Məhkəmə qərarları › İş №e-2(006)-4545/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4545/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4545/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqaviləyə əsasən, iddiaçı 20 000 (iyirmi min) manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixli “istiqrazların alqısatqısına dair ilkin razılaşma haqqında” müqaviləyə əsasən isə 40 000 (qırx min) manat məbləğində pul vəsaitini Cavabdeh BOKT ASC-yə (emitent) istiqrazların alınması üçün ödəməyi, cavabdeh isə istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasını və iddiaçının adına (alıcı) Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. İddiaçı hər iki müqavilə üzrə cavabdehin hesabına cəmi 60 000 (altmış min) manat pul köçürmüşdür. xx.xx.2019cu və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələrin 1.2-ci bəndində qeyd olunmuşdur ki, istiqrazlar üzrə gəlirlilik illik 14 (on dörd) % təşkil edir. Hər bir istiqrazın nominal dəyəri 500 manat təşkil edəcək. Lakin bu günə qədər iddiaçının adına hər hansı bir istiqraz emissiya edilməmişdir, yəni cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Həmin müqavilələrin 2.1.1-ci bəndinə əsasən, emitent bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə istiqrazları “Qiymətli kağızlar haqqında” Qanuna uyğun olaraq alıcının adına rəsmiləşdirmək, istiqraz rəsmiləşdirilməsi gecikdiyi halda alıcıya məbləğin illik 14 %-nin dəbbə pulunu ödəməyi öhdəsinə götürür. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə iddiaçının cavabdehin hesabına ödədiyi 60 000 manat pulun xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış illik dəbbə pulu 24 336,66 (iyirmi dörd min üç yüz otuz altı manat altmış altı qəpik) manat təşkil edir. İddiaçı xx.xx.2022-ci il tarixində pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, müqavilələr üzrə ödədiyi 60 000 manat pulun və həmin pula hesablanmış 24 336,66 manat dəbbə pulunun ona ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu göndərərək, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə alınmış 60 000 manat məbləğinə hesablanmış faizlərin iddiaçının “Günaybank”da olan hesabına və “Bank Respublika”da olan kart hesabına köçürüldüyünü bildirmiş, 60 000 manat məbləğində istiqrazın və ona hesablanmış 1 196,89 manat məbləğində faizin xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən iddiaçıya qaytarıldığını qeyd etmişdir. Lakin cavabdehin cavab məktubunda qeyd etdikləri yalandır, belə ki, iddiaçı heç bir məxaric orderinə imza etməmiş və 60 000 manat məbləğində istiqrazı və faizlərini almamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 60 000 manat pulun, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış 24 336,66 manat dəbbə pulunun, vəkilə ödənilmiş 150 manat məbləğində haqqın və 343,01 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəməyə təqdim edilərkən iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət olunmamışdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə cavabdehlə “istiqrazların alqısatqısına dair ilkin razılaşma haqqında” müqavilələr bağlamış, müqavilələrə əsasən, ümumilikdə 60000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və beləliklə, hazırda aralarında mübahisə yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə kommersiya xarakterli mübahisədir. Belə ki, iddiaçı cavabdehlə müqavilə bağlayarkən investisiya etmək, yəni aldığı istiqrazlardan illik 14 % gəlir əldə etmək, cavabdeh isə iddiaçının verdiyi tapşırıq əsasında öz kommersiya fəaliyyətini həyata keçirərək gəlir əldə etmək məqsədi güdmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Mülki Məcəllənin 997.2-ci maddəsinə müvafiq olaraq, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur. İnvestisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla adlı formada buraxılır. İnvestisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, istiqraz qiymətli kağızların növlərindən biridir və investisiya sənədi hesab olunur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı investisiya fəaliyyətini həyata keçirmək və gəlir əldə etmək, cavabdeh isə öz kommersiya fəaliyyətini həyata keçirərək gəlir əldə etmək məqsədilə müqavilə münasibətlərinə daxil olmuşlar. Bu səbəbdən də hazırki mübahisə kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Bundan başqa, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv), əsas fəaliyyət növünü sair plastik məmulatların istehsalı təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən, həmçinin, görünür ki, Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti (VÖEN: **********) qanunamüvafiq qaydada dövlət qeydiyyatından keçərək yaradılmış kommersiya hüquqi şəxsidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılan hüquqi şəxslərdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) və Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Qərarın 13-cü bəndinə görə, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə kommersiya mübahisəsinin subyektlərinin dairəsinə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində) aid edilmişdir. Həm qərardan göründüyü kimi, həm də hazırki iş üzrə mübahisənin subyekt tərkibinin (tərəflər) və predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki işə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 343,01 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 343,01 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar