Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4572/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə «Samsung» markalı tozsoran, «Hoffmann» markalı Led TV üçün 1.210 manat 80 qəpik ödənilməmiş hissə, 121 manat 20 qəpik cərimə olmaqla, cəmi 1.332 manat borc və ödənilmiş 33 manat 32 qəpik dövlət rüsumunun cavabdeh X2 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 məhkəməyə ərizə göndərdiyindən və ərizədə qeyd olunanlarla tanışlıq zamanı, iş üzrə əlavə araşdırmaya, tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmənin müvafiq qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmış, bu barədə Azərbaycan Respublikası MPM-in 284- 5.4-cü maddəsinə müvafiq olaraq qərardad qəbul edilmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Samsung, X9 almış və nəticədə 1.332 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1.210 manat 80 qəpik (12 ay x 100 manat 90 qəpik + 0 manat ilkin ödəniş) olan Tozsoran Samsung, X9 üçün ümumilikdə 1.332 manat olmaqla, həmin məbləğdən 1.210 manat 80 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121 manat 20 qəpik cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdeh xx.xx.2020-ci il tarixdə Tozsoran Samsung, X9 almışdır. Cavabdeh tozsoranı işləmədiyi, televizorun isə ekranı bloklandığı üçün geri qaytarmışdır. Tozsoranın qutusu, televizorun isə qutusu və penoplastı olmayıb. Həmçinin televizorun ekranında cızıqlar olmuşdur. Məhsullara yoxlanış keçirildikdən sonra bilinmişdir ki, heç bir problem yoxdur. Cavabdehə bununla bağlı məlumat verilsə də, o gəlib malları götürməmişdir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli 21037064 nömrəli müqavilə əsasında pandemiya dövründə onlaynla 1 ədəd Hoffmann Led 4325 televizoru, 1 ədəd Samsung VC18M21A0SB tozsoranı evə sifariş vermişdir. Tozsoran 1 gün işləmişdir, sonra işləməmişdir. Televizor da tam aydın göstərmədiyi üçün xx.xx.2020-ci il tarixdə geri qaytarmışdır. 6582 saylı təhvil-təslim aktına əsasən tozsoranı, 6581 saylı təhvil-təslim aktına əsasən televizoru təhvil vermişdir. Gəlib təhvil alanda qutusu olmadığı, 4 şrupu olmadığı üçün təxminən 350 manat cərimə yazmışlar. Malları qaytardıqdan sonra nağd şəkildə 139 manat 99 qəpiyə tozsoran almışdır. Sonra xx.xx.2020-ci il tarixdə 21067267 saylı müqaviləyə əsasən 1.261 manat 10 qəpiyə, birinin dəyəri 600 manata olan 2 ədəd LG markalı televizoru kreditə götürmüşdür. Yazılan kreditləri vaxtında ödəmişdir. Cəriməni onun dediyi şərtlərlə razılaşmamışlar. Təzədən malı, yəni Hoffmann markalı televizoru geri istəmiş, yenə də iddiaçı tərəf bununla razılaşmamışdır. Ona zəng gəlmişdir ki, nə üçün ödəmir? Zəng vuran şəxsə bildirmişdir ki, malları geri qaytarmışdır. Sonuncu bildirmişdir ki, aydınlaşdırarlar. Həmin zəngdən sonra ona heç bir məlumat verilməmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh X6 iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı tozsoran, X9 markalı televizor almışdır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar kimi müqaviləni və ona əlavə edilmiş digər sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf iddiaya etirazının əsası kimi istinad etdiyi hallara dair sübut kimi 05 avqust 2020-ci il tarixli 6581 və 6582 saylı təhvil-təslim aktlarını məhkəməyə göndərmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 05 avqust 2020-ci il tarixli 6581 və 6582 saylı təhvil-təslim aktlarından görünür ki, cavabdeh iddia ərizəsində qeyd olunan əşyaları iddiaçıya geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh ona satılmış malları qanunla müəyyən edilmiş müddət ərzində iddiaçıya qaytarmış, iddiaçı malların qaytarılmasına etiraz etməmiş, müvafiq təhvil-təslim aktlarına əsasən malları təhvil götürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə iclasında iddiaçının nümayəndəsi malların təmir edilməsi üçün təhvil götürüldüyünü qeyd etsə də, bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, təhvil-təslim aktlarında malların təmir üçün təhvil alındığı qeyd edilməmişdir. İkincisi, təmir üçün götürülən mallar bir qayda olaraq təmir edildikdən sonra, alıcıya qaytarılır, əşyanın təmir edilməsi mümkün olmadıqda, digər əşya ilə əvəz edilir və s. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehdən malların təmir edilməsi üçün götürülməsinə dair sübutlar, eləcə də, həmin əşyaların sonrakı taleyi, cavabdehlə bu məsələ ilə bağlı aparılan rəsmi yazışmalar barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfin cavabdehin ərizəsində qeyd etdiklərinə etirazı subyektiv fikirlərlə əsaslandırılmışdır və həqiqətə söykənmir. Bu səbəbdən, iddia əsassız olduğundan, təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 33 manat 32 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-4572/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4572/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver