Məhkəmə qərarları › İş №e-2(006)-485/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-485/2023

18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-485/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçı - İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs - X2 nümayəndəsi (vəkili) – Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxs - X2, Cavabdeh1 nümayəndəsi (vəkili) – Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı «məcburi payın tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və s.» tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru, İddiaçı və Cavabdeh1 qarşı «məcburi payın müəyyən edilməsi və s.» tələbinə dair iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı «məcburi payın tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 128 saylı ev üzrə məcburi payının müəyyən edilməsi, 1/4 hissədə onun məcburi payının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 128 saylı ev üzrə mirasın qəbulu müddətinin uzadılması, vəsiyyətnamə də nəzərə alınmaqla, bacısı Tamilla Nəsibovanın da payı nəzərə alınmaqla, 1/6 hissədə məcburi payının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 128 saylı ev mərhum anası X3 xüsusi mülkiyyətindədir. Anası həmin yaşayış evində 2014-cü ildə vəfat etmişdir. Qeyd edilən yaşayış evində o, qızı ilə birlikdə və qardaşı pasport qeydiyyatında olmuşdur. 2010-cu ildə anası Gülxanım Osmanova qeydiyyatda olduğu evi Cavabdeh1 vəsiyyət etmişdir. Miras əmlakda yaşamışdır, sonradan müəyyən səbəblərdən kirayə çıxmaq məcbutiyyətində olmuşdur. Hazırda da həmin əmlak anası X3 adınadır. Vərəsəlik hüququ üzrə şəhadətnamənin alıması ilə bağlı Bakı şəhəri 14 saylı Dövlət notariat kontoruna müraciət etmiş, lakin notariat kontoru qardaşı ilə aralarında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, vəsiyyətnamə mövcud olduğundan, hazırkı iş üzrə vəsiyyət üzrə onun məcburi pay hüququ yaranmış olur. Həmin paya dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Cavabdeh1 məhkəməyə iddiaçının iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Qanunvericilikdə nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı mirasdan məcburi pay tələbi ilə Məhkəməyə müraciət etmişdir. İddiaçı nəzərə almamışdır ki, biras 2014-cü ildə açılmış və cavabdeh tərəfindən vəsiyyətnamə əsasında qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı məcburi pay tələb etmək üçün müddəti ötürmüşdür. Miras əmlak cavabdeh tərəfindən qəbul olunduqdan sonra əsaslı təmir edilməklə yaxşılaşdırılmışdır. Məcburi pay tələb etmək hüququnu qanunla müəyyən olunmuş vaxt ərzində deyil, 8 il sonra tələb etməyi qərarı almış iddiaçı nəzərə almalıdır ki, bu müddət ərzində miras qalmış mənzildə əsaslı təmir aparılmaqla onun dəyəri artırılmışdır. Məcburi payın heç bir üzrlü səbəb olmadan vaxtında tələb edilməməsi iddiaçıda haqlı olaraq belə qənaət yaratmışdır ki, o bu hüququndan istifadə etməyəcək. Miras qalmış əmlak artıq mövcud deyildir. Cavabdehin qeyd etdiyi miras əmlak “X21” MTK tərəfindən sökülərək məhv edilmiş, əvəzinə yeni mənzilin tikilməsi barədə müqavilə öhdəliyi götürülmüş, lakin yeni bina hələ inşa edilməmişdir. İddiaçı heç bir halda mirasın % hissəsini məcburi pay kimi tələb edə bilməzdi. Etiraza əlavə edilmiş imtina ərizələrindən görünür ki, cavabdehin daha 1 bacı və 1 qardaşı olmuş və həmin vərəsələr cavabdehin xeyrinə öz pay hüquqlarından imtina etmələri barədə ərizə vermiş və həmin imtinalar notarius tərəfindən qəbul edilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə, cavabdeh məcburi pay tələb etmək hüququndan vaxtında istifadə etmiş olsaydı belə, onun məcburi payı 1/8 ola bilərdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru, İddiaçı və Cavabdeh1 qarşı «məcburi payın müəyyən edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 128 saylı ev üzrə məcburi payının müəyyən edilməsi, 1/6 hissədə onun məcburi payının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 128 saylı ev üzrə mirasın qəbulu müddətinin uzadılması, məcburi payının müəyyən edilməsi, 1/6 hissədə məcburi payının tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 anasıdır. Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 128 saylı ev anasının mülklivyətində olmuşdur. Hazırda həmin ev miras əmlakdır. Miras əmlakda onun da payı vardır. Lakin cavabdehlər onu paydan məhrum etmək istəyirlər. Anası 2014-cü ildə vəfat etmişdir. Hesab edir ki, həmin evə onun da payı vardır. Anasının qardaşı Cavabdeh1 vəsiyyətnamə qoyması barədə məlumatı olmamışdır. Anası belə bir şey edə bilməzdi. Əmlak hələdə anasının adınadır. Qardaşı Əbülfət miras əmlakla bağlı vərəsəlik işi açılarkən onların da payını verəcəyəni demişdir. Lakin, bunu etməmişdir. Bu müddət ərzində gözləmişdir. Vərəsəlik hüququ üzrə şəhadətnamənin alıması ilə bağlı Bakı şəhəri 14 saylı Dövlət notariat kontoruna müraciət etmiş, vərəsə kimi ərizə ilə müraciət etmişdir. Vəsiyyətnamənin olmasına baxmayaraq onun da payı vardır. Onə görə də 14 saylı Notariat kontoru ona da şəhadətnamə verməlidir. Qardaşları onun da payının olduğunu həmişə vurğulamışlar. Vəsiyyətnamə olduğundan onun həmin əmlaka 1/6 hissədə payı mövcuddur. Cavabdeh1 məhkəməyə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Qanunvericilikdə nəzərdə tutulmuş müddət müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ötürülmüşdür. Müstəqil tələb irəli sürən üçüncü şəxs mirasdan məcburi pay tələbi ilə Məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs nəzərə almamışdır ki, biras 2014-cü ildə açılmış və cavabdeh tərəfindən vəsiyyətnamə əsasında qəbul edilmişdir. Göründüyü kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs məcburi pay tələb etmək üçün müddəti ötürmüşdür. Miras əmlak cavabdeh tərəfindən qəbul olunduqdan sonra əsaslı təmir edilməklə yaxşılaşdırılmışdır. Məcburi pay tələb etmək hüququnu qanunla müəyyən olunmuş vaxt ərzində deyil, 8 il sonra tələb etməyi qərarı almış iddiaçı nəzərə almalıdır ki, bu müddət ərzində miras qalmış mənzildə əsaslı təmir aparılmaqla onun dəyəri artırılmışdır. Məcburi payın heç bir üzrlü səbəb olmadan vaxtında tələb edilməməsi müstəqil tələb irəli sürən üçüncü şəxsdə haqlı olaraq belə qənaət yaratmışdır ki, o bu hüququndan istifadə etməyəcək. Miras qalmış əmlak artıq mövcud deyildir. Cavabdehin qeyd etdiyi miras əmlak “X21” MTK tərəfindən sökülərək məhv edilmiş, əvəzinə yeni mənzilin tikilməsi barədə müqavilə öhdəliyi götürülmüş, lakin yeni bina hələ inşa edilməmişdir. Mülki işin materiallarında üçüncü şəxsin mirasdan imtina etməsi barədə iradəsini əks etdirən notarial qaydada təsdiq edilmiş ərizə mövcuddur. Buradan görünür ki, üçüncü şəxs miras əmlakın mövcudluğunu bilmir, notariat kontoruna iradə ifadə etmək üçün getmiş və mirası qəbul etmək şansı olduğu halda bundan istifadə etməmişdir. Bu səbəbdən də hazırki iddia tələbinə Mülki Məcəllənin 1248.1-ci maddəsi tətbiq oluna bilməz, ötürülmış müddət üzrlü hesab oluna bilməz. Məhkəmə iclasında İddiaçı ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X8 ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ilk və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələblərinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru ərizəylə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İ-ЗЖ seriyalı 911694 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı atası X10, anası X11r. İ-ЗЖ seriyalı 776070 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 atası X10, anası X11r. FM seriyalı 011066 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 128 saylı fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. AZ-İ seriyalı 668085 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli Vəsiyyətnamədən görünür ki, X9 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 128 saylı fərdi yaşayış evini oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 7E-6531 reyestrlə qeyd edilmiş X2 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, anası X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bununla əlaqədar ondan sonra qalmış miras payından imtina etmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 7E-3272 reyestrlə qeyd edilmiş X6 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2014-cü il tarixdə anası X9 vəfat etmişdir. vəfat etdikdən sonra ondan qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdan ona düşən vərəsəlik payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmiş və ona vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etməmiş, etmiyəcək və gələcəkdə bununla bağlı məhkəməyə və digər orqanlar qarşısında heç bir iddiası və tələbi olmayacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********31 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 128 saylı fərdi yaşayış evi Bakı şəhəri icra Hakimiyyəti başçısının 7 nömrəli xx.xx.2001-ci il tarixli protokolundan çıxarışa, keçmiş Nəsimi rayon X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 84 nömrəli qərarına, xx.xx.2001-ci il tarixli 466 nömrəli forma 2 arayışına, Cavabdeh1 Məhəmməd oğlu, İddiaçı Məhəmməd oğlu, X12, X5 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən xx.xx.2002-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 568 saylı cavab məktubundan görünür ki, X3 xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar İddiaçı, Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə, 8V-116 reyestr nömrəsi ilə vərəsəliyin uçot kitabında qeydiyyata alınaraq miras qoyanın adına vərəsəlik işi açılmışdır. X1 miras qalmış əmlakın hüquqmüəyyənedici sənədi olmadığından, vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/6-11-894/23 saylı cavab məktubundan görünür ki, mərhum X3 miras əmlakına dair Bakı şəhəri 14 saylı saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 116 nömrəsi ilə vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində 2022-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış kommunal ödənişlər Cavabdeh1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə həm iddiaçının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizələri üzrə aşağıdakıları qeyd edir: İddia ərizələrindən göründüyü kimi iddia tələbləri mirasın qəbulu müddətinin uzadılması, məcburi payın tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbləri ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) mirasın qəbulu müddətinin uzadılıb-uzadılmaması, yəni həm iddiaçının, həmçinin üçüncü şəxsin mirasın qəbulu müddətinin buraxılmasının üzürlü olub-olmaması; 2) əgər mirasın qəbulu müddəti uzadılarsa, mirasa məcburi payın tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Məhkəmə iddia tələblərinin mirasın qəbulu müddətinin uzadılması hissələrinə münasibətdə qeyd edir ki, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə hazırkı məqamda ərizəçi tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir və bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, .... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Hazırkı işin hallarından görünür ki, həm iddiaçının, həm də üçüncü şəxsin anası olan X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli Vəsiyyətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 128 saylı fərdi yaşayış evini oğlu Cavabdeh1 vəsiyyət etmişdir. X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Həm iddiaçı, həm də üçüncü şəxs anaları X3 vəfat etməsi ilə əlaqədar təqribən 8 il sonra Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişlər, onların müraciətləri əsasında Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə, 8V-116 reyestr nömrəsi ilə vərəsəliyin uçot kitabında qeydiyyata alınaraq miras qoyanın adına vərəsəlik işi açılmışdır. Göründüyü kimi, həm iddiaçı, həm də üçüncü şəxs vərəsəlik işinin açılmalı olduğu vaxtdan 8 il sonra notariat orqana müraciət etmişlər, mirasın açıldığı vaxtdan mirasın qəbulu istiqamətində aktiv hərəkətlərə başlamamışlar, yəni mirası qəbul etmək arzusunda olduqlarını 8 ildən sonra bəyan etmişlər. İddiaçı və üçüncü şəxs isə bu müddətin buraxılmasının onların iradələrindən asılı olmaması, özləri tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxması, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətməsi və ya məhdudiyyət yaratmasına, yəni müddətin ötürülməsinin üzürlü sayılmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə iddiaçının və üçüncü şəxsin mərhum X3 mirаs əmlаkının qəbul еdilməsi müddətinin ötürülməsinin üzürlü sаyılaraq həmin müddətin uzаdılmаsını qanuni hesab etmir. Həmçinin işin hallarından görünür ki, həm iddiaçı, həm də üçüncü şəxs miras əmlakı faktiki olaraq da qəbul etməmişlər. Belə ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda da qeyd edilənlərin edilməklə miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapmır. Belə ki, iş materiallarında olan kommunal ödənişlərə dair qəbzlərdən göründüyü kimi miras əmlak üzrə hesablanmış kommunal ödənişlər Cavabdeh1 tərəfindən ödənilmişdir. Beləliklə, həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən miras qoyanın vəfatından sonra miras əmlakı faktiki qəbul edildiyi sübut edilmir. Belə ki, mirasın qəbuluna dair hərəkətlər isə özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamağı və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsini ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, həm iddiaçının, həmçinin üçüncü şəxsin iddia tələbləri üzrə mirаs əmlаkın qəbul еdilməsi müddətinin ötürülməsi üzürlü hesab edilməməli və uzadılmamaqla iddia tələbləri göstərilən hissələrdə təmin oluna bilməz. Hər iki iddia tələblərinin digər hissələri (məcburi payın tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər mirasın qəbulu müddətinin uzadılması tələblərinə əsaslanmaqla onlardan asılı olduğundan və həmin tələblər üzrə iddialar yuxarıda göstərilənlərə əsasən rədd edildiylərindən məhkəmə hesab edir ki, həm iddiaçının, həmçinin üçüncü şəxsin iddia tələbləri göstərilən hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 7E-6531 reyestrlə qeyd edilmiş X2 xx.xx.2014-cü il tarixli ərizəsindən göründüyü kimi X8 anası X1 qalmış miras payından imtina etmişdir. Bu halda X2 miras payı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsə olan Cavabdeh1 keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri rədd edilməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı “məcburi payın tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru, İddiaçı və Cavabdeh1 qarşı “məcburi payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X7 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar