Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4530/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tərtib olunmuş 037878 saylı, 15 noyabr 2021 tarixli akta əsasən sayğacdan kənar hesablanmış 4.097,49 manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan X10 icarə sahəsini fərdi sahibkar X2 (VÖEN 3********) icarəyə vermişdir. Ərazi sahəsi “Buta market” kimi istifadə edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilələr onunla bağlanmış və həmin müqavilələrə əsasən icarə sahəsinə elektrik sayğacı quraşdırılmışdır. İlk öncə elektrik sayğacı icarə ahəsinin yerləşdiyi binanın daxilində sayğaclar üçün ayrılmış xüsusi yerdə qurraşdırılıb. Lakin sonradan icarə sahəsinin yerləşdiyi binanın sahibi olan "xxxx" MMC-nin təkidi ilə və "xxxx" ASC əməkdaşlarının 15 noyabr 2021-ci il tarixli aktında etdikləri tövsiyələrə əsasən abonent Babayev Əskərin nümayəndəsinin iştirakı ilə icarə sahəsinin sayğacı əlavə xərc çəkilməklə elektrik sayğacların quraşdırılması ilə məşğul olan idarə tərəfindən yenisi ilə əvəz olunmaqla binanın tərkib hissəsindən kənarda yerləşən transformatorun yerləşdiyi tikilinin içində quraşdırılmışdır. Həmçinin qeyd olunan 037878 saylı, 15 noyabr 2021 tarixli bu akta əsasən abonentə və icarə sahəsini icarəyə götürərək fərdi sahibkarlıqla məşğul olan icarəçiyə məlum olmayan səbəbə görə sayğacın göstəricisi ilə əlaqəli olmayan əni sayğacın qeyd etdiyi sərfiyyatdan əlavə abonent X5 44169 KVT sərfiyyat hesablanmış və hal-hazırki dövrə qədər ödənilməsi tələb olunur. Bildirilir ki, sayğacın yerləşdiyi transformatorun yerləşdiyi tikiliyə yalnız "xxxx" ASCnin əməkdaşlarının giriş imkanı vardır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları nəzarət baxışı zamanı abonentin nümayəndəsinin iştirakı olmadan akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, sayğacın alt plombu yoxdur, faktiki olaraq heç bir sayğacdan çıxılan deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinin rədd edilməsini xahiş etmiş, borcun iddiaçıya aid olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, R 037878 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın cərəyan transformatorları obyektin işlədiciləri maksimum yükləndikdə həmin yükü hiss etmədiyi müəyyən edilmişdir. Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 228462 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanına məxsus elektrik hesabat sayğacının alt və cərəyan transformator ploblarının olmaması faktı aşkarlanmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli icra vərəqinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında **********90250 abunə kodlu elektrik sayğacı cərəyan transformatorları obyektə işlədicilərinin maksimum yükləndikdə həmin yükü hiss etmir. İstehlakçıya 44169 kvts (38055 kvts x 0,09, 6114 kvts x 0,11) = 4.097,50 manat hesablanması və cərəyan transformatorlarının yenisi əvəz edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbardarlıq məktubunun surətindən görünür ki, istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 3.999 manat məbləğində debitor borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş "X6 Qaydaları"nın müvafiq bəndlərinə uyğun olaraq Cəmiyyətimiz elektrik enerjisi haqqını vaxtında ödəməyən istehlakçının borcu ödənilənədək enerji təchizatını dayandırmaq hüququna malikdir. 06 yanvar 2010-cu il tarixli 3 №-İi qərarı ilə edilmiş əlavəyə görə (EEİQ- 9.13.2 ) enerjitəchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırılır. Yuxanda qeyd edilən Qərar və Sərəncam daxilində vaxtında ödənilməmiş borca görə obyektin enerji təchizatı əlavə xəbərdarlıq edilmədən xx.xx.2022-ci il tarixdən etibarən dayandırılacaqdır. "xxxx" ASC tərəfindən Zülfüqar Ocaqverdiyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 06/40-721 (**********90250 uçot nöqtəsi) nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixində Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və «X6 Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacının alt və cərəyan transformator ploblarının olmaması faktı aşkarlanaraq, RQ 037878 nömrəli akt tərtib edilmiş, 44169 kVt.s (4097,49 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktda qeyd edilən qüsur Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 228462 nömrəli aktla təsdiqlənmişdir. Aktın hesabatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci i! tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”na uyğun aparılmışdır. X12 (İddiaçı etibarnamə üzrə nümayəndəsi) ilə X3 arasında bağlanılmış xx.xx.2021ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 620.10 kv/m olan qeyri-yaşayış sahəsi X1 icarəsinə verilmişdir. X3 mülkiyyətçiyə aylıq 2.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Abunə kodu **********90250 olan abunə haqqında sənəddən görünür ki, R 037878 saylı akta əsasən ünvan 2 ünvanına müvafiq olaraq 4097,50 manat əlavə ödəniş hesablanmış, borcu 50278,85 manat, sonuncu ödəniş isə 2.279,00 manat olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, o, maketin yerləşdiyi binada komendant işləyir. “Buta Market” işləməyə başlamazdan əvvəl binalarında işığa görə hesablanan aylıq ödəniş məbləği bu qədər olmurdu. Obyekt işləməyə başladıqdan sonra sayğac da çox yazmağa başladı. Birinci iki ay ərzində ödənişləri etmiş, lakin sonradan şübhələnməyə başlamışdır. Öz iradlarını "xxxx" ASC-yə bildirmişdir. Binada 2 lift mövcuddur. Əvvəl 1 lift idi. 2-ci lift 5-6 aydır ki quraşdırılıb. Məhkəmə baxışı zamanı mütəxəssis qismində dindirilmiş Hacıyev Müşfiq izahat verərək bildirmişdir ki, sözügedən bina 60 mənzildən ibarət bir bloklu binadır. Abonent bu barədə “Asan Kommunal”a müraciət etmişdir. Abonentə izah edilmişdir ki, yüksək gərginlikdə cərəyan transformatoru düzgün hesabat vermir. Nasazlıq cərəyan transformatorundan qaynaqlanır, sərfiyyatı az hesablayır. Sayğacda heç bir nasazlıq yoxdur və heç bir müdaxilə olunmamışdır. Nasazlıq sayğacda yox, cərəyan transformatorunda olmuşdur. Ona görə də 60 əmsaldan artıq olan yükü sayğac hiss etmirdi. Cərəyan transformatoru Buta Marketin balansındadır Sonradan "xxxx" ASC tərəfindən transformator quraşdırılmışdır. Abonentlərə bildirilmişdir ki, məsələni öz aralarında həll etsinlər, lakin onlar razılaşmadılar. Aktın hesabatını da Baş İdarə verib. Halhazırda sayğaclar ayrılmış və “Buta market”ə yeni sayğac quraşdırılmışdır. Abonent sərfiyyat borcunu ödəyir. Akta əsasən hesablanmış borcdan ödəniş olub-olmaması barədə dəqiq məlumatı yoxdur, əminliklə deyə bilər ki, bu borc iddiaçıya aiddir. İddiaçı ünvan 1 ünvanında yerləşən marketin sahibidir. Məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar statusuna malik olmayan şəxs olduğundan onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********90250) elektrik sayğacın maksimum yükləndikdə yükü hiss etmədiyi aşkar edilmişdir, bununla əlaqədar xx.xx.2021-ci il tarixli, R 037878 saylı akt tərtib edilmiş, akta əsasən iddiaçıya müvafiq olaraq 4.097,50 manat əlavə ödəniş hesablanmışdır. İddiaçı qeyd edilən borcun əsassız olaraq hesablandığından silinməsini xahiş etmişdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin doqquzuncu və onuncu hissələrinə əsasən, enerji təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qurumların səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (müvafiq müəssisənin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X6 qaydaları»nın (bundan sonra – Qaydalar) 8.2-ci bəndinə görə Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə hesab edir ki, hazırki mülki işin düzgün həlli üçün ilk növbədə sayğacın qüsurlu işləməsində istehlakçının təqsirinin olub-olmaması məsələsinə münasibət bildirməlidir. İş materiallarından və məhkəmə araşdırması zamanı cavabdeh tərəfin verdiyi izahatdan göründüyü kimi sayğaca iddiaçı tərəfindən müdaxilə edilməmiş, sayğacın qüsurlu işləməsi onun 60 əmsaldan artıq olan yükü hiss etməməsi ilə əlaqədardır və həmin vəziyyətin baş verməsində iddiaçının təqsirli olmaması işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, Mülki Məcəllənin müvafiq maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı mülki iş üzrə zərərin baş verməsinin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, habelə onun təqsirli olması halı müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsinə aid **********90250 saylı abunə koduna hesablanmış borc silinməlidir. İddiaçıya akta əsasən hesablanmış borcun məbləği 4.097,50 manat təşkil edir. Abunə kodu **********90250 olan abunə haqqında sənəddən də görünür ki, iddiaçının elektrik enerjisinə görə sonuncu ödəməsi 2.279 manat həddindədir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, abonentin 2.999,85 manat məbləğində mövcud borcu (5.278,85 (akt və sərfiyyat borcu) - 2.279,00 (sonuncu ödəniş)) ona məxsus abunə hesabından silinməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R037878 saylı, 15 noyabr 2021 tarixli akta əsasən hesablanmış 2.999,85 manat məbləğində borc İddiaçı məxsus **********90250 saylı abunə hesabından silinsin. Dövlət rüsumu kimi ödənilməli olan 61 manatın 45 manatı məbləğində pul "xxxx" ASC-dən tutularaq İddiaçı verilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4530/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4530/2022
16.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver