Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4574/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Apple Macbook AİR 15” markalı kompüter üçün 3348,2 manat ödənilməmiş hissə, 537,8 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “X4 13” markalı kompüter üçün 1291,43 manat ödənilməmiş hissə, 400,57 manat dəbbə pulu, olmaqla ümumilikdə 5578 manat borc, 75,78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “Apple Macbook AİR 15” markalı və “X4 13” markalı kompüter almış və nəticədə 5578 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3763.2 manat (18 ay x 199.9 manat + 165 manat ilkin ödəniş) “Apple Macbook AİR 15” markalı kompüter üçün ümumilikdə 3886 manat olmaqla ondan, 3348.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 537.8 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4025.04 manat (24 ay x 167.71 manat + 0 manat ilkin ödəniş) “X4 13” markalı kompüter üçün ümumilikdə 1692 manat olmaqla ondan, 1291.43 manat ödənilməmiş hissə, güzəşt olunaraq 400.57 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3148.61 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsini əsas borca münasibətdə qəbul edir. Tərəfindən sözügedən əşyalar götürülmüşdür. Sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödənişlər edə bilməmişdir. Ona şərait yaradılsa borcunu ödəməyə hazırdır. Sonda izahatında qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə xx.xx.2023-cü il tarixli 18282817 müqaviləyə əsasən, “Apple Macbook AİR 15” markalı kompüter və xx.xx.2022-ci il tarixli 02992776 nömrəli müqaviləyə əsasən, “X4 13” markalı kompüter almışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə 5578 manat borc məbləği yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 75,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə üzrə 1291,43 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3.348,2 manat əsas borc, 50 manat cərimə olmaqa, cəmi hər iki müqavilə üzrə 4739,63 manat borc və ödənilmiş dövlət rüsumunun 64 manatı hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 18282817 saylı müqavilə üzrə müvafiq olaraq 50 manat və xx.xx.2022-ci il tarixli 02992776 saylı müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcların tutulması ilə yanaşı, xx.xx.2023-cü il tarixli 18282817 saylı müqavilə üzrə müvafiq olaraq 50 manat və xx.xx.2022-ci il tarixli 02992776 saylı müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1291,43 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3.348,2 manat əsas borc, 50 manat cərimə olmaqa, cəmi hər iki müqavilə üzrə 4739,63 manat borc və ödənilmiş dövlət rüsumunun 64 manatı hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4574/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4574/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver