Məhkəmə qərarları › İş №e-2(006)-4805/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4805/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4805/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Tikinti materiallarının alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildirilir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1200 manat, cərimə üzrə 100 manat, cəmi 1300 manat borcu vardır. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 1200 manat, cərimə üzrə 100 manat, cəmi 1300 manat ödənilməmiş borcun və ödənilmiş 33 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4805/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Tikinti materiallarının alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun, “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınmışdır. Hazırda onun əsas borc üzrə 1200 manat, cərimə üzrə 100 manat, cəmi 1300 manat borcu vardır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, tələbin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə 13 may 2022-ci il tarixli, RN001719 saylı müqaviləyə əsasən dəyəri 1980 manat təşkil edən tikinti materiallarını almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə 13 may 2022ci il tarixli, RN001719 saylı müqavilə üzrə 1200 AZN ödənilməmiş hissə, 100 AZN cərimə borcu olmaqla, ümumilikdə 1300 AZN məbləğində borcu yaranmışdır. a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 13 may 2022-ci il tarixli, RN001719 saylı müqavilədən görünür ki, iddiaçı dəyəri 1980 manat təşkil edən tikinti materiallarını cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş müddəti 12 ay olmaqla hər ay 165 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. 10.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli, 001719 saylı müqavilə üzrə Cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 1980 manatdan 780 manat ödəniş edilmiş, qalan 1200 manat məbləğində borc və 100 manat cərimə isə ödənilməmiş qalmışdır. 11.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlana “gecikdirilmiş borcun ödənilməsi barədə” pretenziya məktubundan görünür ki, borcun ödənilməsi barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 14.Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 15.Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 16.Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 18.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 19.Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 20.Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 21.Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını və həmçinin, cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13 may 2022-ci il tarixli, RN001719 saylı müqavilə 1200 AZN (min iki yüz manat) ödənilməmiş hissə, 100 AZN (yüz manat) cərimə borcu olmaqla, ümumilikdə 1300 AZN (min üç yüz manat) məbləğində borc tutularaq İddiaçı verilməlidir. 22.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 23.Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia qaldırılması üçün ödənilən 33 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13 may 2022-ci il tarixli, RN001719 saylı müqavilə 1200 AZN (min iki yüz manat) ödənilməmiş hissə, 100 AZN (yüz manat) cərimə borcu olmaqla, ümumilikdə 1300 AZN (min üç yüz manat) məbləğində borc və ödənilmiş 33 AZN (otuz üç manat) dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar