Məhkəmə qərarları › İş №e-2(006)-4811/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4811/2022

11.10.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4811/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış №-MŞB/2-01341 saylı, 23 avqust 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq: 1) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi və 2) mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması ilə bağlı (maraqlı şəxsə və ya müvafiq qurumlara ünvanlanmış müraciətə verilmiş imtina cavabları və s.) hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. 150.3-cü maddəyə əsasən isə, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birlikdə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Sözügedən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 09 iyul 2021-ci il tarixli № 360-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.4-cü maddəsinə görə, barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Ərizəyə əlavə edilmiş mediator X5 tərəfindən təsdiq edilmiş MŞB/2-01341 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, hazırki iş üzrə tərəflər, yəni ərizəçi İddiaçı ilə Maraqlı şəxs aşağıdakılar barədə razılığa gəlmişlər:

1. İddiaçı mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k, 55, M12, m. 3 ünvanında yerləşən (85.6 kv.m., reyestr n. **********25-05301-093047) mənzili övladları xx.xx.2009-cu il təvəllüdlü X1 mülkiyyətinə keçirilməsini öhdəsinə götürmüş, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddialarının olmayacağını öhdələrinə götürmüşlər.

2. Maraqlı şəxs mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k, 55, M12, m. 2 ünvanında yerləşən (49.4 kv.m., reyestr n. **********25-05301-093045) mənzili övladları xx.xx.2015-ci il təvəllüdlü X3 mülkiyyətinə keçirilməsini öhdəsinə götürmüş, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddialarının olmayacağını öhdələrinə götürmüşlər.

3. Maraqlı şəxs mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k, 55, M3, m. 3 ünvanında yerləşən (82.5 kv.m., reyestr n. **********25-05301-093048) mənzili övladları xx.xx.2016-cı il təvəllüdlü X4 mülkiyyətinə keçirilməsini öhdəsinə götürmüş, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddialarının olmayacağını öhdələrinə götürmüşlər.

4. İddiaçı Maraqlı şəxs mülkiyyətində olan nömrə nişanı: 10OD067, şəhadətnamə: AD755089, şəhadətnamənin verilmə tarixi: xx.xx.2020, markası: AUDİ A4 minik, buraxılış ili: 2009, rəngi: gümüşü metallik, BAN: WAUZZZ8K79N073869 olan avtomobilin mülkiyyətində qalmasına etiraz etməmiş və sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələb və iddiasının olmayacağını öhdəsinə götürmüşdür.

5. Maraqlı şəxs İddiaçı mülkiyyətində olan dövlət qeydiyyat nişanı (DQN): 10RR067, şəhadətnamə: AD604327, şəhadətnamənin verilmə tarixi: xx.xx.2019, markası: X10 Rover minik, buraxılış ili: 2010, rəngi: gümüşü per, BAN: SALLMAME4AA324980 olan avtomobilin İddiaçı mülkiyyətində qalmasına etiraz etməmiş, tərəflər avtomobil satıldıqda üzərində olan DQN: 10RR067 Maraqlı şəxs mülkiyyətinə keçəcəyinə dair razılığa gəlmişlər və Maraqlı şəxs sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələb və iddiasının olmayacağını öhdəsinə götürmüşdür. Hazırki ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi ərizədə maraqlı şəxsin barışıq sazişinə əməl etməsindən boyun qaçırmasını göstərsə də, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməməsi və ya könüllü icrasından imtina etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, mediasiya vasitəsilə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün həmin sazişin məcburi icrasını zəruri edən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğuna dair sübut və hazırki iş üzrə barışıq sazişi bağlandıqdan sonra 1 iş günü müddətində onun icrası ilə bağlı müvafiq orqana (quruma) müraciət edilibedilməməsi, əgər müraciət edilmişdirsə, onun nəticəsinə dair mötəbər sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, ərizəçi tərəfindən ərizənin məhkəməyə verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, ərizəçi tərəfindən ərizənin məhkəməyə verilməsinə görə dövlət rüsumu ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə verildiyindən, xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, eyni zamanda, ərizəçiyə yuxarıda sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152 və 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Ərizəçi İddiaçı tərəfindən “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizə və ona əlavə olunmuş sənədlər ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar