Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4685/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə: 1.İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-340-AAE-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 66.330,00 (altmış altı min üç yüz otuz) manat müəyyən edilən Changan Uni-V markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKEXPA292692), rəngi qara metalik) avtonəqliyyat vasitəsi alıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4.290,00 (dörd min iki yüz doxsan) manat ilkin ödəniş etmiş, 62,040.00 (altmış iki min qırx) manat qalan məbləğin isə xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə,ayda 1,034.00 (bir min otuz dörd) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2024-cü il tarixində olmuşdur), bununla bağlı iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə müqaviləyə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq göndərilmiş, şifahi danışıqlar aparılmış lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 10JS057 qeydiyyat nömrəli Changan Uni-V markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023- cü il tarixli B-340-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirilir ki, Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş Changan Uni-V markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKEXPA292692) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 5040.00 (beş min qırx) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 4,001.00 (dörd min bir) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 890.00 (səkkiz yüz doxsan) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə ümumilikdə 9,931.00 (doqquz min doqquz yüz otuz bir) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-340-AAE-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı əldən çıxmış fayda olaraq 4,001.00 (dörd min bir) AZN əsas borc, 890.00 (səkkiz yüz doxsan) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5040.00 (beş min qırx) manat olmaqla ümumilikdə 9,931.00 (doqquz min doqquz yüz otuz bir) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, avtomobil təhvil alınarkən təhvil-təslim aktı tərtib edilməmişdir. Ödənişlərlə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə ilk dəfə rəsmi müraciət olunaraq ödənişin edilməsini, əks halda müqaviləyə təktərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Lakin cavabdeh bundan sonra da hər hansı ödəniş etmədiyindən xx.xx.2024-cü il tarixdə yenidən müraciət edilərək müqaviləyə təktərəfli qaydada xitam verilməsi ona bildirilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixdə təhvil alınıb. 4.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış avtomobil alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən o, 4.500 manat ilkin ödəniş etməklə Changan Uni-V markalı avtomobili almışdır. Aylıq isə vaxtlı-vaxtında 1036 manat ödəniş edirdi. Lakin bir müddət sonra isə avtomobili satmaq niyyətinə gəldi. Bununla bağlı iddiaçıya müraciət etdikdə isə iddiaçı ona bildirdi ki, avtomobilin onun tərəfindən satılması mümkün deyil. Yalnız avtomobili onların salonuna qoya bilər və onlar avtomobili sata bilər. O isə bununla razılaşmadı və növbəti ayın ödənişini etmədi. Onlar da bununla bağlı “102” xidmətinə müraciət etdilər. Daha sonra o bildirdi ki, təhvil-təslim aktı ilə avtomobili təhvil verə bilər. Onlar isə bildirdilər ki, təhviltəslim aktına ehtiyac yoxdur. Avtomobili salona qoyub satacaqlar və onun pulunu qaytaracaqlar. O da bununla razılaşdı. O, avtomobili tam saz vəziyyətdə təhvil verdi. Bu zaman onun sadəcə ön hissəsində xırda, təxminən 200 manat civarında xərci olan cızıq var idi. Vaxtlı-vaxtında isə yağı tərəfindən dəyişdirilmişdir. Avtomobili təhvil verdikdən bir neçə ay keçsə də, iddiaçı tərəfindən avtomobilin satıması ilə bağlı ona heç bir məlumat verilmədi. Daha sonra o, avtomobili şəhərdə başqa bir şəxsin istifadəsində gördü. Ondan bununla bağlı soruşduqda isə ona avtomobili 11 min manata aldığını bildirdi. O da bununla bağlı iddiaçıya müraciət etdi və onun pulunun qaytarılmasını tələb etdi. Onlar isə ona bildirdilər ki, onlar ona heç bir pul verməli deyillər, əksinə onun onlara borcu var. Bir müddət sonra isə məhkəmədə iddia qaldırılması ona məlum oldu. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı modeli Changan UNİ V buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilədək texniki saz halda cavabdehin istifadəsində verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə borc yaranmışdır. Həmçinin, daha sonra avtomobil iddiaçıya xx.xx.2024cü il tarixdə təhvil verilmişdir. İddiaçı hazırda müqavilə üzrə yaranmış borcun, həmçinin avtomobilə dəymiş zərərin əvəzinin və ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanan xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilədən görünür ki, satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan UNİ V buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilədək texniki saz halda alıcının istifadəsində verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür (bənd 1.1). Müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 66.330 manat məbləğində müəyyən edilir. Alıcı 4.290 manat məbləğində ilkin ödəniş edir. Qalıq borc sayılacaq 62.040 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixindən etibarən 60 ay müddətində, ayda 1.034 manat olmaqla ödəməyi satıcı qarşısında öz öhdəsinə götürmüşdür (bənd 2.1). 9.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş və alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. 10.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən “nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” Aktdan görünür ki, Changan UNİ V markalı, 10JS057 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər 5.040 manat məbləğində qiymətləndirilmişdir. 11.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə sonuncu ödəniş 31 yanvar 2024-cü il tarixdə edilmiş, ödənilməyən cəmi 4001 manat məbləğində əsas borc və 890 manat məbləğində isə cərimə borcu qalmışdır. 12.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli, 002 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 05 mart 2024-cü il tarixinə olan əsas borc 1933 manat, cərimə borcu 1045 manat təşkil edir. 13.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə tərəflərindən birtərəfli qaydada xitam verilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 17.Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 18.Bundan başqa, həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Həmin Məcəllənin 442 və 448.1-ci maddələrinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 20.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə sonuncu aylıq ödəniş xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin ödənilməyən 4001 manat məbləğində əsas və 890 manat məbləğində isə cərimə borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə 1933 manat məbləğində əsas və 1045 manat məbləğində cərimə borcu yaranmışdır. Göründüyü kimi iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 21.Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən əsas borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. 22.İddia tələbinin dəbbə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 23.Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 24.Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. 25.Daha sonra məhkəmə iddia tələbinin avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.Eyni Məcəllənin 1096 və 1097.1-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 27.Hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətdə onun tərəfindən avtomobilə 5040 manat məbləğində maddi ziyan dəyməsini iddia etsə də, məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması zamanı iddiaçı tərəfindən təhvil-təslim aktının tərtib edilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu, özündə iddianın sözügedən hissədə əsassızlığına dəlalət edir. Belə ki, iş materiallarından göründüyü kimi avtomobil cavabdehə verildiyi zaman təhvil-təslim aktı tərtib edilsə də, avtomobil geri alındığı zaman bu tələbə iddiaçı tərəfindən riayət edilməmişdir və bu halda isə avtomobilə iddia edilən həcmdə ziyan vurulmasını sübut etmə vəzifəsi birbaşa iddiaçının üzərindədir. İddiaçı isə hazırki tələbini yalnız iş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi”nə dair Aktla əsaslandırır. Hansı ki, həmin Aktla cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya təhvil verilən Changan UNİ-V markalı, 10JS057 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5040 manat məbləğində maddi ziyan dəyməsi qeyd edilmişdir. Məhkəmə sözügedən Aktı yalnız müəyyən hissədə əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında Akt üzrə ön sağ qanadaltı, ön sağ qanadın salaçkası, ön sağ qanadın dəyişdirilməsi, ön sağ qanadın ağır təmiri və ön sağ qanadın tam rənglənməsi hissəsində mübahisənin olmadığı müəyyən edilmişdir (cavabdehin məhkəmə iclası zamanı izahatına əsasən). Həmin hissələrə münasibətdə məhkəmə akt üzrə qeyd edilən məbləği (cəmi 366 manat) yetərli hesab edərək iddia tələbinin həmin hissədə qismən təmin edilməli olması qənaətinə gəlir. Hesablanan 366 manat məbləğ isə mülki iş üzrə iddiaçı tərəfindən tərəfindən təqdim edilən qüsur aktına və cavabdehin izahatına əsasən avtombilin ön sağ qanad hissəsinə aid dəyişilməli ehtiyat hissələri və işçilik haqları olmuşdur. Belə ki, bu hissələrə ön sağ qanadın salaçkası (10 azn), ön sağ qanadaltı (71 azn), ön sağ qanadaltı dəyişdirilməsi (15 azn), ön sağ qanadın ağır təmiri (100 azn), ön sağ qanadın tam rənglənməsi (120 azn), ümumi cilananma isə (200 manat münasibətdə yalnız sağ qanad olduğu üçün 50 manat) həcmdə müəyyən edilmişdir. 29.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun 51.89 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 30.Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən ödənilməyən 1933 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə borcu və Changan UNİ-V markalı, 10JS057 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 366 manat, ümumilikdə 2499 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulmalı, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 120 manatın 44.99 manatı Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddia qalan hissədə rədd edilməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 34.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 35.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 37.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən ödənilməyən 1933 AZN (min doqquz yüz otuz üç manat) məbləğində əsas borc, 200 AZN (iki yüz manat) məbləğində cərimə borcu və Changan UNİ-V markalı, 10JS057 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 366 AZN (üç yüz altmış altı manat) olmaqla, ümumilikdə 2499 AZN (iki min dörd yüz doxsan doqquz manat) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 120 AZN-nin (bir yüz iyirmi manat) 51.89 AZN-i (əlli bir manat, səksən doqquz qəpik) Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4685/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4685/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver