Məhkəmə qərarları › İş №e-2(006)-5083/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5083/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5083/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung” markalı paltaryuyan, “Samsung Led” markalı televizor, “Samsung” markalı soyuducu üçün 1.363 manat ödənilməmiş hissə, 136 manat cərimə olmaqla, ümumilikdə 1.499 manat borc və 34.99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı paltaryuyan, “Samsung Led” markalı televizor, “Samsung” markalı soyuducu almış və nəticədə 1.499 (min dörd yüz doxsan doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3.999 (üç min doqquz yüz doxsn doqquz) manat (18 ay x 218 manat + 75 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan, “Samsung Led” markalı televizor, “Samsung” markalı soyuducu üçün ümumilikdə 1.499 (min dörd yüz doxsan doqquz) manat olmaqla, ondan, 1.363 (min üç yüz altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 136 (yüz otuz altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla, cəmi ödədiyi məbləğ 2.636 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 3.999 manat təşkil edən “Samsung” markalı paltaryuyan, “Samsung Led” markalı televizor, “Samsung” markalı soyuducunun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 136 manat təşkil edir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00918450 saylı alqı-satqı müqaviləsi üzrə “Samsung” markalı paltaryuyan, “Samsung” markalı Led televizor, “Samsung” markalı soyuducu tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.363 manat əsas borc, 136 manat cərimə borcu olmaqla, cəmi 1.499 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla nisyə alqı-satqı müqavilələri üzrə 80 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 1.363 manat, cərimə borcu üzrə 80 manat və dövlət rüsumu kimi ödənilmiş 34,99 manatın 34 manatı, cəmi 1.477 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1.363 manat, cərimə borcu üzrə 80 manat və dövlət rüsumu kimi ödənilmiş 34,99 manatın 34 manatı, cəmi 1.477 (bir min dörd yüz yetmiş yeddi) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar