Məhkəmə qərarları › İş №e-2(006)-4694/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4694/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4694/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) 6750 manat məbləğində əsas pul vəsaiti, 1680,75 manat məbləğində hesablanmış dəbbə pulu və 104.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə, 8535 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) ilə aralarında xx.xx.2023-cü il tarixində İMİ23001921 saylı Sigorta müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mülkiyyətində olan Range Rover minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları əsasında sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixində Bakı səhəri Binəqədi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı cavabdeh Dövlət Sığorta Kommersiya şirkətinə (ləğv prosesindədir) sığorta tələbi ilə müraciət edilmiş, yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sənədlər təqdim edilmiş və cavabdeh tərəfindən avtomobilə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “Range Rover” minik markalı, ** TN *** dövlət qeydiyyat nisanlı nəqliyyat vasitəsinə dəymiş zərər X1 MY AUTO SERVİCE tərəfində 6750 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində baş vermiş hadisə ilə bağlı uzun müddət ərzində dəfələrlə cavabdehə müraciət etdikdən sonra 05 fevral 2024-cü il tarixdə əsassız, qanunvericiliyə uyğun olmayan imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına müraciətinə də cavabdeh tərəfindən eyni məzmunlu cavab məktubu ünvanlanmışdır. Cavabdeh sığortalı tərəfindən sığorta haqqının tam ödənilməməsini əsas gətirərək sığorta ödənişini ödəməkdən yayınmağa çalışır. Belə ki, nəzərdə tutulmuş sığorta haqqının 2000 manat məbləği sığorta müqaviləsi bağlanarkən sığortalı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiyası Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Rover” markalı, 77TN111 dövlət qeydiyyat nişanlı avtomobilin könüllü qaydada sığortalanması ilə bağlı Şirkətə müraciət etmiş və bununla əlaqədar İMİ23001921 saylı xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsi imzalanmışdır. Həmin şəhadətnamədə sığorta haqqı 4000 manat müəyyən edilmiş və sığorta haqqının tam ödənilməsi razılaşdırılmışdır. “X2 Rover” markalı, 77TN111 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün iddiaçı şirkətə müraciət etmişdir. İddiaçı tərəfindən Şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığorta haqqı 4000 manat müəyyən edilməsinə baxmayaraq, sığorta haqqı tam ödənilməmişdir. Yuxarıda qeyd edildiyi kimi müvafiq sığorta şəhadətnaməsində sığorta haqqı iddiaçının iddia etdiyi kimi hissəli yox, tam şəkildə ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış sığorta haqqı tam ödənilmədiyindən müvafiq sığorta müqaviləsi qüvvəyə minməmiş və buna görə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı etiraza münasibət bildirərək qeyd etmişdir ki, etiraz kökündən əsassız və yanlışdır. Belə ki, cavabdeh etirazında bildirir ki, “X2 Rover” markalı, 77TN111 dövlət qeydiyyat nişanlı avtomobilin könüllü qaydada sığortalanması ilə bağlı şirkətə müraciət etmiş və bununla əlaqədar İMİ23001921 saylı, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsi imzalanmışdır. Həmin şəhadətnamədə sığorta haqqı 4000 manat müəyyən edilmiş və sığorta haqqının tam ödənilməsi razılaşdırılmışdır. Halbuki, aralarında bağlanmış İMİ23001921 saylı, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsinin 2-ci səhifəsində əsas şərtlərində razılaşdırılmışdır ki, ümumi sığorta haqqı bu şəhadətnamənin ayrılmaz hissəsi sayılan sığorta haqqının ödəniş cədvəlinə əsasən ödənilməlidir. Sığorta şəhadətnaməsi sığorta haqqının razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaq. Cavabdeh etirazında bildirir ki, iddiaçı tərəfindən şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı və şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığorta haqqı 4000 manat müəyyən edilməsinə baxmayaraq, sığorta haqqı tam ödənilməmişdir. Belə çıxır ki, yol nəqliyyat hadisəsi baş verməsəydi cavabdeh bilməyəcəydi ki, sığorta haqqı tam ödənilməyib. Bundan başqa həmin müqavilənin şərtində göstərilir ki, sığorta şəhadətnaməsi sığorta haqqı tam və ya razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaq. Müqavilənin digər şərtində göstərilmişdir ki, sığorta hadisəsi zamanı ödənilməmiş sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılacaq. Cavabdeh tərəfindən verilən etiraz, əsassız olduğu və yalnız cavabdehin sığorta ödənişini ödəməkdən yayınması məqsədi daşıdığını bir daha sübut edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İMİ23001921 saylı Sığorta Şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı məxsus “X2 Rover” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil 4000 manat müqabilində xx.xx.2025-ci il tarixinədək sığortalanmışdır. Həmin şəhadətnamədə qeyd edilmişdir ki, sığorta şəhadətnaməsi sığorta haqqı tam və ya razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaqdır. İş materiallarında olan İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə №1-dən görünür ki, tərəflər həmin əlavəni dövlət qeydiyyat nişanının ** TN *** dəyişməsi barədə imza etmişlər. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 19:30-da Range Rover minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində onunla Şirkət arasında bağlanmış İMİ123001921 saylı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqı 4000 manat məbləğində müəyyənləşdirilmiş və onun hissəli şəkildə ödənilməsi razılaşdırılmamışdır. Tərəfindən Şirkətin bank hesabına xx.xx.2023-cü ii tarixində 2000 manat məbləğində pul vəsaiti ödənilmiş və daha sonra hər hansı ödəniş həyata keçirilməmişdir. AR Mülki Məcəlləsinin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 903.6-cı maddəsinə əsasən isə hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Məlum olduğu üzrə xx.xx.2023 cü il və xx.xx.2024-cü il tarixində Bakı şəhəri ərazisində ona məxsus olan və onun tərəfindən idarə olunan “Range Rover” minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yekunda yuxarıda qeyd olunanları da nəzərə alaraq bildirilmişdir ki, tərəfindən sığorta haqqı Şirkətin hesabına tam ödənilmədiyi üçün onunla bağlanmış sığorta müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvəyə minməmişdir. Bu səbəbdən də baş vermiş yol nəqliyyat hadisəsi üzrə ona Şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sığorta xidmətləri üzrə qəbzdən görünür ki, 3801000GB7049410A91 saylı hesab nömrəsinə 2000 manat köçürülmüşdür. İş materiallarında olan X1 My Auto Service tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qüsur aktından görünür ki, Range Rover markalı avtomobilinə 6750 manat ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı tərəflərin mövqeləri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus avtomobil 2 il müddətinə 4000 manat sığorta haqqı ödəmək müqabilində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən nəqliyyat vasitələrinin tam sığortası növü üzrə müvafiq sığorta təminatı almış, iddiaçı həmin məbləğdən 2000 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermişdir. İddiaçı tərəfindən sığorta haqqının qanunla müəyyən edilmiş müddətdə tam ödənilməməsi səbəbindən aralarında bağlanmış sığorta müqaviləsi üzrə razılaşdrılmış sığorta haqqının ödənilməsində iddiaçıya imtina edilmişdir. Hazırda iddiaçı sığorta ödənişini, həmçinin gecikdirilmiş günlər üzrə hesablanmış dəbbə pulu olmaqla və ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə tərəflər arasında yaranan münasibətlərin hüquqi xarakterinə və mübahisə predmetinə dair belə qənaətə gəlir ki, tərəflər arasında sığorta müqaviləsi bağlansa da, müqavilədə şərtləndirildiyi kimi sığorta haqqı tam ödənilmədiyindən sığorta müqaviləsi qüvvəyə minməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Belə ki, MM-nin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 903.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Həmin Məcəllənin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 903.6-cı maddəsinə hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında sığorta haqqının hissə-hissə ödənilməsinə dair razılıq olmamış, bununla da müqavilə qüvvəyə minməməklə, cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar