Məhkəmə qərarları › İş №e-2(006)-4720/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4720/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4720/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 129,91 (bir yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat ödənilməmiş hissə, 12,09 (on iki manat doqquz qəpik) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 67,96 (altmış yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 6,04 (altı manat dörd qəpik) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 920 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdeh Fritoz Philips, PS5 oyun diski, Orient qol saatı, 512 GB Sandisk, Süd köpükləndirici Delonghi almış və nəticədə iddiaçıya 920 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 472.5 manat (3 ay x 150 manat + 22.5 manat ilkin ödəniş) olan Fritoz Philips üçün ümumilikdə 495 manat olmaqla, ondan 450 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat miqdarında cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 157.5 manat (3 ay x 50 manat + 7.5 manat ilkin ödəniş) olan PS5 oyun diski üçün ümumilikdə 165 manat olmaqla, ondan 150 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat miqdarında cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588.06 manat (18 ay x 32.67 manat + 0 manat ilkin ödəniş) olan Orient qol saatı üçün ümumilikdə 142 manat olmaqla, ondan 129.91 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.09 manat miqdarında cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 117.96 manat (12 ay x 9.83 manat + 0 manat ilkin ödəniş) olan 512 GB Sandisk üçün ümumilikdə 74 manat olmaqla, ondan 67.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.04 manat miqdarında cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Süd köpükləndirici Delonghi üçün ümumilikdə 44 manat olmaqla, ondan 40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 678.15 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

3. Cavabdeh ərizə (və şikayət) ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmamasını, iş üzrə məhkəmə iclası təyin edilərək, özünün dinlənilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. İddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin texniki səhv nəticəsində xx.xx.2023-cü il kimi qeyd edildiyini bildirmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03853914 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Orient” adlı məhsulu Cavabdeh 588,06 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

10. Əşyaların xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 03853914 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Süd köpükləndirici Delonghi” adlı məhsulu Cavabdeh 180 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

12. Əşyaların xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13865022 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “512 GB X5” adlı məhsulu Cavabdeh 117,96 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

14. Əşyaların xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 13865022 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

15. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10735854 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Fritoz Philips” adlı məhsulu Cavabdeh 472,49 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

16. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 10735854 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

17. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18554490 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “PS5 (Gran Turismo 7)” adlı məhsulu Cavabdeh 157,49 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

18. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 18554490 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

19. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

20. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş məbləğ, 45 manat cərimə borcu olmaqla, cəmi 495 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş məbləğ, 15 manat cərimə borcu olmaqla, cəmi 165 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 129.91 manat ödənilməmiş məbləğ, 12.09 manat cərimə borcu olmaqla, cəmi 142 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 67.96 manat ödənilməmiş məbləğ, 6.04 manat cərimə borcu olmaqla, cəmi 74 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş məbləğ, 4 manat cərimə borcu olmaqla, cəmi 44 manat, ümumilikdə isə 920 manat məbləğində borcu vardır.

21. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir.

22. İş materiallarında, həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər vardır (qətnamə, iş yerindən arayış, xəstəlik barədə sənəd və s.).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

23. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, iddiaçı müxtəlif növ məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğlərini hissə-hissə müvafiq olaraq 3 ay, 3 ay, 18 ay, 12 ay və 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya borcu yaranmışdır.

24. Hazırda iddiaçı aralarında olan müqavilələr üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddiaçıya müqavilələr üzrə borcunun olmasını etiraf edir, lakin hesablanmış cərimə borclarını qəbul etmir. Cavabdeh ödənişlərdə yaranmış gecikmələri nikahının pozulması və məhkəmə qətnaməsi əsasında aliment öhdəliyinin yaranması, əmək haqqı məbləğinin az olması, bir uşağının ürək xəstəsi olması, başqa şirkət qarşısında da maddi öhdəliyinin olması ilə əsaslandıraraq, iddiaçıya olan borcunu 18-20 aya bölündüyü halda, ödəyə biləcəyini bildirmiş, iddiaçı tərəf isə hissə-hissə ödənişin icra mərhələsində həll edilən məsələ olduğunu qeyd etmişdir.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı müqavilələr üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq aylıq ödənişləri gecikdirmişdir. Buna görə də cavabdehin hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

26. İddia tələbinin “əsas borc” hissəsində əsaslı olmasını və müvafiq sübutlarla (müqavilələr, əlavələr, maliyyə arayışı və s.) təsdiq olunmasını, eyni zamanda, cavabdehin iddianı bu hissədə etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “əsas borc” hissəsində təmin edilməlidir.

27. Məhkəmə hesab edir ki, iddia tələbi “cərimə borcu” hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə müqavilələr üzrə tələb edilən cərimələrin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, - xx.xx.2024-cü il tarixli, 10735854 nömrəli müqavilə üzrə 45 manat cərimənin məbləği 23 manat məbləğinədək; - xx.xx.2024-cü il tarixli 18554490 nömrəli müqavilə üzrə 15 manat cərimənin məbləği 8 manat məbləğinədək; - xx.xx.2022-ci il tarixli 03853914 nömrəli müqavilə üzrə 12.09 manat cərimənin məbləği 7 manat məbləğinədək; - xx.xx.2023-cü il tarixli, 13865022 nömrəli müqavilə üzrə 6.04 manat cərimənin məbləği 4 manat məbləğinədək; - xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 4 manat cərimənin məbləği 2 manat məbləğinədək azaldılmalıdır.

28. Cavabdehin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, onun maddi vəziyyətinin yaxşı olmaması səbəbindən müqavilə üzrə ödənişləri gecikdirməsi, yəni öhdəliyini tam icra etməməsi iddiaçı qarşısında yaranmış borcunun hissəyə bölünərək ödənilməsini tələb etməyə əsas vermir. Əksinə, mülki qanunvericiliyə əsasən, bu hal iddiaçıya müqavilə üzrə yaranmış borcun birdəfəlik ödənilməsi üçün iddia qaldırmaq hüququ verir.

29. Cavabdeh, həmçinin, cərimə borcunun silinməsini tələb etsə də, həmin borcun silinməsi yox, azaldılması qanunla mümkün olduğundan və bu məsələdə məhkəmə qiymətləndirmə sərbəstliyinə malik olduğundan, məhkəmə kreditorun bütün əsaslı mənafelərini nəzərə alaraq, müqavilələr üzrə tələb edilən cərimə borclarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirmiş və azaltmışdır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

32. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 450 (dörd yüz əlli) manat ödənilməmiş məbləğ, 23 (iyirmi üç) manat cərimə borcu; - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat ödənilməmiş məbləğ, 8 (səkkiz) manat cərimə borcu; - xx.xx.2022-ci il tarixli müqavilə üzrə 129,91 (bir yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 67,96 (altmış yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş məbləğ, 4 (dörd) manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş məbləğ, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 881,87 (səkkiz yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 450 (dörd yüz əlli) manat ödənilməmiş məbləğ, 23 (iyirmi üç) manat cərimə borcu; - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat ödənilməmiş məbləğ, 8 (səkkiz) manat cərimə borcu; - xx.xx.2022-ci il tarixli müqavilə üzrə 129,91 (bir yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 67,96 (altmış yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş məbləğ, 4 (dörd) manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş məbləğ, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 881,87 (səkkiz yüz səksən bir manat səksən yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar