Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4641/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin R334897 nömrəli, xx.xx.2024-cü il tarixli aktının ləğv edilməsi, tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin tələbi ilə ödənilmiş 300 manatın ona qaytarılması və ya gələcək enerji sərfiyyatına görə ödəniləcək vəsaitlə əvəzlənməsi, cavabdehin xx.xx.2024-cü il tarixli qəbzlə onlara qalıq borc kimi qeyd etdiyi 954.02 manatın silinməsi, evə verilən elektrik enerjisini qanunsuz kəsməsinə görə ailəyə dəymiş mənəvi zərərə görə cavabdehdən 5.000 manat tutularaq ona verilməsi və vəkil xidmətinə görə ödədiyi 100 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birgə ünvan ünvanda yaşayır. Evə verilən elektrik enerjisinə görə sayğac qutusu küçə divarında giriş qapısının yanında quraşdırılmışdır. Həmin sayğac divarın üzərində yerləşdirilmiş dəmir qutunun içərisində olsa da, açıq şəkildədir və qapaqla örtülməmişdir. Ona görə ki, qapaq qıfılı əvvəldən zədəli və nasaz olub və bu vaxta qədər də elədir. 09 iyul 2024-cü il tarixdə, saat 07.08 radələrində cavabdehin əməkdaşları onlar evdə yatdıqları vaxtda iştirakları olmadan küçədə divarda quraşdırılmış sayğaca baxış keçirmiş, sayğacın enerji sərfiyyatı barədə qəbzi çıxarıb, daha sonra qapını döyərək onları çağırmış, Qoşqar adlı əməkdaş qəbzi verərək demişdir ki, onların sayğacının üzərində maqnit yerləşdirililərək sayğaca müdaxilə edilmişdir və Qoşqar həmin maqniti öz avtomobilindən götürərək gətirib həyat yoldaşına göstərmişdir ki, guya bu maqnit onların sayğacın gözlüyündə olub. Təbii ki, onlar bu məlumata etiraz etmişlər və bundan sonra Qoşqar və digər əməkdaş yoldaşına və oğluna bildirmişdir ki, bu işin 5.000 cəriməsi var, ona görə də saat 10.00-da idarəyə gəlib rəhbərliklə məsələni həll etsinlər. Oğlu Araz onlara demişdir ki, onlar nə cərimə ödəyəcəklər, nə də idarəyə getməyəcəklər ona görə ki, onlar sayğaca heç bir müdaxilə etməmişlər. Oğlu demişdir ki, ağlı başında olan heç kəs küçədə hamının, o cümlədən sayğaca nəzarət edən Qoşqarın istənilən vaxt görə və müəyyən edə biləcəyi yerdə quraşdırılan sayğaca müdaxilə etməz. Bu zaman Qoşqar demişdir ki, onda bu sayğac sökülərək laboratoriyaya gedəcək, ondan sonra müəyən olunacaq ki, onlar sayğaca müdaxilə etmiş ya yox. O, da bununla razılaşmış və demişlər ki, olsun, sayğacı söksünlər və müayinə üçün laboratoriyaya göndərsinlər. Saat 10-da Qoşqar yenidən oğlu Araza zəng etmiş və soruşmuşdur ki, onlar hansı qərara gəlmişlər. Oğlu isə deyib ki, heç bir qərara gəlməmişlər və sayğacın sökülərək müayinəyə getməsini tələb edirlər. Əvəzində Qoşqar oğluna demişdir ki, Xəzər RETS-in müdiri onu idarədə gözləyir ki, məsələni həll etsin, yəni gəlsinlər danışsınlar. Oğlu Araz idarəyə getməkdən imtina etdiyindən saat 10.30 radələrində Xəzər RETS-in 7 nəfər əməkdaşı 3 avtomobillə onların həyətinə gəlmiş və maqniti onların sayğacın gözlüyünə qoyaraq video çəkiliş etmişlər. Bundan sonra isə hazırda ləğvini tələb etdikləri R334897 nömrəli, 09 iyul 2024-cü il tarixli qanunsuz AKT tərtib etmişlər. Daha sonra gələnlərin adını bilmədikləri rəhbəri onlara demişdir ki, sayğac söküləcək, yenisi qoyulacaq və köhnə, yəni onların iddiasına görə müdaxilə edilən sayğac müayinə üçün laboratoriyaya göndəriləcək. Daha sonra evə demək olar ki, basqın edən “işıqçılar”dan biri evə gələn enerji xəttini reketcəsinə şalbandan kəsərək onları isti yay günlərində 2 gün işıqsız qoymuşlar. Bundan sonra oğlu Araz AR DİN-nin 102 qaynar xəttinə, "xxxx"ın 199 qaynar xəttinə və Xəzər rayon Polis İdarəsinə işıqçıların qanunsuz hərəkətləri barədə şikayətlər etmişdir. Lakin faydası olmadığından oğlu ertəsi günü Azərişıqın Baş ofsinə şikayətə getmişdir. Orada oğluna demişlər ki, sayğaca müdaxilə etdiklərindən 1208 manat cərimə edilmişlər və bu cərimə ödənilmədiyi təqdirdə enerji verilməsi bərpa edilməyəcək. Bundan sonra 1 gün də işıqsız qalmışlar, evdə soyuducuda nə qədər ərzaq məhsulu var idisə xarab olmuşdur. Temperaturun 37-38 dərəcə isti olduğu günlərdə kondisionersiz keçinə bilmədiklərindən, habelə evdə 3 yaşında körpə uşağa görə əlacsız qalıb həmin “cərimə” məbləğindən 300 manat ödəmişlər ki, enerjini bərpa etsinlər. Beləliklə onlar cavabdehin hesabına öz balansına guya enerji sərfiyyatına görə 300 manat ödəmişlər və bundan sonra işıqlarını vermişlər. Beləliklə, cavabdehin evlərində verilən enerjiyə görə küçədə divardan asılmış sayğaca tərəflərindən “müdaxilə” edilməsi ittihamı, buna görə onları heç bir əsas olmadan 1208 manat cərimə etməsi, onları 2 gün işıqsız qoyması və yaxud da qanuni əsaslar olmadan enerji xəttlərini şalbandan kəsməsi, işıqlarını bərpa etmək üçün onlara 300 manat zorla ödətdirməsi, iyulun sonuna qədər yerdə qalan “cərimə” məbləğini ödəməklə bağlı onları hədələməsi, iyul ayının sonunda yendən işıqlarını kəsməsi, daha sonra şikayətdən sonra işğı bərpa etməsi və hazırda 954,02 manat borc qoyması tamamilə qanunsuz və əsassız olmuşdur. Ona görə ki, əvvəla onlar tərəfdən heç kim sayğaca müdaxilə etməmişdir. Həmin sayğac küçə divarında qapısı olmayan dəmir qutuda olub və istənilən şəxs, o cümlədən işıqçı Qoşqar və başqası da ora müdaxilə edə bilərdi. İkincisi, 1208 manat necə hesablanıb? və yaxud mənbəyi bəlli deyildir. Üçüncüsü, 1208 manat “sayğaca müdaxiləyə” görə cərimə məbləğidirsə, cavabdehin cərimə tətbiq etmək səlahiyyəti olmamışdır. Belə ki, müvafiq qanunvericiliyə görə elektrik enerjisindən istiafdə qaydalarının pozuntusuna görə cərimə tətbiq etmək X1 Agentliyinin səlahiyyətindədir. Elektrik sayğacına müdaxiə etmək və hər hansı formada qəsdən zədələmək laboratoriya şəraitində təsdiqini tapa bilərdi. Belə bir müayinə isə olmamışdır. Müvafiq qanunvericliyə görə yaşayış evlərinin hasarının xarici tərəfində hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Əlbətdə ki, küçədə divarda heç bir qoruma ilə təchiz edilməyən sayğaca istənilən şəxs müdaxilə edə bilərdi. Müvafiq qanunvericliyə görə məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Cavabdeh “sayğaca” müdaxiləyə görə akt tərtib edərək qeyri-müəyyən məbləğ hesablamış və bu məbləği yalnız eneji sərfiyyatı üçün nəzərdə tutulmuş bildirişdə qeyd etmişdir. Müvafiq qanunvericliyə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Bu isə o deməkdir ki, onlar tərəfindən hətta sayğaca “müdaxilə” olunması təsdiqini tapsa idi belə, cavabdeh bu xətaya görə göstərilən qaydada onlardan pul tələb edə bilbməz. Cavabdeh yuxarıda qeyd edilən hərəkətləri ilə ərizədə göstərilən kobud pozuntularla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilimiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-1, 8.17-2, 9.13.2, 9.13-1, 9.13-3-cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh qeyd edilən tarixdə heç bir əsas olmadan onları sayğaca “müdaxilə etməkdə” ittiham etməklə, daha sonra akt tərtib edib 2 gün işıqlarını kəsərkən və üzərinə 1208 manat həcmində cərimə yaxud da ziyan məbləği yükləyərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-1, 8.17-2, 9.13.2, 9.13-1, 9.13-3-cü bəndlərinin tələblərinə riayət etməmiş, yaxud da onun hərəkətləri həmin bəndlərin tələblərinə cavab verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, iddiaçının evinə quraşdırılan elektrik sayğacına maqnit qoyulmuşdur. Bu cavabdehin əməkdaşları tərəfindən edilməmiş çünki maqnitin qoyulması ilə ancaq iddiaçı faydalana bilər. 954 manat borc isə ümumiyyətlə mövcud deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərişıq ASC-nin əməkdaşı X4 bildirmişdir ki, iddiaçıya məxsus sayğaca xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış zamanı sayğacın gözlük hissəsinə maqnit qoyulması müəyyən edilmişdir. Evin qapısını döymüş, qapını açmış xanıma bu barədə məlumat vermiş, xanım ona bildirmişdir ki, həyat yoldaşı gəlsin onunla həll etsinlər. Yoldaşı gəldikdən sonra sayğaca onunla baxış keçirilmiş və maqnit ona göstərilmişdir. Sayğacın yerləşdiyi yeşiyin qapısı bağlı olmuşdur. Əvvəllər sözügedən abonentlə heç bir problem yaşanmamış, istehlak edilmiş enerji abonent tərəfində vaxtlı-vaxtında ödənilmişdir. Maqnitin sayğacın üzərinə qoyulması cərəyanın sərfini ötürməməsi, sayğacın həmin yükü hiss etməməsi ilə nəticələnir. Bunu amperajla müəyyən etmişdir. Maqnit oradan götürüldükdə isə sərfiyyat əks olunmağa başlanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş iddiaçının oğlu X5 bildirmişdir ki, o, sayğac quraşdırılan evdə yaşayır. Həmin gün səhər özünü Azərişıq ASC-nin əməkdaşı kimi təqdim etmiş Qoşqar adlı şəxs ona elektrik enerjisi sərfiyyatı barədə qəbzi təqdim etmiş ardınca da onlar tərəfindən sayğaca müdaxilə olunduğunu bildirmiş, bunun təsdiqi olaraq öz maşınından maqniti çıxararaq ona təqdim etmiş və bildirmişdir ki, bu əməlin cəriməsi 3000-5000 manat civarındadır. O, bununla razılaşmamış və sayğacın çıxarılaraq laboratoriyaya göndərilməsini tələb etmişdir. Lakin, sayğac hal-hazıradək laboratoriya yoxlanışına göndərilməmişdir. İşığı sonradan kəsmişlər. Onun açılması üçün 300 manat ödəmək məcburiyyətində qalmışlar. Sayğac çöldə yolun önundə hər zaman qapısı açıq vəziyyətdə qalır. Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akt R № 334897-dən görünür ki, istehlakçı İddiaçı yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan Təzə sahə ünvanında quraşdırılan enerji sərfiyyatını ölçən sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın gözlük hissəsinə maqnit quraşdırılmışdır və bu vasitə ilə sayğac dövriyyədən kənarlaşdırılmışdır. Xəttən axan yük amperaj vasitəsi ilə ölçülmüşdür. Tələb: sayğac yenisi ilə əvəz olunsun və laboratoriyaya rəyə verilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **********30001 abonent koduna 1208.74 manat borc hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan Təzə sahə ünvana **********30001 saylı abonent koduna tərtib edilmiş qəbzdə son ödənilən məbləğ kimi 300 manat (xx.xx.2024-cü il) qalıq borc 908.74, 456 kvts sərfiyyat üçün məbləğ (EDV-li) 45.28 manat, ödəniləcək məbləğ 954.02 manat göstərilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iddiaçı tərəfindən silinməsi tələb olunan 954.02 manat məbləğində borcun əsasını aydınlaşdırarkən müəyyən etmişdir ki, akt əsasında yazılmış 1208.74 manat cərimədən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat ödənilmiş və nəticə olaraq enerjitəchizatı müəssisəsinin (cavabdeh) hesablamaları ilə ödənilməli cərimə 908.74 manat qalmışdır, qalan məbləğ 45.28 manat isə istehlak edilən enerjinin borcudur. Məhkəmə hesab edir ki, 1208.74 manat enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləği olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşdüyündən, həmin akta görə 1208.74 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından, sayğacın çöldə quraşdırılmaqla qutusunun açıq şəkildə saxlanması müəyyən edilmiş, onun işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşımalı olduğundan, bununla da borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən, pozuntuya görə hesablanmış mövcud 908.74 manat silinməli, iddiaçı tərəfindən ödənilmiş 300 manat onun özünə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, silinməsi tələb edilən 954.02 manatın 45.28 manatı istehlak edilmiş elektrik enerjisi üzrə ödənilməli məbləğ olduğundan qeyd edilən hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli R № 334897 saylı aktın ləğv edilməsi” barədə tələbinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, həmin akt baxış zamanı iddiaçının yaşayış sahəsində elektrik enerjisi istehlakının miqdarını ölçmək üçün quraşdırılmış sayğacın istismara yararsız olması haqqındadır. Sayğacın yararsız hala salınmasında iddiaçının təqsiri müəyyən edilməsə də, həmin halın mövcud olmaması məhkəmə iclasında təqdim olunmuş sübutlarla müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 5000 manatın cavabdehdən tutulması” hissəsinə qiymət verərək hesab edir ki, qeyd edilən hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “100 manat vəkil haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 100 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 100 manat məbləğində pul tutulmalıdır. Məhkəmə ödənilməli olan dövlət rüsumu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, iddianın qiymətinə müvafiq olaraq 32.08 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə sahə 33 ünvanına (abonent kodu **********30001) əsassız hesablanmış 908.74 manat borc silinməli, "xxxx" ASC-dən 300 manat alınaraq İddiaçı ödənilməli, "xxxx" ASC-dən ödənilmiş 100 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi tutularaq İddiaçı ödənilməli, "xxxx" ASC-dən 32.08 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə sahə 33 ünvanına (abonent kodu **********30001) əsassız hesablanmış 908.74 manat borc silinsin. "xxxx" ASC-dən 300 manat alınaraq İddiaçı ödənilsin. "xxxx" ASC-dən ödənilmiş 100 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 32.08 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4641/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4641/2024
29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver