Məhkəmə qərarları › İş №e-2(006)-4451/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4451/2025

26.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4451/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2024-cü ilin aprel ayından 2025-ci ilin iyun ayına qədər ödənilməmiş 735(yeddi otuz beş) manat kommunal xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulmasın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 05 sentyabr 2016cı il tarixdə bağlanmış müqavilənin icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən Nəsimi rayonunda 51 kv.metrdən ibarət qəzalı mənzildə yaşamış “mülkiyyətçi” Cavabdeh bu mənzilin əvəzinə Abbas Zamanov 11/13 ünvanında 2-ci giriş, 5-ci mərtəbəsində, 1 saylı 123 kv.m ibarət mənzil verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının qərarı ilə sözügedən binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Qeyd etmək zəruridir ki, bina premium səviyyədə inşa olunmuş və geniş həyətyanı sahə, liftlər, qapı-pəncərə sistemi, uşaq meydançası, istirahət zonası, kompleksin fasiləsiz mühafizəsi, yanğından mühafizə xidməti və s. kimi amillər sözügedən yaşayış kompleksini ətrafda olan digər komplekslərdən fərqləndirir. Cavabdeh 11 aprel 2020-ci il tarixdən etibarən yuxarıda qeyd olunan mənzili təhvil almış, bu ünvanda yaşayır və kompleksdə göstərilən bütün kommunal xidmətlərdən yararlanır. Lakin 2024-cü ilin aprel ayından etibarən 2025-ci ilin iyun ayına qədər (15 ay) kommunal xidmətlərə görə ödəniş etməmişdir. Bu barədə Cavabdeh dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilmiş və kommunal xidmətlərə görə yaranmış borclarının ödəmələri barədə xahiş edilmişdir. Buna baxmayaraq, bu günə kimi Cavabdeh ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırmaqdadır. Cavabdeh iddia ərizəsi məhkəməyə təqdim olunan tarixə 735 AZN kommunal xidmət haqqı borcu yaranmışdır. Cavabdeh kimi sakinlərin qanunvericiliklə üzərinə düşən vəzifələrini yerinə yetirməməsi səbəbindən MMC rəhbərliyi kompleksin pis vəziyyətə düşməməsi üçün hər ay öz vəsaiti hesabına müəyyən xərcləri ödəyir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən AZ1007 saylı poçt məntəqəsi vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13,2-ci giriş, 5-ci mərtəbə, mənzil 1-də yaşayan İ Qarabağ müharibəsi veteranı və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şair-Yazıçı Cavabdeh göndərilmiş, özünü "xxxx"-MMC-nin direktoru kimi təqdim edən X8 məhkəməyə təqdim etdiyi iddia ərizəsini ehtiva edən məhkəmə bildirişinə təqdim edilən əks-arqumentlər: İddia ərizəsində onların ünvan 1 ünvanında yerləşən mənzilinin 51 kv.m olduğu və onun 5 sentyabr 2016-ci il tarixdə müqavilə əsasında "xxxx" MMC tərəfindən guya 123 kv.m sahəli mənzillə əvəzləndiyi öz əksini tapmışdır. Əslində isə şirkət onların mənzilin sahəsinin yəni 51 kv.m sahənin 10%-i qədər, yəni, cəmi 5-6 kv.m əlavə sahə təklif etmişdir. Onların mənzilin Bakı şəhər baş arxitektorunun eksizi və Nəsimi rayon icra hakimiyyətinin sərəncamı ilə obyekt sənədi və küçəyə ayrı qapısı olub, buna görə də əlavə 7-8 kv.m, onların evinin təmir xərclərini də özü çəkdiyi üçün və 24 ay kirayə pulu da almayacağı üçün də əlavə sahə də təklif edilib ki, bu da sonda 85 kv.m sahəsi olan təmirsiz mənzil olub. Mənzilin yerdə qalan sahəsi isə tərəfindən ödəniş edilərək alınmışdır, təmir xərcləri də özü tərəfindən olmuşdur. Onların şirkətlə bağladığı müqavilədə 24 aylıq kirayə pulu qarşılığında evin sahəsi danışılsa da, binanın təhvili 40 aydan sonra həyata keçirilmişdir. Onlar şirkətin nümayəndələri olan (şirkətdə müxtəlif vəzifələr müəyyən müddətdən bir adı sıralanan şəxslər arasında əl dəyişdirir) Qaraşov İsa, Rəhmanov Yalçın, Rəhmanov Rəşad və Mirzəyev Rəfael adlı şəxslərlə bu haqda söhbətləri zamanı binanın təhvilinin gecikən aylarına görə də ya mənzil sahəsi ya da vəsait tələb etdikdə isə onlar “sizin evinizin hər kvadrat metrinin qiyməti də qalxıb” deyərək danışıqdan imtina etmiş, ilk gündən onlara qarşı haqsız və qanunazidd münasibət göstərmişdirlər. İddia ərizəsində onların ünvan 1 ünvanında yerləşən mənzilinin guya “qəzalı” vəziyyətdə olması yazılmışdır, əslində isə onların mənzilini tam təmirli birmərtəbəli ikiqat daşla tikilmiş mənzil idi, təsadüfi deyildir ki, ora ev şirkətə təhvil verildikdən sonra 1,5 ilə yaxın anbar kimi istifadə edilmişdir. Şəkillərdən də göründüyü kimi evin hündür tavanı (3,8 metr), təmirli divarları və gözəl interyeri olub. "xxxx" MMC adlanan şirkət tərəfindən təqdim edilən mənzildə isə şirkətin təşkil etdiyi divarlarda müxtəlif formalı dərin çatlar ortaya çıxmışdır ki, bu da bir çox sakinin evində müşahidə edilir. Sakinlərin bəzilərinin fikrincə binanın ilk 3 mərtəbəsində halhazırda da şirkətdə çalışan bəzi şəxslərə aid ticarət və iaşə obyektlərinin daxili “planlaması” zamanı əsas divarlara müdaxilə səbəbindən mənzillərdə belə problemlər ortaya çıxmaqdadır. İddia ərizəsinin müəllifi, özünü "xxxx"-MMC-nin direktoru kimi təqdim edən X8 hüquqi ünvanının ünvan 2a sonra isə “faktiki ünvan” kimi də ünvan 3tərilməmişdir. Çünki o, məhəllənin sakini deyil, onu həmin işə əslində “X16” (əvvəllər "xxxx" MMC”) rəhbərliyində təmsil olunan şəxslər “təyin” ediblər. İddia ərizəsində guya xx.xx.2023-cü il tarixdə yaşadıqları binanın, yəni Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yaşayan sakinlərin yəni mülkiyyətçilərin “ümumi yığıncağının” qərarı ilə sözügedən binanın idarə edilməsi və kommunal xidmətlərinin göstərilməsi "xxxx" MMC-yə həvalə edilməsi göstərilmişdir. Halbuki, bu ünvanda 30 il yaşamış bir sakin kimi şəxsən onun bu yığıncaqdan xəbərim olmamışdır, eynilə uzun müddət burada yaşamış qonşularının da bu məsələdən xəbəri yoxdur. Çox güman bu məsələ də saxtadır. İddia ərizəsində göstərilir ki, “bina premium səviyyədə inşa olunmuş və geniş həyətyanı sahə, liftlər, qapı-pəncərə sistemi, uşaq meydançası, istirahət sonası, kompleksin fasiləsiz mühafizəsi və s. kimi amillərin” guya ətrafdakı komplekslərdən fərqlənir. Əslində isə yuxarıda sadalananlar “hamısı” şəkil 9 və 10-da göstərilən yerdədir. Şəkillərdən də göründüyü kimi “həyət” əslində tikinti meydançasıdır, “meydança” adlandırılan sahə hər biri 2 bloklu olan 2 binanın sakinləri üçün olduqca əlverişsiz və kiçik sahədir. Ətrafda isə özlərinin ticarət obyektlərinin çoxsaylı kondisioner motorları vardır ki, bu da 6 yaşdan kiçik uşaqların sağlamlığı üçün təhlükəlidir. Bundan başqa, əgər uşaqlardan hansısa biri səhvən elini yaxud ayağını həmin motorlar olan yerə daxil etsə ciddi faciəvi hadisələr baş verə bilər. İddia ərizəsində qeyd edilib ki, “2024-cü il aprel ayından 2025-ci ilin iyun ayına kimi olmaqla 15 ay müddətində kommunal ödənişləri etməmişlər və bu, ümumilikdə 735 manat edir. Belə çıxır ki, binada hər kv.m mənzil sahəsində görə ödəniş 735/15/123=0.398 manat yəni təxminən 40 qəpikdir. Halbuki şirkətlə bağladıqları müqavilədə bu 0,3 manat yaxud 30 qəpik təşkil etmişdir ki, bu da ümumi şirkətin iddia etdiyi ev sahəsi yəni 123 kv.m üçün 37 manat təşkil edir (şəkil 11 və 12). Bu müqaviləyə əsasən hər dəfə kommunal xərclər tərəflərindən ödənilmiş, əksər hallarda bir neçə ayın pulu əvvəlcədən ödənilmişdir. Buna baxmayaraq, heç bir əsas olmadan özünü "xxxx"-MMC-nin direktoru kimi təqdim edən X12 bizdən hər kv.m üçün 35 qəpik tələb etməyə başladı. Onlar isə bu məbləğdən imtina etmədilər və bunun üçün yeni müqavilə bağlanmalı olduğunu və müqavilənin şərtlərində və bəndlərində gələcəkdə baş verəcək qiymət artımı məsələlərini “şirkətin istədiyi kimi” yox “qarşılıqlı razılaşma yolu ilə” bəndini də daxil etməyi tələb etdilər. Bundan başqa, mənzilin çıxarışında onun sahəsinin 123 kv.m deyil, 111,8 kv.m olduğu öz əksini tapmışdır ki, bu qədər sahə fərqi göstəricisinin heç bir izahı texniki olaraq mümkün deyil və əvvəl “Pilot-Hayat Residence” (əvvəlki adı "xxxx" MMC”) tərəfindən evin sahəsində aldadılmışlar. Mənzilin sahəsinin 111,8 kv.m olduğunu X10 bildirdikdə isə o, “çıxarış sahəsilə hər kv.m-ə 1 manatdır” deməklə ödənişdən özü imtina etdi. Qeyd edir ki, binada əvvəlki qonşuların hamısı hər kv.m. üçün 35 qəpikdən ödəniş edir. Bundan başqa, iddia ərizəsində "‘yazılı xəbərdarlıqların” göndərildiyi öz əksini tapmışdır. Bu xəbərdarlıqların birində qeyd edilmişdir ki, guya indiyə kimi bu şirkət “dotasiyalarla” işləyirmiş. Dotasiya hər hansı bir qurum tərəfindən ödənilən yardımdır. Sakinlər üçün hansı qurumun “yardım” etdiyi naməlumdur. Ümumiyyətlə bina sakinlərindən toplanan vəsaitlərin hara və necə xərcləndiyi şəffaf deyil, məlumat almaq mümkün deyil. Binada kommunal xidmətin vəziyyəti bərbad vəziyyətdədir. Belə ki, hətta blok üçün ümumi zibil qabı üçün də qonşular birləşərək ayrıca pul toplamış, onlar da bundan ötrü 22 manat ödəmişlər. Mənzilin kiçik otağına artıq 4 ildir ki, yuxarı qonşulardan birindən yaxud da ümumi şaxtadan (səbəbi naməlumdur) su axır, nəticədə otağın damı, elektrik sistemi, havalandırma sistemi və işıqlandırma sistemi sıradan çıxmışdır (şəkil 15). Dəfələrlə bu barədə, əvvəllər Qaraşov İsa və yuxarıda adı sadalanan “Pilot Hay at Residence” şirkətinin rəhbərlərində və sonra X12 təyin olunduqdan sonra ona müraciətlər olunsa da, onlara məhəl qoyan olmamışdır. Bundan başqa, binanın -1 mərtəbəsində “maşın yuma” obyekti də fəaliyyət göstərir ki, bu da binanın özüllərinin beton-armatur konstruksiyalarının sıradan çıxmasına rəvac verir, yəni hal-hazırda tikinti şirkətlərinin söküntü apardıqları köhnə “Xruşşovka” binalarının vəziyyəti ilə obların binanın arasında praktiki olaraq heç bir fərq yoxdur, onların da zirzəmiləri su ilə doludur, onların da binasının -1 mərtəbəsində daim nəmişlik hökm sürür. Meydança dedikləri kiçik sahədə uşaqların top oynamasına və s. normal əyləncələrinə X12 şəxsən icazə vermir və uşaqlar onun saat 7-dən sonra evə getməsindən sonra oynaya bilir. Odur ki, məhkəmədən özünü "xxxx"-MMC-nin direktoru kimi təqdim edən X8 məhkəməyə təqdim etdiyi iddia ərizəsinin qeyri-ciddi olmasına və onlara qarşı qaldırdığı iddiaların əsassız olduğuna qərar verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahat verərək bildirdi ki, ona iddiaçı tərəf borcla bağlı məlumat verməyib. Müqavilə bağlanıb, daha sonra əvvəldən xəbər vermədən yığım artırılıb. Əvvəl maşını saxlamaq üçün 80 manat verirdi, indi isə 120 manat verilir. Çıxarışda mənzilin sahəsi 110 m2 qeyd olunub, 120 m2 pulun istəyirlər. Hesab edir ki, müqavilədə ödənişin neçə qəpiklə aparılması razılaşdırılıbsa, elə də davam etməlidir. Artsa xəbər verməlidilər. Hamıdan fərqli-fərqli məbləğ alırlar. Odur ki, məhkəmədən iddianın rədd edilməsinin xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın suətinə əsasən Yeni Qaydalarla ünvan 4 ünvanın mülkiyyətçisi Cavabdehdur. "xxxx" RG MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sahə mülkiyyətçisinin istifadəsində olan ünvan 5 ünvanında yerləşən 1A binasının 2-ci girişinin, 5-ci mərtəbəsində olan 1 saylı yaşayış sahəsi 123 kv.m təşkil edir. Bu müqavilə şirkət tərəfindənkommunal xidmətlərin göstərilməsi, Sahə mülkiyyətçisinnin göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi ilə bağlı tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Bu müqavilə üzrə kommunal xidmətlərin ümumi dəyəri sahə mülkiyyətçisinin istifadəsində olan 123 kv.m yaşayış sahəsinin hər kvadrat metrini 2.2-ci yarımbəndə əsasən müəyyən edilmiş 0.30 (otuz qəpik) manata vurulmaqla 37 manat müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu, Azadlıq, Abbas Zamanov, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişmələrində yerləşən çoxmərtəbəli binaların idarə edilməsi üsulunun seçilməsinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13, 17/19 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış kompleksinin idarə edilməsi və kommunal xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Binanın saxlanması üçün nəzərdə tutulmuş xərcin məbləği hər kvadrat metr üçün əvəzləşmə müqaviləsi üzrə təmin olunmuş mənzillər üçün 0.30 manat (otuz qəpik), alqı-satqı yolu ilə alınan mənzillər üçün isə 0.50 manat (əlli qəpik) müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu, Azadlıq, Abbas Zamanov 11/13, 17/19 ünvanında yaşayış və qeyri-yaşayış kompleksində sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, sahə mülkiyyətçilərinin ümumi yığıncağının 07 dekabr 2023 cü il tarixli qərarının 3-cü bəndində dəyişiklik edilsin.Çoxmərtəbəli binanın idarəetmə şərtləri ilə müəyyən edilmiş kommunal (binanın saxlanma xərcləri)və digər xərcləri (məişət tullantılarının daşınması,kompleks ərazisinin mühafizəsi daxili parklardan istifadə,liftin işlək və təmiz saxlanılması,mərtəbələrin səliqəli-səhmanlı saxlanılması,kommunal xidmətlərlə təchiz olunması) bu qərarın 2-ci bəndində tələbləri ödəmək məqsədi ilə əvəzləşmə müqaviləsi üzrə təmin olunmuş mənzillərin ümumi sahəsinin hər bir kvadrat metri üçün 0.40 manat(qırx qəpik),alqı- satqı yolu ilə alınan mənzillərin isə hər kvadrat metri üçün 0.60 manat(altmış qəpik) qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0.40 manat (qırx qəpik) məbləğində xidmət haqqı müəyyən edilmişdir. "xxxx" RG MMC-nin arayışına əsasən A/İİ-5/1 Cavabdeh xx.xx.2020-ci ildən mənzildə yaşayır. Mənzilin ümumi sahəsi - 123 m2 x 0.40 man (1 m2 sahənin kommunal xidmətlərə görə qiyməti) = 49 manat aylıq kommunal xidmətlərə görə ödəniş təşkil edir. Aprel 2024-cü ildən iyun 2025-ci ilə kimi kommunal xidmətlərə görə ödəniş etməyib. "xxxx" RG MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi 13 ünvanında 5 mər. 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 06 may 2025-ci il tarixində tərəflərindən kommunal xidmətlərə görə yaranmış borclarının ödəmələri barədə rəsmi xəbərdarlıq məktubu təqdim edildi. X9 xəbərdarlıq məktubu ilə tanış oldu, qəbul etdi, amma ikinci nüsxəyə imza atmadı. "xxxx" RG MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi 13 ünvanında 5 mər. 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 03 dekabr 2024-cü il tarixində tərəfimizdən kommunal xidmətlərə görə yaranmış borclarının ödəmələri barədə rəsmi xəbərdarlıq məktubunun ev sahibinə çatdırılması dəfələrlə mənzilə gedilməsi baxmayaraq ev sahibi evdə olmaması səbəbindən təqdim edilməsi mümkün olmamışdir. "xxxx" RG MMC-nin X4 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubuna əsasən kommunal xidmətlərə görə yaranmış borcun 10 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 122.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Nəsimi rayonunda 51 kv.metrdən ibarət mənzildə yaşamış “mülkiyyətçi” Cavabdeh bu mənzilin əvəzinə Abbas Zamanov 11/13 ünvanında 2-ci giriş, 5-ci mərtəbəsində, 1 saylı 123 kv.m ibarət mənzil verilmişdir, hazırda mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq xx.xx.2024-cü il tarixdən hər 1 kv.m. üçün 0,40 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh aylıq ödənişləri mütəmadi olaraq ödəməmiş, buna görə də iddiaçı tərəfindən borcunun ödənilməsi ilə bağlı ona pretenziya məktubu ünvanlanmışdır. Lakin cavabdeh iddiaçıya yaranmış borcunu tam ödəmədiyindən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə cavabdehin ona yaranmış 735 manat məbləğində borcunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə görə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf isə şirkət tərəfindən onlara verilmiş mənzilin sahəsinin əskik olmasına, müqavilədə 123 kv.m göstərilməsinə baxmayaraq, çıxarışda sahənin 111.8 kv.m göstərilməsinə, şirkətin təşkil etdiyi divarlarda müxtəlif formalı dərin çatların ortaya çıxmasına, mülkiyyətçilərin “ümumi yığıncağının” qərarından məlumatının olmamasına, şirkətlə bağladıqları müqavilədə xidmət haqqının 0.40 manat deyil, 0,30 manat göstərilməsinə, kommunal xidmətin vəziyyətinin bərbad olmasına istinad edərək, iddianın rədd edilməsini xahiş edir. Qeyd edilməlidir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın idarəçiliyini sahə mülkiyyətçiləri «Kommunal İdarəetmə Xidməti-RG” MMC-yə tapşırmışlar. Binada sözügedən xidmətlərin faktiki olaraq «Kommunal İdarəetmə Xidməti-RG” MMC tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) «Kommunal İdarəetmə Xidməti- RG” MMC tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri və yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Məhkəmə cavabdeh X5 dəlillərinə münasibətdə qeyd edir ki, ümumi yığıncağın xx.xx.2024-cü il tarixli qərarından sonra iddiaçı MMC ilə cavabdeh arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə yeni müqavilə bağlanmasa da, bu hallar çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh X7, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov 11/13 ünvanında yerləşən çoxmənzilli binanı yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətdə iştirak etməmiş, bu səbəbdən onun «Kommunal İdarəetmə Xidməti-RG” MMC-yə ödənilməmiş borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 735 (yeddi yüz otuz beş) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı «Kommunal İdarəetmə Xidməti-RG” MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən, 30 (otuz) manat dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçı «Kommunal İdarəetmə Xidməti-RG” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 735 (yeddi yüz otuz beş) manat məbləğində xidmət haqqı və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «Kommunal İdarəetmə Xidməti- RG” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar