Məhkəmə qərarları › İş №e-2(006)-4564/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4564/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4564/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında BL771826 saylı xx-xx-2022-ci il tarixində bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 6-dan gec olmamaqla 154 ( bir yüz əlli dörd manat ) ödəməyi öhdəsinə götürmüşdür. “Baku Electronics» MMC ilə Cavabdeh1 arasında bağlanmış BL771826Z01 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdehlər qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək,aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh2 iddiaçı “Baku Electronics» MMC-yə 1 043,99 ( bir min qırx üç manat doxsan doqquz qəpik) manat borcu qalmışdır. İddiaçının tələbi: İddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış BL771826 saylı xx-xx-2022-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 1 043,99 ( bir min qırx üç manat doxsan doqquz qəpik) borcun və 31 ( otuz bir manat ) dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehlərin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin bildiriş poçt xidməti tərəfindən “köçüb” qeydi ilə çatdırılmadan geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2022-ci il tarixli BL771826 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 “Baku Electronics» MMC-dən alqı-satqı qiyməti 3719,99 manat manat olan İphone 13 Pro Max telefonu almış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 6-dan gec olmamaqla hissə-hissə ödəməyi ödəməyi öhdəsinə götürmüşdür. “Baku Electronics» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BL771826Z01 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Baku Electronics» MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli borca dair arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 “Baku Electronics» MMC-yə BL771826 saylı xx.xx.2022 saylı müqavilə üzrə 1043,99 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış BL771826 saylı xx-xx-2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müqavilədə göstərilən əşyanı Cavabdeh2 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Borcun təminatı olaraq Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1043,99 (bir min qırz üç manat doxsan doqquz qəpik) manat borc müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1043,99 (bir min qırx üç manat doxsan doqquz qəpik) borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar