Məhkəmə qərarları › İş №e-2(006)-4554/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4554/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4554/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC -yə və Cavabdeh2 MMC-yə qarşı «mənzilin iddiaçının adına sənədləşdirilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC -yə və Cavabdeh2 MMC-yə qarşı «mənzilin iddiaçının adına sənədləşdirilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 və Şəfayət Mehdiyev küçəsi 129, 133 ünvanında yerləşən “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçının adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə 29 mart 2013cü il tarixdə GMPE1-6/2013 müqavilə bağlamışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, Müqavilənin predmeti “İcraçı”, yəni Cavabdeh1 MMC-nın 13 sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birini tərəKlərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda ona satmasından, onun isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun iddiaçının ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. Müqavilənin 2-ci maddəsinə əsasən, Cavabdeh1 MMC-nin onunla tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, 2 bloklu bina, “E1” bloku 5-ci mərtəbə, 6 nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 227,500 manat, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan mənzil olmuşdur. Müqavilənin bağlandığı ərəfədə Cavabdeh1 MMC iddiaçıya Cavabdeh2 MMC şirkətindən verilmiş 13 sentyabr 2011-ci il tarixli 449/11saylı etibarnamə təqdim etmişdir. Həmin etibarnamənin mətninə əsasən, Cavabdeh2 MMC-yə məxsus əmlakı idarə etmək və onun üzərində sərəncam vermək və s. səlahiyyətlər Cavabdeh1 MMC-yə verilmişdir. Müqavilənin 3.1-ci maddəsi ilə icraçı Cavabdeh1 MMC-nin öhdəlikləri müəyyən olunmuşdur: Müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, Tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini ona təhvil vermək. "xxxx" MMC tərəfindən ona 30 sentyabr 2016-ci il tarixli 681 saylı Maliyyə arayışa əsasən, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 129, 133 və H.Cavid küçəsi 194, 196, 198, 200, 202 ünvanlarında yerləşən yaşayış binasında “E1” bloku, 5-ci mərtəbə, ümumisahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Beləliklə, göründüyü kimi, Müqavilə üzrə onun üzərinə düşən bütün öhdəlikləri lazımı şəkildə və vaxtında icra edildiyinə baxmayaraq, cavabdeh şirkətlər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırmışdırlar. Yaşayış kompleksi uzun müddət bundan qabaq istismara verildiyinə baxmayaraq, onun mənzilinə dair hüquqmüəyyənedici sənədlərin alınması istiqamətində cavabdehlər tərəfindən Müqavilənin 3.1 və 3.2 maddələrinə uyğun olaraq heç bir iş aparılmamış və beləliklə, onun sahib olduğu mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Onda olan məlumata əsasən, cavabdeh şirkətlər alıcılara münasibətdə məlum olmayan qayda ilə ayrı-seçkiliyə yol verir, bəzi vətəndaşlar ilə notariatda müqavilə bağlayaraq mənzili onların adına rəsmiləşdirir, bir çox sakinlərlə isə müqavilə bağlamaqdan qanunsuz olaraq imtina edirlər. Bu da ona dəlalət edir ki, cavabdeh şirkətlərin Ş.Mehdiyev küçəsində yerləşən yaşayış kompleksinə dair mülkiyyət hüquqları tam şəkildə qeydiyyata alınıb, sadecə naməlum səbəblərdən ayrı-seçkiliyə yol verərək bəzi vətəndaşların qanuni müraciətləri baxılmamış saxlayırlar. Cavabdehlərə çoxsaylı cavabsız qalan şifahi sorğulardan sonra cavabdehlərə rəsmi yazılı şəkildə müraciət etmiş, lakin bu sonuncu müraciət də cavabsız qalmışdır. Beləliklə, onun cavabdehlərə qarşı məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X3 iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə rədd olunmasını məhkəmədən xahiş etdi və Cavabdeh2 MMC-yə münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2013-cü il tarixli 6/2013 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya satmağı, iddiaçı isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh1 MMC tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 681 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 129, 133 və Hüseyn Cavid küçəsi 194, 196, 198, 200, 202 ünvanlarında yerləşən yaşayış binasında “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.metr olan 6 nömrəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. İşdən görünür ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixli 6/2013 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən əsasən Cavabdeh1 MMC 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya satmağı, iddiaçı isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdələrinə götürmüşlər, mənzilin dəyəri 227500 manat müəyyən olunmuş, xx.xx.2016-cı il tarixli 681 saylı Maliyyə arayışına əsasən iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir. Lakin işin hallarından göründüyü kimi iddiaçı, cavabdehlər tərəfindən mənzilə dair sənədlər ona verilmədiyi üçün mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Yəni cavabdehlər alqı-satqı müqaviləsi üzrə üzərlərinə düşən öhdəliyi (Müqavilənin 3.1-ci bəndi) icra etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi öhdəliklərin icrasını cavabdehlərdən tələb etməkdə haqlıdır və bu iddianın təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 və Şəfayət Mehdiyev küçəsi 129, 133 ünvanında yerləşən “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar