerlərində qadınlara qarşı cinsi qısnamadır (harassment). Azərbaycan kimi mentalitet və stereotiplərin güclü olduğu bir ölkədə bu tip həssas mövzular haqqında adətən danışılmır və susmağa üstünlük verilir. Lakin iddiaçı susmaq istəməmiş, bu səbəbdən də işindən məhrum olunmuş, stress yaşamış, mənəvi işgəncələrə məruz qalmışdır. İddiaçı çəkdiyi mənəvi iztirablara görə 35000 (otuz beş min) manat mənəvi zərər tələb etməyə haqlıdır.

3. Cavabdeh MMC (vəkili-nümayəndəsi Nümayəndə2) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələbin əsasını təşkil edən hallar əsaslandırılmamaqla yanaşı, iddiaçının şəxsi mülahizələrindən ibarətdir. Çünki iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hallar təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçının sübut olaraq təqdim etdiyi sənədlər (mesajlardan çıxarışlar) yalnız onun öz istəyinə uyğun hazırladığı və öz məqsədinə çatmaq üçün istifadə etmək qərarına gəldiyi qəbul edilməz dəlillərdir. Yəni gətirilən dəlillər birtərəfliliyi əks etdirməklə, real həqiqətdən tamamilə kənardır. İlk növbədə tələbin “cavabdeh işəgötürən tərəfindən işdən azad olunanda ödənilməli olan 12866,87 manat pulun tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd olunmuşdur ki, tələb bu hissədə tamamilə əsassızdır. İddiaçı 02.03-05.03, 13.03-18.03, 18.05-22.05, 26.07-xx.xx.2023-cü, 25.01-xx.xx.2024cü il tarixlərdə 16 gün ezamiyyət, həmçinin 18.04-25.04, 01.07-14.07, 24.08-27.08, 02.11-07.11. 2023-cü, 27.03- xx.xx.2024-cü il tarixlərdə cəmi 29 gün məzuniyyət zamanı müdiri əvəz etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sənəd və ya sübut təqdim etməmişdir. Əksinə, həmin dövrlərdə şirkətin direktoru müvafiq sənədlərin imzalanmasında birbaşa özü iştirak etmişdir. Digər tərəfdən MMC-nin nizamnaməsinə əsasən səlahiyyətlərin ötürülməsi hüququ ilə təqdim olunan səlahiyyətlər çərçivəsində baş etibarnamələrin verilməsi barədə qərar qəbul etmək yalnız cəmiyyət təsisçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Deməli, müdir vəzifəsinin səlahiyyətlərinin icra edilməsi üçün cəmiyyət təsisçilərinin ümumi yığıncağının qərarı olmalıdır ki, belə bir qərar olmamışdır. Ona görə də iddiaçı müdirin vəzifəsini icra edə bilməzdi. Bu səbəbdən də tələb bu hissədə hər hansı bir mötəbər sübutla təsdiq edilmədiyindən təmin edilə bilməz. Bundan əlavə, müəssisənin baş mühasibi olmuş İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 31 may 2024-cü il tarixdə bitmişdir. Bu səbəbdən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi üçün hazırlıq işləri aparılarkən aşkar olunmuşdur ki, 11 dekabr 2023-cü il tarixdə hər hansı bir yazılı və ya şifahi razılaşma olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemində - “ƏMAS” İddiaçı əmək müqaviləsi bildirişi müddətsiz əmək müqaviləsi kimi dəyişdirilmişdir. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı ilə 01 iyun 2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə xitam verilmişdir və ona son haqq-hesab tam şəkildə ödənilmişdir. Eyni zamanda, İddiaçı qanunsuz əməlləri barədə MMC tərəfindən 03 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna müraciət edilmiş və iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi aşkara çıxarılmışdır. Bundan başqa, iddia tələbinin “iş yerində seksual qısnamaya görə 35000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd olunmuşdur ki, müəssisədə iddiaçıya qarşı belə bir hala ümumiyyətlə yol verilməmişdir. Bu hal cavabdeh müəssisənin tabe olduğu baş ofis tərəfindən araşdırılmış və iddiaçının iş yerində seksual qısnamaya məruz qalmadığı öz təsdiqini tapmışdır. Qanunla seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış hesab edilir. İddiaçı bu sadalanan əməllərdən hər hansı birinə məruz qalmamışdır. Digər tərəfdən müəssisənin direktoru ilə İddiaçı arasında yazışmalar zamanı onların bir-birinə qarşı dost yanaşmasında olduğu aşkar edilir. Hərçənd, iddiaçı bu yazışmaları təhrif etməklə, məhkəməyə sübut kimi təqdim etsə də, həqiqətdə o, ona yazılan dostyana mesajlara laqeyd qalmamış, adekvat cavablar vermiş, mesajlarda ona deyilən xoş sözlərə görə öz narazılığını bu və ya digər formada bildirməmişdir. Hətta, iddiaçı öz sərbəst iradəsi ilə yazdığı ərizəsində belə ona münasibətdə qeyd olunan halın (seksual qısnamanın) baş vermədiyini, dediklərinin uydurma olduğunu bir daha təsdiqləmişdir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibət bildirilərək qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Hazırda İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi barədə məhkəməyə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının hazırkı hərəkətləri ilə nail olmağa çalışdığı cavabdehin direktorunun işgüzar nüfuzuna ləkə gətirmək və əsassız qazanc əldə etməkdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.

6. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X10 və vəkili-nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdilər.

7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə3 bildirdi ki, təmsil etdiyi qurumun yekun mövqeyinə görə, İddiaçı X10 tərəfindən cinsi qısnamaya məruz qalması faktı iş materialları ilə öz təsdiqini tapır.

8. İddiaçı tərəfin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, 2022-ci ildən cavabdeh MMC-də işləməyə başlamışdır. X10 tərəfindən iddiaçıya edilən bütün hərəkətlərin birbaşa şahididir. Əzizov Rüfət işdə olmayanda onu iddiaçı əvəz etmişdir. Lakin iddiaçı işdən azad ediləndən sonra Qasımova Nurlan əvəz etmə ilə bağlı əmrləri məcburi qaydada imzalamışdır.

9. Cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, 01 aprel tarixindən cavabdeh MMC-də işləyir. Əzizov Rüfətlə iddiaçı arasında problemlər olduğunu hiss etməmiş, iddiaçının işdən azad edilmə səbəbini bilməmişdir. Sadəcə iddiaçının ondan tələb olunan vaxtda kompüteri verməməsinin, bu zaman Əzizov Rüfətin həmin otaqda olmadığının, çöldə gözlədiyinin, iddiaçıya heç kim tərəfindən hücum edilmədiyinin şahidi olmuşdur.

10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və etirazı nəzərdən keçirib, iş materiallarını tədqiq edib, şahid ifadələrini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

11. Cavabdeh MMC-nin X2 Ümumi Yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X10 xx.xx.2022-ci il tarixdən etibarən MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

12. X14 Leylaya xx.xx.2023-cü il tarixdə “Hər zaman gözəlsən, hətta xəstə olanda belə”; xx.xx.2023-cü il tarixdə “Bəs sənə komplimentlər deyə bilərəm? Bəzən, həqiqətən də, demək istəyirəm ki, əla görünürsən”; xx.xx.2023-cü il tarixdə “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl dabanın var. Mən heç bir qüsur görmürəm. Səni sadəcə bu mesaj şoka saldı və o birini yaddan çıxardın”; xx.xx.2023-cü il tarixdə “Bilirsən ki, səni nə qədər sevirəm?!” məzmununda mesajlar yazmışdır (mesajlar rus dilində yazılmış, tərcümələri iş materiallarına əlavə edilmişdir).

13. Rüfət Əzizov tərəfindən ona yazılmış intim məzmunlu mesajlarla bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə Tatyana Shemetova adlı, xx.xx.2023-cü il tarixdə Maksim Karamyshev, Dmitri Shteinberg adlı şəxslərə və bir sıra digər şəxslərə elektron poçt vasitəsilə müraciət edərək, tədbir görülməsini xahiş etmişdir (elektron məktubun rus dilindən tərcüməsi iş materiallarına əlavə edilmişdir).

14. Dmitri Shteinberg adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, həmkarı tərəfindən korporativ etikanın sistematik pozulması nəticəsində yaranan emosional vəziyyətə baxmayaraq, iş öhdəliklərini yerinə yetirməyə davam etdiyi, bu vəziyyətdə etdiyi müraciət və göstərdiyi səbrə görə ona təşəkkür edilmiş, müraciəti diqqətlə, messencerlərdən təqdim olunan yazışmalar kollektiv şəkildə araşdırılmışdır. Onunla Rüfət arasındakı vəziyyətin mürəkkəb olduğunu başa düşdüyünü, bunu nəzərə aldıqlarını, bu səpkidə ünsiyyətin etika hüdudlarından kənara çıxdığını, bunu qətiyyən qəbul etmədiklərini, korporativ etikanın və işçilərin rahatlığının prioritetləri olduğunu xüsusilə vurğulamış, həmin gün Rüfətlə izahlı bir söhbət aparıldığını, onun davranışının yersiz olduğunu və bir daha təkrarlanmayacağını başa düşdüyünü və peşman olduğunu bildirdiyini, Ə.Leylanın və Ə.Rüfətin təqdim etdikləri işçilər arasında işgüzar ünsiyyətdən kənara çıxan və qəbuledilməz olan yazışmaları araşdırdıqlarını, mövcud vəziyyəti nəzərə alaraq, aşağıdakı addımları atdıqlarını bildirmişdir: “1. Rüfətə korporativ etikanın pozulması və həmkarlarla hörmətli ünsiyyət qurmağın zəruriliyi barədə rəsmi olaraq xəbərdarlıq ediləcək (Maxim, xahiş edirəm, HR ilə müzakirə edilsin). Bu cür vəziyyətlərin təkrarlanacağı təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələr ona aydın şəkildə təqdim edilmişdir.

2. İşçilərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədilə onlar ofisin açıq sahələrində və mühasibat kabinetində videokameraların quraşdırılmasına qərar vermişdir. Bu, peşəkar iş mühitinin qorunmasına kömək edən əlavə bir nəzarət vasitəsidir (Sərəncam artıq tərtib edilmiş, növbəti həftənin sonuna qədər icar ediləcəkdir). 3. Leylanın rahatlığı və təhlükəsizliyi üçün onunla Rüfət arasındakı əlaqə ünsiyyətinə nəzarət etmək üçün Andrey Melnikov nəzarət xidməti tərəfindən telefon danışıqları qeydləri ilə poçt və “Teams” vasitəsilə aparılacaqdır. 4. Leyla, şirkətin inkişafına, mühasibat uçotunda nizam və şəffaflığın qurulmasına verdiyiniz töhfəni qiymətləndiririk! Emosional vəziyyətin iş axınına təsir göstərə biləcəyini başa düşürük və dəyərli bir işçi olduğunuz üçün, özünüzü rahat hiss etməyiniz və vəzifələrini uğurla yerinə yetirməyiniz üçün Sizə dəstək olmağa hazırıq. Tatyana Shemetova ilə tələb olunan məzuniyyəti razılaşdırmanızı, bir də hazırda departamentinizin böyük bir iş yükü olduğu üçün sabit işə təsir etməməsi məqsədilə maliyyə əməliyyatlarının aparılması üçün əlaqədə qalmanızı xahiş edirəm (bugünki telefon danışığında müzakirə etdik). 5. Müraciətinizə uyğun olaraq, Maxim Karamyshev, Sizdən Rüfətə müqavilə müddəti bitənə qədər sınaq müddəti ilə xəbərdarlıq etmənizi xahiş edirəm”. Gördükləri tədbirlərin Ə.Leyla və bütün işçilər üçün təhlükəsiz və peşəkar bir iş şəraitinin yaradılmasına kömək edəcəyinə və bu hadisənin tamamilə həll ediləcəyinə ümid etdiyini əlavə etmişdir.

15. Veronika Koroleva adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, Dmitrinin məktubunda qeyd olunanların davamı olaraq həmin gün şirkət rəhbərləri adından (Maksim və Dmitrinin iştirakı ilə) Rüfətlə korporativ etika normalarının pozulması və bu cür halların qəti şəkildə qarşısının alınması barədə rəsmi əlaqə qurulmuş, həmçinin, işgüzar münasibətlərin icazə verilən sərhədləri pozulduğu təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələrlə bağlı. Eyni zamanda, həmkarlar digər şərtlər üzrə işlərini davam etdirirlər. Sonda İddiaçı şirkət tərəfindən görülən və onunla əvvəlcədən müzakirə olunan tədbirlərin şirkət rəhbərlərinin gələcək qarşılıqlı fəaliyyətə nəzarət edəcəyi şərtilə vəziyyətin nizamlanması üçün kifayət olduğunu təsdiqləməsini xahiş etmişdir.

16. xx.xx.2023-cü il tarixdə İddiaçı Boris Prischepa adlı şəxsə (mailto:boris.prischepa@noventiq.comElektron ünvan ) rəhbərlik – Rüfət Əzizov tərəfindən təqibtəcavüzə məruz qalması ilə bağlı elektron qaydada müraciət edərək, tədbir görülməsini xahiş etmişdir (elektron məktubun rus dilindən tərcüməsi iş materiallarına əlavə edilmişdir).

17. Boris Prischepa adlı şəxs (mailto:boris.prischepa@noventiq.comElektron ünvan ) tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, “X18” İnsidentlər haqqında məlumatlandırma siyasətinin müddəalarına, xüsusilə də 7-ci bölməsinə uyğun olaraq, müraciəti ilə bağlı istintaq başa çatdırılıb və şirkət tərəfindən Azərbaycandakı ofisdə iş mühitinin bərpası üçün lazımi tədbirlər görülmüşdür. İstintaqın nəticələrinə görə, ayrı-seçkliyin və təcavüzün olmaması ilə bağlı siyasətin müddəalarına uyğun olmayan davranış faktı müəyyən edilmişdir. İstintaq başa çatdıqdan sonra uyğun olmayan davranışa yol verən şəxsə qarşı yerli qaydalara uyğun olaraq xəbərdarlıq göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə, bu kimi hadisələrin təkrarlanmaması üçün əlavə tədbirlər görülmüşdür, məsələn: 1. uyğun olmayan davranışa yol verən şəxsə münasibətdə əlavə fərdi təlim; 2. Birmənalı olmayan cümlə və ifadələrin, habelə ikimənalı şərhə malik ola biləcək hər hansı digər hərəkətlərin istifadəsinə qadağa və s. İstintaqın nəticələri və görülən tədbirlər şəxsi və fərdi xarakter daşıyır, buna görə də məxfi məlumatlardır. Həmçinin, “Noventik Yolu” Etik Kodeksinin və ya şirkətlər qrupunun digər Siyasətlərinin mümkün pozuntularının şahidi olsa, hadisələr barədə məlumatlandırma Siyasəti çərçivəsində yenidən müraciət etmək hüququnun olması bildirilmişdir.

18. Boris adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış mesajlardan görünür ki, o, öz rəhbərliyinə hesabatda bu məsələdə nalayiq hərəkətlərə yol verildiyini yazacağını, lakin skrinlərdə olan “belə gözəlsən”, “qara don” və kirpiklər haqqında hansısa hadisəni anlamadığını, bunları anlamasa da, qəribə olsa da, eyib etməz, bu vaxt kəsiyində və onlarda olan skrinşotlarla 7 dəfə rəhbərin öz əməkdaşına yazdığını, bunun vacib hədd olduğunu, bu faktın təsdiqləndiyini, cari an üçün gördüklərindən və sübutlardan bunun 100 faiz “workplace harassment” – insanın öz statusundan istifadə edərək nəyəsə hansısa şəkildə təsir etməyə çalışması olduğunu bildirmişdir (yazışmaların rus dilindən tərcümələri iş materiallarına əlavə edilmişdir).

19. İddiaçı tərəfindən Dmitri adlı şəxsə ünvanlanmış mesaja cavab olaraq yazılmış mesajdan görünür ki, Rüfətlə onun ünsiyyətinin yalnız iş proqramları üzərindən işgüzar formada aparılacağı bildirilmişdir (yazışmaların rus dilindən tərcümələri iş materiallarına əlavə edilmişdir).

20. Veronika adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış mesajlardan görünür ki, o, bunun tamamilə korporativ normalarına zidd olduğunu, ümumiyyətlə, yetkin, adekvat bir insanın, rəhbərin davranışına uyğun olmadığını, buna görə Dmitrinin qeyd etdiyi əlavə addımları danışdıqlarını, Rüfətin isə bunun normal olmadığını, bütün çərçivələri aşdığını etiraf etdiyini və Leyladan üzr istəməyi təklif etdiyini bildirmişdir (rus dilindən tərcüməsi iş materiallarına əlavə edilmişdir).

21. Boris adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış mesajlarda qeyd edilmişdir ki: “Yəni söhbət misal üçün, əməkdaşımı çox sevirəm, filan-filandırsa, bu, ayrı bir məsələdir, orada söhbət kontekst üzrə iş haqqındadır, bəlkə, həqiqətən də, elədir. Mən də tez-tez öz həmkarlarıma yazıram ki, ay çox sağ ol. Bu, normaldır. Lakin mən heç vaxt, bir daha təkrar edirəm, öz həmkarlarıma donun, kirpiklərin, nə bilim-nəyin gözəldir-filan yazmamışam. Yəni bu, mənim üçün olduqca qəribə görünür. Məhz elə bu da “report”da əks olunacaqdır ki, bunlar təsdiqlənmiş faktlardır. Bununla belə, bir daha təkrar edirəm, o, bunu inkar etmir, yəni mən sərt və aydın söhbət elədim ki, bizdə hər şey var. Bəli, bilmirəm, necə izah edim, dostluq-filan barədə versiyalar normaldır, dostluq mövcud ola bilər. İntəhası, mən dedim ki, dostluq nəyə gərəkdir?”; “Mən soruşdum, sözün düzü, 7 dəfə yazmaq nəyə gərəkdir? Yaxşı, 1 dəfə yazdın olsun, 2 dəfə yazdın, bunu anlamaq olar, axı 7 dəfə yazmağı mən başa düşmürəm”; Ə.Leylanın “O təsdiqlədi ki, mən ona demişəm ki, bütün bunlar mənim ürəyimcə deyil?” sualına cavab olaraq yazılan mesaj belə olmuşdur: “O dedi ki, deyəsən, noyabrın əvvəlində çox sərt söhbət olub” (yazışmaların rus dilindən tərcümələri iş materiallarına əlavə edilmişdir).

22. İddiaçı xx.xx.2024-cü il tarixdə Tatyana Shemetova və digərlərinə elektron poçt vasitəsilə müraciət edərək, alınmış qərara və 6 aydır onlayn ünsiyyətlə davam etmələrinə baxmayaraq, Əzizov Rüfətin hazırda onunla şəxsən ünsiyyət tələb etməsi, əks halda, işdən çıxarılacağı ilə hədələnməsi barədə məlumat vermişdir (rus dilindən tərcümə edilərək, iş materiallarına əlavə edilmişdir).

23. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, K17 nömrəli əmrindən görünür ki, baş mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən həmin tarixdən xitam verilmiş, istifadə edilməmiş 27 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi müvafiq şöbəyə həlavə edilmişdir.

24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X9 Xidməti Bakı şəhər İdarəsinə təqdim olunmuş məktubda və inzibati xəta haqqında protokolun müzakirəsi zamanı vəzifəli şəxsin nümayəndəsi tərəfindən bildirilmiş məlumatda İddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində müddətli bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin qurtarması səbəbilə xitam verən zaman sözügedən əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinə xx.xx.2023-cü il tarixində işçi ilə işəgötürən arasında hər hansı bir yazılı və ya şifahi razılaşma olmadan İddiaçı tərəfindən ona həvalə olunmuş vəzifədən sui-istifadə edilərək, “Əmək və Məşğulluq” altsistemində dəyişiklik edildiyi və müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirildiyi, lakin əmək müqaviləsinə olunmuş sonuncu dəyişikliklə bağlı işəgötürənlə qarşılıqlı razılıq olmadığı üçün xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmeti hesab edilir və fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və İddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışdan onun əmək haqqısının və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyasının onun əmək müqaviləsində nəzərdə tutulmuş və aylıq hesablanmış əmək haqqına uyğun olaraq hesablandığı, lakin ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinin (işəgötürən son haqq-hesabı sonuncu iş günü işçiyə verilməlidir) tələbinin pozularaq xx.xx.2024-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixənədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

25. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciət mülki xarakterli mübahisə olduğundan, məhkəmədə iddia qaldıra biləcəkləri, İddiaçı izahatında MMC-nin təsisiçiləri tərəfindən ona qarşı hər hansı zorakılıq və ya digər cinayət xarakterli hərəkətlər edilmədiyini, təsisçilərə qarşı hər hansı iddiasının olmamasını qeyd etməsi bildirilmişdir.

26. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğuna görə, müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

27. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/6-01447 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 60 manat məbləğində İMS xərci İddiaçı tərəfindən ödənilmişdir (xx.xx.2024-cü il tarixli qəbz iş materiallarına əlavə edilmişdir).

28. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkil Nümayəndə1 hesabına 320 manat məbləğində pul mədaxil edilmişdir.

29. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, MMC-nin qanuni təmsilçisi X5 məzuniyyət və ezamiyyətdə olduğu dövrlərdə onu əvəz etməyə səlahiyyət hər hansı şirkət əməkdaşına həvalə ediləmişdir. Bundan başqa xüsusilə qeyd edilmişdir ki, şirkətin rəhbər şəxsinin müvəqqəti əvəz edilməsi şirkətin nizamnaməsinin tələblərinə görə etibarnamə ilə həyata keçirilir. Qanuni təmsilçinin iddia ərizəsində göstərilən bəzi dövrlərdə müvafiq olaraq məzuniyyət və ezamiyyədə olmasına dair sənədlər təqdim edilmişdir.

30. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 xx.xx.2023 (çıxış) – xx.xx.2023 (giriş), xx.xx.2023 (çıxış) – xx.xx.2023 (giriş), xx.xx.2023 (çıxış) – xx.xx.2023 (giriş), xx.xx.2023 (çıxış) – xx.xx.2023 (giriş), xx.xx.2023 (çıxış) – xx.xx.2023 (giriş), xx.xx.2024 (çıxış) – xx.xx.2024 (giriş), xx.xx.2024 (çıxış) – xx.xx.2024-cü (giriş) il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır.

31. İş materiallarında, həmçinin, Cavabdeh MMC-nin təsis sənədləri, müvafiq tarixlərdə qanuni təmsilçinin özü tərəfindən imzalanmış MMC-yə aid başqa sənədlər (bank və s.), direktorun məzuniyyət və ezamiyyə əmrləri, X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən MMC-nin direktoru barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar, şirkət əməkdaşları arasında məsələ ilə bağlı elektron vasitələrlə rus dilində aparılmış yazışmaların tərcümələri, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Marina və Boris adlı şəxslərə ünvanlanmış “məxfi məlumatları çata yerləşdirdiyinə görə, əmək müqaviləsinin müddətinin uzadılmaması barədə qərarın ədalətsiz olması” ilə bağlı elektron məktubun tərcüməsi, İddiaçı ilə Əzizov Rüfət arasında “X12 Leylanın həyat yoldaşı barədə dediyi sözə görə üzrxahlığı” məzmununda olan yazışmanın tərcüməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının tərcümələri, videoyazılar olan fləşkartlar və CDdisk də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

32. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh MMCdə baş mühasib vəzifəsində işləyərkən MMC-nin direktoru X10 tərəfindən seksual qısnamaya məruz qalmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh MMC-ni təsis edən xaricdə yerləşən əsas şirkət (MMC-nin tabe olduğu, hesabat verdiyi, vacib olan bütün norma, qayda və standartları müəyyən edən) tərəfindən aparılmış korporativ araşdırma nəticəsində 2023-cü ilin dekabr ayında bu fakt öz təsdiqini tapmış, buna görə də müəyyən tədbirlər görülərək, Rüfət Əzizova yazılı qaydada xəbərdarlıq edilmiş, iddiaçı ilə Rüfət Əzizovun canlı ünsiyyətdə olmamasına, ofisdə müvafiq yerlərdə videokameralar quraşdırılmasına qərar verilmiş, ikimənalı sözlərdən istifadəyə qadağa qoyulmuş, iddiaçı ilə Rüfət Əzizov arasında bütün yazışmaların rəhbər şəxslər tərəfindən nəzarət edilən hesabların olduğu korporativ platformalar üzərindən aparılması tövsiyə edilmişdir.

33. Bir müddət verilən həmin qərara müvafiq işlədikdən sonra, 2024-cü ilin may ayında iddiaçını əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad edərək, ona son haqq-hesabını vermişlər. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının işdən azad edilməsi zamanı əmək qanunvericiliyinin tələblərini pozduğuna görə, cavabdeh MMC-nin direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir.

34. Hazırda iddiaçı direktor məzuniyyətdə və ezam olunduğu günlərdə onu əvəz etdiyini iddia edərək, işdən azad olunanda ona ödənilməli olan 12.866,87 manat əmək haqqı fərqinin, məruz qaldığı seksual qısnamaya görə 35.000 manat mənəvi zərərin və iş üzrə çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə direktorun məzuniyyətdə və ezam olunduğu dövrlərdə də sənədləri özünün imzaladığını, iddiaçıya direktoru əvəz etməyə heç bir səlahiyyət verilmədiyini, hüquqi şəxs tərəfindən seksual qısnamanın edilə bilmədiyini və direktorun yazdığı bəzi sözlərin səhv başa düşüldüyünü, qalanlarının isə qarşılıqlı olduğunu, iddiaçının heç vaxt bu yazılara etiraz etmədiyini, əksinə təşəkkür etdiyini, bu sözlərin ona motivasiya və mükafatlandırma məqsədilə yazıldığını bildirərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş edirlər. İş üzrə üçüncü şəxs qismində çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iş üzrə iddiaçıya qarşı cinsi qısnamanın mövcudluğunu təsdiq etmişdir.

c) Məhkəmənin mövqeyi:

35. İddia tələbinin “cavabdeh MMC-nin direktoru məzuniyyətdə və ezam olunduğu günlərdə onu əvəz etdiyinə görə işdən azad olunanda ödənilməli olan 12.866,87 manat əmək haqqı fərqinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, iş iştirakçıları öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmək vəzifəsi daşısalar da, iddiaçı tələbinin bu hissəsi ilə bağlı sübutetmə vəzifəsini icra etməmiş, MMC-nin direktoru məzuniyyətdə və ezam olunduğu günlərdə onu əvəz etməsini təsdiq edən heç bir mötəbər sübutu (ümumi yığıncağın qərarı, əmr və s.) məhkəməyə təqdim etməmişdir.

36. İddiaçı bu tələbini yalnız yazılı qaydada tərtib edilmiş, üzərində heç bir imza və möhür olmayan əmrlə, əmək haqqı fərqinin hesablanması ilə bağlı cədvəl şəklində tərtib edilmiş, heç bir imza və möhürlə təsdiqlənməyən sənədlə və şahid ifadəsi ilə əsaslandırsa da, həmin sənədlər heç bir hüquqi qüvvəyə malik olmadığından, mötəbər sübut sayılmır. Şahidin verdiyi ifadədə bu faktı təsdiqləməsi də, vaxtikən iddiaçının köməkçisi kimi işlədiyi nəzərə alınsa, məhkəmə tərəfindən mötəbər və faktı təsdiq edən əsaslı sübut kimi qəbul edilmir.

37. İddiaçının iddia etdiyi bəzi tarixlərdə direktorun ölkə xaricində olması ilə bağlı müvafiq orqandan əldə edilmiş məlumatlar, habelə cavabdeh MMC tərəfindən təqdim edilmiş müvafiq əmrlər direktorun müvafiq tarixlərdə məzuniyyətdə və ezam olunduğunu təsdiq etsə də, bu hal həmin günlərdə iddiaçının onu əvəz etdiyi nəticəsinə gəlməyə əsas vermir. Çünki mülki prosessual qanunvericiliyin tələbinə görə, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı halda isə bu sübutetmə vasitəsi müvafiq qaydada rəsmiləşdirilmiş qərar, əmr və ya başqa adda olan mötəbər rəsmi sənəd olmalı idi. Lakin göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə belə bir sübut təqdim edilməmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsi sübuta yetirilmədiyindən və buna görə də əsassız olduğundan təmin edilməməlidir.

39. “İddiaçının məruz qaldığı seksual qısnamaya görə 35.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə münasibətdə qeyd edilməsi zəruridir ki, cavabdeh MMC-də baş mühasib vəzifəsində işləyən iddiaçının MMC-nin direktoru Əzizov Rüfət tərəfindən seksual qısnamaya məruz qalması faktı məhkəmənin qənaətinə görə, direktor tərəfindən ona həm yazıldığı, həm də şifahi ünsiyyət zamanı deyildiyi mübahisələndirilməyən söz və ifadələrdə öz təzahürünü tapmışdır.

40. Cavabdeh tərəfin məhkəmə araşdırmaları dövründə bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Əzizov Rüfət tərəfindən iddiaçıya deyilmiş “boşalmanın iki mənasının olması” (bu sözün deyildiyi cavabdeh tərəfindən inkar edilmir) və “iddiaçının gözəl dabanının olması” barədə mesajlar başqa mənada – məhz direktorun övladının qarınağrısı və dabanla bağlı problemi olmuşdur deyə, həmçinin, rusdilli olduğu üçün; digər kompliment məzmunlu mesajlar isə iddiaçıdan qarşılıq gördüyünə görə, habelə ona motivasiya və mükafatlandırma olsun deyə yazılmışdır. Lakin məhkəmə hesab edir ki, işçinin buna münasibəti necə olursa-olsun, Əzizov Rüfət bir rəhbər vəzifəli şəxs olaraq, tabeçiliyində olan qadın işçiyə qeyd olunan məzmunda mesajlar yazmaqda haqlı hesab oluna bilməz. Çünki əmək müqaviləsinə xitam vermək səlahiyyətinə malik bir rəhbər kişinin qadın işçisinə yazdığı kompliment xarakterli mesajlara qadın işçi, təbii ki, əvvəlcə təşəkkürlə cavab verəcəkdi. Əks halda, birinci belə (“bu gün gözəlsən” məzmunlu) mesaja qarşılıq olaraq sərt reaksiya vermək qadın işçini haqsız vəziyyətə salmış olacaqdı. Bu hal mütəmadi xarakter daşımağa başladıqdan sonra iddiaçı narazılığını bildirsə də (iş materiallarında iddiaçı tərəfindən yazılmış “belə mövzuda arvadınla danış” məzmununda mesaj var), belə halın 7 dəfə təkrarlanması faktı təsisçi şirkət tərəfindən təsdiq edilmişdir.

41. Elə iddiaçının təsisçi şirkətə müraciət etməsi də onun bu mesajlardan narahat olduğunu, yəni Əzizov Rüfət tərəfindən cinsi qısnamaya məruz qalaraq mənəvi iztirab çəkdiyini, bunun bitməsi üçün tədbirlər görməyə məcbur qaldığını deməyə əsas verir.

42. Bütün bunların qarşılığında cavabdeh tərəfin yalnız “iddiaçı da qarşılıq verirdi”, “mesajlar başqa mənada yazılmış, sözlər başqa mənada deyilmişdi”, “sözlər motivasiya və mükafatlandırma kimi deyilib və yazılıb” kimi dəlilləri iddiaçının mənəvi zərərə məruz qalma faktını dəyişdirmir. Çünki ən azı sonuncu belə mesajdan əvvəl iddiaçı əvvəlcə Əzizov Rüfətə narazılığını bildirmiş, lakin o, bu hərəkətə yol verməyə davam etdiyindən, iddiaçı təsisçi şirkətə bu hərəkətlərə son qoyulması üçün tədbirlər görülməsi məzmununda müraciətlər ünvanlamışdır. Yəni iddiaçının ən azı bir dəfə narazı məzmunlu mesajından sonra Əzizov Rüfət bu hərəkətlərinin iddiaçıya mənəvi cəhətdən narahatlıq verdiyini anlayıb, bu hərəkətlərə son qoymalı idi. Buna görə də bu sözlərin işçiyə motivasiya və ya mükafatlandırma məqsədilə deyilməsi və yazılması ağlabatan sayılmır.

43. Cavabdeh tərəfin vəsatətinə əsasən dindirilmiş şahid həmin şirkətdə işlədiyindən, yəni Əzizov Rüfətin tabeliyində olduğundan, onun ifadəsi də məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir.

44. Qeyd edilməsi zəruridir ki, iddiaçının həmin mesajları cavabsız qoyması və ya etik çərçivədə cavablandıraraq təşəkkür etməsi də onun bundan narahat olmadığı anlamına gəlmir. İddiaçının evli olduğu nəzərə alınsa, onun söhbətin böyüməməsi, həyat yoldaşı ilə qarşı tərəf arasında problemlər yaşanmaması üçün bu cür hərəkət etməsi dəlili (dolayısı ilə narahat olması) ağlabatan hesab edilir.

45. Son olaraq cavabdeh tərəf iddiaçının təqdim etdiyi yazışmaların və videoyazıların sübut kimi qəbul edilməsinin yolverilməzliyini mübahisələndirsə də, məhkəmə iddiaçının təqdim etdiyi sənədləri ona görə mötəbər sübut qismində qəbul edir ki, birincisi, həmin yazışmalar və videoyazılardakı faktların həqiqiliyi cavabdeh tərəfindən verilmiş izahatlarla da öz təsdiqini tapır. Yəni bu hallar cavabdeh tərəfindən inkar edilmir, sadəcə sübutların yolverilməzliyi mübahisləndirilir.

46. Məhkəmə qeyd edir ki, şəxslər arasındakı yazışmaların, habelə hazırkı işdə məsələ ilə bağlı şirkətdə keçirilmiş iclas videosunun bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən saxlanması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, yazışmalardan sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Qeydə alınan məlumatlar, yazışmada, habelə iclasda çıxış edən digər tərəflərin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu yazışmanı saxlayan, danışıqları qeydə alan biri ilə mübahisəli münasibətləri barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması və saxlanması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla, yazılarını saxlamaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman yazışmanın qarşı tərəfi bu mesajları saxlamaqla özünü sığortalamış, səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazışan, videoyazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün saxlaması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf sonradan təkzib etməsin deyə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin və yazışmaların qanunsuz sübut sayılmasını istisna edir.

47. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki işdə seksual qısnama faktının mövcudluğu həm cavabdeh MMC-nin tabe olduğu təsisçi şirkət, həm iş materiallarında olan yazışmalar, həm tərəflərin izahatlarının məhkəmə tərəfindən qiymətləndirilməsi, həm də üçüncü şəxsin mövqeyi ilə öz təsdiqini tapdığından, yəni cavabdeh MMC-nin vəzifəli şəxsi olan direktor tərəfindən işçiyə qarşı əxlaq normalarına zidd olan əməl törədildiyindən, işçiyə vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsinə məhz cavabdeh MMC məsuliyyət daşıyır.

48. Lakin iddiaçıya vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının Avropa Məhkəməsinin təcrübəsinə əsasən formalaşdırdığı hüquqi mövqelərə əsasən, belə kateqoriya işlərə baxılması zamanı mütləq şəkildə nəzərə alınmalı olan vacib hallara (iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, mənəvi iztirabların xarakteri və dərəcəsi (nədə ifadə olunması); bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi (hansı şəraitdə baş verməsi); qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması; hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi; zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq); hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət; zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.); zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi; cavabdehin əmlak vəziyyəti; adətlər və əxlaq normaları və s.) qiymət verilməli, Əmək Məcəlləsinə əsasən isə, mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq, hər bir konkret halda isə belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

49. Beləliklə, qiymət verilməli olan vacib hallarla əlaqədar məhkəmə qeyd edir ki, Əzizov Rüfətlə iddiaçının işəgötürən-işçi statusunda olmaları nəzərə alındıqda, onun iddiaçıya yazdığı mesajlardakı müvafiq söz və ifadələrin heç bir xüsusi bilik tələb olunmadan seksual qısnama xarakterli olmasının müəyyən edilməsi mümkündür. İddiaçının qadın olması, evli olması, bu mesajları yazan şəxsin işçisi statusunda olması, təbii ki, onun mənəvi iztirab çəkməsi ilə nəticələnmişdir. Bunun əksi mümkün deyildir. Məhz bu səbəbdəndir ki, iddiaçı başqa qaydada bu halın qarşısını ala bilmədiyinə görə məcbur qalıb əvvəlcə təsisçi şirkətə, dolayı səbəblərdən işdən çıxarılandan sonra isə müvafiq orqanlara və hazırda məhkəməyə müraciət etmişdir. Bütün bunlar məhkəmənin mövqeyinə görə, iddiaçının Əzizov Rüfətin əxlaq normalarına zidd əməli nəticəsində mənəvi iztirab çəkməsinin sübutudur.

50. Əzizov Rüfətin əməlinin qəsd formasında olması, iddiaçının buna etiraz etməsinə baxmayaraq, belə mesajların təkrarlanan xarakter daşıması, son nəticədə iddiaçının işini itirməsi, lakin Əzizov Rüfətin hələ də orada işləməyə davam etməsi halı, iddiaçının baş mühasib olması, cavabdeh MMC-nin isə xarici şirkətin təsisçiliyi ilə yaradılması faktları da məhkəmə tərəfindən nəzərə alınmışdır.

51. Göstərilənlərlə birgə, tərəflərin maddi vəziyyəti və digər bütün diqqətəlayiq halları nəzərə alan məhkəmə iş üzrə qiymətləndirmə sərbəstliyinə əsasən hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 3.000 manat məbləğində qiymətləndirilməsi ədalətli, ağlabatan və mütənasibdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 3.000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, tələb qalan hissədə təmin edilməməlidir.

52. Məhkəmə xərcləri ilə bağlı tələbə münasibətdə qeyd edilməlidir ki, iddia qismən təmin edildiyindən, İş üzrə ödənilmiş mediasiya xərcinin 10 (on) manat, dövlət rüsumun 20 (iyirmi) manat və hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı aid edilməlidir. d) Tətbiq edilən hüquq:

53. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 12-ci maddə, 1-ci hissə, g bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: - cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrıseçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək. 195-ci maddə, g bəndi. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: - işçi seksual qısnamaya məruz qaldıqda. 290-cı maddə, 3-cü hissə və qeyd hissəsi. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

54. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.5. Seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış. Maddə 4. Seksual qısnama qadağandır. Maddə 7.2, 7.2.5. İşəgötürənin aşağıdakı vəzifələri vardır: - cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək. Maddə 17.2. Seksual qısnamaya məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarı: “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 2-ci bənd. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 3-cü bənd. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. 10-cu bənd. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci bənd. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır.

57. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

58. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

59. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: Mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 3.000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş mediasiya xərcinin 10 (on) manat, dövlət rüsumun 20 (iyirmi) manat və hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar