Məhkəmə qərarları › İş №e-2(006)-4558/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4558/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4558/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində ******* №-li nisyə alqısatqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ümumi dəyəri 1623 manat olan 1 ədəd mal almışdır və alınan malın dəyəri hissə-hissə ödəmək şərti ilə 18 ay ərzində tam ödənilməlidir. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şirkət qarşısında gecikmiş borcu yaranmışdır. Cavabdehin "xxxx" MMC-nə xx.xx.2025-ci il tarixə olan əsas borcu 1244 manat, cərimə (dəbbə pulu) borcu isə 123 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. İddiaçının tələbi: Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 1244 manat əsas borc, dəbbə pulu 123 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34 manat dövlət rüsumu məbləğini, cəmi 1401 (bir min dörd yüz bir) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin bildiriş poçt xidməti tərəfindən ona çatdırılmadan geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində ******* №-li nisyə alqısatqı müqaviləsinə və 1 saylı əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 1623 manat olan Sony Playstation 5 oyun konsolu almışdır. Alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyanın təhvil-təslim Aktına əsasən Cavabdeh tərəfindən müqavilədə göstərilən mal qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnun iddiaçı "xxxx" MMCyə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 1367 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən 34.40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müqavilədə göstərilən əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 123 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1244 (bir min iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə, 1264 (bir min iki yüz altmış dörd) manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 34.40 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1244 (bir min iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə, 1264 (bir min iki yüz altmış dörd) manat borc və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar