Məhkəmə qərarları › İş №e-2(006)-4688/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4688/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4688/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh1 qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh1 qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, əldən çıxmış fayda olaraq 2,442.00 (iki min dörd yüz qırx iki) AZN əsas borc, 1,433.00 (bir min dörd yüz otuz üç) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 1615.00 (bir min altı yüz on beş) manat olmaqla ümumilikdə 5,490.00 (beş min dörd yüz doxsan) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və X1 (“Alıcı”) arasında avtomobil alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-362-AAE-23 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 58.630,00 (əlli səkkiz min altı yüz otuz) manat müəyyən edilən Changan CS 35 Plus markalı, buraxılış ili 2023 olan (VİN: LS5A3DKR9PA005357), rəngi ağ avtonəqliyyat vasitəsini avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı 3.790,00 (üç min yeddi yüz doxsan) manat ilkin ödəniş etmiş, 54,840.00 (əlli dörd min səkkiz yüz qırx) manat qalan məbləğin isə xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 914.00 (doqquz yüz on dörd) manat olmaqla şirkətə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin və yeni alıcı Cavabdeh1 iştirakı ilə xx.xx.2023-cü il tarixli B-362-AAE-23 saylı müqaviləyə edilmiş xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən müqavilə predmeti olan avtomobil, habelə müqavilə üzrə alıcının hüquqları ilə bərabər öhdəlikləri də Cavabdeh1 keçmiş, müqavilənin digər şərtləri isə dəyişilməz olaraq qalmışdır. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş, ödənişlərdə mütəmadi gecikmələrə yol verilmiş (sonuncu ödəniş isə xx.xx.2024-cü il tarixində olmuşdur), bununla bağlı iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə müqaviləyə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq göndərilmiş, şifahi danışıqlar aparılmış lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 77AT883 qeydiyyat nömrəli Changan CS 35 Plus markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin, iddiaçının xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-362-AAE-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş Changan CS 35 Plus markalı, buraxılış ili 2023 olan (VİN: LS5A3DKR9PA005357) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 1615.00 (bir min altı yüz on beş) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək, həmçinin, əvvəlki ayların ödənilməmiş məbləğləri də daxil olmaqla cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 2,442.00 (iki min dörd yüz qırx iki) manat məbləğində əsas borcu, müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1,433.00 (bir min dörd yüz otuz üç) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə ümumilikdə 5,490.00 (beş min dörd yüz doxsan) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-362-AAE-23 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə vəsatət təqdim edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirakının baş tutmayacağını bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməməsini və iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 bildirdi ki, iddiaçı ilə aralarında lizinq münasibətləri mövcud olmuşdur. Belə ki, o, turizm sektoru ilə məşğul olduğundan, turistləri gəzdirmək üçün mübahisə predmeti olan avtomobili əldə etmiş, 4 ay ödəniş etdikdən sonra işləri zəifləmiş, buna görə də müqavilədə nəzərdə tutulmuş ödənişləri ödəyə bilməmişdir. Ödəniş etməsi üçün vaxt verilməsi məqsədilə iddiaçı tərəfə müraciət etsə də, iddiaçı tərəf vaxt vermədiyindən o, avtomobili qaytarmaq məcburiyyətində qalmışdır. İddiaçı tərəfin onun ödəniş qabiliyyətini yoxlamaq məqsədilə nə işlə məşğul olduğunu araşdırdığını və turistlərə şəhərdaxili gəzinti təşkil etdiyini əvvəlcədən bildiyini əlavə etdi.

5. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 (VÖEN: **********; VÖEN statusu: aktiv) xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, əsas fəaliyyət növünü taksi fəaliyyəti təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı MMC və Cavabdeh1 (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, İddiaçı MMC kommersiya hüquqi şəxsi, Cavabdeh1 isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.

8. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, cavabdehin izahatına əsasən müəyyən edilir ki, cavabdeh mübahisə predmeti olan avtomobili məhz turistləri gəzdirərək gəlir əldə etmək, yəni kommersiya məqsədilə istifadə etmək üçün hissə-hissə ödəniş şərtilə iddiaçıdan almış, müqavilə bağlanarkən onun ödəniş qabiliyyətini müəyyənləşdirən zaman iddiaçıya bu barədə məlumat vermişdir. Hazırda iddiaçı həmin avtomobilə dəymiş ziyanı və s.-ni cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı kommersiya hüquqi şəxsi olmaqla, onun sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, cavabdehin fərdi sahibkar olması və iddiaçı ilə mübahisə predmeti olan avtomobil barəsində müqavilə münasibətlərinə daxil olan zaman niyyətinin gəlir əldə etmək olması müəyyən edildiyindən, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

c) Tətbiq edilən hüquq və gəlinən nəticə:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

11. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

12. Mülki Prosessual Məcəllə: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

16. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Nəticə:

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh1 qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar